Paşinyan Afrikada dəstək axtarır

post-img

Nikolun Misirə səfəri çoxməqsədlidir

Ermənistan baş naziri Nikol Paşinyan ikigünlük rəsmi səfərlə Misir Ərəb Respublikasına gedib. Bu barədə Hayastan baş nazirinin aparatı məlumat yayıb. Səfər çərçivəsində Paşinyan dünən Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə təkbətək görüşüb, daha sonra görüş geniş tərkibdə davam etdirilib.

“Sputnik Ermənistan”ın yaydığı mə­lumata görə, tərəflər Cənubi Qafqaz­dakı vəziyyəti müzakirə ediblər. Əb­dülfəttah əs-Sisi regionda hərtərəfli və ədalətli sülhün əldə olunmasına ümid etdiyini bildirib.

Ermənistan baş naziri, həmçinin Mi­sirin baş naziri Mustafa Madbuli, Ərəb Dövlətləri Liqasının Baş katibi Əhməd Əbdül əl-Qeyt, Kopt pravoslav kilsə­sinin başçısı, İsgəndəriyyə papası, Müqəddəs Mark taxt-tacının patriarxı II Tavadros və Əl-Əzhər məscidinin ali imamı Şeyx Əhməd Məhəmmədlə gö­rüşəcək.

Səfər çərçivəsində N.Paşinyan Mi­sir Ticarət və Sənaye Palataları Fede­rasiyasına səfər edəcək, burada misirli iş adamları ilə görüşəcək.

Qeyd edək ki, Ermənistan son vaxtlar müsəlman ölkələri ilə əlaqələ­rin inkişaf etdirilməsinə xüsusi diqqət­lə yanaşır. Xüsusilə 2020-ci ildə baş tutan Vətən müharibəsindən sonra İrəvan bu istiqamətdə səylərini daha da artırıb. Bəzi müsəlman ölkələri də Ermənistanla Azərbaycan arasında uzun illər davam edən münaqişə başa çatdığı üçün İrəvandan gələn təklif­lərə “yox!” demirlər. Müharibənin başa çatmasından az sonra – 2020-ci ilin noyabr ayında Ermənistanın o vaxtkı prezidenti Armen Sarkisyan İordaniya Haşimilər Krallığına qısamüddətli işgü­zar səfər etmiş, burada kral II Abdulla ilə görüşmüşdü. A.Sarkisyan bundan sonra müsəlman dünyasının ən böyük və güclü dövlətlərindən olan Səudiyyə Ərəbistanına getmişdi. Həmin səfər isə 2021-ci ilin oktyabrın 26-27-nə təsadüf etmişdi. Sarkisyan burada Krallığın və­liəhd şahzadəsi, baş nazirin müavini və müdafiə naziri Məhəmməd ibn Sal­manla görüşmüşdü. Həmçinin, bir sıra şirkətlərin təmsilçiləri ilə müzakirələr aparmışdı. Səudiyyə Ərəbistanı həmin vaxtadək Ermənistanı dövlət kimi ta­nımamış və onunla heç bir diplomatik əlaqə qurmamışdı.

Ermənistanın hazırkı prezidenti Vaaqn Xaçaturyan da Şərq ölkələri ilə əlaqələrin inkişafına xüsusi əhəmiyyət verir. O, bir neçə gün bundan öncə İraq Respublikasına rəsmi səfərdən qayıdıb. İndi isə Paşinyanın Misirə – ərəb dünyasının əhalisinin sayına görə ən böyük dövlətinə səfər etmə­si diqqətdən yayınmır. Ancaq Səu­diyyə Ərəbistanından fərqli olaraq, Misir ərəb dünyasında Ermənistanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub. Bu hadisə 1991-ci ildə baş verib. İnternetdə Ermənistan–Misir diplomatik əlaqələrinə dair yerləşdi­rilmiş arayışda, Misirin, ümumiyyətlə, Ermənistan dövlət müstəqilliyini bərpa etdikdən sonra onu tanıyan ilk ölkələr­dən biri olduğu qeyd edilib. İrəvanla Qahirə arasında 1992-ci ildə ikitərəfli diplomatik münasibətlərin qurulması haqqında saziş imzalanıb. Ermənis­tanın Qahirədə səfirliyi 1992-ci ilin martında, Misirin İrəvanda səfirliyi isə 1993-cü ilin mayında açılıb.

Hələ Qarabağ münaqişəsinin həll olunmadığı dövrə aid arayışda qeyd edilmişdir ki, iki ölkə arasında siya­si münasibətlərdə daha çox diqqət çəkən məqam Misirin münaqişənin beynəlxalq hüquq normalarına uyğun həllini istəməsidir. Bundan əlavə, hay­lar qeyd edirlər ki, qondarma “erməni soyqırımı zamanı onlara qarşı törədil­miş qətliamlardan qaçan ermənilərin” Misir tərəfindən qəbul edilməsi və on­ların Misir cəmiyyətinə inteqrasiyası iki ölkənin münasibətləridə önəmli rola malikdir: “Ermənistan və Misir son 20 ildə mükəmməl siyasi, iqtisadi, mədəni, təhsil və elmi əməkdaşlıq qura biliblər. İndiyədək iki ölkə arasında 40-dan çox ikitərəfli hüquqi sənəd imzalanmışdır. Onlarla yüksək səviyyəli rəsmi nü­mayəndə heyəti qarşılıqlı səfərlər et­miş, bir çox mühüm mədəni və sosial tədbirlər keçirilmiş, birgə iqtisadi əmək­daşlıq layihələri hazırlanmışdır”.

***

Qeyd edək ki, 2013-cü il iyulun 3-də Misirdə hərbi çevriliş baş verib. Ölkənin prezident Məhəmməd Mursi hakimiy­yətdən devrilib. Baş verənlər Türkiyə­də böyük etiraza səbəb olub. Həmin hadisələrdən sonra Misir–Türkiyə əlaqələri xeyli pisləşib. Bu fonda Misi­rin Ermənistanda əlaqələri yaxşılaşıb. Rəsmi Qahirə, sözün əsl mənasında, “düşmənimin düşməni mənim dostum­dur” prinsipi ilə hərəkət edib. Məhz hə­min illərdə Misirdə qondarma “erməni soyqırımı”nın tanınması istiqamətində addımlar atılıb. Erməni qəzeti – “Asba­rez”in məlumatına görə, Məhəmməd Mursinin hakimiyyətdən uzaqlaşdırıl­masından sonra Türkiyə–Misir gərgin­liyinin artması fonunda bir çox Misir qə­zetlərində Türkiyə hökumətinin “erməni soyqırımı”nı inkar etməsini pisləyən re­daksiya məqalələri dərc olunub. Mövzu Lilian Davudun aparıcılığı ilə Misir tele­viziyasındakı məşhur “Əl-Sura Əl-Ka­mila” tok-şousunda da müzakirə edilib.

Misir parlamentinin bitərəf deputatı Mustafa Bakri isə parlamentə “erməni soyqırımı”nın tanınmasını tələb edən qətnaməni təqdim etmişdi. Misirdə ərəb dilində “Erməniləri kim öldürüb?” sənədli filmi istehsal edilmiş və Helio­polis kitabxanasında nümayiş etdiril­mişdir.

Misir Prezidenti Əbdülfəttah əs-Si­si 2019-cu ildə Münxen Təhlükəsizlik Konfransındakı çıxışında ölkəsinin bir əsr əvvəl “soyqırımından sonra” erməni qaçqınlarını qəbul etdiyini bil­dirərək dolayısı ilə qondarma hadisələ­ri həqiqət kimi tanıdığını etiraf edib. Misirdəki erməni icmasının nümayən­dələri tərəfindən yazılan sosial şə­bəkələrdəki şərhlərdə Prezidentin bu mövqeyi müsbət qarşılanmışdı.

***

Maraqlıdır ki, hazırda Türkiyə–Misir əlaqələri yaxşılaşmağa doğru gedir. Ötən ay Türkiyə Prezidenti Rəcəb Tay­yib Ərdoğan 12 ildən sonra ilk dəfə Misirə səfər etdi. Onu Prezident əs-Si­si qarşıladı. Bu səfəri tarixi adlandır­maq mümkündür. Çünki səfər Qahirə ilə Ankara arasında münasibətlərin normallaşmasına işarə sayıla bilər­di. Müsəlman dünyasnın iki böyük və güclü ölkəsi arasında münasibətlərdə problemlər 2013-cü ildə Misirdə baş verən çevrilişi Türkiyənin kəskin şəkil­də pisləməsindən sonra yaranmışdı. Ancaq münasibətlər 2023-cü ilin fev­ralında əs-Sisinin baş vermiş dağıdıcı zəlzələdən sonra Türkiyəyə başsağlığı verməsi və Misir xarici işlər nazirinin fəlakət bölgəsinə getməsi ilə yaxşı­laşmağa başlamışdır. Bu baxımdan Türkiyə – Misir əlaqələrinin yaxşılaş­ması fonunda Ermənistanın da Misirlə əlaqələri yaxşılaşdırmağa çalışması maraq doğurur.

Hər halda, Ermənistan–Misir əlaqələri ikitərəfli münasibətlərlə bir­başa bağlıdır. Əlbəttə, Ermənistanla Azərbaycan arasında sülh müqavilə­si imzalanmadıqca, İrəvan ölkəmizə qarşı məkrli niyyətlərindən birdəfəlik əl çəkmədikcə biz də Hayastanla bağlı hər bir məqamı, o cümlədən baş nazi­rin böyük müsəlman ölkəsinə səfərini diqqətdə saxlamaq məcburiyyətində­yik. Bizim yeganə istəyimiz Ermənista­nın Qarabağ məsələsində müsəlman həmrəyliyinə zərər vura bilməməsidir.

Paşinyanın səfəri zamanı Misir Ti­carət və Sənaye Palataları Federasi­yasına səfər edərək burada misirli iş adamları ilə görüşməsi isə onun yenə də ölkəsi üçün investisiya istəyəcəyini söyləməyə ciddi əsaslar verir.

***

Bütün bunların fonunda qardaş Pa­kistan dövlətinin mövqeyi həqiqətən də rəğbət doğurur. Pakistanın müsəl­man ölkəsi kimi Vətən müharibəsində­ki roluna ən doğru qiyməti Prezident İlham Əliyev verib. Dövlətimizin baş­çısı 2023-cü il iyunun 15-də Pakistan Baş naziri Məhəmməd Şahbaz Şəriflə birgə mətbuat üçün verdiyi bəyanatda deyib: “Azərbaycan xalqı çox gözəl bilir ki, 44 günlük müharibə dövründə kim bizimlə bir yerdə idi. Bu, Türkiyə və Pakistan idi. Hər iki ölkə müharibə zamanı ciddi siyasi dəstək nümayiş etdirdi”.

Baş nazir Məhəmməd Şahbaz Şərif isə demişdi: “Pakistan hər za­man Azərbaycanın ərazi bütövlüyü­nü dəstəkləmişdir. Sizin ordunuz çox cəsarətlə döyüşərək Qarabağı azad etmişdir, ölkənizin ərazi bütövlüyünü bərpa etmişdir. Pakistan Azərbaycanı hər zaman dəstəkləmişdir. Bu, bizim qardaş olaraq vəzifəmiz, borcumuz idi və bunu həyata keçirdik. Məmnunam ki, Ermənistanla sülh sazişi üzərində artıq danışıqlar gedir. Bildiyiniz kimi, Pakistan Ermənistanla diplomatik mü­nasibətlər qurmayan bir neçə ölkədən biridir və bu, bizim mənəvi öhdəliyimiz­dir. Siz yalnız Ermənistanla sülh sazişi­ni imzalayandan sonra bizə bir mesaj versəniz, bu məsələyə yenidən baxa bilərik. Bu məsələdə də biz birmənalı olaraq Azərbaycanı dəstəkləyirik”.

Fərid ŞƏFİYEV,
BMTM-in İdarə Heyətinin rəhbəri

– Ümumiyyətlə, ermənilərin ərəb ölkələri ilə həmişə yaxşı mü­nasibətləri olub. Bunun tarixi sə­bəbləri də var. Həmin ölkələrdə erməni diasporu mövcuddur. Hət­ta sovet dövründə də bu təmas­lar olub. Əslində, bunlar Osmanlı dövləti daxilində eyni coğrafiyada yaşayıblar.

Müasir dövrə gəldikdə isə qeyd etdiyim kimi, bir sıra ərəb ölkələ­rində, o cümlədən Misirdə indi də güclü erməni diasporu var. Əslində, Misirin bəzi məqamlarda davranışı təəssüf doğurur. Məsələn, BMT-də­ki müzakirələrdə bitərəf qalmışdı. Ona görə də biz Misir–Azərbaycan əlaqələrinə həmişə diqqət yetir­məliyik. Bu yaxınlarda Ermənistan prezidenti İraqa səfər etmişdi. Er­mənilər ərəb ölkələri ilə əlaqələri inkişaf etdirməyə çalışırlar. Yəni, bu məsələ daim bizim gündəmi­mizdə olmalıdır. Amma Misirlə ha­zırda ikitərəfli əlaqələrimiz yaxşı səviyyədədir. Bunu inkişaf etdirmək lazımdır.

İlqar VƏLİZADƏ,
politoloq

– Ermənistan rəhbərliyi region­da yeni təhlükəsizlik sistemi yarat­maq istəyir. Bu da ona hesablanıb ki, Rusiya guya regiondan, yaxud Ermənistandan çıxır. Onlar bu boşluğu başqa ölkələrin hesabına doldurmaq istəyirlər. İlk növbədə, regional iştirakçılarla münasibət­lər qurulur. Yeri gəlmişkən, qeyd edək ki, bu səfərdən bir gün əvvəl Ermənistana Yunanıstanın müdafiə naziri gəlmişdi. Hətta belə bir fikir səsləndirilmişdi ki, Yunanıstan–Er­mənistan–Kipr–Fransa–Hindistan əməkdaşlıq formatının yaranma­sından həmin ölkələrin hər biri bəhrələnir. Diqqət çəkən odur ki, bu ölkələrin əksəriyyəti müxtəlif dövrlərdə Türkiyə ilə çox ziddiyyətli münasibətlərdə olub. Belə ölkələrin bir araya gəlməsi o anlama gəlir ki, bu, anti-Türkiyə birliyi olacaq. Eyni zamanda bu anti-Azərbaycan birliyi də deməkdir.

Son vaxtlaradək Misirin də Tür­kiyə ilə münasibətləri çox gərgin idi. Lakin son zamanlar əlaqələr nor­mallaşır. Çox güman ki, müəyyən ziddiyyətlər qalıb. Həmin ziddiyyət­lərdən istifadə etməklə Ermənistan Misiri belə formatlara cəlb etmək niyyətindədir. Yəni Ermənistan, əs­lində, öz ətrafında yeni “təhlükəsiz­lik konstruksiyası” qurmaq istəyir. Bu prosesə də Türkiyə və Azər­baycanla gərgin vəziyyətdə olan ölkələri cəlb etmək niyyətindədir.

Səxavət HƏMİD
XQ





Siyasət