Odla oynayan özünü yandırar

post-img

Ermənistan baş naziri Nikol Paşinyan odla oynamaqda davam edir. Hakimiyyətə gəldiyi gündən o, ölkəsinin Rusiyadan qopmasına çalışır. Bunu isə erməni hökumətinin başçı­sı, təbii ki, özünün iradəsi ilə deyil, Qərbdəki “ağa”larının tapşırığı ilə edir. Onun Fransaya son səfəri də bir daha təsdiq etdi ki, Paşin­yan Rusiyaya arxalanmaq fikrindən uzaqdır, özünün və ölkəsinin təhlükəsizliyi ilə bağlı təminatı Qərbə, xüsusən də Fransaya həvalə etməkdə qərarlıdır. Amma bu, alınacaqmı?

Görünən budur ki, İkinci Qarabağ mühari­bəsindən, eləcə də 2023-cü ilin sentyabrındakı antiterror tədbirlərindən sonra da Ermənistan təhlükəsizliyini yaşadığı regionda deyil, uzaq xaricdə axtarmaqda davam edir. Amma bunun əbəs olduğunu Ermənistanda da, Rusiyada da, elə regionun digər ölkələrində də başa düşənlər az deyil. Təəssüf ki, Paşinyan hələ də regional əməkdaşlıq və təhlükəsizliyin İrəvan üçün ən yaxşı çıxış yolu olduğunu başa düşmür, yaxud buna imkan vermirlər. Əlbəttə, bu istiqamətdə Parisin ona birbaşa təzyiqini unutmamalıyıq. 

Ermənistan baş naziri bugünlərdə Parisdə prezident Makron tərəfindən yüksək səviyyədə qəbul edildi, o ki, var tərifləndi və sonda isə er­məni və fransız xalqları arasında “dərin emosi­onal bağlar” haqqında bəyanat verdi. Bununla yanaşı, Rusiyanı çox qıcıqlandırmaq istəməsə də, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə münasibətlərindəki soyuqluğu gizlətməyərək bildirdi ki, Ermənistan daha bu quruma etibar etmir. Ona görə də KTMT-də iştirakını “don­durub”. Onun dediyinə görə, KTMT xüsusilə 2021–2022-ci illərdə İrəvana münasibətdə öz funksiyalarını yerinə yetirməyib. Amma Pa­şinyan hələ təşkilatdan çıxmaq fikrində deyil. Çünki KTMT sıralarını tərk etmək Ermənista­nın maraqlarına cavab vermir. Eyni zamanda, Paşinyan Gümrüdəki 102-ci Rusiya hərbi baza­sını da hələ ölkədən çıxarmağa tələsmir. Təbii ki, bütün bu bəyanatlar Rusiyanın qəzəblən­məsinə yol verməmək üçündür. Amma əslində, Ermənistan addım-addım Rusiyadan uzaqlaşa­raq Fransanın ağuşuna atılmaqdadır. 

Bunu Rusiyada da yaxşı başa düşürlər. Moskvada isə hələ məsələləri şişirtmək istə­mirlər. Bununla belə, İrəvana müəyyən xəbər­darlıqlar edilir. Prezident Vladimir Putin yumşaq şəkildə bildirib ki, KTMT-dən çıxmaq Ermənis­tanın maraqlarına cavab vermir. 

RF XİN başçısı Sergey Lavrov diplomatik tərzdə bildirib ki, “İrəvana kimin məsləhət verdi­yini deyə bilmirəm. Amma biz Rusiya–Ermənis­tan–Azərbaycan prosesinin həm marşrutların açılması, həm sərhədin delimitasiyası, həm də sülh sazişinin hazırlanması üzrə nəticələr ver­diyini görən Avropa İttifaqı, Fransa, Almaniya və ABŞ-nin dərhal, həm də dəvətsiz şəkildə bu proseslərə müdaxilə etdiyinin, pozucu rol oyna­dığının şahidi olduq”.

Dünən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Katibliyindən də Paşinyanın Fran­sa bəyanatı ilə əlaqədar deyilib ki, KTMT Katib­liyi İrəvandan üzvlüyün dayandırılması ilə bağlı heç bir açıqlama almayıb, Ermənistan baş na­zirinin tezisi, görünür, respublikanın təşkilatın bir sıra tədbirlərində iştirak etməməsinə aid­dir: “Bu günə kimi KTMT Katibliyinə İrəvandan KTMT-də üzvlüyün dayandırılması ilə bağlı heç bir bəyanat daxil olmayıb. İştirakın dondurulma­sı tezisinə gəlincə, görünür, söhbət Ermənistan Respublikasının son vaxtlar təşkilatın həyata keçirdiyi bir sıra tədbirlərdə iştirak etməməsin­dən gedir”.

Təbii ki, Paşinyan gözüyumulu şəkildə Fransanın felinə uyub. Amma Fransa heç də bu ölkənin təhlükəsizliyi qeydinə qalmaq fikrin­də deyil, özünün siyasi ambisiyalarını həyata keçirmək, Cənubi Qafqazda mövqeyini möh­kəmlətmək niyyətindədir. Elə Ermənistana bəzi köhnə-köşkül silahların, hərbi texnikaların veril­məsi də bunu göstərir. Ağlı başında olan bəzi ermənilər də bunu başa düşürlər. Məsələn, erməni poliotoloq Aleksandr İskəndəryan da etiraf edib ki, Ermənistanda çoxları bu ölkənin təhlükəsizliyini təmin etmək funksiyalarını ye­rinə yetirən Rusiyanı başqası ilə əvəz etmək istəyirlər. Bu isə ciddi səhvdir: “Rusiya bu funk­siyaları yerinə yetirməyib, hələ də yerinə yetir­mir və yerinə yetirmək niyyətində də deyil. On­lar məşğuldurlar, öz qayğıları çoxdur. Bu xəyali Rusiyanı başqası, o cümlədən Qərb əvəz edə bilərmi? Əlbəttə yox. Gec-tez özümüz işləməli olacağıq, yoxsa işlər daha da pisləşəcək”.

Doğrudan da, sabah Paşinyan Fransanın təhriki ilə yenidən müharibəyə başlasa, döyüş meydanında, təbii ki, fransız deyil, erməni əs­gəri öləcək. Axı Fransanın Cənubi Qafqazda Rusiyanı sıxışdırıb onun yerində yerləşməsi üçün, İkinci Qarabağ müharibəsindəki kimi, daha 10 minə qədər erməni gəncinin qurban verilməsi Paşinyana çoxmu lazımdır?! Yəqin ki, yox. Hələ “dərin emosional bağlar”a Rusiya tərəfindən veriləcək reaksiya haqqında danış­mırıq. Yəqin ki, Ukraynaya baxanda fəlakətin miqyasını təsəvvür etmək mümkündür. 

Ona görə də hesab edirik ki, Azərbaycanın uzatdığı sülh əlini tut­maq lazımdır. Bu, həm sülh, həm əmin-amanlıq, həm əməkdaşlıq, həm sosial-iqtisa­di tərəqqi, ən nəhayət, həm də təhlükəsizlik deməkdir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ər­doğan da əbəs yerə demir ki, Ermənistan təh­lükəsizliyini uzaqlarda deyil, regionda axtarma­lıdır. Bu, ən düzgün addım olardı… 

Paşa ƏMİRCANOV
XQ

Siyasət