Ermənistan vaxtında cəzalandırılsaydı...

post-img

Lakin havadarları hayları yeni müharibəyə qısqırdırlar

Azərbaycan dövləti və xalqı torpaqlarının uzun illər ərzində işğal altında qalması ilə barışmayaraq, 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsi apararaq ərazilərinin böyük bir hissəsini, təxminən 10 min kvadratkilometri işğaldan azad etdi. 2023-cü ilin sentyabrın 19-da başlayan lokal xarakterli antiterror tədbirləri nəticəsində isə qanunsuz xunta rejiminin sığındığı digər ərazilər də separatçılardan təmizləndi. Bir sutkadan az davam edən antiterror tədbirləri nəticəsində Azərbaycan həm öz ərazi bütövlüyünü, həm də dövlət suverenliyini tam bərpa etdi.

Prezident İlham Əliyevin fevralın 14-də Milli Məclisdə keçirilən andiç­mə mərasimində dediyi kimi, antiter­ror tədbirləri bir daha Silahlı Qüvvələ­rimizin gücünü göstərdi. Dövlətimizin başçısı bildirdi ki, cəmi bir neçə saat ərzində Ermənistan ordusunun təx­minən 15 minlik ekspedisiya korpusu tamamilə iflic vəziyyətinə salındı və onlar ikinci dəfə kapitulyasiya aktına imza atmağa məcbur oldular. Bunun­la da Azərbaycan ərazisində separa­tizmin kökü kəsildi.

Ancaq həm Vətən müharibəsi, həm də antiterror tədbirləri baş ver­məyə də bilərdi. Əlbəttə, əgər özünü “beynəlxalq ictimaiyyət” adlandıran, dünya ölkələrinin hamısının adından danışmağa cəhd edən bir neçə bö­yük dövlət Ermənistana havadarlıq etməsəydi, onun işğalçılıq siyasətini pisləsəydi bütün bu qanlı-qadalı ha­disələr də baş verməzdi. Özlərini dün­yada sülh və əmin-amanlığın təmin olunmasına cavabdeh kimi aparan həmin ölkələr isə ötən müddət ərzin­də İrəvana nəinki hansısa sanksiya tətbiq etdilər, heç ona “gözün üstə qa­şın var” da demədilər.

Hadisələrin 1988-ci ildən üzü bəri xronoloji ardıcıllığına baxdıqda da, hayların torpaqlarımızı xarici ha­vadarlarının köməyi ilə işğal etdiyini aydın görmək olar. Həmin dövrdə “yenidənqurma” adı altında, əslində, SSRİ-nin dağılması prosesi başla­mışdı. Moskvadakı bəzi ermənipərəst mərkəzlər o dövrdə mövcud olan Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycandan ayrılması prosesini hər vəchlə dəstəkləyirdilər. Qaraba­ğın idarəçiliyi Azərbaycan SSR-in mərkəzi hakimiyyətindən alınaraq Xüsusi İdarəetmə Komitəsinə veril­mişdi. Bilavasitə Mixail Qorbaçovun tapşırığı ilə 1988–1990-cı illərdə bəd­nam Arkadi Volski Xüsusi İdarəetmə Komitəsinə rəhbərlik edirdi.

Ancaq ermənilərin havadarları təkcə sovet rejimi deyildi. Onları Av­ropada, okeanın o tayında da kifayət qədər dəstəkləyən var idi. Təsadüfi deyil ki, Qarabağın Azərbaycandan ayrılması ilə bağlı ilk mənfur çıxış hazırda ermənilərdən çox ermənilik edən Fransa qəzetində edilib. Pre­zident İlham Əliyevin qeyd etdiyi Fransa qəzeti isə həmin ölkədə çap olunan “Humanite” qəzetidir. 1987-ci ilin noyabrın 18-də Parisdə çıxan “Humanite” qəzetində M.Qorbaço­vun iqtisadi məsələlər üzrə müşaviri Abel Aqanbekyanın müsahibəsi dərc olunub. Bədnam müşavir–akademik həmin müsahibəsində deyib: “Mən Qarabağın Ermənistanın tərkibində olmağını istəyirəm. Bir iqtisadçı kimi hesab edirəm ki, Qarabağ iqtisadi cəhətdən Azərbaycandan çox Ermə­nistana bağlıdır”.

Yeri gəlmişkən, qeyd edək ki, Qərbin Qarabağdakı erməni separa­tizmini, eləcə də, bütövlükdə, ermə­niləri dəstəkləməkdə üç niyyəti var idi. Qərb İttifaq daxilində etnik sepa­ratizm ocaqlarının, millətlərarası mü­naqişənin yaradılmasına ilk növbədə SSRİ-nin dağılmasını sürətləndirəcək katalizator kimi yanaşırdı. Təsadü­fi deyil ki, hazırda siyasi elmlər üzrə araşdırmaçılar SSRİ-nin dağılması­nın səbəblərindən biri kimi etnik mü­naqişləri və millətlərarası münasibət­lərin pisləşməsini qeyd edirlər. Qərbli siyasətçilərin ikinci məqsədi həmin ölkələrdə yaşayan erməni əsilli seçi­cilərin səslərini qazanmaq, üçüncüsü isə “üç tərəfdən müsəlman dövlətləri ilə əhatə olunmuş Şərqdə xristianlığın qalası”nı qorumaq idi.

Bu gün Azərbaycana hücumlar edən, əsassız ittihamlar irəli sürən Avropa Parlamenti hələ 1989-cu ilin yanvarında Qarabağda gərginləşən münaqişə ilə bağlı qəbul etdiyi qət­namədə ölkəmizi suçlamışdı.

Okeanın o tayındakı siyasətçilər, xüsusilə demokratlar da cidd-cəhdlə erməniləri dəstəkləmək işinə giriş­mişdilər. Onlar erməniləri məmnun etmək üçün onların separatçılığına və işğalçılıq əməllərinə göz yumurdular. ABŞ-dakı erməni lobbisinin gücü ilə bağlı 39-cu prezident Cimmi Karte­rin milli təhlükəsizlik məsələləri üzrə müşaviri olmuş polyak əsilli Zbiqnev Bjezinskinin sözlərini burada xatırlat­maq yerinə düşər. Bjezinski 2006-cı ildə “Foreign Policy” jurnalına müsa­hibəsində bildirmişdi ki, erməni lob­bisi Amerikada ən təsirli, ən efefktiv işləyən etnik lobbilərdən biridir. Məhz erməni lobbisinin səyləri nəticəsində 1992-ci ildə Azərbaycana ABŞ-ın bir­başa yardımlarını qadağan edən bəd­nam 907-ci düzəliş qəbul edilmişdi.

Düzdür, 1993-cü ildə BMT Təh­lükəsizlik Şurasında Azərbaycan torpaqlarının qeyd-şərtsiz işğaldan azad edilməsi ilə bağlı qətnamə qəbul olundu. Ancaq ötən 27 il ərzində hə­min qətnamələr icra olunmamış qaldı. Böyük dövlətlər Ermənistanın işğalçı­lıq siyasətini pisləmədilər, ona silah satışını qadağan etmədilər. Əksinə, ATƏT-in Minsk qrupu adlanan məna­sız qurum yaradaraq vaxtı uzatmaq­la, status-kvonu möhkəmləndirmək­lə məşğul oldular. Həmsədr ölkələr 2009-cu ildə BMT Baş Assambleya­sında Azərbaycanın ərazi bütövlüyü ilə bağlı keçirilən səsvermədə ölkə­mizin əleyhinə səs verdilər. Uzun, yo­rucu və səmərəsiz danışıqalr prosesi zamanı bəzi hallarda Azərbaycana təzyiq göstərərək reallıqla barışmağa çağırdılar. Əgər onlar fərqli mövqe tut­saydılar, Ermənistana sülhə gəlmək üçün təzyiq etsəydilər, İkinci Qarabağ müharibəsinə də ehtiyac qalmazdı.

Bu məqamlar Prezident İlham Əliyevin andiçmə mərasimindəki proqram xarakterli nitqində də özünə yer tapmışdı. Dövlətimizin başçısı bildiridi ki, İkinci Qarabağ müharibə­si şanlı tariximizdir. Ancaq müharibə olmaya bilərdi, əgər Ermənistan və onun rəhbərliyi, ermənilərin arxa­sında dayanan qüvvələr beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əməl etsəydilər: “Əgər böyük dövlətlər Ermənistana onun işğalçılıq siyasətinə görə sank­siyalar tətbiq etsəydilər, heç olmasa, onların işğalçılıq siyasətini pisləsəy­dilər, bəlkə də müharibəyə ehtiyac qalmazdı. Azərbaycan dövləti uzun illər ərzində təmkinlilik göstərirdi, eyni zamanda aparılan danışıqlara sadiq­lik göstərirdi. Baxmayaraq ki, illər keç­dikcə bizim ümidlərimiz də tükənirdi, işğalçı dövlət daha da azğınlaşırdı, hesab edirdi ki, bizim torpaqlarımızı əbədi işğal altında saxlaya bilər.

O inamı onlara verənlər Ermənis­tan rəhbərliyi ilə bərabər bütün mə­suliyyəti daşıyırlar və bölüşürlər. Mən dəfələrlə müxtəlif tədbirlərdə, eyni zamanda Ermənistan rəhbərliyi ilə, onlara dəstək verən böyük dövlətlərin rəhbərləri ilə söhbətlər əsnasında de­yirdim ki, Azərbaycan heç vaxt bu və­ziyyətlə barışmayacaq. Deyirdim ki, nə qədər gec deyil, Ermənistanı inan­dırın və özünüz də lazımi addımlar atın ki, bu işğala son qoyulsun. Ancaq əfsuslar olsun ki, bütün çağırışlarım, bütün xəbərdarlıqlarım havada qaldı. Sanki kimsə hesab edirdi ki, Azərbay­can xalqı bu işğalla barışmalı olacaq. Biz isə döyüş meydanında göstərdik ki, nəyə qadirik. Biz döyüş meydanın­da cəmi 44 gün ərzində Ermənistan ordusunu tamamilə darmadağın et­mişdik...”

Bəli, Ermənistanın müharibə za­manı verdiyi itkilərdə, sonradan Qa­rabağdan köçüb getmələrində, daha sonra Ermənistanda da qalmayıb Rusiyaya, dünyanın dörd bir yanı­na səpələnmələrində hayların xəstə təxəyyülləri ilə yanaşı onlara dəstə­vuz verən, arxasında dayanan qüv­vələr məsuliyyət daşıyırlar. Bu gün onlar haylara “canıyananlıq” etməyə çalışırlar. Prosesin əsas istiqaməti qismində isə Azərbaycana əsassız hücumlar etməyi seçirlər. Ancaq onlar bilməlidirlər ki, bu günün Azərbaycanı 30 il əvvəlki ölkə deyil.

Beynəlxalq Münasibətlərin Təh­lili Mərkəzinin şöbə müdiri, polito­loq Cavid Vəliyev də bu fikirdədir ki, İkinci Qarabağ müharibəsinin baş verməsində beynəlxalq sistemin və düzənin, beynəlxalq hüququn qorun­masında başlıca rol oynamalı olan təşkilatların, o cümlədən özlərini “bö­yük” hesab edən dövlətlərin birbaşa rolu var. O, “XQ”-yə açıqlamasında bildirdi ki, söhbət ilk növbədə BMT TŞ-nin 4 qətnaməsinin icra olunma­masından gedir. Həmin qətnamələrdə Qarabağın Azərbaycan əraziləri oldu­ğu və işğal edildiyi açıqca bildirilib. Lakin buna baxmayaraq, qətnamələr yerinə yetirilmədi və nəticədə Azər­baycan öz hərbi gücü hesabına qət­namələri yerinə yetirməyə məcbur oldu: “Yəni Azərbaycan, əslində, beynəlxalq hüququn prinsipini yerinə yetirdi. Qətnamələr bunun birbaşa sü­butudur. Digər tərəfdən, qətnamələrin yerinə yetirilmədiyini bir yana qoyaq, hətta işğalçı dövlət cəzalandırılmadı. Nəinki cəzalandırılmadı, əksinə ödül­ləndirildi. Beynəlxalq hüquqa, BMT Nizamnaməsinə görə, əgər bir dövlət işğalçıdırsa, ona sanksiya tətbiq olun­malı, cəzalandırılmalıdır”.

Politoloqun sözlərinə görə, biz gördük ki, Ermənistan ötən 30 ilə yaxın dövr ərzində mükafatlandırıldı. Ona maddi, hərbi yardımlar edildi, siyasi imkanlar yaradıldı: “Əksinə, Azərbaycana təzyiq etməyə çalışdı­lar. Mən bunu çox yaxşı xatırlayıram. Ermənistan ərazilərimizi işğal altında saxladığı halda Bakı–Tbilisi–Cey­han əsas neft kəmərinin, Bakı–Tbili­si–Qars dəmir yolunun çəkilişlərinin müzakirəsi zamanı ölkəmizə təzyiq edirdilər ki, bu xətlər Ermənistandan keçsin. Təbii ki, bütün bunlar Azər­baycanın məsələnin sülh yolu ilə həl­lini tapacağına olan ümidlərini tama­milə yox etdi. Nəticədə müharibəyə doğru yol göründü. Əslində, müharibə ikili standartların nəticəsi kimi meyda­na çıxdı”.

C.Vəliyev əlavə etdi ki, Minsk qru­punun vasitəsilə davam edən danı­şıqlar zamanı tərəflərə layihələr təq­dim olunurdu. Hər dəfə təklif edilənlər isə beynəlxalq hüququn kobud şəkil­də pozulması idi: “Onlar deyirdilər ki, Azərbaycan tarixi torpaqlarından vaz keçsin və ermənilər orada öz dövlət­lərini qursunlar. Əlbəttə, Azərbaycan bunu qəbul edə bilməzdi və etmədi. Nikol Paşinyan iqtidarı dövründə – müharibəyədək törədilən təxribatlara görə də Ermənistana heç bir sank­siya tətbiq olunmadı. Azərbaycan müstəqil, güclü dövlət olaraq bey­nəlxalq hüquqdan irəli gələn vəzifələri yerinə yetirdi və BMT Nizamnaməsi­nin 51-ci maddəsinə uyğun olaraq iş­ğal altındakı ərazilərini azad etdi”.

Səxavət HƏMİD
XQ



Siyasət