AXC liderinin yubileyinə dəyərli töhfə

post-img

Məhəmməd Əmin Rəsulzadə – 140

ADA Universitetinin təşəbbüsü və dəstəyi ilə nəşr olunan “Azərbaycan yazıları” seriyasından “Məhəmməd Əmin Rə­sulzadə” kitabı AXC dövründə buraxılmış “Azərbaycan” qəzeti külliyyatının nəşrinə (20 cildliyə) paralel toplulara daxildir. Sayca 2-ci olan bu kitab Prezident İlham Əliyevin “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilmə­si haqqında” 2023-cü il 30 dekabr tarixli sərəncamına mü­vafiq olaraq ərsəyə gətirilib.

Yeni nəşrdə AXC quru­cularından olan görkəmli icti­mai-siyasi və dövlət xadiminin o zamankı parlamentin orqanı “Azərbaycan” qəzetində dərc et­dirdiyi məqalələr toplanıb. Aka­demik Teymur Kərimlinin elmi redaktorluğu ilə nəşrə hazırlan­mış materialları filologiya üzrə fəlsəfə doktoru, dosent Mehdi Gəncəli, filoloq, tərcüməçi Azad Ağaoğlu transliterasiya ediblər. Bu yazılar həmin dövrün icti­mai-siyasi mühiti, mürəkkəbli­yi, problemləri haqqında geniş təsəvvür yaradır.

Kitabın “Ön söz”ünü “Azər­baycan”ın rus dilində nəşrinin redaktoru, tənqidçi, teatrşünas və tərcüməçi Xəlil İbrahimin 1918-ci ildə qələmə aldığı “Rə­sulzadə Məhəmməd Əmin” sər­lövhəli məqaləsi əvəz edir. 

M.Ə.Rəsulzadənin kitabda yer almış “Məclisi-Məbusan və müxaliflər” adlı məqaləsi dövrün mürəkkəbliyindən xə­bər verir: “Azərbaycanın siyasi vəziyyəti nə qədər ki, müəyyən deyildi, türklərdən olmayan bü­tün siyasi firqələr, bolşevik ruhlu menşevikindən tutub monarxist ruhlu kadetinə qədər, Azər­baycan istiqlalı ilə Azərbaycan Parlamanına qarşı barışmaz bir vəziyyət almışlardı. Onlar bu vəziyyətləri ilə Azərbaycan türk­lərini bir növ mühasirəyə almış, təslimə məcbur etmək istəmiş­lərdi. Zənn edirlərdi ki, xaricdən gəlmə Müttəfiqlər qüvvəti də onlara kömək olacaq, ağılların­ca türklər tərəfindən qurulmuş olan Azərbaycan hökumətini bir deyǝndǝ atacaqlardır.

Azərbaycan türkü ilə bəra­bər, bu türkün ruhundan doğan idealları tərvic edən (ideallara rǝvac verǝn), onun yolu ilə ge­dən Azərbaycan xadimləri isə qəflətən üzərilərinə atılan qü­vvətlərə qarşı mətanət göstər­dilər, durdular. Azərbaycan fikrinin “İstanbuldan” deyil, Bakıdan doğmuş olduğunu isbat etdilər. Bu sübutla hər kəsdən əvvəl bitərəf bir qüvvət olması həsəbilə (sǝbǝbindǝn) ilk əvvəl ingilis komandanlığı qane oldu. Onun bu qənaəti Azərbaycanın daxili müxaliflə­rini düşündürdü”.

Nəhayət, qeyd edək ki, görkəmli siyasətçi, eyni za­manda, gözəl yazıçı-jurnalist Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan” qəzetində dərc olunmuş məqalələri etibarlı ta­rixi mənbədir. Bu kitab isə onun 140 illiyinə ADA Universitetinin layiqli töhfəsidir. 

Əli NƏCƏFXANLI
XQ

Mədəniyyət