Fransa nə istəyir? Ermənistan vasitəsilə bölgədə möhkəmlənmək, ona revanş şansını vermək və Azərbaycanı cəzalandırmaq? Burada Rusiyadan, Türkiyədən, İrandan da böyük söz sahibinə çevrilmək? Yəni, son məqsəd budurmu? Parisin üzdə hayları silahlandırmaq ssenarisinin arxasında “uzaqmənzilli” hansı niyyətinin gizləndiyini ancaq ehtimal edə bilərik. Onda gəlin reallığa daha yaxın hesab olunan ehtimal və fərziyyələrə müraciət edək.
Əslində, Fransanın Ermənistan üzərindən Cənubi Qafqazda düzənlədiyi “oyun” özündə risk amilini daşıyır. Parisin İrəvanla geosiyasi, hərbi-texniki baxımdan bu dərəcədə yaxından əməkdaşlığı təkcə bölgədə maraq və mövqelərinə zərbə vurduğu Rusiyanı, həmçinin Türkiyəni deyil, hətta “tarixi müttəfiqi” sayılan İranı da qıcıqlandırmağa başlayıb.
Afrika və Asiya hərbi-diplomatik platformalarında uğursuzluğa düçar olmuş Emmanuel Makron hakimiyyəti özünü reabilitasiya üçün sonuncu “platsdarm” kimi seçdiyi Cənubi Qafqazda üzləşə biləcəyi acı aqibəti göz önünə alıbmı? Yelisey sarayının müvəqqəti sahibinin Ermənistana bunca qucaq açması yalnız qarşıdakı seçkilərdə milyona yaxın hay elektoratın rəğbətini qazanmaq məqsədini daşıyırmı? Əlbəttə, burada Parisin əsas hədəfi Azərbaycana təzyiq deyil, daha çox Fransa–Rusiya və Fransa–Türkiyə münasibətləridir, desək, yanılmarıq.
Yerli ekspertlərin bir çoxu belə hesab edirlər ki, strateji nöqteyi-nəzərdən Azərbaycan rəsmi Paris üçün arxa plandadır. Ön planda Rusiya və Türkiyədir. Çünki, Fransanı Afrikadan vurub çıxaran, onu ucuz xammaldan məhrum edən, yerli xalqları ona qarşı qaldıran məhz Rusiya oldu. Revanş barədə düşünən Makron bunun cavabını Moskvaya MDB məkanında verməyə çalışır. Bunu həyata keçirmək üçün bölgənin ən münasib ölkəsi Ermənistandır.
İndiki məqamda Paris Ermənistanda həm siyasi, həm də hərbi mövcudluğunu gücləndirməklə Rusiyaya və Türkiyəyə qarşı mövqeyini sərgiləyir. Bir anlıq təsəvvür edək ki, Fransa hər müstəvidə Ermənistanda yerləşib. Belə olan təqdirdə, o, Azərbaycan–Türkiyə birliyinə təsir imkanı qazanır, eləcə də ayrıca Türk dünyasına qarşı fəaliyyət meydanı əldə etmiş olur. Və bütün bunların fövqündə Fransanın Türk birliyinə, Turana qarşı hərəkətə keçəcəyini indidən söyləmək olar. Bu zaman hətta Türkiyə–Azərbaycan strateji müttəfiqliyinin özünün təhlükə ilə üzləşə biləcəyini istisna etmirik. Əlbəttə, bunlar ehtimal və fərziyələrdir, Parisin belə genişmiqyaslı “əməliyyat planı”nı reallaşdıra biləcəyi də sual altındadır.
Ermənistanı öz himayəsinə götürməklə onu növbəti fəlakətə sürükləyən Fransa beynəlxalq aktor kimi bölgədə nüfuzunu genişləndirməyə çalışır. Rəsmi Parisin Cənubi Qafqaz siyasəti, əslində, erməni dövlətçiliyinin altını qazımağa xidmət edir. Bəli, Paris açıq-aydın Ermənistanı yeni müharibəyə, həm də dağıdıcı nəticələri əvvəlcədən məlum olan uğursuz savaşa sürükləyir. Azərbaycana qarşı uzun müddətdir davam edən informasiya savaşı məhz müharibə planının tərkib hissəsi sayılmalıdır. Həmin dezinformasiya kampaniyasının əsas şüarını yada salaq: “Azərbaycan Ermənistana hücuma hazırlaşır”. Hitler Almaniyasının ideoloji arsenalından götürülən bu taktikadan yararlanan Paris və İrəvan sinxron hərəkət etməyə üstünlük verirlər.
“Erməni–fransız tandeminin əsas məqsədi Rusiyanı regiondan sıxışdırmaq və erməni cəmiyyətində Parisin hərbi müttəfiq kimi Moskvanı əvəz edə biləcəyi illüziyasını yaratmaqdır”. Bu sözlərin müəllifi hərbi ekspert David Camalyan gəldiyi qənaətində tamamilə haqlıdır: “Biz yeni müharibənin astanasındayıq. Bu müharibəyə isə Azərbaycan deyil, Fransa və Ermənistan maraqlıdır”.
İntəhası, Paris–İrəvan münasibətlərində bütün xətlər, kənardan göründüyü kimi, heç də hamar deyil. Ermənistan cəmiyyətinin özündə Fransa–Ermənistan strateji əməkdaşlığının o qədər də təhlükəsiz olmadığını düşünənlər yetərincədir. Bəzi erməni ekspertlər Fransadan tədarük edilən silah-sursatın yararsız olduğunu qeyd edirlər. Onlar Parisin əsl məqsədinin özünü Ermənistanın başlıca silah tədarükçüsü kimi gözə soxmaq olduğunu deyirlər.
Başqa bir hərbi ekspert Hayk Naqapetyan jurnalistlərə açıqlamasında bildirib ki, Fransa Ermənistana silah tədarükü üzərində imitasiya edir. Yəni özünü bu ölkənin fədakarı kimi göstərməyə çalışır. H.Naqapetyan nümunə kimi, “Bastion” zirehli texnikasını göstərərək, onun döyüş meydanında faydasızlığına diqqəti çəkib: “Bu texnikanı Ukraynaya təklif etdilər, amma Kiyev istəmədi. Çünki, bu maşının zirehi iriçaplı pulemyotların qarşısında acizdir”.
Belə qənaətə gəlmək olar ki, Yelisey sarayının drijorluğu ilə Ermənistanı yenə üfürür, ondan yeni mif düzəldirlər. Nikol Paşinyan başda olmaqla onun komandasından anti-Rusiya obrazı formalaşdırılır. Paşinyan iqtidarına müxalif düşərgədə yer alan bəzi siyasilər də rəsmi İrəvanı Qərbin yağlı vədlərinə inanıb reallıq hissini itirməkdə, əsas xətdən kənar, beşinci dərəcəli məsələləri gündəmə gətirməkdə qınayırlar. Aparıcı xətt isə ondan ibarətdir ki, əgər Ermənistan təxribata əl atıb Azərbaycanla aşkar gərginliyə gedərsə, sonda zərərçəkən özü olacaq.
Deyilən xəttin tərəfdarları hesab edirlər ki, NATO üzvü olan Fransa hələlik KTMT-də qalan Ermənistana hərbi yardım göstərə bilməyəcək. Rəsmi Parisin Ermənistanı NATO sistemində olmayan fransız silahları ilə təchiz etməsinə, bunun elə də böyük effekti olmayacaq. İndiki vəziyyətdə Makron Fransasının Ermənistanı xam xəyallarıa, illüziya bataqlığına sürüklədiyini əksəriyyət anlasa da, Nikol Paşinyan iqtidarı bunu başa düşmək istəmir. Onu da qəbul etməkdə çətinlik çəkir ki, Fransa indiki halda özünü BMT-nin, eləcə də üzv olduğu digər beynəlxalq qurumların prinsiplərinə riayət edən sivil dövlət kimi yox, irticaçı ölkə kimi aparır. Bu zaman o, Cənubi Qafqazda yeritməyə çalışdığı kolonialist xislətini heç gizlətməyə çalışmır.
Mövzu ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov hesab edir ki, Fransanın Ermənistanı koloniyasına çevirməsi barədə deyilənlərin heç bir əsası yoxdur: “Rusiyanın Ermənistanda beş minlik ordusu durur. Onun bütün sərhədlərinin keşiyini rus hərbçiləri çəkirlər. Bu ölkənin iqtisadiyyatı bütünlüklə Rusiyanın sərəncamındadır. Yəni, indi Fransa oraya on-on beş hərbçi, raket göndərməklə Ermənistanı özünün müstəmləkəsinə çevirəcək? Bu məsələni o qədər də şişirtməyə ehtiyac yoxdur. Bəli, rəsmi Paris bu bölgəyə Ermənistanın vasitəsilə daxil olmağa çalışır. Amma bunun Fransanın kolonialist siyasəti kimi qələmə verilməsi ciddi əsaslara malik deyil”.
* * *
Fransa bu istiqamətdə nə qədər çalışsa da, Ermənistanı başdan-ayağa cəbbəxanaya döndərsə də, bölgədə qüvvələr nisbətini heç vaxt dəyişə bilməyəcək. Yəqin Paris Azərbaycanın hansı hərbi qüdrətə malik olduğunu ya unudub, ya da xatırlamaq istəmir. Cəmi 23 saat ərzində ermənilərin 30 ilə qurduğu “keçilməz” istehkamları yerlə bir etmiş Azərbaycan Ordusuna İrəvanın Fransa və Hindistandan aldığı hərbi texnikanı, avadanlığı darmadağın etmək üçün bir neçə saat kifayət edər. Ermənistanı hərbiləşdirmək siyasəti yürüdən Fransa, Hindistan və başqalarının cavabını Prezident İlham Əliyev bu il yanvarın 10-da da yerli mediaya müsahibəsində dəqiq verib: “Azərbaycan təhdid hiss etsə, tərəddüd etmədən məhv edəcək”.
Birmənalı olaraq deyə bilərik ki, Fransanın son vaxtlar sərgilədiyi siyasəti Cənubi Qafqazda onsuz da kövrək olan sülhə və təhlükəsizliyə yalnız xələl gətirir. Parisin erməni canfəşanlığı Bakı və İrəvan arasında normallaşmaya doğru gedən ikitərəfli münasibətlərə, sülh prosesinə də mənfi təsir göstərir. Məhz indiki kövrək məqamda rəsmi Paris qısamüddətli də olsa, yeni hərbi qarşıdurmaya nail olmaqla, Ermənistan ərazisində özünün hərbi kontingentini yerləşdirmək bəhanəsini əldə etməyi hədəfləyir. Bu mənada uğursuzluqlar zolağından çıxa bilməyən Makron iqtidarı üçün Ermənistan yeni müstəmləkəyə çevrilməyə ən real namizəddir. Yazının əvvəlində sadaladığımız sualların cavabı ortadadır: Azərbaycanla növbəti savaşın ona nəyin bahasına başa gələ biləcəyi bir yana, ərazisində Rusiya hərbi bazasının yerləşdiyi, İranın da nüfuz dairəsində olan Ermənistan üçün Fransa hərbi kontingentinin ölkəyə gəlişinin hansı nəticələrə aparıb çıxara biləcəyini təsəvvür etmək belə qorxuludur.
Axı, İrəvan iqtidarı diz çökdüyü 44 günlük müharibədə, dabanının yerə dəymədiyi 23 saatlıq lokal antiterror tədbirində Azərbaycan Ordusunun malik olduğu silahın qüdrətini, eləcə də bizim zabit və əsgələrimizin heç vaxt azalmayacaq şücaətini əyani şəkildə gördü və dərisində hiss etdi.
İmran BƏDİRXANLI
XQ