Anaların anası

post-img

Şamama Ələsgərova – 120

Xalqımızın sevimli qızı

Dünyada anadan yüksək zirvə, ana­dan müqəddəs varlıq yoxdur. Övladının çətin anında, uzaqda da olsa, bunu fəh­mi ilə hiss edən, bir “oy!” kəlməsinə – yüz dəfə “can!” deyən də ana olur, onun xoşbəxt günlərində sevincdən ürəyi titrəyən də. Uşağını hələ bətnindəykən sevir, qeyri-adi duyum, hissiyyatla ona ömürlük bağlanır, dünyaya gəlişini sə­birsizliklə gözləyir. Vaxt tamamında, qa­ranlıq dünyadan işığa çıxan körpəni ilk görən, onunla təmas quran isə... 

Bəli, analıq hissinin nə demək oldu­ğunu gözəl bilən, körpə qığıltısı eşidəndə göz yaşlarını gizlətməyə çalışan gənc xanımlara bu duyğunu yaşadan həkim olur. Yeni doğulan körpəni anadan öncə ilk görən, əlinə götürən, onunla təmas quran da mama-ginekoloq–həkim olur. Elə körpə də qıyıq, yarıaçıq gözü ilə ilk ağxalatlı xilaskarını görür. 

Minlərlə körpənin dünyaya göz aç­masında böyük rolu olan belə həkim-gi­nekoloqlarımızdan biri – Şamama xa­nım Ələsgərova haqqında onun doğum günündə söz açmağı qərara aldıq. O, mamalıq və ginekologiya sahəsində ta­nınmış çox bacarıqlı həkim olub. Haqqın­da yazılan xatirələr dil açıb söyləyir ki, Şamama xanım qucağına körpə verdiyi anaların, uşaq nəfəsinə illərlə həsrət qa­lan, nəhayət, onun şəfalı əllərinə sığınıb övlad sahibi olan ailələrin, həmkarları­nın və doğmalarının ürəyində yaşayır və yaşayacaq. O dövrdə onu tanıyanlar böyük qədirbilənliklə Şamama xanımı mərhəmət mücəssəməsi, el anası, ürəyi­nin odundan ailələrə nur paylayan insan adlandırıblar. 

Ömür yoluna bir nəzər

Şamama Ələsgərova böyük və görkəmli bir nəslin davamçısı olub. O, 1904-cü ildə İrəvanda Məmmədkərim Əliyevlə Zəhra Süleymanbəyovanın ailə­sində dünyaya göz açıb. Ailədə 5 uşaq böyüyüb. Bu nəsil Azərbaycan tibb el­minə görkəmli dövlət və elm xadimi, tibb elmləri doktoru, professor Əziz Məm­mədkərim oğlu Əliyev, Azərbaycan SSR Əməkdar elm xadimləri – tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akade­miyasının akademiki Zərifə Əliyeva, Döv­lət mükafatı laureatı, tibb elmləri doktoru, professor Tamerlan Əliyev, Respublika Milli Onkologiya Mərkəzinin direktoru, akademik Cəmil Əliyev, eyni zamanda, tibb elmləri doktoru, professor, İ.M.Se­çenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru Əziz Cəmil oğlu Əliyev kimi dəyərli nümayən­dələr bəxş edib. Bu mötəbər ailənin digər layiqli təmsilçiləri də mama-ginekoloq, Əməkdar həkim, Sosialist Əməyi Qəh­rəmanı Şamama Ələsgərova və “Dan ulduzu” instrumental ansamblının bədii rəhbəri, Əməkdar incəsənət xadimi Gü­larə Əliyeva olub. 

Şamama Məmmədkərim qızı Ələs­gərova 120 il bundan öncə, martın 8-də İrəvanda anadan olmuş və ilk təhsilini gimnaziyada almışdır. O, 1941-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu biti­rib. Müharibə illərində Azərbaycan SSR Xalq Səhiyyə Komissarlığında şöbə mü­diri, kadrlar idarəsinin rəisi vəzifələrində çalışıb. 1945-ci ildə N.Krupskaya adına 5 nömrəli klinik doğum evinə baş həkim tə­yin olunub və ömrünün sonuna–1977-ci ilədək həmin vəzifədə işləyib. Doğum evinin təşkilində böyük əmək sərf edərək bu tibb ocağının maddi texniki bazası­nı o zamanın tələblərinə uyğun yüksək səviyyədə təşkil edən Şamama xanım kadr seçiminə də xüsusi diqqət yetirib. O, həkim personalını işə götürəndə həmin şəxsin peşə bacarığını, elmi səviyyəsini müfəssəl öyrənib. Nəinki həkimlər, hət­ta orta və kiçik tibb işçiləri də Şamama xanımın “süzgəcindən” keçdikdən sonra işə qəbul ediliblər. Beləliklə, bacarıqlı və istedadlı rəhbər az zaman içərisində yük­sək professionallığı ilə seçilən tibbi heyə­ti olan, ciddi sanitariya rejimli, nümunəvi, böyük bir tibb ocağını qurmağı bacarıb. 

Şamama Ələsgərovanın tədqiqatları əsasən, ana və uşaqların sağlamlığının qorunmasına, ginekoloji xəstəliklərin müalicə və profilaktikasına həsr olunub. O, respublikada malyariya və helmin­toz xəstəliklərinə qarşı mübarizə təd­birlərində də fəal iştirak edib. Şamama xanım haqqında o dövrün mərkəzi və yerli mətbuat orqanlarında müntəzəm olaraq məqalələr dərc edilib. Xidmətlə­rinə görə, 1958-ci ildə “Səhiyyə əlaçısı”, iki il sonra “Əməkdar həkim”, 1969-cu il fevralın 5-də isə “Sosialist Əməyi Qəhrə­manı” fəxri adlarına layiq görülüb. Qeyd edək ki, o, respublikada bu ada layiq görülən ilk səhiyyə işçisi olub. Şamama xanım Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatı seçilib, “Lenin”, “Şərəf nişanı” ordenləri və medallarla təltif edi­lib. Görkəmli mama-ginekoloq Şamama Ələsgərova 1977-ci il iyunun 2-də vəfat edib. 5 nömrəli doğum evi hazırda Şama­ma Ələsgərovanın adını daşıyır.

Yaxşılıq unudulmur

Azərbaycanın səhiyyə tarixində Şamama xanımın danılmaz xidmətlə­ri vardır. Onu çox fədakar və gözəl in­san, xeyirxah həkim kimi xatırlayırlar. Xəstəxanada vəziyyət gərgin olan vaxt­larda o, günlərlə evə getmir, ağır xəstələ­rin yanında qalır, onları şəxsi nəzarətin­dən kənarda qoymurmuş. 

1925-ci ildə Samama xanımla Əb­dül İbrahimovun izdivacından bir övlad dünyaya gəlir. Sona adı verilən bu qız da böyüyüb həkimlik peşəsinə yiyələnir. Əməkdar həkim fəxri adına layiq görülən kardioloq Sona İbrahimova Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitu­tunda çalışıb, yüzlərlə həkimin peşəsini daha dərindən öyrənməsi üçün biliyini əsirgəməyib, ürək xəstəliklərinin müa­licəsində yeni üsulları tədris edib. O, görkəmli tərcüməçi, ssenarist və tənqidçi İshaq İbrahimovla ailə qurub. Sona xanı­mın qızı, Şamama xanımın nəvəsi Lalə xanımın söhbətlərini dinləsək, əminəm ki, gözümüzün önündə möhtərəm bir in­sanın portreti canlanar. 

Qeyd edək ki, Lalə Cəfərova Azər­baycan Respublikasının Xarici İşlər Na­zirliyində Dövlət Protokolu İdarəsinin müşaviri vəsifəsində işləyib. 1999–2004 illərdə BMT-də ölkəmizin Daimi Nü­mayəndəliyində birinci katib vəzifəsin­də çalışıb. Bu müddət ərzində 2 il BMT Uşaq Fondunun (UNİSEF) bürosunda, 3 il isə qurumun Qadınların Məsələləri üzrə Komissiyasının bürosunda Şərqi Avropa qrupunu təmsil edib.

Gəlin, cəmiyyətdə xüsusi mövqeyi ilə seçilən qadın, öz fəaliyyəti ilə peşə­sinin mahir bilicisi olduğunu təsdiq edən mama-ginekoloq, ailədə qayğıkeş həyat yoldaşı, gözəl ana, mehriban nənə olan Şamama xanımı yaxından tanıyaq. 

Lalə xanımın dedikləri:

– Nənəm Şamama xanım haqqında xatirələrim qədərsizdir, günlərlə danı­şa bilərəm. Çünki uşaqlığımı daha çox nənəmgildə keçirmişəm. Məktəbin birinci sinfinə gedəndən nənəmlə yaşamışam. Məktəb nənəmin evinə çox yaxın oldu­ğundan dərsə qonşuluqda yaşayan mək­təbli qızlarla birgə gedib-gəlirdik. Demək olar ki, nənəmin həyat və fəaliyyətinin müəyyən hissəsini görmək kiçik yaşlarım­dan mənə qismət olub. Özünə və başqa­larına qarşı həddən artıq tələbkar olması­na baxmayaraq, nənəm qardaşlarım–indi tarixçi olan Çingizə, iqtisadçı olan Tahirə və mənə böyük sevqi, güzəşt və qayğı ilə yanaşırdı. Şamama xanım çətinliklərlə dolu ömür yolu keçməsinə baxmayaraq, heç vaxt “yoruldum” demədi, kimsənin qarşısında əyilmədi, dünya malında gözü olmadı və həyatın sınaqlarından başı uca çıxdı və zəfərlərə yol açdı. 

Anam Sona xanım danışırdı ki, İkinci dünya müharibəsi dövründə Şamama xa­nım Bakıda Hərbi Hospitalda Cərrahiyyə şöbəsinin müdiri vəzifəsində çalışıb. Ge­cə-gündüz hospitala döyüş bölgələrindən faşizmlə ölüm-dirim mücadiləsi aparan döyüşlərdən yaralılılar daxil olurdu. İşi o qədər çox, ağır və gərgin idi ki, evə yalnız əynini dəyişməyə gəlir, yenidən hospitala qayıdırmış. 

Hospitalla bağlı anam bir maraq­lı xatirə danışmışdı. Deməli, hospitala ölümcül halda yaralı bir rus zabiti gətirilir. Şamama xanım ona böyük soyuqqan­lılıqla xidmət edir, özünə gələnə qədər yanından çəkilmir. Nəhayət, zabiti həyata qaytarır. Zabit bütün ailəsinin müharibə­də həlak olduğunu bildirir. Sonra üstün­də saxladığı xeyli pulu nənəmə vermək istəyir. “Sağalmağımda əziyyətiniz çox olub. Bilirəm ki, sizin qızınız var, çox çə­tin bir vaxtda yaşayırıq, hamı üçün ağır zamandır. Mən əlimdə olan bu pulu sizə vermək istəyirəm”, – deyəndə nənəm qəti şəkildə etiraz edir. Amma zabit israr edib: “Heç kimsəm qalmayıb, bu pul nə­yimə lazımdır?”, – deyəndə, nənəm ona: “Yaxşı, sabah bu ünvana gələrsən”– de­yir. Ertəsi gün həmin zabiti rayon partiya komitəsinə aparır. Dərhal komissiya təş­kil edilir. Akt tərtib olunur və həmin zabi­tin bütün varidatı 1941-ci ilin avqustunda təsis olunmuş SSRİ Müdafiə Fonduna köçürülür. 

Zamanın çətinliyinə, onun da ehti­yacı olduğuna baxmayaraq, nənəm son dərəcə təvazökar, gözütox insan idi. İllər ötəndən sonra nənəmə Sosialist Əməyi Qəhrəmanı adı veriləndə “Oqonyok” jur­nalında bu barədə məqalə çap olunur. Taleyin işinə baxın ki, təsadüfən həmin hərbçi jurnalda nənəmin şəklini görüb onu tanıyır. Sonra, o, Şamama xanımı axtarıb tapır və gəlib onunla görüşür.

İkinci dünya müharibəsindən sonra Azərbaycan KP MK Şamama xanıma hospitalın əvvəllər qadınlar üçün nəzər­də tutulmuş yarısökülmüş binasını təmir etdirib orada doğum evi yaratmaq tap­şırığını verir. Müharibədən sonrakı ağır bir dövrdə tikinti materiallarını tapmaq da çox çətin idi. Şamama xanım müxtə­lif təşkilatlara müraciət edir. Köməyə neftçilər və Qırmızı Bayraqlı Xəzər Do­nanmasının dənizçiləri gəlirlər. Ona çox böyük hörmətlə yanaşır, sözünü eşidir, tapşırıqlarını yerinə yetirməyə çalışırdı­lar. Şamama xanım və xəstəxana kollek­tivi fəhlələrlə bərabər işləyirlər. Nəhayət, təmir başa çatır və dogum evi fəaliyyətə başlayır. O, 1945-ci ildə N.Krupskaya adına 5 nömrəli klinik doğum evinə baş həkim təyin olunur. Şamama xanımın hə­yatında açılan bu yeni kitaba hər il, hər gün, hər saat onun zəhmətkeş, özünü əsirgəmədən yaşadığı şanlı ömür sə­hifələri yazılır. Onun rəhbərliyi və yüksək təşkilatçılıq qabiliyyəti sayəsində doğum evi respublikanın iri müalicə-profilaktika müəssisəsinə çevrilir. 

***

Son dərəcə fədakar insan olan nənə­min, demək olar ki, şəxsi həyatı olmayıb. O, bütün həyatını xalqın sağlamlığına həsr edib.

Hər gün səhər saat səkkizdə keçirilən gündəlik kollektiv toplantısından sonra həkimlərlə bərabər şöbələrə baş çəkər, palataları gəzər, xəstələrin vəziyyətilə şəxsən özü maraqlanardı. İşində ciddi və tələbkar olduğu üçün dogum evinin hər bir işçisindən də bunu tələb edərdi. Evə axşama doğru, saat 4-dən sonra gələrdi. Amma hər gün düz saat 6-da növbətçi sürücünü çagırıb yenidən xəstəxanaya qayıdar, vəziyyətlə yerindəcə maraqla­nardı. İşdən döndükdən sonra tibb bacı­sının növbətçi yerini tərk etdiyini, yatdığı­nı, ələlxüsus da, bu səbəbdən körpələrin agladığını bilsəydi, ciddi tədbirlər görərdi. Bəzən gecənin bir vaxtı telefonla doğum evinə agır xəstənin daxil olduğu xəbərini alırdı. Dərhal təcili yardım maşınını çagı­rıb vəziyyətlə yerində tanış olmaq üçün yenidən işə qayıdırdı.

Aşağı siniflərdə oxuyanda həm də nənəmin iş yerinə yaxın musiqi məktə­bində təhsil alırdım. Dərsdən sonra nənə­min yanına gələr, əksər vaxtlarda onu gözləyərdim ki, işini bitirsin, evə bir yer­də gedək. Bir dəfə evdən nənəmə zəng vurdum. Katibəsi Katya xala “Damdan su axır, nənən ustalarla ora çıxıb” – deyə ca­vab verəndə heç təəccüblənmədim. 

Haşiyə

1995-ci il aprelin 7-də ulu öndər Hey­dər Əliyev Ümumdünya Səhiyyə Təşkila­tı və BMT-nin UNİSEF təşkilatı ilə birgə Ümumdünya Sağlamlıq Günü münasibə­tilə Bakıdakı 5 saylı Kliniki doğum evinin işçiləri ilə görüşür. Görüş zamanı kol­lektiv 5 nömrəli doğum evinə Şamama Ələsgərovanın adını vermək təşəbbüsü­nü irəli sürür. 

Həmin görüşdə ulu öndər Şamama Ələsgərova ilə bağlı maraqlı xatirə danı­şır: “Bu doğum evi mənim üçün də çox əzizdir. Çünki hər iki övladım – qızım və oğlum burada anadan olub. Bir şeyi deyə bilərəm ki, 1954-cü ildə qızım anadan olarkən mən bütün gecəni burada keçir­dim. Lakin Şamama xanım mənə yuxarı qalxmağa icazə vermədi. Qızım olma­sı münasibətilə məni təbrik etdi, amma mənə onu görməyə icazə vermədi. Üç gün ərzində uşağı görmək mümkün ol­madı. Mən mərhum həyat yoldaşım Zə­rifə xanıma məktub yazırdım, Şamama xanım onu aparırdı və cavab gətirirdi.

Oğlum olanda isə Şamama xanım məni aldatdı. Mən axşam həyat yoldaşı­mı doğum evinə gətirəndə Şamama xa­nım dedi ki, uşaq hələ gec olacaq, sən burada qalma. Mən də ona inandım və evə getdim. Təxminən üç saatdan sonra zəng vurub məni təbrik edərək dedi ki, oğlun olubdur. Mən çox sevindim. Səhə­risi günü yenə bura gəldim.

Amma Şamama xanım yenə də məni yuxarı buraxmadı. Mən bunları ona görə deyirəm ki, o, çox nizam-intizam sevən adam idi. Heç kəsə güzəşt etmirdi. Siz bilirsiniz ki, Şamama xanım mənim qohu­mumdur. O mənim həyat yoldaşım Zərifə xanımın bibisi idi. Buna baxmayaraq o, nə qohumluğu, nə tanışlığı, nə dostluğu, nə vəzifəni, nə də başqa bir şeyi nəzərə alan adam deyildi. Şamama xanım deyir­di: qanun hamı üçün qanundur, kimsəyə güzəşt olmayacaqdır. Nə vaxt həyat yolda­şınız buradan çıxacaqsa, onda gəlib uşağı görərsiniz. Mən Şamama xanıma sağlığın­da da böyük hörmətlə yanaşmışam, onun xatirəsi də mənim üçün həmişə əzizdir.” 

***

Lalə xanım əlavə edir ki, Azərbay­canın əksər bölgələrindən də nənəmin adını tutub Bakiya xəstələr gətirilirdi. Şa­mama xanım onların hər birini doğması kimi qarşılayır, qaygıkeşliyini əsirgəmirdi. O, hər kəsin dərdini özününkü bilən insan idi. Hamıya doğması kimi əl uzadıb yar­dım etməyə çalışardı.

Ailə üzvlərini də daim diqqətdə sax­layırdı. Şamama xanım qardaşı Əziz Əli­yevə “dadaş” deyə müraciət edərdi, bu da böyük qardaş anlamına gəlirdi. Qızı və nəvələri ilə bərabər qardaşının ailə­sinə, uşaqlarına, nəvələrinə böyük sevgi və qaygı göstərirdi.

Sovet dönəmində nənəmin Moskvada da böyük hörməti vardı. Buna özüm şa­hidəm. O, müxtəlif Ümumittifaq təşkilatla­rına üzv seçilmişdi, vaxtaşırı qurultaylara, simpoziumlara Moskvaya gedərdi.

O zamanlar SSRİ-nin Səhiyyə na­ziri Mariya Dmitriyevna Kovrigina ilə də dostluq münasibətləri vardı. Yadımdadır, 1973-cü ildə Moskvada keçirilən Ma­ma-ginekoloqların Beynəlxalq simpoziu­muna gedəndə məni də özü ilə apardı. Orada olduğumuz müddətdə SSRİ Qaz sənayesi naziri Sabit Orucov bizi evinə dəvət etdi. Söhbətdən başa düşdüm ki, həm Sabit Atayeviç, həm də həyat yolda­şı nənəmi yaxından tanıyırlar.

Moskva ilə bağlı digər xatirəm də var. Nənəm istirahətsiz çalışırdı. Bir dəfə ona Moskva ətrafında yerləşən Sov.İKP MK-nın Vasnetsovo sanatoriyasına yolla­yış–göndəriş verdilər. Dincəlmək əvəzinə Şamama xanım evlə və işlə gün ərzində dəfələrlə telefonla əlagə saxlayırdı. Son­da sanatoriyadan istirahətini tamamlama­dan yarımçıq qayıtdı. Sonralar mənimlə bərabər Puşkino sanatoriyasında dincəl­məyə gedəndə, yəqin ki, mənim xətrimə sonadək qaldı. Açıqcası ora mənim üçün heç də maraqlı deyildi. Mən məktəbli qız, ətrafdakılar isə Sov.İKP MK-nın müalicə alan yaşlı əməkdaşları idi.

Uşaqlıq çağlarımın başqa xatirəsi də var. Hər il Pravoslav rusların qeyd etdiyi Pasxa bayramında sübh tezdən qapımız döyülərdi və nənəmin sürücüsü Pavlik dayı dümağ süfrəyə bükülmüş boxçada həyat yoldaşı Polina xalanın bişirdiyi bay­ram payını gətirərdi. Boxçada müxtəlif şirniyyatlar, boyanmış yumurtalar olardı. Nənəm də onlara hazırladığı bayram hədiyyələrini Pavlik dayı ilə göndərərdi... 

Lalə xanımın simasına kədər qarışıq qürur qonur. Özünü dikəldib: “Nənəm dünyasını dəyişəndə onu son mənzilə yola salmaq üçün şəxsən ulu öndərimiz Heydər Əliyev, bir sıra hökumət nümayən­dələri və onu tanıyan insanlar gəlmiş­dilər.”– deyir. – Həmin günlərdə ölkənin müxtəlif bölgələrindən ünvanımıza çox­saylı başsağlığı məktubları və teleqramlar gəlirdi. Adamlar tam səmimiyyətlə bizimlə birgə saf, gözəl insanın itkisindən kədər­ləndiklərini, dərdimizə şərik olduqlarını bildirirdilər. Şamama xanıma həsr edilmış dövlət və hökumət adından yazılan nekro­loqda “Büllur kimi saf insan” ifadəsi yazıl­mışdı. Bu insan, həqiqətən də, büllur kimi saf idi. Nənəm Şamama xanım, sözün əsl mənasında, Azərbaycan qadını olaraq, qismətinə yazılan ömür yoluna zəhməti, ziyası, şəxsiyyəti ilə özünəməxsus naxış vurdu, şərəf, dəyər qatdı və saflığını son günədək qorudu.

***

Bu xatirələr bir işıqlı insanın nümunə­vi ömür yoludur. Gərək elə yaşayıb-iş­ləyəsən, ətrafındakılarla elə münasibət qurasan, cəmiyyətə elə yararlı insan olasan ki, dünyadan köçəndə xeyir əməl­lərin, insanlığın xatırlansın. Böyük nəs­lin ləyaqətli davamçısı, minlərlə ailənin işığının yanmasında rolu olan Şamama Məmmədkərim qızı Ələsgərova kimi. 

Zərifə HÜSEYNOVA
XQ









Sosial həyat