Hərbi təxribat Ermənistanın sülhə çıxışını ağırlaşdıracaq!

post-img

Rəsmi İrəvan və havadarları bunu anlamalıdırlar

Əminliklə deyə bilərik ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Azərbaycan Prezidenti İlham Əliyevə yenidən dövlət başçısı seçilməsi münasibətilə etdiyi telefon zəngi zamanı səsləndirdiyi fikirlər heçə endi. Daha doğrusu, Ermənistan tərəfindən heçə endirildi. Xatırladaq ki, Ş.Mişel ölkəmizin liderindən Brüsseldə Azərbaycan–Ermənistan danışıqlarının davamına münasibət bildirməsini xahiş etmişdi. Prezident İlham Əliyev isə öz növbəsində vurğulamışdı ki, Azərbaycan Brüssel formatı çərçivəsində Ermənistanla sülh təmaslarına hazırdır. 

Görünür, İrəvan sülhə hazır, daha doğrusu, razı deyil. Əslində, baş nazir Nikol Paşinyan bir neçə gün əvvəl Bri­taniyanın “Teleqraf” nəşrinə müsahibə­sində, faktiki olaraq, prosesdə maraqlı olmadığını göstərmişdi. Qonşu ölkələrə ərazi iddiasını hüquqi normaya çevir­miş Ermənistanın lideri Bakını nəinki İrəvana, eləcə də digər qonşu dövlət­lərə hücum potensialını özündə daşı­yan təcavüzkar kimi qələmə vermişdir. Nikol müsahibəsində sülh prosesinə zidd digər aqressiv tonlu fikirlər də səs­ləndirmişdir. Deməli, hazırkı təxribat üçün zəminin haradan qaynaqlandığı aydındır.

Bəli, birmənalı qaydada bildirmək mümkündür ki, sərhəd insidenti Ermə­nistanın növbəti təxribatıdır. Fikrimizin isbatı üçün bir məqama diqqət yetirək. Ermənistan müdafiə nazirliyi ölkənin silahlı qüvvələrinin bölmələrinin qar­şı tərəfin mövqelərini atəşə tutması barədə Azərbaycan Müdafiə Nazirliyi­nin yaydığı məlumatı təkzib edib. An­caq Ermənistanın hərbi polisi bildirib ki, məsələ araşdırılmaqdadır. İkincinin məlumatında o da bildirilib ki, yuxarı ko­mandanlığın yazılı əmrlərində vəziyyəti qiymətləndirən hərbçinin atəş açmaq barədə qərar qəbul edə biləcəyi və ya etməyə borclu olduğu hallar dəqiq müəyyənləşib. Fakt təsdiqlənərsə, əmri pozan şəxslər məsuliyyətə cəlb edilə­cəklər. Göründüyü kimi, Ermənistan MN-nin qəti təkzib ritorikası ilə ölkənin hərbi polisinin yanaşması üst-üstə düş­mür. Bu da bir daha hadisənin təxribat, ancaq çiy düşünülmüş təxribat olduğu­nu təsdiqləyir.

Bəli, aylar sonra Azərbaycan–Ermə­nistan şərti sərhədində silahlı insident yaşandı. Deməli, Prezident İlham Əliye­vin yanvarın 10-da yerli televiziya kanal­larına müsahibəsində təsvir etdiyi durum artıq yoxdur. Dövlətimizin başçısı son 4-5 ayda tərəflər arasında ən sabit dövrün müşahidə olunduğunu vurğulamışdı. 

Sabitlik aradan qalxacağının anonsu­nu verən baş nazir N.Paşinyan haqqında söz açdığımız müsahibəsində həm də elə rəy formalaşdırıb ki, sanki, Azərbay­canla danışığa getmək mümkünsüzdür. Çünki, guya, Bakı üzərinə düşən öhdə­likləri yerinə yetirmir. Nəzərə alaq ki, Ni­kol Ermənistanı, belə demək mümkünsə, demokratiya adası kimi göstərib. O, təx­minən, belə bir təəssürat formalaşdır­mağa çalışıb: Demokratik Ermənistanın antidemokratik Azərbaycanla bir masaya əyləşməsi mümkünsüzdür. 

Yeri gəlmişkən, N.Paşinyan 44 gün­lük müharibədən əvvəl də eyni cür dav­ranmışdı. Qarabağ danışıqlarını boy­kot yolu tutan baş nazir mövqeyini belə əsaslandırmışdı ki, sanki Azərbaycanda legitim hakimiyyət yoxdur və buna görə ölkə ilə danışıq aparmaq mümkünsüzdür. Bu sərsəm düşüncənin İrəvan üçün han­sı acınacaqlı sonluq vəd etdiyini hər kəs yaxşı gördü. Elə Nikolun özü də. Ancaq, deyəsən, ötən müddətdə yaşananlar Pa­şinyan üçün dərs olmayıb. O, 44 günlük müharibədən əvvəl özünün “demokrati­yanın qladiatoru” obrazına güvənirdisə, belə təəssürat var ki, hazırda yenə də hə­min obraza, habelə Fransadan və Hindis­tandan aldığı silahlara güvənməkdədir...

***

Diqqət yetirək, erməni silahlı təxribatı Avropa İttifaqının müşahidə missiyasının patrul xidməti həyata keçirdiyi ərazidə baş verir. Sözügedən missiyanın real, bəzək-düzəksiz məqsədi Ermənistanı qo­rumaqdır. Nəticə hasil olur ki, İrəvan hər cür yaramazlığa yol verəcək, sonra avro­palı müşahidəçilərin arxasında gizlənə­cək. Müşahidəçilər isə öz növbələrində, “təcavüzkar Azərbaycanın Ermənistanı işğal etməsinin” qarşısını alacaqlar. 

İşğaldan söz düşmüşkən, son vaxtlar Ermənistanın ictimai rəyində bu mövzu daha çox qabardılmaqdadır. Eyni za­manda, rəsmi İrəvanın ayrı-ayrı təmsil­çiləri bütün beynəlxalq platformalarda ölkəmizin “Qarabağın işğalından” sonra Ermənistan ərazisinə də təcavüz real­laşdıracağına dair cəfəngiyyatı tirajla­maqdadırlar. İndi sərhəddə yaşananlar göstərir ki, Ermənistan rəhbərliyi sözdən əmələ keçib. Heç şübhəsiz, hazırkı təx­ribatda məqsəd ölkəmizi sərt addımlara təhrik etməkdir. Yəni, İrəvanın Azərbay­can–Ermənistan sülh prosesini pozmaq istəklərini mövcud aspektdən də əsas­landırmaq mümkündür. Bəs Ermənistan nə üçün sülh istəmir?

Ümumən, 44 günlük müharibədən sonra Ermənistanın heç vaxt sülh niy­yəti olmayıb. Həmişə vaxt qazanmağa və güclənməyə çalışıb. Baş nazir N.Pa­şinyan Qarabağ daxil olmaqla, Azərbay­canın ərazi bütövlüyünü tanıdığını bil­dirəndə də səmimi olmayıb. Ermənistan rəhbərliyi həmişə çalışıb ki, Qarabağda­kı artıq canını tapşırmış separatçı rejim saxlanılsın. Vaxtilə bölgəyə gizli yollarla silah-sursat daşınması buna hesablan­mışdı. Nəhayət, bıçaq sümüyə dirəndi və ölkəmiz ötən ilin sentyabrında lokal xarakterli antiterror tədbirləri keçirərək, suverenliyinə qovuşdu. İlk baxışdan, sülh yolunda heç bir əngəl qalmadı. Ortada beynəlxalq hüquq var. Azərbaycan hə­min hüquqa əsaslanaraq, haqqı bərpa etdi, daha doğrusu, haqsızlığı aradan qaldırdı. 

Ancaq Ermənistanda bununla razı­laşmayanlar da var. Revanşist dairələr, xaricdəki anti-Azərbaycançı qüvvələr Ermənistanın mövcud hakimiyyəti ilə birləşərək, sülh müqaviləsinin imzalan­masının qarşısını almaq yolu tuturlar. Onlar erməni avantürizmini qoruyub saxlamaqla, Cənubi Qafqaz maraqlarını gerçəkləşdirməyə çalışırlar. Belə niyyət güdənlərin bir qütbünü Fransa təşkil edir. Digər mövqedə qərarlaşan isə kol­lektiv Qərbin aparıcı siyasi aktoru ABŞ-dır. Görünür, ABŞ və Fransa bölgədəki erməni ambisiyalarını diri tutmağa cəhd göstərir. Şərti sərhəddə erməni silahlı təxribatının törədilməsində bir məqsəd də elə budur. Növbəti məqsəd isə Azər­baycanı yenidən müharibəyə təhrik et­məkdir. Kollektiv Qərb çox yaxşı anlayır ki, ölkəmiz özünə ünvanlanmış hərbi təhdidlərin qarşısını almaqda israrlıdır. Sərhəd insidentində iki erməni hərbçisi­nin cəhənnəmə vasil edilməsi də sözü­müzün təsdiqidir. 

***

Bəli, Aİ missiyasının genişləndiril­məsi, Ermənistanın silahlandırılması, Avropa məmurlarının Ermənistana gəl­mələri, Fransa generalının ölkəyə səfəri və Azərbaycanla sərhəddə peyda olması fonunda “durbin diplomatiyası”, habelə ABŞ hərbi təlimatçılarının Ermənistan­dakı fəaliyyəti və digər faktlar göstərir ki, İrəvan hərbi əməliyyatlara hazırlaşır. Konkret desək, sərhəd ərazilərində Azər­baycan Ordusunun qərarlaşdığı strateji nöqtələrin ələ keçirilməsinə dair plan var. Planın reallaşması İrəvan üçün motiva­siyadır. Hesab edilir ki, şərti sərhəddə qazanacağı uğur Ermənistana mənəvi stimul verəcək və ölkənin Azərbaycana qarşı sınmış mübarizə ruhunu yenidən formalaşdıracaq. 

Diqqət yetirsək görərik ki, hadisələr, sanki, paralel şəkildə gerçəkləşdirilir. Bir yandan hərbi təxribat törədilir, digər tərəfdən Ermənistan daxilində revanşist ideyaların ciddi təbliğinə girişilir. İrəvan rəsmilərinin bütün beynəlxalq platfor­malarda aktiv anti-Azərbaycan fəaliyyəti barışmazlıq mənzərəsini tamamlayır. Mövcud trayektoriyada sülh görünmür və sülh adı altında irəli sürülən təşəbbüslə­rin yalnız manipulyativ xarakter daşıdığı nəzərə çarpır. Ola bilər, Ş.Mişel səmimi­dir. Ancaq o, sülh danışıqlarının bərpası təşəbbüsünü qaldıranda, Ermənistan təxribata əl atırsa, bunu Aİ Şurasının Prezidentinə verilən cavab kimi qiymət­ləndirmək mümkündür. Ancaq Mişelin özünün də oyunda yer alma ehtimalını kənara qoymayaq. 

Yeri gəlmişkən, yada salaq ki, Aİ Şurasının prezidenti ötən il dekabrın 12-də “Azadlıq” radiosuna müsahibəsin­də təşəbbüskarı olduğu Brüssel forma­tının ruhuna zidd fikirlər səsləndirmiş, sülhün komponenti kimi Qarabağ ermə­nilərinin bölgəyə qayıtmalarının vacib­liyindən söz açmış, etniklərin hüquqları zəminində reallığı təhrif etmişdi. Düşün­məmişdi ki, Azərbaycan həmin erməniləri öz evlərindən zorla çıxarmayıb və onların Azərbaycan vətəndaşı qismində vaxtilə yaşadıqları yerlərə qayıtmalarına heç bir maneə yoxdur. 

Cənab Mişel Qarabağ ermənilərinin bölgəyə qayıtmaları ilə paralel olaraq, Ermənistandan 1988–1991-ci illərdə qovulmuş azərbaycanlıların öz doğma yurd-yuvalarına dönmək hüquqlarının mövcudluğunu heçə saymışdı. Halbuki, Azərbaycanın, kifayət qədər, aydın və məntiqi tələbi var: Sülh müqaviləsinə Qa­rabağ ermənilərinin bölgəyə qayıtmaları xüsusu əlavə olunursa, o zaman sənəd­də Qərbi azərbaycanlıların da hüquqları eyni dərəcədə əksini tapmalıdır. 

Əlbəttə, hazırkı sərhəd insidenti bö­yük ölçüdə Ermənistanın haqq və ədalət­dən uzaqlığının, reallıqları qəbul etmək istəməməsinin, avantürizmi qorumaq niyyətinin sübutudur. Bu, bir daha onu göstərir ki, İrəvan yalnız gücün dilindən anlayır. Yəni, ona üzərinə götürdüyü öh­dəlikləri xatırlatmağın ən yaxşı vasitəsi gücdür. Əks halda, ölkə manipulyasiya­larını davam etdirəcək, ABŞ və Fransa başda olmaqla, kollektiv Qərbin Cənubi Qafqaz planlarında, ümumən bölgə üzə­rində qurulmuş qlobal oyunlarda kiçik alətə çevrilməsinə davam edəcək. Sər­həd təxribatı da İrəvanın alətə çevrilmək mahiyyətinin növbəti təzahürüdür və deməli, Ermənistan illüziya bataqlığından qurtulmağı bacarmır.

***

N.Paşinyan tez-tez Ermənistan döv­lətçiliyinin qorunmasından, ölkənin təh­lükəsizliyinin möhkəmləndirilməsi zə­rurətindən söz açır. Ancaq etdiyi əməllər göstərir ki, o, təhlükəsizlik və dövlətçiliyin qorunması naminə real tədbirlər görməyi yox, Qərbin qlobal siyasi oyunlarının ele­mentinə çevrilməyi üstün tutur. Qərb isə Yaxın Şərqdə vəziyyəti gərginləşdirdiyi kimi, eyni addımı Cənubi Qafqaz müstə­visində atmaqda maraqlıdır. 

ABŞ və Fransa kimi ölkələr özlə­rindən min kilometrlərlə uzaq, heç bir mənəvi və hüquqi məsuliyyət daşımadıq­ları regionda konfliktli durum yaratmağa çalışırlar. Onları düşündürən bir şey var – Rusiyanın və İranın sərhədlərinə yaxın ərazilərdə münaqişə ocaqları alovlansın, qanlar axsın. Bu ölkələr Cənubi Qafqazı da Yaxın Şərqə və Ukraynaya çevirmək niyyəti güdürlər, mövcud istiqamətdə zə­min hazırlayırlar. Deməli, sülh üçün heç bir əsas yoxdur. Məsələyə bu prizmadan yanaşsaq, dünən ABŞ Dövlət Depar­tamentinin rəsmi nümayəndəsi Metyu Millerin Azərbaycan və Ermənistan ara­sındakı durumla bağlı “tərəflər arasında dialoq təminatlı nizamlamanın ən yaxşı yoludur” fikri söz yığınından başqa şey təsiri bağışlamır. 

***

Qərbin hədəfi həm Rusiyadır, həm də İran. İslam respublikasının rəsmilə­ri tez-tez bildirirlər ki, Cənubi Qafqazda sərhədlərin dəyişməsinə razı deyillər, onlar üçün “qırmızı xətt”lər var və sair. Aİ müşahidəçilərinin arxasında gizlənən Ermənistan həm də bu deyimi sipər sa­yır. Doğrudur, Tehran özünün strateji maraqlarını düşünə və hesab edə bilər ki, Ermənistan ərazisindən keçirərək re­allaşdırdığı ənənəvi tranzit heç bir kənar təsirə məruz qalmamalıdır. Ancaq İran nəzərə almalıdır ki, İrəvanın ipə-sapa yatmaz hərəkətləri səbəbindən hazırda məhz həmin tranzitin təhlükəsizlik göstə­ricisi xeyli aşağı düşməkdədir. Bircə qa­lıb İrandan Ermənistan ərazisi ilə Şimal–Cənub marşrutu üzrə daşınan yüklərin Aİ-nin müşahidə missiyasının patrulları tərəfindən yoxlanılması. Qərbpərəst N.Paşinyan administrasiyası “təhlükə­sizlik baxımından” buna da gedə bilər. Onsuz da Nikol və tərəfdarları hər yerdə bar-bar bağırırlar ki, ölkənin təhlükəsiz­liyinin başlıca faktoru Aİ-nin müşahidə missiyasıdır. Hazırkı dövrdə Ermənis­tanda İranın “qırmızı xətt”lərini mövcud anlamda dəyərləndirənlər, demək olar ki, qalmayıb. Deməli, Tehranın maraqları İrəvanın manipulyativ mövqeyi naminə sığınacaqdır. Yəni, Paşinyan hazırda, faktiki olaraq, həm də Qərbin İslam res­publikasını parçalamaq oyununu gerçək­ləşdirməkdədir. Tehran onun əsl mahiy­yətini nə qədər tez dərk etsə, bir o qədər yaxşıdır. 

Bəli, Ermənistanın sərhəd zolağın­da təxribata əl atması İranı münaqişə ocağına cəlb etmək istəyidir. Paşinyan və komandası hesab edir ki, Azərbay­canı təxribata adekvat addım atmağa sövq etmək, Bakı–Tehran münasibətlə­rini gərginləşdirmək yoludur. Ona görə çox rahatdır. Bir tərəfdə Aİ, digər yanda bölgəyə daha çox bağlılığı olan İran. İrəvanda belə düşünürlər ki, bu iki amil Azərbaycanı heçə saymaq üçün kifayət­dir. Buna görə yekun sülhə razı deyillər. Hazır olmadıqlarını təxribat əməlləri ilə təsdiqləyirlər. Görünür, gələcəkdə belə əməllərin sayı artacaq. 

Sonda bir el misalımızı xatırladaq: “İlan ulduz görməsə ölməz”. İndiki du­rumda Ermənistan adlı ilan üçün ulduz gücdür. Bir daha deyək ki, ölkənin anla­dığı dil yalnız gücün dilidir. Ancaq Paşin­yan, ümumən rəsmi İrəvan və onun xa­ricdəki havadarları anlamalıdır ki, hər güc tətbiqi ilə yaranacaq durum Ermənistan üçün sülhün şərtlərini bir qədər də ağır­laşdıracaq. Əgər bu ağırlığı istəyirlərsə, təxribatlarına ara verməsinlər. 

Ə.CAHANGİROĞLU
XQ



Siyasət