Erməni siyasi düşüncəsində azğınlaşma etüdləri

post-img

Sərsəmlik, illüziya, xəstəlik yoxsaAzərbaycana qarşı yeni müharibəyə hazırlıq?

Azərbaycan-Ermənistan sərhədində yaşanmış hərbi toqquşma fonunda Prezident İlham Əliyevin andiçmə mərasimində söylədiyi fikirlər Ermənis­tanda geniş müzakirə olunmaqdadır. Əlbəttə ki, mövcud istiqamətdəki dis­kussiyalar manipulyativ xarakter daşımaqla, reallıqların təhrifinə, ölkəmizlə bağlı mənfi rəyin formalaşdırılmasına yönəlib. Bununla əlaqədar müxtəlif məqamlardan söz açmaq mümkündür. Bu qeydlərimizdə onların yalnız bə­zilərinin üzərində dayanacağıq. 

Ermənistanın hakimiyyətə yaxın eks­pert və politoloq cameəsinin təmsilçiləri, təxminən, Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nü­mayəndəsi Jozep Borrell kimi danışırlar. Xatırladaq ki, cənab Borrell bir müddət əv­vəl bildirmişdi ki, sərhəddə ilk atəş açan er­məni tərəfi olub, ancaq Azərbaycan hərb-çilərinin cavabı adekvat deyildi. 

Erməni siyasi müşahidəçilər Bor­relin söylədikləri fonunda Pre­zident İlham Əliyevin andiçmə mərasimində səsləndirdiyi fikirlərə söykə­nir və belə bir absurd rəyə gəlirlər: Azər­baycan Ermənistana atəş açılması ilə bağlı insidenti araşdırmaq üçün bir həftə vaxt verməli idi (?). Vaxt verilməyibsə, deməli, Bakı işğalçılıq niyyətinə köklənib. Həqiqətən də, gülünc yanaşmadır. 

Əslində, baş nazir Nikol Paşin­yan da, demək olar, eyni fi­kirdədir. O, ölkə hökumətinin iclasında bildirib ki, guya, Azərbaycan sər­həddəki xırda toqquşmalardan Ermənis­tana qarşı irimiqyaslı hərbi əməliyyatlara başlamaq üçün bəhanə kimi yararlanma­ğa çalışır. Belədə iki sual yaranır: birincisi, ilk tətiyi çəkən kimdir? Nikolun məntiqin­dən belə çıxır ki, erməni tərəfi nə vaxt istəsə, atəş açacaq, Azərbaycan cavab verməməlidir. Yaxud, Azərbaycan cavab versə, bu, təcavüz kimi qiymətləndirilə­cək. İkincisi, ordu birləşmələrimizin Er­mənistan tərəfə keçmək istəkləri olsaydı, buna kim mane olacaqdı – erməni hərb-çiləri, yoxsa şərti sərhəddə patrul çəkən Avropa İttifaqının mülki müşahidə missi­yasının üzvləri? Yəni, ölkəmizin işğalçılıq niyyəti yoxdur, əgər olsaydı, qarşımızda dayanan tapılmazdı... 

Bəli, Azərbaycan Ermənistana qarşı ərazi qəsbini reallaşdırmaq məqsədindən uzaqdır. Rəsmi İrəvan isə obrazlı desək, buynuzunu çobanın çomağına sürtən ke­çidir. Sonra isə “günah keçisi” axtarışına çıxır. Nə düşünəsən? Bəlkə baş nazir Ni­kol Paşinyan və komandası ölkəni güda­za vermək istəyir? J.Borrelin dediyi kimi, Bakının cavabının qeyri-proporsional alın­masınımı arzulayır? Görünür, istəyi budur ki, Azərbaycanı işğalçı kimi göstərmək xətti daha da dolğunlaşsın. Ancaq duru­mun fəsadlarını düşünməyəcək qədər ko­razehindir... 

Məlumdur ki, hərbçilərimiz təh­lükənin gəldiyi hər bir hədəfi, onun harada yerləşməsindən asılı olmayaraq, məhv edirlər. İrəvanda bunu çox yaxşı bilirlər. Ona görə də qəs­dən təxribat törədirlər ki, Bakı əks addım atsın. Fevralın 13-də erməni snayper hər­bçimizi yaraladı və cavabını aldı. Belə çıxır ki, Ermənistan növbəti dəfə dərinlikdəki nöqtələrdən də Azərbaycan əsgərlərinin mövqelərini atəşə tuta, ölkəmizin hərbçilə­ri sırf həmin nöqtələri zərərsizləşdirdikdə, məsələ ərazi iddiası kimi qələmə verilə bilər. Təxribata çəkmək də elə budur.

Yeri gəlmişkən, bir məqamı da xatırladaq ki, hazırda erməni siyasi cameəsində Azərbaycan hərbçiləri­nin dayandıqları mövqelərin də Ermə­nistan olduğunu iddia edən və hərbi toqquşmanın ölkə ərazisində yaşan­dığını bildirənlər fəallaşıblar. Bu təsa­düf sayıla bilməz. Axı Borrel sərhəd insidentinə münasibət bildirərkən onu da demişdi ki, hadisə hər iki tərəfdən qoşunların geri çəkilməsi zərurətini ak­tuallaşdırmaqdadır. Deməli, təxribatın əsas məqsədi elə budur. Və deməli, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın ötən ilin sonlarına doğru səsləndirdiyi fikir məqsədli siyasi dü­şüncə halına gətirilir. 

***

Sərhəd toqquşması fonunda ermə­ni politoloqların qabartdıqları növbəti məqama keçid alaq. Onlar bildirirlər ki, Bakı münasibətlərin qaydaya salınma­sının konkret formulunu vermir, İrəva­na qarşı uzunmüddətli təzyiqlərin gün­dəmdə saxlanılmasına çalışır. Amma heç də belə deyil. Ölkəmizin rəhbərliyi, şəxsən Prezident İlham Əliyev mövqe­yini qəti və aydın şəkildə açıqlayır: İş­ğal altında qalan səkkiz kəndimiz geri qaytarılmalıdır, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata uyğun olaraq, Azərbaycanın digər ərazilərini Naxçı­vanla birləşdirən quru yolu təmin edil­məlidir. 

Ermənistan müharibə məğlubu kimi sözügedən üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəliyi yerinə yetirməlidir. Yerinə yetirmir və erməni siyasilər, məsələn, bunu bildirirlər: Azərbaycan Ermənistandan 8 kənd tələb etsə də, bu tələbi hansı xəritə ilə irəli sürdüyü­nü açıqlamır. Onlar mövcud müstəvidə Bakının konkretlikdən qaçdığını vurğu­layır və əlavə edirlər ki, guya, sərhəd­lərin delimitasiyası və demarkasiyası üçün hansısa xəritənin seçilməsi Bakı­nı İrəvana qarşı hərbi hücumlar üçün saxta bəhanələr uydurmaq imkanın­dan məhrum duruma salacaq.

Əlbəttə, bu tezis də cəfəngiyyat­dır. Məsələ ondadır ki, Azərbaycan Ermənistanın nə üçün 1970-ci illərin xəritələrini əsas götürdüyünü sorğula­yır. Bu barədə Prezident İlham Əliyevin də mövqeyi var. Dövlətimizin başçısı bildirib ki, 1918-ci ildə qədim Azərbay­can şəhəri olan İrəvan Ermənistana paytaxt kimi verildi. Lakin ermənilər bununla razılaşmayıb, keçmiş Sovet­lər Birliyi dönəmində ərazi iddiaların­dan daşınmadılar. 1969-cu ilin mayı­nadək Ermənistana torpaq peşkəşləri edildi. Yalnız ulu öndər Heydər Əliyev respublikamızda rəhbərliyə gəldikdən sonra proses dayandı. 

Belə olan halda nə üçün 1970-ci illərin xəritələrinə istinad olunmalıdır? Hansı əsasla? Heç bir əsas yoxdur. Ona görə Azərbaycan sərhədlərin müəyyənləşdirilməsinin fərqli meto­dologiya ilə həyata keçirilməsini tələb edir. Bu, tam ədalətli mövqedir. Sər­hədlər qarış-qarış müəyyənləşməli, mövcud istiqamətdə ekspert qrupları fəaliyyət göstərməlidirlər. Erməni tərəfi haqqın və ədalətin bərpasında maraq­lı olmalıdır. Çünki Azərbaycanın irəli sürdüyü ədalət formulu ilə Ermənistan adlı dövlətin mövcudluğu davamlı ola, ən əsası isə onun varlığı təsdiqlənə bilər. Paşinyanın təbirincə desək, ölkə özünə “doğum şəhadətnaməsi” alar. İndiki durumda Ermənistanın bic do­ğulmuş uşaqdan heç bir fərqi yoxdur. 

***

Erməni ekspertlər “uzaqgörənlik­lə” də məşğuldurlar. Onlar bildirirlər ki, guya, Azərbaycan sərhədlərin de­markasiyası ilə bağlı qeyri-müəyyən­liyi saxlamaqla, Donald Trampın ABŞ prezidenti seçilməsinə ümid bəsləyir. Bu yerdə onlar Birləşmiş Ştatların eks prezidentinə yüklənirlər və bildirirlər ki, o, Azərbaycan Türkiyə və Rusiya ilə ra­zılaşaraq, 2020-ci ildə Qarabağa hərbi hücum həyata keçirməyə icazə verdi. 

Göründüyü kimi, ortada son dərəcə absurd yanaşma var. Erməni siyasilər, elə Ermənistan rəsmiləri kimi, “Azər­baycanın Qarabağa hücumu” mən­tiqini qabardırlar. Onlar üçün heç bir beynəlxalq hüquq normaları yoxdur. Bu adamlar bir tərəfdən Ermənistanın ərazi bütövlüyünün və suverenliyinin toxunulmazlığından söz açırlar, digər yandan əsaslandırma apararkən, Qa­rabağı Ermənistan kimi göstərməyi qa­nunauyğunluq sayırlar. 

***

Erməni siyasi istableşmentinin ha­zırkı anti-Azərbaycan ritorikasının tər­kibində yer alan mövzulardan biri də haqqında söz açdığımız Naxçıvana yol məsələsidir. Məlumdur ki, ölkəmiz mövcud xüsusda “Azərbaycandan – Azərbaycana yol” məntiqini irəli sürür və bildirir ki, həmin yolda sərhəd və gömrük nəzarəti tətbiq edilməməlidir. Eyni zamanda, üçtərəfli bəyanata uy­ğun olaraq, ərazidə təhlükəsizlik Rusi­ya Federal Təhlükəsizlik Xidməti tərə­findən həyata keçirilməlidir. 

İrəvan bu məsələ ilə razılaşmır və üçtərəfli bəyanatın doqquzuncu bən­dini inkar edir. Nə üçün? Bu, sırf Ru­siyaya inaddır? Əlbəttə, Moskva ilə münasibətləri gərginləşdirmək Qərbin Ermənistan qarşısında qoyduğu tələb­dir. Ancaq onu da nəzərə alaq ki, hazır­da Ermənistanın Türkiyə ilə sərhədin­də rus həbçiləri var. Eləcə də ölkənin İranla sərhədində. Belə olan halda, onların Naxçıvana gedən yolda gö­rünmələri nə üçün Ermənistanın ərazi bütövlüyünün və suverenliyinin pozul­ması kimi qiymətləndirilməlidir? İrəvan Moskvadan Gümrüdəki 102-ci hərbi bazanı çıxarmağı tələb edə bilirmi? Bu bazanın mövcudluğu ölkənin ərazi bü­tövlüyünün pozulması deyil, bəs nədir? Deməli, əsas məqsəd Azərbaycana qarşı çıxmaqdır, qalan şeylər bəhanə təfərrüatlarıdır.

Erməni siyasilərin anti-Azərbay­can ritorikasındakı daha bir gülməli arqumentə baxın. Sən demə, Azər­baycanın “Zəngəzur dəhlizi” ideyası Qərbin sanksiyalarından yayınmağa ümid bəsləyən Rusiya üçün sərfəlidir. Əlbəttə, Moskva sözügedən ideyanın gerçəkləşməsinə iqtisadi maraqları müstəvisində yanaşa bilər. Ancaq tək­cə Kremlmi təşəbbüsün reallaşmasın­da səy göstərib iqtisadi maraq güdür? 

Deməli, gəlinən qənaət budur ki, İrəvan anti-Azərbaycan ritorikasına anti-Rusiya məntiqini əlavə etməklə, ölkəmizi Rusiyanı dəstəkləyən tərəf kimi göstərməyə çalışır. İstəyir ki, Qərb Bakını Kremlin tərəfində təsəvvürə gə­tirib mübarizə hədəfinə çevirsin. Yəni, ortada bu dərəcədə primitiv düşüncə var. 

Nəzərə alaq ki, Azərbaycan Rusiya ilə bərabərtərəfli münasibətlərə malik­dir. Ancaq bu günün Ermənistanı özü­nün müəyyən iqtisadi inkişafına görə Moskvaya borcludur. Yəni, el dilində ifadə etsək, yenə də it arabanın kölgə­sində yatır, elə bilir ki, öz gölgəsidir. 

Erməni siyasi dairələrin müzakirə mövzusuna çevirdiyi məsələlərdən biri də “Qarabağın gələcəyi” kimi ad­landırdıqları azğınlıqdır. Bununla bağ­lı Qarabağ ermənilərinin qayıdışı kimi sərsəm ritorika gündəmdədir. Əlbəttə, Azərbaycan dövləti bölgənin erməni sakinlərinin əraziyə qayıtmalarına eti­raz etmir. Üstəlik, hazırda nəinki Qara­bağın, ümumən Azərbaycanın müxtə­lif yerlərində ermənilər yaşayırlar. Ancaq bir halda ki, qayıdış məsələsi xüsusi prinsipial məqam kimi qoyulur, o zaman bu, nə üçün qarşılıqlı olma­malıdır? Yəni, Qarabağ ermənilərinin Azərbaycan ərazisinə qayıtmaları əsas götürülürsə, vaxtilə Ermənistanda ya­şamış azərbaycanlıların da doğma yurd-yuvalarına qayıtmaları eyni prinsi­piallıqla nəzərə alınmalıdır. Erməni si­yasi dairələrini əndişələndirən də məhz bu məqamdır. 

Məlum olduğu kimi, erməni müxa­liflər qeyd etdiyimiz xüsusda baş nazir Paşinyanı ittiham edirlər. Onların bil­dirdiklərinə görə, Nikol Qarabağ ermə­nilərinin qayıdışı məsələsini ona görə qaldırmır ki, Bakı azərbaycanlıların Er­mənistana qayıtmalarını tələb etməsin. Guya ki, bunlar fərqli-fərqli məsələlər­dir. Halbuki, elə deyil. Ortada insan amili varsa, yanaşma eyni olmalıdır. 

***

Bəli, Azərbaycan Prezidentinin an­diçmə mərasimində səsləndirdiyi fikirlər xüsusunda Ermənistanda konstitusiya islahatları mövzusu da aktiv müzakirə predmetinə çevrilməkdədir. Ölkəmizin lideri Ermənistanın öz qanunvericiliyini normal vəziyyətə gətirməsinin vacibli­yini Bakı–İrəvan sülh müqaviləsi kon­tekstinə gətirir və mövqeyində haqlıdır. Ona görə ki, Ermənistan konstitusiya­sının istinad etdiyi istiqlaliyyət bəyan­naməsində Azərbaycana qarşı ərazi iddiaları var. 

Erməni siyasiləri isə bildirirlər ki, sözügedən bəyannamə, guya ki, xü­susi tarixi əhəmiyyət daşıyan sənəddir və keçmişə qayıdıb Qarabağın və Er­mənistanın birləşdirilməsi müddəasını ləğv etmək mümkün deyil. Bu fikri orta­ya atan rəsmi İrəvana yaxın ekspertlər, eyni zamanda, onu da vurğulayırlar ki, istiqlaliyyət bəyannaməsinə daxil edil­miş keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi haqqında 1989-cu il dekabrın 1-də qə­bul edilmiş birgə qərar SSRİ dövründə hüquqi qüvvəsini itirmişdi. Çünki 1991-ci ilin noyabrında SSRİ Konstitusiya Nəzarəti Komitəsi həmin qərarı ləğv etmişdi. Ən əsası isə qərarın etibar­sızlığı bununla əsaslandırılır: Dağlıq Qarabağda 1991-ci il dekabrın 12-də “referendum” keçirilmiş və bölgənin müstəqilliyi elan edilmişdi. 

Erməni siyasilər, həmçinin Azərbay­can SSR rəhbərliyinin Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğvi ilə bağlı qərarı­nın keçmiş SSRİ konstitusiyasına zidd olduğunu və ləğv olunduğunu bildirirlər. O zaman necə ola bilər ki, dekabrın 12-də keçirilmiş saxta, Qarabağın ancaq erməni əhalisinin qatıldığı, azərbay­canlıların boykot etdikləri “referendum” əsas götürülür, ancaq DQMV-nin ləğvi ilə bağlı Azərbaycan SSR-in çıxardığı qərar SSRİ konstitusiyasına zidd sa­yılır? Əgər söhbət qanunsuzluqdan gedirsə, o zaman bir müttəfiq respub­likanın ərazisindəki inzibati ərazi vahi­dini ləğv etməsi, yoxsa, həmin ərazinin özünü tamamilə müstəqil elan etməsi qeyri-qanunidir? 

Göründüyü kimi, erməni siyasilər belə spekulyasiyalara baş vururlar və bu şəxslər birbaşa N.Paşinyan admi­nistrasiyası tərəfindən hərəkətə gətiri­lir. Onlar nəinki daxildəki ictimai rəyə, eyni zamanda, beynəlxalq aləmə də təsir göstərmək yolu tuturlar. Nəticədə İrəvanın realllıqların təhrifi oyununda ideoloji katalizatora çevrilirlər. 

Bəli, hiss olunur ki, Ermənistan Azərbaycanla münasibətləri gərgin­ləşdirmək yolu tutur və mövcud pro­sesdə başlıca rolu həm də rəsmi İrə­vana yaxın politoloqlar və ekspertlər oynamaqdadırlar. Onlar, faktiki olaraq, erməni cəmiyyətinə reallıqlarla barış­mamağı təbliğ edir, Azərbaycanı təca­vüzkar kimi göstərirlər. Belə yanaşma, əlbəttə, sülh prosesinə zərbə vurur. 

Erməni politoloq və ekspertlər, eyni zamanda, ABŞ və Fransa başda ol­maqla, beynəlxalq dairələrin ölkəmizə qarşı sərt tədbirlərə əl atması ideyasını da gündəmə gətirirlər. Beləliklə, ermə­ni cəmiyyətini bunun baş verəcəyinə inandırmağa çalışaraq onda illüziya hissini doğururlar. 

Sonda Ermənistan daxilində qal­dırılan bir mövzunu da diqqətə çatdı­raq. Məlum olduğu kimi, rəsmi İrəvan Azərbaycanın və Ermənistanın bir-bi­rinin silahlanmasına nəzarəti həyata keçirmələrinə dair mexanizmin forma­laşdırılması təşəbbüsünü ortaya atıb. Təşəbbüsün müəllifi baş nazir Nikol Paşinyandır. Paşinyan, hətta, iki ölkə arasında hücum etməmək haqqında müqavilənin imzalanmasının zəruri­liyindən də söz açıb. Əlbəttə, belə bir cəfəng məsələyə hansısa formada müsbət reaksiya vermək qeyri-müm­kündür. 

Qeyd edək ki, Nikolun fikirləri Er­mənistan daxilində də məsxərə pred­metinə çevrilib. Bundan sonra rəsmi İrəvan tərəfindən qondarılmış xüsus dəyişdirilib. Necə? İndi bildirilir ki, Cə­nubi Qafqazda sülhə nail olmağın ye­ganə yolu regionda qüvvələr arasında balans yaratmaqdır. Hazırda erməni siyasi ekspertlər də mövcud istiqamət­də “uzaqgörən” nəticələr çıxarmaqda­dırlar. Bu, nə deməkdir? Cavab çox sadədir.

Ermənistan hakimiyyəti Azərbayca­nı işğalçı kimi təqdim edir və mövcud fonda qüvvələr nisbətini eyniləşdirmək cəhdləri baş qaldırırsa, deməli, Ermə­nistan beynəlxalq aləmdən özünün silahlandırılması istiqamətində yardım istəyir. O həddə qədər ki, hərbi güc baxımından Azərbaycanla eyniləşsin. 

İrəvanın hərbi güc nöqteyi-nəzərin­dən ölkəmizdən üstünlüyünün vaxtilə hansı faciəli nəticələr doğurduğunu yaxşı gördük, otuz ilə yaxın müddət­də həmin durumun məhrumiyyətlərini yaşadıq. Belə nəticəyə gəlirik ki, Er­mənistanın silahlandırılması Cənubi Qafqazda münaqişə ocağı yaratmaq, bölgəni qan çanağına çevirmək niyyə­tindən başqa bir şey deyil. Azərbaycan buna qəti şəkildə yol verməyəcək!

Ə.CAHANGİROĞLU
XQ



Siyasət