Əvəz RÜSTƏMOV
[email protected]
Yaxud cavab atəşi açmaq məqamı
Fevralın 23-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atəşə tutub.
Azərbaycanın Müdafiə Nazirliyi bildirir ki, iki ölkənin şərti sərhədində vəziyyətin gərginləşdirilməməsi və sabitliyin təmin edilməsi məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülməyib. Qurum, eyni zamanda, bildirib: “Ermənistanın hərbi rəhbərliyini şərti sərhəddə son beş ayda hökm sürən sabitliyin pozulması və vəziyyətin yenidən nəzarətdən çıxmasına yönəlmiş bu kimi təxribatlara yol verməməyə çağırır, bu əməlləri törədənlərin isə müəyyən edilərək cəzalandırılmasını tələb edirik”.
Yazımıza Müdafiə Nazirliyinin iki gün əvvəlki məlumatı ilə başlamağımız heç də təsadüf deyil. Bunun səbəbini biləcəksiniz. Hələlik isə bəzi maraqlı, maraqlı olduğu qədər də qəribə məqamları diqqətə çatdıraq. Ermənistanın hazırda Azərbaycana münasibətdə tutduğu xəttin, yumşaq ifadə etsək, yarıtmazlığına diqqət yetirək. Ancaq bundan əvvəl Prezident İlham Əliyevin 2024-cü il fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən səsləndirdiyi bir fikri xatırladaq: “Azərbaycan ilə Ermənistan arasında artıq de-fakto sülh mövcuddur və iki ölkənin sərhədində bir neçə aydır sülh şəraiti hökm sürür. Amma, bu prosesin məntiqi sonluğa çatdırılması üçün sülh müqaviləsi imzalanmalı və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır”.
Məlum olduğu kimi, dövlətimizin başçısının bildirdiklərindən on iki gün sonra, yəni fevralın 13-də Azərbaycan – Ermənistan şərti sərhədində atəşkəs pozuldu. Erməni snayperi Azərbaycan sərhədçisinin nişana aldı və yaraladı. Cavab tədbirləri nəticəsində qarşı tərəfin dörd hərbçisi məhv edildi. Bu, öz yerində.
Deməli, ölkəmizin liderinin nəzərində tutduğu məntiqi sonluğa, yəni sülh müqaviləsinin imzalanmasına doğru atılmalı olan addım atılmır. Günahkar Ermənistandır. Müvafiq olaraq deyə bilərik ki, İrəvan ölkəmizə qarşı ərazi iddialarından geri durmur. Yəni, Prezident İlham Əliyev atəşkəsin sülh perspektivini yüksək dəyərləndiririr, ancaq erməni iqtidarı yenə “ampluasında” qalır. İndi isə keçək qəribəliyə.
Həqiqətən də qəribə vəziyyətdir – bir yandan Ermənistan baş naziri Nikol Paşinyan “France 24” telekanalının efirindən Azərbaycanın ölkəsinə qarşı işğalçılıq niyyətləri güddüyünü bildirir, eyni zamanda, Fransa prezidenti Emmanuel Makron da təxminən eyni şeyi deyir və əlavə edir ki, bu il fevralın 13-də şərti sərhəddəki hərbi toqquşma zamanı Bakının cavabı qeyri-mütənasib olub, digər yandan isə lap əvvəldə bildirdiyimiz kimi, Ermənistan mövqelərimizi atəşə tutur. İndi nə edək? Əslində, əsl mahiyyəti anlamaq çətinlik törətmir və bu barədə söz açacağıq. Əlbəttə, E.Makronun “qeyri-mütənasibliyi” üzərində dayandıqdan, daha doğrusu, ümumən kollektiv Qərbin “qeyri-mütənasiblik” məntiqinə aydınlıq gətirdikdən sonra. Söhbət Azərbaycanın 13 fevral hərbi təxribatına cavabının beynəlxalq miqyasda qiymətləndirilməsindən gedir.
Yada salaq ki, hələ Makrondan əvvəl duruma Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell münasibət bildirmişdi. O demişdi ki, Azərbaycan şərti sərhəddə Ermənistana qarşı qeyri-proporsional addım atıb. Sən demə, atəş səsi gələndə əvvəl qulaq asmalı, sonra Ermənistanın Müdafiə Nazirliyinə şikayət etməli imişik. Yəni, birbaşa cavab atəşi açmalı, dörd erməni hərbçisini cəhənnəmə yollamalı deyilmişik. Bunu etmişiksə, işğalçıyıq (?).
Bəli, hazırda rəsmi İrəvan, eləcə də onun xaricdəki havadarları var gücləri ilə 13 fevral insidentini Azərbaycanın işğalçılıq niyyəti kimi göstərməyə çalışırlar. Belə çıxır ki, qarşılarına məhz bunu məqsəd qoyub, sonra atəş açıblar. Yaxşı bilirlər ki, borclu qalmırıq, cavablarını veririk. “İşğalçılıq niyyəti” də elə bu cavabmış. Necə deyərlər, utanmasan, oynamağa nə var...
Sonda gələk Azərbaycanın Müdafiə Nazirliyinin əvvəldə diqqətə çatdırdığımız bir neçə gün öncəki məlumatına. Fikir verdinizsə, orada bir məqam var. MN bildirir ki, iki ölkənin şərti sərhədində vəziyyətin gərginləşdirilməməsi və sabitliyin təmin edilməsi məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülməyib.
Azərbaycan MN cavab tədbiri görməsə də, Ermənistanın hərbi-siyasi rəhbərliyinə xəbərdarlıq ünvanlayıb. Əlbəttə, dövlətimiz Ermənistan və havadarlarının 13 fevral insidentinə münasibətlərindəki məntiqi əsas tutmur. Sadəcə bəhanəni kəsir, barəsində danışdığımız qəribəliyi alt-üst etməyə çalışır. Nəzərə alaq ki, rəsmi İrəvan və dəstəkçiləri Azərbaycanın sərt tədbirə əl atmamalı, erməni tərəfinə hadisənin araşdırmaq üçün vaxt verməli olduğunu bildirmişdilər.
Əlbəttə, bu cür yanaşma tam cəfəngiyyatdır. Necə yəni, vaxt verməli? Hərbi birləşmə uşaq bağçasıdır? Təbii ki, yox! Sadəcə, rəsmi İrəvan deməyə söz tapmırdı. Amma əslində “tapdı” da. Bildirdi ki, sərhəddə atəşkəsi pozan, guya, hansısa könüllü hərbi birləşmənin təmsilçisi olub. Yəni, sən demə, Ermənistan hərbçiləri belə iş tutmazlarmış. Eynilə bir vaxtlar Qarabağın özünümüdafiə və könüllü dəstələri də Azərbaycan torpaqlarını öz başlarına işğal etmişdilər... Yəni, ortada bu böyüklükdə həyasızlıq əməli var. İndi isə daha böyük həyasızlıq barədə danışaq.
Deməli, fevralın 23-də atəşkəs pozulur, Azərbaycanın MN məlumat yayıb cavab tədbiri görmədiyini, rəsmi İrəvandan hadisənin araşdırılmasını, günahkarların məsuliyyətə cəlb olunmasını tələb edir, qarşı tərəfin cavabı isə budur: Ermənistan silahlı qüvvələri atəş açmayıblar. Belə çıxdı ki, eşidilən atəş səsi deyilmiş, məsələn, Aşot özünü pis hiss edirmiş, Azərbaycan hərbçiləri durumu səhv salıblar... Yaxud, Avropa İttifaqının Azərbaycan – Ermənistan şərti sərhədinin Ermənistan tərəfində lövbər salmış mülki müşahidə missiyasının üzvlərindən hansısa biri yeməyini qarışdırıb, fəsad yaranıb...
Əlqərəz, cavab verəndə işğalçı olursan, cavab verməyib təmkinlə davrananda da adamı dəli yerinə qoyurlar. Məsələnin mahiyyəti də elə budur. Bir halda ki, Ermənistan səmimi yanaşmır: daha bir nəticə hasil olur ki, onun silahlı qüvvələri qarşıdakı müddətdə də hərbi təxribatlarından qalmayacaq. Əlbəttə, Azərbaycan dövləti atəşkəsin davamlı pozulması hallarına, o cümlədən, mövcud fonda rəsmi İrəvanın günahı həyasızlıq elementləri ilə ört-basdır etməsinə həmişə dözümlü yanaşmayacaq. Yəni qarşı tərəf anlamamalıdır ki, törətdiyi əmələ görə cavab almayacaq. Alacaq, özü də tam sərt şəkildə. Hər şeyin öz vaxtı var. Elə cəhənnəmə getməyin də...