Teleradio məkanımız – müsbət tendensiyalar və “ictimai gilyotin”

post-img

Media hər bir dövlət və cəmiyyət üçün son dərəcə mühüm sahədir. Müasir qloballaşma dövründə onun funksiya və vəzifələrini nə dərəcədə yerinə yetirməsi ilə dövlətlərin, o cümlədən, onların fövqündə dayandığı cəmiyyətlərin inkişafı həmahəng xassəyə malikdir. Azərbaycanda da media fəaliyyətinə ciddi önəm verilməsi bundan qaynaqlanır. 

Prezident İlham Əliyevin “Azər­baycan Respublikasında media sahəsində islahatların dərinləşdiril­məsi haqqında” 2021-ci il yanvarın 12-də imzaladığı fərmanda deyildiyi kimi, qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsip­lərinə uyğun olaraq modernləşmə, rasionallıq, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənil­məsi və digər mühüm şərtləri özün­də birləşdirən innovativ təkamülün yaratdığı imkanlardan Azərbaycan mediasının daha çox bəhrələnməsi, onun şəffaflıq və vətəndaş məmnun­luğu prinsiplərinə əsaslanan, cəmiy­yətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılması üçün bu sahədə əsaslı islahatlar aparılma­sına zərurət yaranıb. 

Əslində, Azərbaycanda media sahəsində islahatlar davamlı xarak­ter daşımaqdadır. Yəni, sahənin in­kişafını sürətləndirmək əzmi yalnız haqqında söz açdığımız fərmanda yer alanlardan ibarət deyil. Bununla bağlı əvvəlki illərdə imzalanmış döv­lət sənədlərini də vurğulamaq müm­kündür. Ümumən isə ölkəmizdə in­formasiya siyasəti Konstitusiyamızda əksini tapmış həm fikir, söz və məlu­mat azadlığının, həm də vətəndaşla­rın informasiya əldə etmək hüququ­nun ardıcıl və tam təminatına yönəlib. Nəzərə alınıb ki, müasir informasiya və telekommunikasiya texnologiya­larının təsirinin artdığı hazırkı dövrdə media cəmiyyətin sosial-siyasi və mədəni həyatının düzgün formada təşkilində mühüm vasitədir. Bu vasitə infrastruktur baxımından yenilənmə­li, onun peşəkarlığı güclənməlidir. Güclənməlidir ki, medianın informa­siya təhlükəsizliyimizin təminatında mühüm yeri və rolu olsun. İnforma­siya təhlükəsizliyinə gəlincə, o, heç də yalnız xaricdə ölkəmiz əleyhinə olan informasiya təhdidlərinin qarşı­sına müdafiə sipəri çəkmək məqsədi güdmür. Başqa təhdidlər də var və bu qeydlərimizdə söz açacağımız mətləblər həm də həmin təhdidlərin aradan qaldırılması zərurətini ortaya qoyur.

Digər tərəfdən, dövlətimizin başçı­sı 2022-ci il iyulun 22-də Milli Mətbuat Günü ilə bağlı Azərbaycanın media nü­mayəndələrinə müraciətində vurğulayır ki, kommunikasiya vasitələrinin trans­formasiya mərhələsini yaşadığı, rəqəm­sal platformaların və sosial media alətlərinin öz əhatə dairəsini genişlən­dirdiyi hazırkı dövrdə milli informasiya resurslarımızın potensialının və qlobal informasiya şəbəkəsində mövqelərinin gücləndirilməsi başlıca vəzifələrdən bi­ridir. Deməli, informasiya təhlükəsizliyi­nin təminatında iştirakla yanaşı, başlıca hədəf, eyni zamanda, budur: Dünya informasiya məkanına inteqrasiya. Pre­zident İlham Əliyev bu baxımdan zəruri olan məsələləri müxtəlif çıxışlarında da yetərincə əhatəli şəkildə vurğulayıb. 

***

Mediamızın mühüm komponentlə­rindən sayılan telekanallar və radiolar dövlətimizin islahat məntiqindən fay­dalanaraq, inkişaf yoluna kökləniblər. Dövlət dəstəyi, diqqət və qayğısı kon­septual baxışa əsaslanmaqla, onların cəmiyyət üçün prioritet əhəmiyyət daşı­yan məsələlərə köklənməsinə, mövcud istiqamətdəki fəaliyyətlərinin stimul­laşdırılmasına, qeyri-obyektiv rəqabət mühitinin ictimai mənafeləri ikinci plana çıxardığı şəraitdə müqavimətlərini güc­ləndirməyə hesablanıb. Etiraf olunmalı­dır ki, son illərdə telekanallarımızda və radiolarımızda müsbət meyillərin möv­cudluğunu göstərən məqamların artdı­ğını müşahidə edirik. Bu tip media va­sitələrində cəmiyyət həyatının müxtəlif sahələrini əhatə edən məsələlərlə bağlı məzmunlu və baxımlı çoxsaylı sənədli filmlərin və reportajların hazırlandı­ğının şahidiyik. O cümlədən, mühüm əhəmiyyət daşıyan məsələlər ətrafında ekspertlərin iştirakı ilə müzakirələrin və debatların təşkil edilməsi də diqqətimiz­dən yayınmır. Xüsusən, radioların mad­di-texniki bazasının güclənməsinin, əhatə dairəsinin genişlənməsinin onla­rın fəaliyyətində əsaslı dönüş yaratdığı­nı vurğulaya bilərik. Telekanallarımızın Azərbaycan üçün mühüm əhəmiyyət daşıyan Vətən müharibəsi və lokal xa­rakterli antiterror tədbirləri günlərində göstərdikləri mütəşəkkilliyi ayrıca qeyd etməyə ehtiyac var. 

Bütövlükdə, mediamız kimi, onun tərkib hissəsi sayılan televiziya və radio kanallarımız da Ermənistan tərəfindən həyata keçirilən təxribatların qarşının alınmasında fəal rol oynayıb. Bu zaman milli maraqların müdafiəsi əsas götürü­lüb. Hazırda onlar ölkəmizdə sosial-iq­tisadi inkişafı, habelə, işğaldan azad olunmuş ərazilərimizin bərpasına və yenidən qurulmasına yönələn tədbirlə­rin hərtərəfli təbliğatçısı kimi çıxış edir, peşəkar səviyyədə geniş materiallar, reportajlar, süjetlər, təhlillər və şərhlər hazırlayırlar. 

Ümumən, teleradiolarımız ümum­milli məsələlərin təqdimatında, Azər­baycanın ədalətli mövqeyinin təbliğində mühüm rol oynayıblar və eyni missiya­nı davam etdirirlər. Cəmiyyətin milli və bəşəri ideyalar ətrafında səfərbərliyi kimi məsələlərdə də öz sözlərini la­yiqincə deyir, vətənpərvərliyi peşə prin­sipləri ilə uzlaşdırırlar. Cəmiyyətimizin operativ və dolğun məlumatlandırılması istiqamətində genişmiqyaslı fəaliyyət­lərinin nəticəsidir ki, canlı efir mədə­niyyəti formalaşıb. Müsbət mənzərəyə xarici ölkələrdən ictimai maraq doğuran reportajların hazırlanmasını, tanınmış əcnəbilərlə müsahibələri də əlavə et­mək yerinə düşər. 

Həmçinin, onu da deməliyik ki, Azərbaycan telekanalları xarici media ilə fəal əməkdaşlıq əlaqələri qurur, bir­gə layihələr reallaşdırırlar. Məzmunlu proqram siyasətləri və maarifləndirici dəst-xətləri nəticəsində özlərinin tama­şaçı auditoriyalarını genişləndirirlər. Bu baxımdan AzTV və İTV-ni xüsusi vurğu­lamaq lazımdır. Eyni zamanda, “Real TV”nin və ARB 24-ün timsalında tele­kanallarımızın güclü məlumatlandırma potensialının olduğunu, cəmiyyətimiz­də və dünyada baş verən hadisələri daim diqqətdə saxladıqlarını, CBC-nin beynəlxalq auditoriyaya çıxışını qeyd etmək lazımdır. 

***

Lakin bütün uğurlara rəğmən, televi­ziya və radio kanallarımızda problemlər də var. Nəzərə alsaq ki, media fəaliy­yətinin özü müstəsna ictimai hadisədir, bir çox hallarda bu hadisənin gerçək­ləşməsi naminə reallaşdırılan fəaliyyə­tin günün tələbləri çərçivəsində olma­dığını görürük. Nəinki günün tələbləri çərçivəsində olmur, heç buna cəhdin göstərildiyi də nəzərə çarpmır. Nəticə­də, bəzən telekanallarla cəmiyyətin tam fərqli cinahlarda dayandığına dair xoşa­gəlməz təsəvvür formalaşır. 

Onu da nəzərə alaq ki, media fəa­liyyətində başlıca peşəkarlıq meyarı həssaslıqdır. Daha doğrusu, həssaslıq ən böyük peşəkarlıq meyarıdır. Təəssüf ki, televiziya və radio kanallarımızdakı bəzi proqramlarda peşə həssaslığı­nın reytinqlərdə üstünlüyə yiyələnmək istəklərinə qurban verildiyinin şahidiyik. Bu, üzücü mənzərə formalaşdırır. Söh­bət utanc yaradan mənzərənin üzücü­lüyündən gedir. Bəs cəmiyyət üzvlərini telekanallara baxmaqdan çəkindirən hansı cəhətlər var?

Zaur Baxşəliyev, Lalə Azərtaş, To­lik, Xoşqədəm Baxşəliyeva, Mətanət Əliverdiyeva, Elgiz Əkbər, Zaur Ka­mal... Yox, bu adamları “eybəcər” ad­landırmaq niyyətindən uzağıq. Bizim üçün onlar tədqiqat predmetidirlər. Çünki aparıcısı olduqları proqramları sırf peşəkarlıq baxımından nəzərdən keçirmişik. Heç şübhə etmirik ki, bu ad­lar hər gün “beyin terapeyasına” məruz qoyduqları vətəndaşlara daha çox ta­nışdırlar. 

Bəli, zaurlar, toliklər, mətanətlər, elgizlər teleməkanımızda at oynadır, çalışdıqları media orqanlarının ictimai yükünü sıfıra endirirlər. Onların audito­riyaya müraciət tərzi ikrah doğurur. Öz aləmlərində, xalq dilində danışdıqlarını zənn edirlər. Ləhcə və şivənin istifadə­sində bəsit motivlərə köklənirlər. Ümu­miyyətlə, bu baxımdan heç bir artistizm­ləri və istedadları gözə dəymir. Bizə bu aparıcıların efir vaxtının çox hissəsini tutmaları lazımdırmı? Onların fəaliyyət­lərində hansısa ictimai motiv varmı? 

Media, müəyyən mənada, tər­biyələndirici funksiya daşımalıdır. Yəni, onun maarifləndirici missiyası həm də insanları tərbiyə etməlidir. Ancaq adları­nı çəkdiyimiz şəxslər tam fəqrli yol tutur­lar. Özü də, demək olar ki, hər gün 3-5 saat. İstər-istəməz, onların yarıtmazlıq­ları şüurlarda, bir növ, ictimailəşmiş ha­disə kimi qəbul olunmağa başlayır. Acı­nacaqlı haldır ki, gənc nəslin içərisində Zaura, Xoşqədəmə, Elgizə, Laləyə, Tolikə, Mətanətə oxşayıb jurnalist ol­mağı düşünənlər də az deyil. Həmin gənclərə heç cür başa salmaq olmur ki, bu adamların ortaya çıxardıqları ger­çək jurnalistika deyil. Çünki gördükləri mənzərə var. Yaxşı halda, bu mənzərə qarşısında nəzakətsizlik etməyib susur, məchul nəzərlərini işə salırlar. Əslində, nəzərləri ilə təxminən bunu deyirlər: Zaurun, Xoşqədəmin, Elgizin və onlara oxşar digərlərinin gördükləri pis işdirsə, nə üçün televiziyada aparıcılıq edə bi­lirlər? Nə deyəsən, haqlıdırlar. Haqsız durumu formalaşdıranlar isə telekanal rəhbərləridir. Ancaq yalnız onlarmı?..

Lalələrin, elgizlərin, xoşqədəm­lərin, zaurların, toliklərin çalışdıqları telekanallarda təqdim etdikləri sosial proqramlar və şou-biznes xarakterli ve­rilişlər son dərəcə təhlükəlidir. Adlarını çəkdiyimiz aparıcılar kimlərinsə eyiblə­rini o qədər qeyri-peşəkar tərzdə ortaya qoyurlar ki, istər-istəməz, şəxsi həyata müdaxilə ön plana çıxır. Bu şəxslə­rin təqdimatları dəyərlərimizə, mental xüsusiyyətlərimizə aşkar həqarətdir. Onların “xidmətlərinin” nəticəsidir ki, telekanallar orta əsrlərdəki inkvizisiya məhkəmələrini xatırladır. Təsəvvür edin ki, ayrı-ayrı adamlar, televiziya ekranla­rında linç olunurlar. İki-üç dar təfəkkürlü ekspert isə bu dəhşət mənzərəsində tamamlayıcı rol oynayır, onsuz da ey­bəcər olan durumu bir qədər də eybə­cərləşdirirlər. Yeri gəlmişkən, telekanal­ların həmin ekspertlərdən onları efirə çıxarmaq üçün “haqq” aldıqlarına dair məlumatlar da yayılmaqdadır. Müasir media menecmenti budurmu?

Deyəsən, əsas məsələ həm də “haqq” dediyimiz nəsnədədir. Yəqin, elə buna görədir ki, efir mədəniyyətini heçə sayan aparıcıların kultlaşdırıldığını gö­rürük. Ola bilər, düşüncə budur: ortada pul varsa, deməli, hər sözü deyə, hər mövzudan söz aça, hər cür cəfəngiyya­tı dilə gətirə bilərlər. 

Aparıcılar, sanki, krallar, şahlar kimi qeyri-məhdud səlahiyyətə malikdirlər. Onlar auditoriya ilə məzələnir, təvazö­karlıqdan uzaq hərəkətləri ilə gözə gi­rirlər. Yekunda media dəyərləri, ictimai motivlər, cəmiyyətin normaları kultlaş­dırılmış obrazların arxasınca sürünür. Beləmi olmalıdır? Budurmu jurnalistika­nın mahiyyəti? Əlbəttə ki, yox! 

Digər yandan, ayrı-ayrı sosial proq­ramlara diqqət yetirəndə elə təsəvvür yaranır ki, sanki Azərbaycanda dövlət hakimiyyəti yoxdur, dövlətin bütün funk­siyalarını telekanallar, daha doğrusu, həmin kultlaşdırılmış aparıcılar yerinə yetirirlər. Onlar detektivdirlər, ağır ci­nayətin üstünü açırlar, təhqiqat apa­rırlar, günahkar və məsumları müəy­yənləşdirirlər, saxta insanpərvərliyə bürünüb, guya, mərhəmətli davranırmış kimi görüntü yaradırlar. Şübhəsiz, bu kimi hallar vətəndaşla dövlət arasın­da inamsızlıq toxumları səpir. İstər-istəməz, sual yaranır: Bir halda ki, apa­rıcılar hər bir işin öhdəsindən gəlirlər, dövlətə nə ehtiyac var?

Ümumən, bəzi televiziya və ra­dio kanallarındakı proqramlara nəzər salanda küçə söyüşlərini, jarqonları, ədəbsiz sözləri, tərbiyəsizlik assosiasi­yası verən deyimləri, eyhamları eşidirik. Belə hallar Azərbaycan ədəbi dilinin norma və qanunlarının aşkar şəkildə pozulmasıdır. Media həm də dil hadisə­sidir, ona görə də tam əminliklə demək olar ki, hazırda bəzi televiziya və radio kanallarımız ana dilimizi korlamaqla, ona həqarətli münasibət göstərməklə məşğuldurlar. 

Daha bir xarakterik tendensiya odur ki, sosial şəbəkələrin informasiya yükü­nün artdığı hazırkı şəraitdə bu müstə­vidə paylaşımlar, ayrı-ayrı fikirlər media tərəfindən xəbərə çevrilir. Birmənalı qaydada bunun neqativ hal olduğunu söyləmək olmaz. Hansısa vətəndaşın öz sosial şəbəkə profilində qaldırdığı məsələdə ictimai motivin olması müm­kündür. Media orqanı, indiki halda tele­kanal və radio həmin məqamı işıqlan­dırmaqda sərbəstdir. Amma bu zaman peşəkarlıq öndə olmalı, mövzu daha da dolğunlaşdırılmalıdır. Hiss olunmalıdır ki, ona jurnalist yanaşması var. Təəssüf ki, bunun əksini görürük. Bir qayda ola­raq, sosial şəbəkələrdə yayılmış eybə­cərlik, kimlərinsə Ostap bendersayağı məşhurlaşma niyyəti ilə ortaya atdığı görüntülər telekanallarda son dərəcə düşük şərhlərlə işıqlandırılır. Bu zaman da peşə prinsiplərinə aşkar həqarət yolu tutulur. Belə təəssürat yaranır ki, televi­ziya və radio kanallarımız ancaq ucuz reytinq yarışmasında geri qalmamağı düşünürlər. İctimai maraq və mənafeləri tam arxa plana atırlar. Ancaq vurğula­dıqlarımız hələ son deyil. Yəni, sosial şəbəkələrdəki dedi-qoduların televiziya ekranlarına çıxdığının, hətta dəfələr­lə yayımlandığının şahidi oluruq... Bu, öz yerində. Aparıcıların əl-qolla, ucuz populizm tonu, yersiz mimika və jesti­kulyasiyalarla duruma “rəng qatmaları” həmin vəziyyəti tragikomik hala gətirir. 

Mövcud xüsusda başqa bir məqama diqqət yetirək. Bəzən belə bir qənaət formalaşır ki, sosial şəbəkələrlə televi­ziya və radio kanallarının belə demək mümkünsə, tandemi var. Birincilər ikin­cilər üçün “material” olduqları kimi, ikin­cilər də birincilər üçün istinad nöqtəsinə çevrilirlər. Televiziyaların və radioların bəsit verilişlərinin ayrı-ayrı hissələri sosial şəbəkə seqmentini “bəzəyir”. Beləliklə, birincilərin təqdimatlarındakı sərsəm motivlər sosial şəbəkələrdəki müzakirələr fonunda daha da "drama­tikləşir". Nəzərə alsaq ki, media həm də cəmiyyətə mənəvi zövq aşılamalıdır, qeyd etdiyimiz fonda həmin zövqün kir­ləndirilməsi prosesi gedir. Bundan itirən isə, bütövlükdə, cəmiyyətdir. 

***

Bəs nə edək? Yaxud nə etməliyik ki, itirməyək? Əlbəttə, sadaladıqlarımız fonunda, bilavasitə, günahkar axtarışı­na çıxmaq məntiqindən uzağıq. Ancaq bu duruma görə məsuliyyət daşıyanlar barədə söz açmağımıza əsas yaradır. Yuxarıda telekanal rəhbərlərinin bu sayaq aparıcılara meydan verməklə, onların proqramlarının yayımına şərait yaratmaqla, yumşaq desək, düzgün yol tutmadıqlarını vurğuladıq. Lap əvvəldə isə Azərbaycanda media siyasətinin fundamental istiqamətlərindən söz aç­dıq. Bu siyasətin hədəflərini açıqlama­ğımız heç də təsadüfi deyildi. 

Qeyd edək ki, “Media haqqında” Qanunda ölkəmizdə audiovizual media sahəsini tənzimləyən orqan kimi Au­diovizual Şura müəyyənləşib. 2002-ci ildə yaradılmış Milli Televiziya və Radio Şurasının varisi olan bu qurum fəaliyyə­tində mövcud sahədə tənzimləməni və qüvvədə olan normativ hüquqi aktlara əməl edilməsinə nəzarəti həyata keçir­mək, dövlət siyasətinin formalaşmasın­da iştirak, bu siyasətin reallaşdırılması­nı təmin etmək səlahiyyətinə malikdir. 

Konkretliyə gəlsək, Audiovizual Şu­ranın televiziya və radio məkanımızda nizam-intizam yaradacağını söyləmək mümkündür. Qurum mövcud istiqamət­də təsnifatlandırma aparıb və bu cəhət yayım məsələlərinə müasir dövrün tələbləri baxımından yanaşıldığının, te­leviziya və radio yayımının ən müxtəlif parametrlərinin nəzərə alındığının bariz təsdiqidir. 

Onu da bildirməliyik ki, audiovizual media subyektləri üçün icrası məcbu­ri olan qərarların qəbulu səlahiyyə­tinə malik Audiovizual Şura inzibati xəta əlamətləri aşkar etdikdə “Media haqqında” Qanuna və İnzibati Xəta­lar Məcəlləsinə uyğun olaraq tədbirlər görməyə, habelə qanunvericilikdən irəli gələn digər vəzifələri yerinə yetirməyə mükəlləfdir. 

Əlbəttə, Audiovizual Şuraya yol göstərmək kimi məqsədimiz yoxdur. Ona görə ki, həm yol müəyyəndir, həm də qurumun reallaşdırdığı siyasət hə­min yolda gedildiyinin təsdiqidir. Ancaq sadaladığımız neqativ halları da bir kə­nara qoya bilmərik. Deməli, Audiovizual Şuranın bundan sonra öz işinə daha ciddi yanaşması şərtdir. Güman edirik ki, belə də olacaq və nəhayət, televizi­ya və radio ənənələrimizə, müasir tele­radio məkanımızdakı müsbət meyillərə, inkişafa xələl gətirən “ictimai gilyotin” səhnələri tarixin arxivinə gömüləcək, cəmiyyətin norma və prinsiplərini təhdid edən zay proqramların yerini sağlam düşüncə aşılayan peşəkar efir və ekran nümunələri tutacaq. 

XQ-nin analitik qrupu



Siyasət