Zəngin tarixi keçmişə, çoxəsrlik dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı suveren ərazilərinin, əzəli torpaqlarının işğal altında qalması ilə barışmayaraq, 2020-ci ildə 44 günlük Vətən müharibəsi apararaq ərazi bütövlüyünü bərpa etdi. Ötən ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri dövlət suverenliyimizin tam bərqərar olunması ilə nəticələndi. 2024-cü il fevralın 7-də keçirilən növbədənkənar prezident seçkiləri isə ötən dövrə bir növ yekun vurulması idi. Seçkilərdən sonra ölkəmiz yeni dövrə qədəm qoydu.
Yeni dövr yeni nəfəs, yeni imkanlar, yeni hədəflər deməkdir və xarici siyasətimizin qarşısında yeni üfüqlər açır. Bu dövrdə Azərbaycanın beynəlxalq nüfuzunun yüksəldilməsi, onun dünya birliyindəki layiqli yerinin qorunub saxlanılması, daha da möhkəmləndirilməsi prioritet təşkil edir. Qeyd etmək lazımdır ki, Azərbaycan yeni dövrə özünə güvəni yüksək şəkildə daxil olub. Uzun illərdir xarici siyasət sahəsində, beynəlxalq təşkilatlarla iş istiqamətində toplanmış zəngin təcrübə burada bazis rolunu oynayır.
Bu gün Azərbaycan sözü eşidilən, mövqeyi ilə hesablaşılan ölkələrdən birinə çevrilib. Bütün bunların kökündə isə Prezident İlham Əliyevin elan etdiyi xarici siyasətdə müdafiədən hücum diplomatiyasına keçilməsi strategiyası mühüm rol oynayır. Məhz bu siyasət nəticəsində artıq dünyada Azərbaycan həqiqətlərini aydın dərk edirlər.
Sözsüz ki, bu məqamda ulu öndər Heydər Əliyevin tarixi xidmətlərini qeyd etməmək mümkün deyil. 1990-cı illərin əvvəllərində Azərbaycan ərazilərinin 20 faizi işğal edilmiş, 1 milyondan çox vətəndaşı qaçqın və məcburi köçkünə çevrilmiş dövlət idi. Bir iqtisadi formasiya dağılmış, digərinə isə keçid hələ baş tutmamışdı. Ölkəmiz “bazar iqtisadiyyatına keçid” adlanan bir dövr yaşayırdı. Humanitar yardımlardan asılılığın dərəcəsi böyük idi. Heydər Əliyev Prezident kimi səfər etdiyi hər bir ölkədə o vaxtlar dünya birliyində hələ yaxşı tanınmayan Azərbaycanın həqiqətlərini çatdırırdı. Bütün bunlar həm uzun vaxt, həm gərgin əmək tələb edirdi, həm də yorucu proses idi. Buna baxmayaraq, Heydər Əliyev yorulmadan Ermənistanın işğalçı dövlət olduğunu səfər etdiyi yerlərdə, eləcə də Bakıda keçirdiyi görüşlərdə, qəbullarda diqqətə çatdırırdı.
Eyni zamanda, ulu öndərin bilavasitə rəhbərliyi altında müdrik neft strategiyası formalaşırdı. 1994-cü il sentyabrın 20-də dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 məşhur neft şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında müqavilə imzalandı. Həmin saziş, eləcə də sonralar neft-qaz sahəsində imzalanmış sazişlər Azərbaycanın iqtisadi müstəqilliyinin təminatçısı oldu. Ulu öndərin vaxtilə dediyi kimi, “iqtisadiyyatı güclü olan dövlət isə hər şeyə qadirdir”. Bu mənada ölkəmizin hazırda əldə etdiyi uğurlarda Ümummilli liderin çox böyük payı var.
2003-cü ildən etibarən isə cənab İlham Əliyev ulu öndərin qoyduğu, necə deyərlər, möhkəm bünövrə üzərində dayanıqlı, etibarlı, qarşılaşdığı çağırışlara cavab vermək imkanına malik dövlətin qurulması istiqamətində gərgin işə başladı. Görülən işlər ilk olaraq, iqtisadi sahədə özünü büruzə verdi. 2009-cu il noyabrın 2-də Bakı Dövlət Universitetinin 90 illik yubileyində Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan iqtisadi cəhətdən artıq oturuşmuş dövlət kimi tanınır: “Mən hesab edirəm ki, biz artıq iqtisadi sahədə keçid dövrünü başa vurmuşuq. Nəzərə alsaq ki, dünyanın aparıcı maliyyə qurumları Azərbaycanda aparılan islahatları çox yüksək qiymətləndirir. Müxtəlif hesablamalara görə, Azərbaycan postsovet məkanında iqtisadi islahatlar və iqtisadi inkişaf baxımından birinci yerdədir. Mən hesab edirəm ki, artıq bu sahədə keçid dövrü başa çatıb”. Prezidentin həmin fikirləri Azərbaycanın iqtisadi inkişaf, bütövlükdə dövlətçiliyinin, ictimai həyatının tarixində çox əhəmiyyətli bir dövrünün başa çatması, yeni keyfiyyət mərhələsinin əsasının qoyulmasını ifadə edən bəyanat idi.
İqtisadi uğurların effekti özünü digər sahələrdə – xarici siyasət, idman, mədəniyyət... sahələrində də göstərməyə başladı. Ölkəmiz 2011-ci il oktyabrın 24-də BMT Təhlükəsizlik Şurasının iki illiyə (2012–2013) qeyri-daimi üzvü seçildi. Həmin il xalqımız və dövlətimiz üçün daha bir böyük uğurla yadda qaldı. Azərbaycan “Avroviziya-2011”in qalibi oldu. Bunu nəticəsində, növbəti ildə bu nüfuzlu beynəlxalq mahnı yarışması Bakıda keçirildi. Bunların hər ikisi lider ölkə olmaq yolunda mühüm məqamlar idi. BMT-nin üzvü olan bütün dövlətlər içərisində sayılıb-seçilənlərdən, məhz siyasət müstəvisində bir çox böyük dövlətləri arxada qoyaraq, beynəlxalq problemlərin həllində səs sahibi olmaq Azərbaycanın siyasət iyerarxiyasında yeni mövqeyindən xəbər verirdi. Ölkəmiz TŞ-dəki mövqeyindən qlobal problemlərin həlli üçün tribuna kimi, məharətlə istifadə etdi.
Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsində Qoşulmama Hərəkatına üzvlüyümüz də mühüm rol oynadı. Öz xarici siyasətində heç bir hərbi alyansa qoşulmamaq istiqamətini seçmiş Azərbaycan 2011-ci il mayın 26-da hərəkata üzv olan dövlətlərin yekdil dəstəyini əldə edərək, QH-yə tamhüquqlu üzv qəbul olundu. 2019–2022-ci illərdə isə ölkəmiz üzvlərinin sayına görə BMT-dən sonra ən böyük təşkilat olan QH-yə sədrlik etdi. Hərəkatın növbəti sədri olacaq Uqandanın sədrliyi bir il gec təhvil ala biləcəyini ifadə etməsindən sonra, QH üzv dövlətləri, hərəkata uğurlu sədrliyini nəzərə alaraq Azərbaycanın əlavə 1 il müddətinə təşkilata sədrlik etməsi ilə bağlı ölkəmizə müraciət etdilər. Rəsmi Bakı isə hərəkatın fundamental prinsiplərinə və dəyərlərinə olan sadiqliyini əsas götürərək, müraciətə müsbət cavab verdi. Beləliklə, Azərbaycanın QH-yə sədrliyi 4 il (2019-2023-cü illərdə) davam etdi. Azərbaycan QH-yə uğurlu sədrliyi dövründə dünyanın müxtəlif regionlarını bir araya gətirdi və konsensusu inkişaf etdirdi.
Yazımızın girişində Azərbaycanın prezident seçkilərindən sonra yeni dövrə qədəm qoyduğunu bildirməyimiz təsadüfi deyildi. Qarabağ məsələsi uzun illər Azərbaycanın, belə deyək, əsas enerjisini alırdı. Ölkə rəhbərliyinin əsas diqqəti məsələnin həlli istiqamətində cəmləşmişdi. Münaqişənin qalması ölkəmizin böyük potensialının ortaya qoyulmasına maneçilik törədirdi. İndi isə ölkəmizin Qarabağ adlı problemi yoxdur.
Hazırda ölkəmiz Xəzər–Qara dəniz hövzəsi, Mərkəzi Asiya, Yaxın Şərq, postsovet məkanı, Avropa və digər regionlarla geniş əlaqələrə malikdir. Bu bölgələrin bir çox ölkələri ilə yaxın tərəfdaşlıq əlaqələri qurub və səmərəli qarşılıqlı əməkdaşlığın inkişafına nail olub. Buna görə də ölkəmiz qlobal səviyyədə öz siyasətini həyata keçirməyi bacaran etibarlı tərəfdaş imicini qazanıb. Prezident İlham Əliyevin fevralın 14-də keçirilən andiçmə mərasimində bildirdiyi kimi, Azərbaycan artıq lokal səviyyədə fəaliyyət göstərən dövlət deyil, dünyanın müxtəlif bölgələrində fəal əməkdaşlığı təşviq edən, etibarlı tərəfdaş kimi qəbul olunan, dünyada qlobal problemlərin həllində aktiv iştirak edən və buna əməli töhfələr verən ölkə kimi qəbul olunur.
Bu çərçivədə iqlim dəyişikliyi məsələləri üzrə dünya miqyasında ən böyük beynəlxalq konfransın – COP29-un (BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası) bu il Azərbaycanda keçirilməsi xüsusi önəmə malikdir. COP29 və Azərbaycanın evsahibliyi etdiyi və edəcəyi digər qlobal tədbirlər ölkəmizin dünyada nüfuzunun böyük dərəcədə artdığını göstərir. Dünyanın gündəliyində dayanan ən mühüm problemin (iqlim dəyişilmələri probleminin) həllinə həsr olunan qlobal tədbir olan COP29-a Azərbaycanın evsahibliyi etməsinin beynəlxalq aləmdə dəstəklənməsi ölkəmizin effektiv, çoxtərəfli danışıqlar aparmaq, dünyanın ayrı-ayrı regionlarında fərqli baxışları bir araya gətirmək, konsensus əldə etmək, qlobal problemlərin həllinə töhfə vermək bacarığının və güclü potensialına olan inamın nəticəsidir. Şübhəsiz ki, Azərbaycan bundan sonra da xarici siyasətini bu prinsiplər və parametrlər əsasında quracaq və inkişaf etdirəcək.
Dövlət İdarəçilik Akademiyasının müşaviri, politoloq Zaur Məmmədov “XQ”yə açıqlamasında bildirdi ki, beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş olmaq hər ölkəyə nəsib olmur. Əgər ölkələr 1950–60-cı illərdə İkinci dünya müharibəsinin sonunda yaradılan Yalta–Potsdam sisteminə uyğun olaraq böyük koalisiyalara ayrılmışdılarsa, 1990-cı illərdən ikitərəfli və çoxtərəfli əməkdaşlıq platformaları xüsusi rol oynamağa başlayıb: “Biz Azərbaycanın xarici siyasət trayektoriyasına nəzər yetirsək görərik ki, rəsmi Bakı ilk gündən beynəlxalq təşkilatlardan əlavə, ikitərəfli və çoxtərəfli münasibətlərin qurulmasına və inkişafına da xüsusi diqqət yetirib. Bunun nəticəsidir ki, hazırda Azərbaycan dünyanın, demək olar bütün ölkələri ilə əməkdaşlıq edir. Bu əlaqələr çərçivəsində ölkəmiz, ilk növbədə, milli maraqlarının həyata keçirilməsinə çalışır”.
Z.Məmmədov qeyd etdi ki, Ermənistanın yer aldığı bir sıra hərbi-siyasi təşkilatlarda təmsil olunan ölkələr belə Vətən müharibəsi zamanı ya neytral qaldılar, ya da Azərbaycanı dəstəklədilər. Politoloqun fikrincə, postsovet məkanına daxil olan bir sıra ölkələrlə münasibətlərin strateji səviyyəyə qaldırılmasının xüsusi əhəmiyyəti var. Ona görə ki, həmin ölkələr müxtəlif beynəlxalq təşkilatlarda Azərbaycanla bağlı bu və digər məsələlərdə ədalətli mövqe nümayiş etdirirlər: “2005–2006-cı illərdən etibarən bir sıra dövlətlərlə münasibətlərdə dönüş baş verdi. Həmin ölkələrdən bir çoxu isə postsovet məkanı ölkələri idi. Biz o ölkələrin BMT Baş Assambleyasında, AŞPA-da, digər platformalarda ölkəmizin lehinə səs verdiklərini yaxşı xatırlayırıq”.
Müsahibimiz onu da dedi ki, hazırkı həssas məqamda Azərbaycanın mövqeyi, atacağı addımlar çox vacibdir. Belə ki, ölkəmiz Mərkəzi Asiyaya çıxış rolunu oynayır, həmçinin Çinlə Qərbi Avropanı birləşdirən yolayrıcında yerləşir: “Buna görə də ağlı başında olan hər kəs başa düşməlidir ki, erməni məsələsi və digər cılız mövzular ikitərəfli münasibətlərdə aktual deyil. İkitərəfli münasibətlərdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə predmeti olmalıdır. Əlbəttə, biz yalnız belə olan təqdirdə inkişafdan danışa bilərik. Azərbaycan son illərdə qlobal miqyasda vacib dövlətlərdən olduğunu sübut edib. Eyni zamanda, sübut olunub ki, ölkəmizin iştirakı və razılığı olmadan bölgə ilə bağlı heç bir layihəni həyata keçirmək mümkün deyil”.
Səxavət HƏMİD
XQ