“Panaseya məntiqi” və Ermənistanın iflas anonsu

post-img

Mariya Zaxarova ilə Armen Qriqoryanın fərqi

Heç şübhəsiz, Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın fikirləri Ermənistanın təhlükəsizlik şurasının katibi Armen Qriqoryanın dediklərindən daha inandırıcıdır. Məsələ heç də onda deyil ki, birinci sərt reallıqları ifadə edir. Başlıca məqam ikincinin söylədiklərinin arxasında heç bir gerçəkliyin dayanmamasıdır. Bəlkə də Zaxarova Qriqoryanın yerində olsaydı, gülməli görünərdi. Amma birinci öz yerindədir, ikinci isə özünə yer tapa bilmir. Elə Ermənistan kimi... 

Başlayaq A.Qriqoryandan. Ermənis­tanın təhlükəsizlik şurasının katibi deyir ki, ölkəsi öz təhlükəsizlik zəmanətini ən azı 2021-ci ilin dekabrınadək Rusiyaya etibar etmişdi. Lakin həmin müddətdə Azərbaycan üç irimiqyaslı hücum ger­çəkləşdirdi və Ermənistan ərazisini işğal etdi. İddia çox gülüncdür. Söhbət ondan getmir ki, ölkəmiz heç bir dövlətin ərazisi­ni ələ keçirməyib. Azərbaycan–Ermənis­tan sərhədi şərtidir, yəni dəqiqlik yoxdur, hərbçilərimiz sadəcə təhlükəsizlik baxı­mından strateji nöqtələri tutublar. 

Məsələ ondadır ki, İrəvanın Azərbay­canı işğalçı kimi təqdim etməsi 2022-ci ildən sonraya təsadüf edir. Daha doğru­su, həmin ilin sentyabrında şərti sərhəd­də yaşanmış gərginlikdən sonrakı dövrə. Ancaq, görünür, Qriqoryanın fantaziyası və anti-Rusiya köklənişi o qədər güclüdür ki, zamanı səhv salır. Nə isə... Qriqoryan demək istəyir ki, Rusiyaya bel bağladıq, bizə kömək olmadı, ona görə üzümüzü Qərbə tutmuşuq. Əlbəttə, bu yerdə Er­mənistan baş naziri Nikol Paşinyanın 44 günlük müharibədə Qərb dövlətlərinə aramsız telefon zənglərini və yalvarış­larını xatırlatmağa ehtiyac var. Həmin dövlətlərdən hansısa biri İrəvana kömək göstərdimi? Xeyr! Müharibəni dayandı­ran kim oldu? Rusiya Prezidenti Vladimir Putin. 

Moskva, necə deyərlər, Ermənis­tanı Azərbaycanın əlindən aldı, 10 no­yabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasına nail oldu. Çox güman, Rusiya rəhbərliyində heç kim sənədin ərsəyə gəlməsindən üç il sonra Ermə­nistan parlamentinin spikeri Alen Simon­yanın Moskvanın sözügedən bəyanatla Qarabağı Azərbaycana verməsinə dair sərsəmləyəcəyini ağlına gətirməzdi. Ümumən, Kremldəkilər nə zamansa İrə­vanın onların üzünə belə ağ olacağını da düşünməzdilər. Amma, necə deyərlər, sən saydığını say, görək fələk nə sayır. 

İş elə gətirib ki, hazırda Ermənistan tam şəkildə üzünü Qərbə çevirib. Qriqor­yan və digər erməni rəsmiləri isə arqu­mentləri, daha doğrusu, gətirdikləri bə­hanələr ilə İrəvanın əsaslı şəkildə siyasi kurs dəyişməsinə haqq qazandırmağa çalışırlar. Əlbəttə, onlara bu işdə Qərb dairələri yaxından kömək göstərirlər. Məsələn, Qriqoryanın hazırkı, Fransanın Ermənistandakı səfiri Olivye Dekotininin isə “Armenpress”ə bir neçə gün əvvəlki açıqlaması arasında tam oxşarlıq var. Fransız səfir Ermənistan üçün 2020-ci ildən sonrakı təhlükəsizlik təminatlarının faydasızlığı ritorikasına baş vurmuşdu. Onun sözlərindən gəlinən qənaət bu idi ki, Rusiya Qarabağda Ermənistana bağlı idarəçiliyin, yəni separatçı rejimin saxlan­masını təmin etməli idi, lakin bunu bacar­madı. 

Əlbəttə, Dekotini və Qriqoryan Moskvanın hansı səbəbdən Ermənista­nın arxasında dayanmadığını açıqlamır­lar. Məsələn, onlar Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun vaxtilə səsləndir­diyi və Azərbaycan cəmiyyətində böyük qıcıq doğurmuş fikirlərini yaddan çıxarır­lar. Lavrov Qarabağın statusunun həlli məsələsinin sonraya saxlanılmasının tərəfdarı olduğunu bildirmişdi. Hər halda, İrəvana qızıl məcməyidə nə isə verəsi deyildi... 

Ən böyük jesti isə Prezident Putin etmişdi. O, Ermənistan rəhbərliyinə Qa­rabağla bağlı müzakirələr aparmaq üçün meydan verdiyini vurğulamışdı. Yeri gəl­mişkən, Rusiyanın dövlət başçısının bu fikri də Qarabağdakı rus sülhməramlıla­rının bölgəyə silah-sursat daşınmasın­dakı fəallığı da ölkəmizdə böyük qəzəb və hiddət doğurmuşdu. Amma məsələ bunda deyil. 

Məsələ ondadır ki, rəsmi İrəvan Kremlin jestlərinə ciddi yanaşmamış, üzünü tamamilə Qərbə çevirmək üçün fürsət axtarmış, Azərbaycanla danışıqlar prosesini Qərb platformasına çıxarmış, habelə çalışmışdı ki, Qarabağ avantüra­sını bu müstəvidə davam etdirsin. Əlbət­tə, istəyinə nail ola bilməmiş və qəribədir ki, hər uğursuzluqda Rusiyanı ittiham yolu tutmuşdu. Paşinyan administrasiya­sı çox həyasızcasına bir tərəfdən Qərbə güvənmək kursu götürmüş, digər tərəf­dən isə bu kursun nəticəsində meydana çıxmış neqativ durumlara görə Kremli gü­nahlandırmaq xətti seçmişdi. Həqiqətən, paradoks yaranır. Necə ola bilər ki, Fran­saya arxalanıb Avropa İttifaqının mülki müşahidə missiyasını Azərbaycanla sər­hədə gətirəsən, Moskvanın təhlükəsiz­lik zəmanətini heçə sayasan, sonra da deyəsən ki, bütün günahlar Rusiyadadır? Görünür, erməni düşüncə tərzi üçün bu kimi hallar münasibdir... 

Əlbəttə, Rusiya da Ermənistandan az nə isə istəməyib. Moskva Qərbpərəst Paşinyan hakimiyyətinin Kremlin orbitinə qayıtmasında israr göstərib və göstər­məkdədir. Yəni yuxarıda sadaladığımız jestlər bundan irəli gəlirdi. Rusiya bu gün də Ermənistanla bağlı hadisə və proses­lərə “bəlkə də qayıtdılar” məntiqi ilə ya­naşır. 

...Kreml göstərmək istəyir ki, Ermə­nistanın Qarabağ avantürası yalnız onun patronajlığı altında davamını tapa bilər. Həmin avantürizmi Qərbin dəstəyi ilə ya­şatmağı düşünən, məqsədinə çatmayan Paşinyan administrasiyası hər uğursuz­luqda bir qədər də azğınlaşır. Hazırda İrəvan öz avantürizmini, daha doğrusu, işğalçılıq niyyətini tam şəkildə Qərbin musiqisinin notlarına kökləyib. Bu kök­lənişdəki ən böyük motiv daha qlobaldır – Moskvanı Cənubi Qafqazdan tamamilə sıxışdırmaq. Rəsmi İrəvan hesab edir ki, əgər proses reallaşsa, Qərb ona mükafat qismində itirilmiş mövqelərini geri qay­tarmağa, Azərbaycan üzərində üstünlük qazanmağa şərait yaradacaq. Şübhəsiz, bu, xam xəyaldır. İndiki durumdakı real­lığı isə Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlayır. 

***

Ümumən, xanım Zaxarova hazırda Rusiyanın Ermənistana qarşı qəzəbinin obrazıdır. İstər XİN rəhbəri Sergey Lavrov, eləcə də digər ölkə rəsmiləri fikirlərini kor­rekt şəkildə ifadə edirlərsə, Zaxarovada bu baxımdan heç bir “stop” yoxdur. Dip­lomat, əvvəldə də bildirdiyimiz kimi, ger­çəkliyi, kifayət qədər, çılpaq tərzdə ifadə edir. Məsələn, o deyir ki, Ermənistan sülh şəraitində yaşamağa layiqdir və heç bir halda vicdansız Qərb siyasətçilərinin əlin­də alver predmetinə çevrilməməlidir: “Er­mənistan soyqırımları, öz suverenliyi, mə­dəniyyəti uğrunda mübarizəni, mürəkkəb ərazi mübahisələrini, münaqişələri əhatə edən çətin tarixi yolu keçib. Bu ölkə sülh içində yaşamağa layiqdir və heç bir halda vicdansız Qərb siyasətçilərinin əlində söv­dələşmə obyektinə çevrilməməlidir”.

M.Zaxarova obrazı həm də Rusiya­nın xəbərdarlıq məntiqinin özüdür. Sitat­dan da göründüyü kimi, bu obraz rəsmi İrəvana Ermənistanı indiyədək ayaqda saxlayan avantürizm motivlərini bir-bir açıqlayır. Belə bir açıqlama təsadüf sa­yıla bilməz. Zaxarova həmin avantürizm meyillərinin hər birində Rusiyanın rolu­nun olduğuna dair subliminal mesaj verir. Xanım diplomat, eyni zamanda Qərbin vaxtilə Ukrayna hakimiyyətinin təmsilçilə­rinə çox şey vəd verdiyini və sonra “onları tərk etdiyini” vurğulayır. Yəni o, İrəvanın yağlı vədlərə inanmasının yanlışlığını əsaslandırır. 

Rusiya XİN-in sözçüsü fikirlərini ge­niş şəkildə, ən əsası sentimental tonda çatdırır. Bildirir ki, ölkəsi tam səmimiyyəti ilə Ermənistana sülh arzulayır: “Biz bu dövlətə, həm bu ölkəyə və xalqa sevgi, həm də praqmatik baxımdan səmimi qəlbdən sülh, sabitlik və firavanlıq arzu­layırıq. Çünki regionun rifahı sabitlikdən və firavanlıqdan asılıdır. Amma təəssüf ki, Qərb Ukrayna ilə kifayət qədər oyna­yıb onu “sındırıb”, qolu və ayağı olmayan döyülmüş gəlincik kimi küncə ataraq, yeni qurban axtarmağa başlayıb. Qoy, Ermənistan aldadılaraq, bu yeni qurbana çevrilməsin”.

Özünün bədii təfəkkürünü işə salan M.Zaxarova onu da deyib ki, bəzi ermə­ni liderlər Aİ-nin artan diqqətini Panaçe­ya (qədim mifologiyaya görə hər dərdin dərmanı – red.) kimi görürlər. “Daha dərinə baxmaq lazımdır. Bu ki güzgünü göstərən, yerli əhalidəki ən dəyərli şeylə­ri ələ keçirməyən “ağ adam”ın xarakterik xüsusiyyəti idi. Təəssüf ki, Ermənistanın bəzi siyasi xadimləri ölkəni Qərb geosi­yasətinin başqa alətinə, əyləncəsinə çe­virdiklərini düşünmürlər. Hesabı boyunla­rına götürürlər”, – deyən Rusiya XİN-in sözçüsü son nöqtəni qoyub: Aİ Ermənis­tana regiona “giriş nöqtəsi” kimi baxır.

***

Əlbəttə, A.Qriqoryanın məsələ ilə bağlı təsəvvürü başqadır. Yuxarıda hə­min təsəvvürün bir vacib elementini diqqətə çatdırdıq və bildirdik ki, Ermənis­tanın təhlükəsizlik şurasının katibi İrəva­nın Qərblə yaxınlığını yeni təhlükəsizlik rıçaqları tapmaq istəyi ilə əsaslandırır. Bu istəyin Ermənistan üçün hansı nəticələr doğuracağı önəmlidir. Yeri gəlmişkən, məsələ erməni cəmiyyətində də geniş müzakirə olunur. Ona görə müzakirə olu­nur ki, Ermənistanda ölkənin iqtisadi da­yanıqlılığının Rusiyadan asılı olduğunu anlayanlar var. Zaxarovanın, belə demək mümkünsə, bədii tonlu xəbərdarlığından sonra belələrinin sayının daha da artaca­ğı şübhəsizdir. 

Bəli, hazırda Ermənistan rəhbərliyi ölkənin iqtisadi inkişaf tempi ilə öyünür. Rusiya iqtidarının nümayəndələri və onlara yaxın şəxslər isə hər imkandaca bu inkişafın, əslində, Moskva seqmenti­nin mövcudluğunu əsaslandırırlar. Yəni, demək istəyirlər ki, it araba kölgəsində yatıb, həmin kölgəni özününkü zənn et­məsin. Elə jurnalistlərin Qriqoryana ün­vanladıqları növbəti sual da dolayısı ilə məhz bu deyimdən qaynaqlanır. Media təmsilçiləri təhlükəsizlik şurasının kati­bindən Rusiya ilə gərgin münasibətlər fonunda Lars sərhəd-keçid məntəqəsinin tamamilə bağlanma mövzusuna toxu­nurlar. Qriqoryanın cavabında fərqli mo­tiv yoxdur. Əgər o, ölkənin təhlükəsizlik alətlərinin genişləndirilməsi xüsusunda söz açıb, bu baxımdan Qərblə yaxınlıq amilini qabardırdısa, eyni düşüncəni iqti­sadi ritorikaya da daşıyır. Bu dəfə Ermə­nistan iqtisadiyyatının şaxələndirilməsin­dən, yeni tərəfdaşlar tapmaqdan danışır: “Uzunmüddətli perspektivdə problemləri­mizin olmaması üçün Ermənistan öz iqti­sadiyyatını şaxələndirmək, yeni tərəfdaş­lar tapmaq yolu ilə gedir”. 

***

Sonda onu deyək ki, Ermənistanın hansı yolla getdiyi nə Qriqoryana, nə də N.Paşinyana bəllidir. Ölkə obrazlı desək, ikimərtəbəli avtobusun yuxarı mərtəbə­sinə çıxıb orada sürücü axtaran birinə oxşayır. Ermənistan adlı sınıq avtobus isə tüstüləyə-tüstüləyə, ətrafa pis qoxu saça-saça gedir. Hazırkı erməni iqtida­rı bu hərəkəti inkişaf kimi görür. Ancaq tam aydındır ki, həmin iqtidarın inkişaf məsələsinə baxışda ciddi problemlə­ri var. Elə bir problemlər ki, üfüqdə iflas perspektivini görməyəcək qədər korluq gətirir. A.Qriqoryanın bildirdikləri korluq durumunun təsviri, Zaxarovanın vurğula­dıqları isə korun ya eynək taxmayacağı, ya da gözünü müalicə etdirməyəcəyi hal­da yıxılıb başını-gözünü dağıdacağının anonsu idi. 

Ə.CAHANGİROĞLU
XQ

Siyasət