Paris dördtərəfli format yaratmaqla bölgədə gərginliyə “xeyir-dua” verir

post-img

Fransanın 2020-ci ilin payızın­dan, yəni 44 günlük Vətən müharibəsi zamanından eti­barən bölgəmizdə oynamağa baş­ladığı destruktiv rol xeyli vaxtdır ki, bütün əndazəni aşıb. Rəsmi Paris, necə deyərlər, ermənilərdən daha artıq erməni olmaq işinə girişib. Bu gün Ermənistanın Azərbaycan­la sülh müqaviləsi imzalamasına imkan verməyən də Fransa başda olmaqla bəzi Qərb ölkələridir. On­lar İrəvana yalan vədlər verərək, onu şirnikləndirərək sülhə gəl­məyə qoymurlar.

Fransanın regionda yürütdüyü si­yasətin pozuculuq olduğu təkcə azərbay­canlı siyasi ekspertlər, politoloqlar, depu­tatlar, ictimai-siyasi xadimlər tərəfindən tənqid edilmir. Gürcüstandan, Rusiyadan olan ekspertlər də Parisin siyasətinin yanlış və zərərli olduğunu vurğulayırlar. Öz mövqeyini açıq şəkildə ifadə edən­lərdən biri də Gürcüstan Strateji Plan­laşdırma Mərkəzinin rəhbəri, politoloq Levan Mamaladzedir. O, “Report”un yerli bürosuna müsahibəsində bildirib ki, Yu­nanıstanın müdafiə naziri Nikos Dendia­sın Ermənistana səfəri zamanı səslənən fikirlər bir daha İrəvanın İkinci Qarabağ müharibəsi zamanı itirdiyi hərbi poten­sialını bərpa etmək niyyətində olduğunu göstərir. Onun sözlərinə görə, məsələni təhlil edəndə görünür ki, İrəvan bölgədə hərbi blok yaratmaq niyyətindədir.

Politoloq bildirib ki, indiki zamanda Ermənistan, Fransa, Yunanıstan və Hin­distan kimi ölkələrin bu layihəni reallaş­dırması mümkün deyil. Çünki Yunanıstan NATO-nun üzvü, Hindistan isə Rusiyanın hərbi müttəfiqidir: “Əgər yeni yaradılacaq hərbi blokda Rusiya və Azərbaycan əley­hinə gücün tətbiqi məsələsi düşünülürsə, burada heç bir perspektiv olmayacaq. Ermənistan Qarabağ məsələsində heç bir uğura imza ata bilmədi. Azərbaycan ərazilərini işğal altında saxladığı zaman da həmin torpaqlarda ancaq dağıdıcılıqla məşğul oldu. Lakin Azərbaycan torpaqla­rını işğaldan azad etdikdən dərhal sonra həmin ərazilərdə sürətlə bərpa-qurucu­luq işlərinə başladı. Azərbaycan torpaq­larının işğalı zamanı Qərb dövlətləri pro­sesə müdaxilə edə bilmədi və ya etmədi. İndi isə işğaldan azad olunan ərazilər inkişaf etməyə başlayıb. Azərbaycanın iqtisadi potensialının güclənməsini həzm edə bilməyən Qərb müxtəlif yollarla re­gionda söz sahibi olmağa çalışır, hərbi münaqişə yaradaraq Zəngəzur dəhlizinə nəzarət imkanı əldə etmək istəyir”.

Onun sözlərinə görə, böyük ölkələr anlamalıdırlar ki, Qarabağ məsələsi bir­dəfəlik öz həllini tapıb və artıq burada heç bir münaqişə yaradıla bilməz: “Er­mənistan indi də müəyyən addımlar at­maqla Rusiyaya meydan oxumaq istəyir. Amma Rusiya da çox gözəl anlayır ki, Ermənistanın bütün iqtisadiyyatı onların əlindədir və istədiyi zaman onu məhv edə bilər. Ona görə də düşünürəm ki, Ermə­nistanın son addımları, sadəcə, diqqət çəkmək üçündür. Çünki dünyanın siyasi xəritəsinə baxdıqda, ölkələrin hansı bö­yüklükdə, eləcə də hansı siyasi və iqtisa­di çəkiyə malik olduğunu aydın görmək mümkündür. Ona görə də hesab edirəm ki, Ermənistanın Rusiya ilə bağlı addım­ları, sadəcə, gülməlidir”.

Politoloq daha sonra deyib ki, Ermə­nistan rəhbərliyi, sadəcə, anlamalıdır ki, onların yeganə çıxış yolu Azərbaycanın təklifləri ilə razılaşmaqdır. Bu da təbii ki, sülh müqaviləsinə imza atmaqdan keçir. Ermənistan sülh müqaviləsini imzalama­lıdır. Bununla da Azərbaycan, Ermənis­tan və Gürcüstan regionun inkişafında birgə iştirak edib Orta Dəhliz vasitəsilə iqtisadiyyatlarını inkişaf etdirə biləcəklər.

Maraq doğuran digər məqam Fransa­nın mövqeyidir. Paris ABŞ-ın pərdəarxa­sı dəstəyi ilə regionda sülhün olmaması üçün çalışır. Çünki onlar anlayırlar ki, sülh müqaviləsi imzalansa, əsrlər boyu xalqlarımız arasında yaratdıqları nifaqı daha yarada bilməyəcəklər. Fransanın bütün cəhdləri kimi bu cəhdi də uğursuz olacaq.

Qeyd edək ki, Yunanıstanın müdafiə naziri Nikos Dendias martın 4-də Ermə­nistana səfər edib. O, həmkarı Suren Papikyanla görüşdən sonra keçirilən mətbuat konfransı zamanı bir sıra açıq­lamalar verib. Yunan nazirin fikirlərində ən diqqətçəkən məqamlardan biri Ermə­nistan, Yunanıstan, Fransa və Hindistan arasında dördtərəfli əməkdaşlığın müm­künlüyü barədə dedikləridir. Qeyd edib ki, artıq Ermənistan, Yunanıstan və Kipr arasında uğurlu üçtərəfli hərbi əməkdaş­lıq yaradılıb: “Ermənistan və Yunanısta­nın çox nüfuzlu ortaq dostları ilə – Fransa və Hindistanla üçtərəfli və ya dördtərəfli əməkdaşlıqlar ola bilər”.

Ermənistan, Yunanıstan, Fransa və Hindistan arasında dördtərəfli hərbi əməkdaşlığın reallaşması perspektivdə Cənubi Qafqazda yeni gərginlik ocağı­nın yaranmasına gətirib çıxara bilər. Bu gərginliyin əsas yaradıcısı isə, sözsüz ki, Fransa olacaq.

Fransanın təkcə bizim bölgəmizdə deyil, digər regionlarda da oynadığı dest­ruktiv rol onun dünyada mövqelərinin pisləşməsinə gətirib çıxarıb. Bugünlərdə Fransanın dünyadakı diplomatik şəbəkə­sinin kiçildiyi məlum olub. “L’Express” qə­zeti yazıb ki, bu, narahatedici siqnaldır: “Fransa beynəlxalq səhnədə geriləyir. Bu vəziyyət narahatlıq doğurur”.

Yazıda qeyd olunub ki, Çinin ölkə xa­ricindəki diplomatik təmsilçiliklərinin sayı 274-ə çatıb. Uzun illər ən böyük diploma­tik şəbəkəyə sahib olmuş ABŞ artıq 271 nümayəndəliklə ikinci yerdə gəlir. Dünya üzrə 252 səfirlik və konsulluğu olan Tür­kiyə isə Fransanı sıxışdıraraq ilk üçlük­dən çıxarmağa nail olub. Ankaranın xa­ricdəki diplomatik nümayəndəliklərindən 24-ü son 8 ildə açılıb. Bu müddətdə Fran­sa xərcləri azaltmaq üçün 18 diplomatik təmsilçiliyini bağlayıb. 249 nümayəndə­liyi olan Paris artıq beşinci yerdə qərar­laşıb. Rəsmi Paris təkcə diplomatik nü­mayəndəlik sayını deyil, xaricdə çalışan heyətin sayını da azaldır. Bundan əlavə, bir çox Afrika ölkəsi beynəlxalq qurumlar­da Fransanın vasitəçilik missiyasından imtina edir. Hətta Avropa ölkələri də Pari­sin Afrika və miqrantlarla bağlı siyasətini tənqid edir. Fransız ekspertlərin fikrincə, bütün hallarda Fransanın beynəlxalq nü­fuzu zədələnir, ona etibar edənlərin sayı azalır.

Beynəlxalq Münasibətlərin Təhli­li Mərkəzinin şöbə müdiri, politoloq Cavid Vəliyev “XQ”yə açıqlamasında bildirdi ki, Fransa regionda açıq-aşkar hərbi ittifaq yaratmağa çalışır. Onun söz­lərinə görə, son dövrlərdə Yunanıstanla Ermənistan, Hindistanla Ermənistan ara­sında artan hərbi səfərlərin, imzalanan müqavilələrin, əməkdaşlıqların səbəb­karı Fransadır: “Fransa regionda hərbi ittifaq yaratmaq üçün çox canfəşanlıq edir. Bu hərbi ittifaqın iki məqsədi var. Birincisi, Azərbaycan və Türkiyə Vətən müharibəsindən sonra regionda geo­siyasi reallığı dəyişdirib. Yeni reallıqlar yaradıb. Biz bilirik ki, Fransa Türkiyəyə qarşı bir çox cəbhələrdə ittifaq qurmağa çalışır. Cənubi Qafqazda da Azərbaycan qalib gəldiyi üçün ölkəmizə qarşı ittifaq yaratmaq istəyir. Onları narahat edən digər məsələ Qarabağ Zəfərindən sonra Azərbaycan və Türkiyənin təklifi ilə regi­onda yaranan yeni əməkdaşlıq forma­tıdır. Bu formatda regional məsələlərin region dövlətləri tərəfindən həll olunması istənilərkən Fransa, habelə Avropa İtti­faqındakı bəzi qüvvələr bunu bir təhdid olaraq görürlər və regionda yeni ittifaq qurmağa çalışırlar. Bu mənada Fransa­nın Azərbaycan və Türkiyəyə qarşı çıx­masının digər səbəbi Bakı və Ankaranın yeni ittifaqa dəstək verməsi, onun tərəfi kimi çıxış etməsidir. Bu da təbiidir. Azər­baycan və Türkiyə regional problemlərin həllində xaricdən dəstək axtarası deyil”.

C.Vəliyev qeyd etdi ki, prosesi poz­mağa çalışan Ermənistandır. Onun söz­lərinə görə, bununla əlaqədar olaraq Er­mənistanın ünvanına təkcə Azərbaycan və Türkiyədən deyil, Rusiya və İrandan da sərt açıqlamalar verildi: “Yola saldı­ğımız həftənin ortalarında Ermənistanın müdafiə naziri Suren Papikyan İrana səfər etdi. Tehranda İranın müdafiə na­ziri ilə görüşündə Ermənistanın ünvanına sərt açıqlama səsləndirildi. Bildirildi ki, Ermənistan xaricdən qüvvələri bölgəyə gətirərək regionun təhlükəsizliyinə təh­did yaradır. Bu mənada regionun digər ölkələri – Azərbaycan, Türkiyə, Gürcüs­tan, Rusiya və İran Ermənistanın bölgə­nin problemlərini həll etmək adı ilə kənar qüvvələri bura gətirməsindən olduqca narahatdır. Bunu açıq-aşkar bəyan edir­lər”.

Politoloq bildirdi ki, Ermənistanda Avropa İttifaqının mülki müşahidə missi­yasının sayının artırılması da Fransanın təşəbbüsüdür. Burada Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrelin də rolu var: “Belə görünür ki, Avropa İttifaqı daxilindəki qruplaşmada Fransa ön plan­da gedir. Bundan əlavə, burada Rusiya­ya qarşı daha bir cəbhə açmaq istəyi var. Ermənistan bu cəbhənin yaradılmasında və silahlandırılmada aktiv istifadə olunur. Biz Fransanın bu məsələdə aktivliyini, sadəcə, Ermənistan çərçivəsində gör­mürük. Ukrayna müharibəsi çərçivəsində də görürük ki, Fransa Ukrayna mühari­bəsinin davam etdirilməsinin tərəfdarıdır. Halbuki, bəzi dövlətlər atəşkəs əldə olun­masının və qarşılıqlı razılaşmanın tərəf­darıdır. Ukrayna Prezidenti Vladimir Ze­lenski martın 8-də Türkiyədə idi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirdi ki, onun ölkəsi sülh danışıqlarının davam etdirilməsi üçün platforma təqdim edə bilər, əllərindən nə gəlirsə, onu da edə bilərlər. Ancaq Fransa silahlanma, daha çox müharibənin davam etməsi, hətta fransız ordusunun Ukraynaya yeridilərək, Rusiya ilə qarşı-qarşıya gəlməsi təkliflə­rini irəli sürür. Bu çərçivədə düşünürəm ki, burada Fransa üçün ikinci məsələ Er­mənistanı Rusiya qarşı ikinci cəbhə ola­raq istifadə etmək istəyidir. Parisin bunu bacarıb-bacarmayacağı zamana bağlı məsələdir. Amma hazırda Ermənistanda Fransanın əli ilə bu proses davam etdi­rilir”.

Müsahibimiz vurğuladı ki, Fransa bu­rada ön planda olsa da, tək deyil: “Əgər ABŞ başda olmaqla, qərbli müttəfiqləri buna etiraz etsələr, təhlükəli vəziyyət ya­ratdığını desələr, yəqin ki, Fransa, onun prezidenti Emmanuel Makron da prosesi bu qədər israrlı şəkildə aparmaz”.

Bu arada “Le Monde” qəzeti Ukray­nadakı müharibənin Almaniya Kansleri Olaf Şolts və Fransa prezidenti E.Makron arasında fikir ayrılıqları yaratdığına dair məlumat yayıb. Qeyd olunub ki, iki lider arasında fikir ayrılıqları getdikcə dərinlə­şir və narazılığa çevrilir. Bildirilib ki, lider­lərin son həftələrdə verdikləri açıqlamalar dövlətlər arasındakı ikitərəfli münasibət­lərə zərbə vurub. “Avropanın Ukraynaya dəstək və Rusiyanın hibrid müharibəsinə qarşı müdafiəsi üçün vahid cəbhə təq­dim etməli olduğu bir vaxtda iki ən böyük Avropa dövləti böhran içindədir”, – qəzet yazıb.

Qeyd edək ki, E.Makron fevralın so­nunda Qərb ordusunun Ukraynaya gön­dərilməsinin mümkün olduğunu bildirib. Almaniya rəsmiləri, o cümlədən O.Şolts isə bu fikirlərə görə rəsmi Parisi tənqid edib. Qeyd olunub ki, Almaniya öz qo­şunlarını Ukraynaya göndərmək niyyə­tində deyil.

Səxavət HƏMİD
XQ



Siyasət