“Toplum TV”nin haradan və necə “qidalandığı” üzə çıxdı

post-img

Azərbaycanın müstəqil daxili və xarici siyasət yürütməsi, heç bir dövlətdən, beynəlxalq və ya donor təşkilatdan, maliyyə qurumundan asılı olmaması Qərbdəki azərbaycanofob dairələrə rahatlıq vermir. Ölkəmiz dünyada mövqelərini xeyli möhkəmləndirib və hazırda “orta güc” hesab olunan ölkələr kateqoriyasına daxildir. Yeri gəlmişkən, qeyd edək ki, bu sırada Kanada, Norveç, Niderland, İsveç, Birləşmiş Ərəb Əmirlikləri və İsrail kimi dövlətlər yer alır. Ölkəmizin türk dövlətləri ailəsinin və müsəlman dünyasının fəal üzvü olması da bizə edilən hücumların digər bir səbəbidir.

2020-ci ilin payızında Vətən müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi, 2023-cü ilin sentyabrında isə lokal xarakterli antiterror tədbirləri nəticə­sində dövlət suverenliyimizin bərqərar olma­sı xaricdəki bədxahlarımızı lap hövsələdən çıxarıb. Onlar yaranmış vəziyyətlə hələ də barışa bilmirlər. Daxildə güclü həmrəyliyin mövcud olması isə bütün mümkün vasitələ­rin onların əlindən çıxması anlamına gəlir. Belə olan təqdirdə xaricdəki bədniyyətlilər kiçik, dağınıq qruplara “stavka” etmək məc­buriyyətində qalırlar. Bir müddət öncə baş verən “Abzas Media” işi, indi isə “Toplum TV” internet televiziyası ilə bağlı məsələlər, əslində, eyni prosesin tərkib hissəsidir. Bu iki hadisə ilə bağlı aparılan əməliyyat-axtarış tədbirlərinə dair məlumatları tutuşdurduq­da, onların arasında yaxın bağlılıq olduğunu görmək mümkündür. Əslində, bu proseslər arasında çox asanlıqla ümumiləşdirmə də aparmaq mümkündür. Bütün bunlar Qərbin dağıdıcılıq siyasətinin, qarayaxma kampani­yasının bir elementidir. Azərbaycanla yanaşı, Gürcüstan, Rusiya və digər ölkələrlə bağlı yürüdülən siyasət və törədilən təxribatlar eyni dəst-xətt üzrə həyata keçirilir.

“Toplum TV”-nin ofisində axtarış-əmə­liyyat tədbirlərinin həyata keçirilməsi Qərb institutlarının medianı, jurnalistləri və ay­rı-ayrı şəxsləri Azərbaycan qanunlarına zidd şəkildə maliyyələşdirməsinə dair ciddi dəl­lilərin müəyyən edilməsi ilə bağlıdır. Bundan əvvəl “Abzas Media” ilə bağlı oxşar tədbirlər həyata keçirilmişdi. Məlum istiqamət üzrə aparılan istintaq tədbirləri zamanı çoxsaylı qanun pozuntuları müəyyən edilmişdi. Fakt­lar geniş şəbəkə yaradılmaqla qanunsuz ma­liyyə maxinasiyalarının həyata keçirildiyinə və çirkli pulların yuyulduğuna dəlalət edir. Maliyyə Qərb institutları tərəfindən Gür­cüstan vasitəsilə həmin şəbəkəyə ötürülüb. Proses zamanı Şərq ölkələrində terror təşki­latlarının da istifadə etdiyi üçüncü tərəflərə həvalə mexanizmi, adsız kartlardan geniş is­tifadə olunub. Bu vəziyyət bir daha göstərir ki, Qərbin bəzi dairələri Azərbaycanla bağlı fəaliyyətini nəinki səngitməyib, əksinə, ölkə­mizdə qarışıqlıq yaratmaq üçün bütün müm­kün vasitələrdən əvvəlkitək istifadə edirlər. Prosesdə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və onun rəhbəri Samanta Pauer başda olmaqla Qərb fondları, hüquq-müda­fiə təşkilatları, mediası mühüm rol oynayır. Təsadüfi deyil ki, baş verənlər fonunda Azər­baycana qarşı xarici mediada qarayaxma kampaniyası davam etdirilir, əsassız ittiham­larla dolu materiallar dərc olunur.

Prosesin sxemi isə belə təsvir oluna bilər: Əvvəlcə şəbəkə qurulur və onların vasitəsilə daxildə qarışıqlıq yaradılır. Mövzu Qərb mediası və qeyri-hökumət təşkilatlarının gündəminə gətirilir. Daha sonra isə rəsmi müstəviyə keçirilir. Konkret ölkə beynəlxalq ictimaiyyətin hədəfinə çevrilir. Buna misal olaraq, Gürcüstanda xarici agent mövzu­sunu, USAID-in çevriliş etmək cəhdlərini, Azərbaycanda mühüm tədbirlər, seçkilər dövründə Qərb şəbəkəsinin fəaliyyətinin ak­tivləşməsini göstərmək olar.

Maraqlıdır ki, Azərbaycana qarşı təşkil olunan kampaniyaların arxasında öz ölkəsin­də xarici agent statusundan geniş yararlanan, xaricdən dəstək alan və ya yad təsir altın­da olmaqda şübhəli bilinən vətəndaşlarına qarşı ciddi tədbir görən ABŞ dayanır. ABŞ başda olmaqla Qərb ölkələrində bu sahədə mövcud vəziyyət acınacaqlıdır. Jurnalistlər, vətəndaş cəmiyyəti nümayəndələri, tanınmış şəxslər xarici ölkələrlə əməkdaşlıqda, məxfi informasiyaları yaymaqda və sair əməllərdə təqsirləndirilirlər. Onlara qarşı tədbirlər gö­rülür. Buna misal olaraq, Edvard Snoudenu, Culian Assancı və digərlərini göstərmək olar. Öz daxilində hər hansı xarici təsiri qadağan edən, buna görə vətəndaşlarını qeyd etdiyi­miz kimi, ciddi məsuliyyətə cəlb edən ABŞ digər ölkələrdə, o cümlədən Azərbaycan­da bu işləri böyük həvəslə həyata keçirir. Müxtəlif ölkələrdə bu əməllərə qarşı tədbir görüləndə isə xarici mediada həmin ölkəyə qarşı çirkin kampaniyalar təşkil edilir.

Təbii ki, “Toplum TV” ilə bağlı tədbir­lərin görülməsindən sonra xarici medianın, özlərini hüquq-müdafiə təşkilatları adlan­dıranların, sonra isə Qərb rəsmilərinin ar­dıcıl ittihamlar səsləndirəcəkləri heç bir şübhə doğurmur. Lakin bütün bu addımlar Azərbaycanın öz daxili məkanını təxribatçı hərəkətlərdən və qeyri-qanuni fəaliyyətlər­dən qorumaq işindən əl çəkməsinə gətirib çıxara bilməz. Uzun illər ərzində ölkəmizdə şəbəkə vasitəsilə qarışıqlıq yaratmaq cəhd­ləri uğursuzluğa düçar olub. Çünki Azər­baycan girişdə qeyd etdiyimiz kimi, güclü dövlətdir. Daxildə sabitlik və həmrəylik mövcuddur. Belə metodlarla isə daxili sa­bitliyə xələl gətirmək cəhdləri dəfələrlə if­lasa uğrayıb. Azərbaycan xalqının milli maraqlarına zidd gedən, Azərbaycan döv­lətinin əleyhinə işləyən, hətta qeyri-qanuni üsullarla fəaliyyət göstərməkdən belə çə­kinməyən şəbəkələrin müəyyən edilməsi və neytrallaşdırılması zəruridir.

Mövzu üzrə fikirlərini öyrəndiyimiz Azərbaycan Mətbuat Şurasının sədri Rə­şad Məcid bildirdi ki, ümumiyyətlə, jurna­list həbsi, bu və ya digər şəkildə medianın fəaliyyətində fasilənin yaranmasına səbəb olmuş, yaxud mövcud xüsusdakı ritorikalara yol açan meyillər Mətbuat Şurasının diqqət mərkəzində olub: “Məsələyə kompleks şə­kildə yanaşırıq. Prinsipcə, səbəb və nəticə əlaqələrinə bir o qədər önəm vermirik. Ça­lışırıq ki, mümkün olan bütün vasitələrlə əvvəlki status-kvo bərpa olunsun. Yəni me­dianın və jurnalistin fəaliyyəti davam etsin”.

R.Məcid qeyd etdi ki, əlbəttə, ilk növ­bədə, jurnalistlərin həbsi və digər bu kimi məsələlərdə söz və ifadə azadlığı ilə bağlı motivlərin mövcud olub-olmadığına diqqət yetirməliyik: “Bütün dünyada mətbuat şura­larının başlıca missiyası cəmiyyəti medianın hücumlarından qorumaqdır. Bu hücumlar nə zaman olur? O zaman ki, media özünün səla­hiyyətlərini aşır, müvafiq olaraq söz və ifadə azadlığı prinsiplərinə zor tətbiq edir, sui-is­tifadələrə yol verir. Ona görə bizim üçün həm medianın və jurnalistlərin fəaliyyətinə mümkün maneələrdə, həm də medianın özü­nün qeyri-etik, jurnalistikaya uyğun tərzdə davranmaması müstəvisində həmin prinsip­lərə nə dərəcədə xələl gətirilməsi əsasdır. Deməli, başlıca alət söz və ifadə azadlığının özüdür”.

Mətbuat Şurasının sədri bildirdi ki, istər “Toplum TV”, istərsə də ondan əvvəl “Ab­zas Media” ilə bağlı durumda cəmiyyətə daha çox sirayət edən məqam kimi söz və ifadə azadlığının pozulmasını görmürük: “Bəli, adları çəkilən media qurumları tənqidi ruhda fəaliyyət göstərirlər. Ancaq bir real­lıq da var ki, media tənqid etməlidir. Hesab edirəm ki, fəaliyyətində daha fundamental tənqidə üstünlük verən media orqanlarımız və jurnalistlərimiz var. Onlar sərbəst şəkildə işlərini görürlər. Heç birinə hansısa maneçi­liyin törədilməsindən, məhdudlaşdırmaların tətbiqindən söhbət gedə bilməz.

Bir daha deyim ki, başlıca məqam söz azadlığının imkanlarına hansı tərzdə yanaş­maqdır. Yəni məsələ tənqiddə deyil. Ona görə də hazırda bilavasitə “Toplum TV” ilə bağlı durum Mətbuat Şurasının diqqət mərkəzindədir. Arzu edərdik ki, bu media qurumu, eləcə də orada çalışanlar əvvəlki qaydada fəaliyyətlərinə davam etsinlər. Heç istəməzdik ki, onlarla bağlı irəli sürülmüş iddialar təsdiqini tapsın. Güman edirəm ki, əlaqədar instansiyalar da mövcud məqamı nəzərə alırlar. Buna görə məsələyə həssas yanaşılacağına, əsl həqiqətlərin üzə çıxarıla­cağına əminəm”.

“Bakı-Xəbər” qəzetinin baş redakto­ru Aydın Quliyev isə bildirdi ki, son bir neçə ayda bəzi media qurumlarının ofislə­rində yoxlamaların aparılması, müəyyən məsuliyyətə cəlb etmələrin olması konkret məsələlərlə bağlıdır. Onun sözlərinə görə, bu hadisələrin hər birinin arxasında Qərbin müəyyən institutlarının dəstəkverici qüvvə kimi durduğu ilə bağlı mülahizələr var: “Gö­rünür, Azərbaycanın hüquq-mühafizə orqan­ları da irəli sürülən ittihamlarda xaricdəki müəyyən dairələrə bağlılıq ehtimalını nəzərə alırlar. Amma bütün bu məsələlər hələlik araşdırma mərhələsindədir. Bütün ölkə ic­timaiyyəti prosesi maraqla izləyir. Çünki müəyyən beynəlxalq təşkilatlar məsələyə çox həssas yanaşırlar. Hətta bəziləri nəticə­ni gözləmədən Azərbaycana qarşı ittihamlar yağdırırlar”.

A.Quliyev qeyd etdi ki, Prezident İlham Əliyev fevralın 28-də Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsı qəbul edərkən bunların bəzilərinə toxundu: “Cə­nab İlham Əliyev Almaniya mətbuatının heç nəyi nəzərə almadan, sonunu gözləmədən Azərbaycana qarşı ittihamlar yağdırmasını qəbul etmədiyini bildirdi. Hər şeyin sonunu gözləmək lazımdır. Yəqin ki, Azərbaycan hüquq-mühafizə orqanları və məhkəmə sis­temi mümkün qədər obyektiv həqiqətin or­taya qoyulmasında maraqlı olacaqlar. Çünki bu, Azərbaycanla bəzi beynəlxalq təşkilatlar arasında müəyyən qədər gərginlik yaradan həssas mövzudur. Amma bu işlərin hər biri­nin arxasında konkret ittihamlar var. Qaçaq­malçılıq, xaricdən maliyyələşmə, qanunsuz sahibkarlıq fəaliyyəti kimi ittihamlar konk­ret şəkildə deyilir. Bunların səriştəli dövlət orqanları tərəfindən sona qədər araşdırılma­sına ehtiyac var”.

Baş redaktor bildirdi ki, araşdırma işləri sona yetməmiş Azərbaycanda azad media­nın boğulması, jurnalistlərin təqib olunması təbliğatını aparmaq, hay-küy qaldırmaq düz­gün deyil. Təəssüf ki, bəziləri bu taktika ilə hərəkət edirlər.

Səxavət HƏMİD
XQ





Siyasət