Femidanın tərəzisi siyasi avantüraya əyiləcəkmi?

post-img

İrəvanın “Roma statutu” adlı siyasi avantürası və yeni ideoloji “gedişi”

Fevralın 1-dən Roma Statutunun qüvvəyə minməsi ilə bağlı Ermənistan hakimiyətinin Azərbaycana yönəlik qərəzli və məsuliyyətsiz açıqlamasına qəzetimiz özünün operativ reaksiyasını bildirmişdi. Fəqət, mövzuya yenidən qayıtmağımızı zəruri edən bəzi məqamlar var. Bu məqamlardan ən başlıcası rəsmi İrəvanın Beynəlxalq Cinayət Məhkəməsində qazandığı yeni statusundan yararlanaraq, guya, bu müstəvidə Azərbaycana qarşı bəzi iddiaları qaldıra biləcəyi ehtimalını ictimai rəyə sırımağa çalışmasıdır. Məqsəd isə məhz beynəlxalq ictimai rəy ilə manipulyasiya üzərində qurduğu ideoloji mübarizəsinə təzə nəfəs verməkdir. Əlbəttə, istər 44 günlük müharibənin gedişində, istərsə də postmüharibə dönəmində bütün cəbhələrdə ağır məğlubiyyətə uğramış Ermənistanın diplomatik isteblişmentinin həm yerli ictimaiyyətin, həm də dünya birliyinin gözündə özünü reablitasiya cəhdlərində bulunması başadüşüləndir.

Əgər həqiqətə və reallığa Femida­nın bağlı deyil, açıq gözü ilə baxılarsa, əslində, konstitusiyasında qonşu dövlət­lərə qarşı ərazi iddiasının yer aldığı Er­mənistanın özü müttəhimlər kürsüsünə oturdulmalıdır. 30 il davam edən işğal dövründə Qarabağda və ətraf rayonla­rımızda həyata keçirdiyi soyqırımından tutmuş çoxsaylı hərbi cinayətlərə, min­lərlə soydaşımızı qətlə yetirdiyinə görə ittihamlar məhz həmin Beynəlxalq Ci­nayət Məhkəməsinin tribunasından irəli sürülməlidir. Bundan başqa, işğal altın­da saxladığı onlarca şəhərimizi, minlərlə qəsəbə və kəndimizi xarabazara çevir­məsi rəsmi İrəvana xatırladılmalı, buna görə boynuna məsuliyyət yükü qoyul­malı, eyni zamanda, ondan Azərbayca­na vurduğu ziyana görə təzminat tələb olunmalıdır.

“Beynəlxalq birliyin Ermənistanın Azərbaycana qarşı təcavüzünün qar­şısını ala bilməməsi və 30 ilə yaxın müddətdə ərazilərimizin işğalına son qoyulmaması, Ermənistan tərəfindən kütləvi vəhşiliklər və insanlıq əleyhinə cinayətlər törədilməsinə, Ermənista­nın müharibəni qızışdıran bəyanat və hərəkətlərini davam etdirməsinə mane­çilik törətməməsi bu ölkədə cəzasızlıq hissinə təkan verib”. Azərbaycan XİN-in hayların baş diplomatı Ararat Mirzo­yanın Niderlandda Ermənistanın Bey­nəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulmasına həsr olunmuş mərasimdəki çıxışına verdiyi şərhdə belə deyilir. Şərhdə birmənalı şəkildə qeyd olunur ki, Mirzoyanın məlum çıxı­şı Ermənistanın Roma Statutuna qoşul­masının bu qurumlardan özünün əsas­sız iddiaları, məkrli hərəkətləri, nifrət təbliğatı, dezinformasiya və beynəlxalq hüququn yanlış təfsiri üçün istifadə et­mək cəhdidir. 

* * * 

“Ermənilər Azərbaycan torpaqlarında cinayətlər törədəndə beynəlxalq təşkilat­larla məsafə saxlayırdılar. Çünki bilirdilər ki, həmin qurumların qarşısında cavab verməli olacaqlar. Necə ki, BMT Təhlükə­sizlik Şurasının dörd qətnaməsini heç nə sanırdılar, Baş Assambleyanın qərarları­nı veclərinə almırdılar. Avropa Parlamen­tinin, Avropa Şurasının, İslam Əməkdaş­lıq Təşkilatının, eləcə də Qoşulmama Hərəkatının çoxsaylı çağırışlarına da məhəl qoymurdular”. 

Mövzu ilə bağlı “XQ”-ya açıqlama­sında bu fikirləri xüsusi olaraq vurğu­layan Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov rəsmi İrəvanın in­diki vəziyyətdə müəyyən beynəlxalq təşkilatlara soxulmaqla onlardan Azərbaycana qarşı istifadə etməyə ça­lışdığını dedi:

“Hazırda quyruğu qapı arasında qalmış Ernmənistan hakimiyyətinin bu cəhdlərinin heç bir faydası olmayacaq. Heç kəs çörəyi qulağına yemir. İrəvan həmin Beynəlxalq Cinayət Məhkəməsinə üz tutacağı halda, Bakının ermənilərin bi­zim torpaqlarımızda törətdiyi cinayətlərlə bağlı məhkəməyə onlarla, yüzlərlə fakt və sübutlar təqdim olunacaq. Əgər İrə­van düşünürsə ki, bu yolla Azərbaycana siyasi təzyiq göstərə biləcək, kökündən yanılır. Onlar üz tutduqları beynəlxalq qurumlardan, bu vaxtacan olduğu kimi, yenə də əlləri ətəklərindən uzun qayı­dacaqlar. Roma Statunun verdiyi digər imtiyaza gəldikdə isə İrəvanın Rusiya Prezidenti Vladimir Putinin həbsinə qərar verməyə cürəti çatmaz. Moskva lap əv­vəldən İrəvanın bu avantürasına kəskin tənqidini açıqladı və indiki vəziyyətdə oradan Ermənistan hakimiyyətinə min­nətçi düşənin olmayacağı aydındır”. 

Ermənistan XİN başçısı Ararat Mirzo­yanın yaramaz və satqın olduğunu Nikol Paşinyanın özünün də yaxşı bildiyinə diqqəti çəkən R.Musabəyov yaxın vaxt­larda onun tutduğu vəzifədən uzaqlaşdı­rılması ehtimalını da istisna etmədi. 

* * * 

Rəsmi İrəvan son günlər sərgilə­diyi məlum siyasi davranışları ilə Bakı üçün yeni heç nə ortaya qoymur. Bütün müstəvilərdə və platformalarda üstün mövqelərdə olan Azərbaycana hansı ci­nahdan və kimlərin vasitəsilə zərbə vur­maq barədə baş sındıran Ermənistan hakimiyyətinin sınaqdan çıxardığı yalan, dezinfiormasiya “taktikasından” heç cür irəli gedə bilmədiyi aşkar görünməkdədir. Bu durum təkcə ölkənin siyasi elitasına deyil, eyni zamanda, cəmiyyətin “daxili təzyiqinə” də mənfi təsirini göstərir. 

Tanınmış siyasi şərhçi Tofiq Abba­sov İrəvanın diplomatik savaşda ele­mentar leksikonunun belə tükəndiyini dilə gətirdi:

“Ermənistan Roma Statutu ilə bağlı böyük bir “spekulyativ” əməliyyata start verib. Biz Hayastan cəmiyyətində siya­si parçalanmaların əlamətlərini görürük. Baş nazir Nikol Paşinyan ictimai rəyi bir tərəfə, spiker Alenm Simonyan başqa tərəfə çəkir. Qərbin məlum institutlarına sıx bağlı olan bədnam xarici işlər naziri Ararat Mirzoyan isə öz oyununu oynayır. Bütün bunların bizə birbaşa təsiri olmasa da, sadəcə kiminlə tərəf müqabili oldu­ğumuzu dəqiq bilməliyik. Digər tərəfdən isə yüksək səlahiyyət sahibi olan erməni siyasi fiqurların fərqli qütblərə bağlılığı hakimiyyətdə, o cümlədən, cəmiyyətdə hərc-mərclik yaratdığı kimi, Azərbay­canla ikitərəfli dialoqda da ikibaşlılıq, anlaşılmazlıq yaradır. Düşünürəm ki, bu mərhələdə tələskənliyə yol verməməliyik. Bizi etmədiyimiz cinayətlərdə suçlamağa cəhdlər edən İrəvan bu zaman ümidlərini beynəlxalq arbitraja bağlayır. Amma bu­nun nəticəsi olacaqmı? Bu, harada gö­rünüb ki, yalançı, cinayətkar tərəfi haqlı, düzü, qarşı tərəfin əməllərinin qurbanı olanı isə günahkar çıxarsınlar? Bu, müm­kün deyil”. 

T.Abbasov sözlərinə onu da əlavə etdi ki, erməni tərəfi yaxşı bilir ki, Azər­baycan beynəlxalq Femidanın qarşısında işğalçı və talançı İrəvana qarşı təzminat məsələsini qaldıranda və bu məsələlər məhkəmə araşdırmasına çevriləndə əl­ləri boş qalacaq: “Özü üçün o arzuola­unmaz perspektivə indidən “dəstəvuz” hazırlamağa girişən İrəvanın nə müşa­hidə etdiyimiz diplomatik fəaliyyətinin, nə də deyəcəyi sözlərin heç bir əhəmiyyəti olmayacaq. Məhz, bu baxımdan, Azər­baycan ciddi və təkzibolunmaz təminat bazasına malikdir. Bu prosesə peşəkar milli hüquqşünaslarımız və neytral bey­nəlxalq ekspertlər cəlb olunub. Ermənis­tanın ötən əsrin 90-cı illərindən başladığı cinayət əməlləri bir-bir araşdırılır və mü­vafiq hüquqi rəylər hazırlanır”. 

* * * 

Niderlandda avantürist çıxışı ilə ic­timai rəydə “xüsusi effekt” yaratmağa çalışan Ararat Mirzoyanın timsalında anti-Azərbaycan kampaniyasını geniş­ləndirməyə qərar verən İrəvanın, ilk növ­bədə, özünüqoruma instikti ilə davrandı­ğı şübhə doğurmur. Bu yersiz səylərdən heç bir nəticə hasil olmayacağını təşəb­büskarların özləri də yaxşı bilirlər. Sadə­cə, onların bu gün qaldırdıqları hay-küy sabah geri çəkilmək üçün “siyasi sığına­caq nöqtəsi” hazırlamağa xidmət edir. Onların bu müstəvidə də heç bir şansı yoxdur. Bu, sadəcə məğlubiyyətini göz qabağına almış rəqibin düşəcəyi durum­da özünə haqq qazandırmaqdan ötrü ət­rafını aldatmasına bənzəyir. Amma İrəva­nın Femidanın mizan-tərəzisinin gözünü belə avantüralarla əyə biləcəyi inandırıcı deyil. Bu həqiqətin sonda Beynəlxalq Ci­nayət Məhkəməsinin tribunasından elan olunacağına qətiyyən şübhəniz olmasın. 

İmran BƏDİRXANLI
XQ





Siyasət