Sonuncu aşırım

post-img

Yaxud separatçıların tabutuna vurulan dördüncü mismar

Tarixi hadisələr onların müəllifi və şahidi olan insanların, eləcə də sonrakı nəsillərin hafizəsinə həm də özünəməxsus rəmzləri, atributları ilə daxil olur. Bəzən də günün qəhrəmanının dilindən səslənən bir kəlmə söz, etdiyi jest həmin hadisəni daha əlamətdar və unudulmaz edir. 

2024-cü il 7 fevral növbədənkənar prezi­dent seçkilərini yaddaqalan edən atributlar yüksək seçici fəallığı, xalqın dilində əsl Zəfər seçkisinə çevrilməsi ilə yanaşı, eyni zaman­da heç vaxt unudulmayacaq an və məqam­larla, çıxış və jestlərlə müşayiət olunması idi. Ağsuda 101 yaşlı ağbirçəyin öz ayağı ilə, Şabranda birinci qrup əlilin, daşınma qutusunu gözləmədən əlil arabasında seçki məntəqələrinə gəlmələri o coşqulu günün salnaməsinə yazıldı.

Amma həmin günün yaddaşına qızıl hərf­lərlə həkk olunan və Azərbaycan durduqca daim xatırlanacaq bir hadisə də baş verdi. Məhz tarixi hadisə adlandırılmağa layiq hə­min jestin müəllifi xalqın beşinci dəfə böyük etimadını qazanmış və bunu haqq etmiş İlham Əliyev idi. Budəfəki seçkilərin əsas əlaməti, atributu ondan ibarət idi ki, müstəqil­lik dövründə ilk dəfə ölkəmizin bütün ərazilə­rində keçirilirdi. 

“Mən, bildiyiniz kimi, səsvermə prosesin­də Xankəndidə iştirak etmişdim. Azərbayca­nın istənilən yerində səs verə bilərdim, ancaq hesab etdim ki, Xankəndidə səs verməyim daha düzgün olar. Məhz Xankəndidə hələ 1980-ci illərin sonlarında xalqımıza qarşı qanlı cinayətlər başlamışdır. Məhz Xankən­didə səs verdiyim binada xalqımıza qarşı soyqırımı planlaşdırılırdı və oradan idarə olunurdu. Məhz səs verdiyim binanın önündə yerləşən meydanda erməni millətçiləri və on­dan sonra Ermənistan dövləti bizə qarşı əra­zi iddialarını irəli sürmüşdü. Məhz o binada Qarabağı Azərbaycandan ayırmaq üçün hələ sovet dövründə xüsusi komitə yerləşdirilmiş­di və o komitənin əsas məqsədi Qarabağı Azərbaycandan ayırmaq idi, bunu hər kəs bilir. Ona görə məhz orada otuz il bizim tarixi yerimizi, Pənahəli xan tərəfindən salınan o məkanı qanunsuz zəbt edən şeytanlar məhz orada da öz süqutunu özləri təsdiq etmişlər. Təbii ki, məcburən. Orada verdiyim səs, o qutuya atdığım bülleten, sadəcə olaraq, bül­leten deyildi. Bu, erməni separatçılarının ta­butuna vurulan son mismar idi”.

Fevralın 14-də Prezident İlham Əliyevin andiçmə mərasimindəki çıxışında söylədi­yi bu sözləri həyəcansız dinləmək mümkün deyildi. Beş ay bundan əvvəl separatçıların tarixin “morq” adlı arxivinə göndərilmək üçün hazırlanmış tabutuna sonuncu – dördüncü mismarı seçki bülleteni formasında məhz cənab Prezident İlham Əliyev vurdu. Bu, ədalətin təntənəsi idi ki, buna bizimlə bərabər tarixin özü də şahidlik edirdi. Amma buna qə­dər artıq üç mismar separatçıların tabutunun qapağına vurulmuşdu. Əslində, bunu birmə­nalı olaraq deyə bilərik ki, 2020-ci ilin noyab­rında ünvana çatdırılmış həmin qara tabutun dörd mismarının hamısının sifarişçisi “dəmir yumruq”lu Ali Baş Komandandır. 

Xankəndidəki revanşist-separatçı rejimin “tərcümeyi-halına” qara günlərinin nişanəsi kimi yazılacaq qara tabutun birinci mismarı 2020-ci il noyabrın 10-da vurulmuşdu. Şu­şanın azad edilməsi müasir hərb tarixinə ya­zılan əməliyyat planı olmaqla yanaşı, faktiki surətdə, İkinci Qarabağ müharibəsinə son qoydu. Qarabağın ən uca nöqtəsində qərar tutmuş bu qala–şəhərimizdə beli qırılan Er­mənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. 

Möhtəşəm zəfərimizlə başa çatmış 44 günlük qurtuluş savaşının məntiqi yeku­nu Lider-Xalq-Ordu vəhdətinin yaradıcılıq emalatxanasında döyülmüş o mismar oldu. Hülqumu ipdən nazilmiş, yarıcan edilmiş daşnak tör-töküntüləri Qarabağımızdan çıx­mağa tələsmir, rəsmi İrəvan imzası ilə boy­nuna götürdüyü öhdəliyi – fərari ordusunu torpağımızdan geri çəkməyi yerinə yetir­məkdən boyun qaçırırdı. Onların Avropadakı “bacılarının”, Asiyadakı “qardaşlarının” ucuz vədlərinə uyaraq boş ümidlərə qapılmasına, siyasi cığallığına, yersiz şıltaqlığına xalq kimi onun lideri də üç il dözdü. Səbrin və dözü­mün kasası 2023-cü il sentyabrın 19-da daş­dı. İntizarla “sahibini” gözləyən qara tabutun ikinci mismarı həmin 23 saatlıq antiterror təd­birindən sonra vuruldu. 

Yəqin, Azərbaycanın 2023-cü il noyabrın 8-də Xankəndinin mərkəzi meydanında ke­çirdiyi Zəfər paradını şərti sərhədin o üzündə əllərində durbin tamaşasına növbəyə durmuş erməni generalları daha maraqla izləyirdilər. Onlar həmin anlarda müzəffər nizami ordu­muzun Zəfər paradını qəbul edən Ali Baş Ko­mandanın göyə ucalmış dəmir yumruğunda tutduğu üçüncü mismarı da görməmiş deyil­dilər. Prezident İlham Əliyevin “bundan sonra bu torpaqlarda Azərbaycan Bayrağı əbədi dalğalanacaq. Biz azərbaycanlılar burada əbədi yaşayacağıq!” – sözləri erməni hər­bi-siyasi rəhbərliyinin qulaqlarında sırğaya dönən həmin gün qara tabutun üçüncü mis­marı vuruldu. 

Dövlətinə və torpağına sahib çıxmış Azərbaycan xalqı indi öz doğma yurdunda alnıaçıq, üzüağ, qürurla yaşayır, qollarını çırmayıb xoşbəxt gələcəyinin binasını hör­məyə başlayıb. Tarix durduqca duracaq bu möhtəşəm bina-qalanın memarı iyirmi ildən çoxdur gücünü, səriştəsini, zehnini Vətəninin və xalqının yolunda fəda etmiş, ata vəsiyyə­tini milli doktrina kimi yerinə yetirmiş İlham Heydər oğlu Əliyevdir! 

Biz daha tabut sifariş vermək istəmirik. Umu-küsüyə son qoyub, qonşu ölkələrlə, bü­tün dünya ilə sülh və əmin-amanlıq içərisində yaşamaq istəyirik. 

Fevralın 7-də cənab Prezidentin əlində mismara dönmüş həmin seçki bülleteni həm də ermənilərin keçilməz istehkama çevirdik­ləri sandıqları sonuncu aşırımın – “miatsum qalası”nın açarı oldu. Daha qarşımızda nə keçilməli aşırım, nə də fəth olunmalı qala qalıb. Prezidentliyinin 21-ci baharını qeyd et­məyə hazırlaşan İlham Əliyevin üç gün bun­dan əvvəl andiçmə mərasimindəki nitqinin sonunda dediyi kimi:

“Biz öz məsələmizi həll etmişik. Biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıda­yıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik! Bu yeni dövr uğurla başlayır. Əminəm ki, uğurla da davam edəcək. Bu yol­da hamımıza uğurlar! Yolumuz açıq olsun!”.

ARAYIŞ: 101 il əvvəl Xankəndinin Stepanakert olub şeytan yuvasına çev­rilməsindən 2023-cü il sentyabrın 20-də üçrəngli bayrağımız asılana qədər ke­çilən tarixə qısa nəzər: 

Muxtar Dağlıq Qarabağ Vilayəti (MDQV) 1923-cü il iyulun 7-də Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin dekreti ilə yaradılıb. 1981-ci il iyunun 16-da Azər­baycan Ali Soveti “Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında” (DQMV) qanun qəbul edib. 1988-ci il fevralın 13-dən Stepana­kert şəhəri, Mardakert, Əsgəran, Martuni, Hadrut, Şuşa rayonlarından ibarət muxtar vilayətin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat başlayıb. Fevralın 20-də DQMV-nin dövlət hakimiyyəti orqanı – Xalq Deputatları Soveti SSRİ, Azərbaycan və Er­mənistan hakimiyyətləri qarşısında vəsatət qaldırıb. Vəsatətdə vilayətin Ermənistana birləşdirilməsi istəyi yer alıb. Bununla se­paratçı hərəkat açıq hərbi təcavüzə çevrilib. 1989-cu il yanvarın 12-də SSRİ Ali Soveti­nin qərarı ilə DQMV Azərbaycanın idarəçi­liyindən çıxarılaraq birbaşa Moskvaya bağ­lanıb və başında Arkadi Volskinin dayandığı Xüsusi İdarəetmə Komitəsi yaradılıb. Hə­min il noyabrın 28-də Xüsusi İdarəetmə Komitəsi Azərbaycan xalq hərəkatının təz­yiqləri nəticəsində ləğv edilib. 1990–1991-ci illərdə bölgə Bakının yaratdığı Respublika Təşkilat Komitəsi (rəhbəri – Viktor Polyaniç­ko) vasitəsilə idarə olunub. 1991-ci il sent­yabrın 2-də Dağlıq Qarabağ erməniləri böl­gəni “müstəqil dövlət” elan edib. Noyabrın 26-da Azərbaycan Ali Soveti DQMV-ni milli ərazi qurumu kimi ləğv edib. Həm 1923-cü il iyulun 7-də Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin qəbul etdiyi dekret, həm də 1981-ci il iyunun 16-da Azərbaycan SSR Ali Sovetinin qanunu qüvvədən salınıb.

1994-cü ildə atəşkəslə dayanan Birinci Qarabağ müharibəsində Xankəndi şəhə­ri, Şuşa, Xocalı, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan rayonları tam, Xocavənd, Ağdərə, Ağdam, Füzuli, Cəbrayıl rayonları qismən işğal edilib. Həmçinin Sədərək rayonunun Kərki, Qazax rayonunun Aşağı Əskipara, Bağanıs Ayrım, Barxudarlı, Xeyrimli, Qızıl­hacılı, Sofulu, Yuxarı Əskipara kəndləri ələ keçirilib. 

2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən İkinci Qarabağ sava­şı nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayon­ları tam, Şuşa, Xocavənd, Xocalı, Ağdərə rayonları qismən azad olunub. 2023-cü il sentyabrın 19-da Azərbaycan Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd və Ağdərə rayonlarının bir hissəsinə nəzarət edən işğalçı rejimə qarşı antiterror tədbirinə başlayıb, ertəsi gün rejim tərksilah olmaq öhdəliyi götürüb, sentyabrın 28-də özünü buraxıb.

İmran BƏDİRXANLI
XQ

Siyasət