Dövlət özəl sektorun inkişafını fəal dəstəkləyir

post-img

Sahibkarlara kreditlər üzrə 71,5 milyon manat faiz subsidiyası ödənilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib ki, koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş biznes subyektlərinə mövcud kreditlər üzrə faiz subsidiyalarının ödənilməsi məqsədilə borcu olan sahibkarların müraciəti əsasında subsidiyaların verilməsi ötən il də davam etdirilib. Belə ki, cari ilin əvvəlinə kreditin qalıq məbləğinin 893,4 milyon manat olan 5 min 71 müraciət üzrə 71,5 milyon manat faiz subsidiyası ödənilib. Dəstək proqramı çərçivəsində pandemiyadan zərər çəkən sahibkarlara ayrılan dövlət zəmanətli kreditlər üzrə subsidiyanın ödənilməsi istiqamətində isə 52 milyon manat vəsait verilib.

Qeyd edək ki, ölkədə biznes ­subyektlərinin dinamik inkişafı məqsədi daşıyan belə tədbirlərin həyata keçirilməsi təsadüfi olmayıb. Ümumiyyətlə, iş adamlarına güzəştli kreditlərin verilməsi, investisiya təşviqi mexanizminin tətbiqinin davam etdirilməsi, sahibkarlıq sahəsində yoxlamaların, lisenziyaların sayının minimuma endirilməsi, lisenziya verilməsi qaydalarının sadələşdirilməsi, bütün bunlarla bağlı dövlət dəstəyinin daha da artırılması sahibkarların xərclərinin azalmasına səbəb olub, eyni zamanda, büdcəyə vergi ödənişlərinin həcminin artırılmasını şərtləndirib. 

İş adamlarına dəstək tədbirləri sırasında Prezident İlham Əliyevin imzaladığı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında qanunda dəyişiklik edilməsi barədə” Qanun mühüm yer tutub. Sənəddə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddətinin gələn il yanvarın 1-nə qədər uzadılması qərara alınıb. Bu dövrdə  yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən  yoxlamaların aparılması nəzərdə tutulub.     

Prezident İlham Əliyev dövlət başçısı kimi fəaliyyətinin bütün mərhələlərində  sahibkarlığın inkişafına əngəl olan inhisarçılıq, sahibkarlıq fəaliyyəti subyektlərinin dövlət qurumları tərəfindən qanunsuz yoxlanılması və çoxsaylı əsassız lisenziyaların verilməsi, iş adamları qarşısında qanunazidd tələblər irəli sürülməsi kimi neqativ halların aradan qaldırılması istiqamətində  ciddi tədbirlər həyata keçirib. Ümumiyyətlə, sahibkarların hamisi kimi daim qətiyyətli qərarlar qəbul edən dövlətimizin basçısı bununla bağlı dövlət strukturlarına, ayrı-ayrı nazirliklərə müvafiq tapşırıqlar verib, fərman və sərəncamlar imzalayıb.     

Bütün bunların müsbət nəticəsi isə son 20 ilin iqtisadi statistikasında öz ifadəsini tapıb. Məsələn, ötən dövr ərzində ümumi daxili məhsulun  (ÜDM)  illik real dəyəri 3,6 dəfədən çox artıb, adambaşına düşən ÜDM-in dəyəri 769 dollardan 7 min 798 dollara, qeyri-neft-qaz ÜDM-nin illik dəyəri 4,1 milyard dollardan 41,1 milyard dollara, ölkənin xarici ticarət dövriyyəsinin illik dəyəri  isə 9,5 dəfədən çox artaraq 50 milyard dollara çatıb.   

Onu da xatırladaq ki, respublikada  20 il ərzində böyük maliyyə ehtiyatları formalaşıb və nəticədə, iqtisadi və maliyyə təhlükəsizliyinin əsas dayaqlarından olan strateji valyuta ehtiyatları 42,8 dəfədən çox artaraq 2023-cü ilin sonuna  69,5 milyard dollara yüksəlib. Belə bir şəraitdə xarici borclanma da azalıb. Dövlətimizin başçısı fevralın 14-də yenidən ölkə Prezidenti seçilməsi münasibətilə keçirilən andiçmə mərasimindəki çıxışında deyib: “Bu, bizə iqtisadi və maliyyə müstəqilliyi verən əsas amillərdən biridir. Aparılan siyasət nəticəsində birbaşa xarici borcumuz 6,4 milyard dollara düşüb, bu da ümumi daxili məhsulumuzun cəmi 9 faizini, ondan da az təşkil edir. İnkişaf etmiş ölkələrdə bu rəqəm 100 faiz, bəlkə də 140 faiz təşkil edir, bizdə isə 9 faizdən az. Yəni, bu, nəyi göstərir? Bizim sağlam maliyyə sistemimizin göstəriciləridir və bu, bizə imkan verir ki, biz müstəqil siyasət aparaq. Bu gün heç kimdən asılı olmayan Azərbaycan inamla, uğurla inkişaf edir, öz xarici siyasətini də buna uyğun şəkildə aparır”. 

Bütün bu uğurlar təsadüfi xarakter daşımır. İdarəetmə sisteminə novator düşüncə tərzi, dinamizm və müasirlik çalarları gətirən dövlətimizin başçısı İlham Əliyev daim hökumətin həyata keçirməli olduğu tədbirlərin əhatə dairəsini və vaxtını dəqiq müəyyənləşdirməklə onların icra prosesini nəzarətdə saxlayır, habelə ölkənin strateji resurslarını milli inkişafa təkan verən qlobal layihələrin reallaşdırılması yönündə səfərbər edir. Bu baxımdan 20 ildən çox bir müddət ərzində qeyri-neft sektorunun inkişafı naminə həyata keçirilən tədbirləri xüsusi vurğulamaq olar. 

Bölgələrin tarazlı və davamlı inkişafının təmin olunması, yeni iş yerlərinin açılması, infrastrukturun yeniləşdirilməsi, mövcud problemlərin aradan qaldırılması məqsədilə ­Prezident İlham Əliyev imzaladığı dövlət proqramlarının, fərman və sərəncamların icrası vəziyyəti ilə yerində tanış olmaq, sıravi vətəndaşlarla birbaşa ünsiyyət quraraq mövcud çətinliklər barədə informasiyaları ilk mənbədən almaq üçün vaxtaşırı respublikamızın müxtəlif rayonlarına səfərlər edir.    

Azərbaycanda bu gün iqtisadiyyat üçün yeni istiqamətlər formalaşıb. Bu istiqamətlər idxaldan asılılığın azaldılması, qeyri-neft əmtəə və xidmət ixracının genişləndirilməsi, qeyri-neft emal sənayesinin inkişafının sürətləndirilməsi, biznesin bank kreditlərinə çıxışının genişləndirilməsi, dövlət investisiyalarının iqtisadi səmərəsinin artırılması, özəl investisiyaların dominant rolunun təmin edilməsi, kiçik və orta sahibkarlığın iqtisadi artımın başlıca qüvvəsinə çevrilməsi, şəffaflığın yüksəldilməsi və kölgə iqtisadiyyatının səviyyəsinin minimuma endirilməsindən ibarətdir. Yeni məqsədlərə doğru yolda əldə edilən ilkin nəticələr müsbətdir. Yuxarıda xatırladılan göstəricilər də bunun bariz ifadəsidir. 

Hazırda qarşıda duran ən mühüm vəzifə Azərbaycanı inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırmaqdır. Bu gün ölkədə aparılan hər bir iqtisadi islahatın əsasında sosial problemlərin aradan qaldırılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və hər bir vətəndaşın rifahının artırılmasına imkan verən mühitin yaradılması məqsədi dayanır. Belə bir mühitin yaradılması isə dayanıqlı iqtisadi inkişafın reallaşdırılması, maliyyə sisteminin, əlverişli sahibkarlıq şəraitinin etdirilməsi, insanların hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi yolu ilə, həmçinin sosial problemlərin birbaşa həllinə yönələn tədbirlər vasitəsilə həyata keçirilir. 

Vaqif BAYRAMOV 
XQ

 

İqtisadiyyat