Azərbaycanı beynəlxalq media trendinə çevirən amillər

post-img

Müşfiq Ələsgərli,
XQ-nin media eksperti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi görüşlər dünyada rezonans yaradıb. Bu, beynəlxalq ictimai rəyin formalaşmasında rol almış transmilli KİV-lərin səhifələrində daha aydın görünür. Məsələn, fevralın 17-də ABŞ-nin Dövlət katibi Antoni Blinkenin müraciəti ilə keçirilmiş görüş barədə 138 xarici informasiya resursu məlumat yayıb. Bu sıraya ABŞ Dövlət Departamentinin saytından başlamış, Reuters  və  Anadolu Ajansına, hətta “Free Malaysia Today” portalına qədər ən müxtəlif resurslar daxildir. Azərbaycan Prezidentinin Ermənistan baş naziri Nikol Paşinyan, ATƏT-in fəaliyyətdə olan sədri İan Borq və digər şəxslərlə keçirdiyi görüşlər də xarici media vasitələri tərəfindən eyni həssaslıqla izlənilib. İnternet axtarış sistemləri bu istiqamətdə 119 məqalə göstərir. 

Beynəlxalq KİV-lərin belə bu diqqətini Münxen Təhlükəsizlik Konfransının özünün əhəmiyyəti və ya keçirlən görüşlər zamanı  müzakirə edilən mövzuların aktuallığı ilə də əlaqələndirmək olardı. Lakin, mövzunun ardıcıl izlənməsi ortada həm də fərqli tendensiyaların  olmasından xəbər verir. Nəzərə alaq ki, Münxen Təhlükəsizlik Konfransının açılışından 2 gün öncə-fevralın 14-də Azərbaycan Prezidenti İlham Əliyevin inaqurasiya mərasimi keçirilmişdi. İnternet axtarış sistemləri göstərir ki, xarici  KİV-lər  7 fevral  səsvermə günü və 14 fevral inaqurasiya mərasiminə həsr edilmiş  196 məqalə yayıblar. Ümumilikdə, prezident seçkiləri prosesi barədə isə xarici KİV-lərdə ən azı 2 dəfə artıq məqalə yaymlanıb. 

Əlbəttə, dərc edilmiş  məqalələrdə mövzuya  yanaşma fərqlidir. Məsələn, Fransa mətbuatının bu istiqamətdə yazdıqları kontentlə  Türkiyə KİV-lərinin hazırladıqları kontent, yaxud, Səudiyyə Mətbuat Agentliyinin  (SPA) yaydığı  məqalələrin keyfiyyəti eyni deyil. Amma, bu, tendensiyanı dəyişmir. Son dövrlərdə  Azərbaycanın adının çəkildiyi bütün proseslərin ciddi şəkildə beynəlxalq reaksiya doğurduqu, xarici media vasitələrinin Azərbaycan mövzusuna geniş diqqət yetirdikləri   müşahidə edilir. 

Bu məqamda  diqqət çəkən daha bir nüans vardır. Ənənəyə uyğun olaraq, ayrı-ayrı ölkələrdə baş verən proseslər barədə, adətən, Qərb KİV-ləri məlumat yayırdılarsa, qlobal ictimai rəydə mövzu üzrə təəssüratı onlar yaradırdılarsa, indi vəziyyət dəyişib. 7 fevral səsvermə günü və ya 14 fevral inaqurasiya mərasimi barədə məlumat yayan, şərh yazan KİV-lərin coğrafiyası ənənəvi çərçivəni aşıb. BBC, CNN,  France 24,  Reuters, The Guardian, Al-Jazira, The Wall Street Journal, Euronews TV,  Deutsche Welle (DW), TRT World  və digər Avropa  KİV-ləri ilə yanaşı,  Asiya, Afrika və digər qitələrin  nüfuzlu KİV-ləri də öz səhifələrində Azərbaycana həsr edilmiş məqalələr yayıblar. 

Məsələn, Çinin  “China Daily” nəşri Azərbaycanda  prezident seçkilərinə həsr edilmiş bir neçə məqalə yayımlayıb. Məlumat üçün qeyd edək ki, “China Daily” ölkənin aparıcı ingilisdilli qəzeti olmaqla yanaşı, onlayn və mobil versiyaları ilə  350 milyon nəfərlik oxucu auditoriyasını əhatə edir. Çindən əlavə,  Şimali və Cənubi Amerikanı, Avropa, Asiya-Sakit Okean hövzəsini  və Afrikanı da əhatə edir. Onun internet saytı olan “Chinadaily.com.cn” isə  Çinin ən nüfuzlu ingilisdilli multimedia platformasıdır.

Azərbaycandakı son prezident seçkisinin Çinlə yanaşı, Hindistan mediasında da əhəmiyyətli yer tutduğunun şahidi oluruq. Uniten News of India , The Times of India,  “Hindistan TV”  və digər nüfuzlu  KİV-lər  Azərbaycandakı seçkilər  mövzusuna geniş yer ayırıblar. Bu sırada Vyetnam, Yaponiya, Səudiyyə Ərəbistanı,  Qətər ( Qatar Tribune), İordaniya (The Jordan Times), Türkmənistan, Qazaxstan və sair digər  ölkələrin  KİV-nin Azərbaycan mövzusunu sistemli şəkildə gündəmdə saxladıqları görünür.  Nəticə çıxır ki, xarici KİV-lər təkcə  aktuallığına deyil, həm də Azərbaycanın  adı qarışdığına görə mövzulara diqqət göstərirlər. 

Azərbaycan iqtidarının uzun müddət ərzində apardığı müstəqil və balanslı xarici siyasət kursu öz bəhrəsini verir. Azərbaycan dünyanın bütün qitələrində, fərqli qütblərdə yerləşən ölkələrdə  eyni dərəcədə diqqətlə izlənilir. Həmçinin, Azərbaycanın həmmüəllif və əsas icraçılardan  olduğu regional və  beynəlxalq  layihələr onu dünya üçün vazkeçilməz ölkəyə çevirir. Azərbaycan Qərb ölkələri üçün əhəmiyyətli enerji qaynaqlarından biridir. Bu kontekstdə Avropa Birliyinə üzv ölkələrdə fəaliyyət göstərən KİV-lərin Azərbaycan mövzusunu gündəmdə saxlamaları təbiidir. Paralel şəkildə Azərbaycan  Avropa ilə Asiya arasında ən mühüm nəqliyyat qovşağıdır. İki qitəni birləşdirən ən sərfəli nəqliyyat dəhlizləri Azərbaycandan keçir. Bu dəhliz Avropa və Asiya ilə yanaşı, bütövlükdə dünya üçün əhəmiyyət daşıyır. 

Amma Azərbaycan adı dünyada təkcə nəqliyyat dəhlizləri və ya enerji layihələri üzrə diqqət çəkmir. Çox mühüm geopolitik proseslər mövcuddur ki, Azərbaycan orada açar nöqtələrdən biridir. Geopolitik güc mərkəzlərinin Cənubi Qafqaz və ətraf regionlar üzrə layihələrinin taleyi həm də Azərbaycanın iradəsindən  asılıdır. Azərbaycan iqtidarı bu amilləri ölkəmiz üçün avantaja çevirə bilir.  

Siyasət