Arəstənin Vətən sevgisi hekayəti

post-img

Vətən müharibəsinin tək şəhid qadınını yad edirik

Adı Arəstə olsa da, ahəstə gəzib dolanmağı, bəzənib-düzənməyi sevməyib. Bəlkə də, atası – baş leytenant Kərim Baxışovun həmişə kəmhövsələliyi keçib ona. Fövqəladə Hallar Nazirliyində Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışan atası həyatda daim harasa tələsdiyi kimi, elə ölümə də tələsib. Arəstəgil onu itirəndə qızcığazın cəmi 4 yaşı olub. 

Tibb bacısı olan Arəstə də həmişə hara­sa tələsib. Azərbaycan Dövlət Pedaqoji Kol­lecində ingilis dili üzrə təhsil alsa da, hərb sənətinə könül verib. 2018–2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Baş Hər­bi Hospitalında tibbi statist işində çalışıb. 2019-cu ilin iyulundan isə Beyləqan rayo­nunda yerləşən “N” saylı hərbi hissədə ope­rator vəzifəsində xidmət edib.

Azərbaycan Ordusunun çavuşu olan hərbi feldşer Arəstə Baxışova 2020-ci il sentyabrın 27-də başlayan Vətən mühari­bəsi zamanı Füzuli, Zəngilan və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə səngərdəcə tibbi yardım göstə­rib. Oktyabrın 23-də Qubadlı döyüşləri za­manı vəzifə borcunu yerinə yetirərkən şəhid olub. Vətən naminə ölümə də tələsən cəsur tibb işçisi Biləcəri qəsəbəsinin Şəhidlər xi­yabanında torpağa tapşırılıb.

Dünyanı vur-tut 31 yaşında – erkən tərk etmiş gənc ananın Mərdan və Zəhra adında övladları yadigar qalıb. Mərdan jurnalist­lərə müsahibəsində deyib ki, anası ingiis dili müəllimi olsa da, bundan imtina edərək, hospitalda tibb bacısı işləyib. O da anasının sağlığında riyaziyyatçı olmağı qərara almış­dı, amma indi hərbçi olmaq fikri var. Çox gü­man ki, bunun əsas səbəbi anasının Vətənə bağlılığı, Qarabağ uğrunda şəhid olmasıdır. 

Gənc heykəltaraşMüstəqil Balayev Vətən müharibəsinin yeganə xanım şəhidi Arəstə Baxışovanın büstünü hazırlayıb. Çöhrəsindən cəsarət, mərdlik, eyni zamanda qadın ləyaqəti aşkar hiss olunur. Vətən uğrunda canından keçərək daşa dönmüş qəhrəman el qızının məğrur obrazı qəlbimizi fəxarət duyğuları ilə döyündürür.

Sosial həyat