Ermənistan–Azərbaycan şərti sərhədində bir neçə aydır hökm sürən nisbi sakitlik fevralın 12-də pozuldu. Həmin gün Ermənistan tərəfinin Azərbaycan Ordusunun Zəngilan istiqamətində, rayonun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqelərini atəşə tutması nəticəsində Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Pərviz Xəlilzadə yaralandı.
Baş vermiş hərbi təxribat ölkəmizdə, haqlı olaraq, ciddi etiraz yaratdı. Fevralın 13-də Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən qisas əməliyyatı keçirildi. DSX-nin mətbuat mərkəzinin yaydığı məlumata görə, əməliyyat nəticəsində əsgərimizə atəş açılan Ermənistan ordusunun Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi yaxınlığındakı döyüş postu tamamilə darmadağın edildi, döyüş mövqeləri susduruldu. Məhv edilmiş döyüş postunun şəxsi heyəti arasında ciddi itkilərin olması barədə məlumatlar var.
DSX Ermənistan tərəfinin şərti sərhəddə əməliyyat şəraitinin gərginləşdirilməsinə yönələn hər bir təxribatına bundan sonra daha ciddi və qəti tədbirlərlə cavab veriləcəyini bəyan etdi. Eyni zamanda, baş vermiş hadisəyə görə məsuliyyətin tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyü qeyd edildi.
Fakt üzrə Qubadlı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılaraq, şahidlər dindirilir, müvafiq ekspertizalar təyin edilərək, icraya yönəldilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilir.
Eyni zamanda, Müdafiə Nazirliyinin dünən yaydığı məlumatda bildirildi ki, fevralın 12-si saat 20:50-də və 23:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Ermənistan müdafiə nazirliyi isə dörd hərbçisinin öldüyünü, birinin yaralandığını etiraf edib.
Hərbi təxribata dərhal cavab verilməsi Prezident İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi fikirləri bir daha təsdiqlədi. Xatırladaq ki, dövlət başçımız müsahibəsində demişdi: “Ona görə biz heç vaxt sakitləşməməliyik və xatırlayırsınızsa, mən İkinci Qarabağ müharibəsindən sonra demişdim ki, biz daha güclü ordu yaratmalıyıq. Bunu da etdik. Biz son üç il ərzində böyük yol keçmişik. İndi bunların hamısını demək yəqin ki, düzgün olmaz, amma mətbuatda olan məlumat kifayətdir. Yeni silahlı birləşmələr antiterror tədbirlərində çox önəmli rol oynamışdılar, yeni texnika, yeni sursatlar, ən müasir avadanlıq. Mən artıq bunu demişəm, bu il müdafiə sənayesi kompleksinin nəzdində olan zavodlarımıza həm dövlət, həm özəl sektor tərəfindən ən azı bir milyard manat investisiya qoyulacaq. Yəni, biz özümüzü daha böyük həcmdə lazım olan vasitələrlə təmin edəcəyik. Yəni, biz heç vaxt sakitləşə bilmərik. Bizim ordu quruculuğu prosesi davam edəcək və Ermənistan da bilməlidir, o, nə qədər silah alsa da, onlara nə qədər ürək-dirək versələr də, əgər bizə qarşı hər hansı bir təhlükə mənbəyi olsa, biz dərhal o təhlükə mənbəyini məhv edəcəyik. Mən bunu gizlətmirəm ki, sabah heç kim deməsin nəsə gözlənilməz oldu. Qoy eşidən eşitsin ki, biz görsək, bizə qarşı real təhlükə, o Fransanın sınıq-salxaq “Bastion” maşınları, o konserv bankaları yox, real təhlükə yaransa, biz preventiv addımlarla o təhlükəni istənilən nöqtədə məhv edəcəyik”.
Girişdə qeyd etdiyimiz kimi, şərti sərhəddə bir neçə aydır nisbi sakitlik mövcud idi. Hər iki tərəfdən silahlar susmuşdu. Daha doğrusu, Ermənistandan təxribatlar olmadığı üçün Azərbaycan Ordusunun bölmələri kazarmalarda idi. Bu məqamı Prezident İlham Əliyev də fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən qeyd etmişdi. Dövlətimizin başçısı bildirmişdi ki, Azərbaycanla Ermənistan arasında artıq de-fakto sülh mövcuddur və iki ölkənin sərhədində bir neçə aydır sülh şəraiti hökm sürür. Amma bu prosesin məntiqi sonluğa çatdırılması üçün sülh müqaviləsi imzalanmalı və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır.
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də bir müddət öncə Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibəsində bu barədə danışmışdı. Qeyd etmişdi ki, sentyabrın 19-20-də keçirilən antiterror tədbirlərindən və Azərbaycanın suverenliyinin tam bərpasından sonra iki ölkə arasında gərginliyin əsas mənbəyi olan Qarabağ məsələsi gündəmdən tamamilə çıxarılıb: “Beləliklə, hazırda biz sülh sazişinin bağlanmasına ciddi maneə görmürük. İndi biz iki ölkə arasında son 30 ilin ən sakit günlərini müşahidə edirik. Hər iki ordu öz kazarmalarına qayıtdığı gündən hətta atışma da baş vermir...”
Xarici İşlər Nazirliyinin dünən yaydığı məlumatda deyilir ki, hərbi qulluqçumuzun yaralanması ilə nəticələnən hərbi təxribatdan sonra Azərbaycan tərəfi erməni hərbi postundan irəli gələn təhlükəni aradan qaldırıb: “Bu tədbir sırf cavab tədbiri idi. Azərbaycan sülh prosesinə sadiqdir və Ermənistan tərəfini bu istiqamətdə səyləri təhlükə altına qoya biləcək hərbi eskalasiyalardan çəkinməyə çağırır”.
Baş vermiş hadisəyə münasibət bildirən Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycan və Ermənistanı təmkinli olmağa çağırıb. “Hər iki tərəfi təmkinli olmağa çağırırıq. Biz diqqətlə izləyəcəyik”, – deyən Kreml sözçüsü əlavə edib ki, belə hadisələr danışıqlar prosesinin irəliləməsinə kömək etmir və Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasına yaxınlaşdırmır. Rusiya Prezidentinin mətbuat katibi vurğulayıb ki, sülh müqaviləsinin imzalanması üçün danışıqlar prosesinin davam etdiriləcəyinə ümidvardır.
Rusiyalı analitik, Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov Azərbaycan–Ermənistan şərti sərhədində baş verən eskalasiyanın Fransa tərəfindən təşkil olunduğunu bildirib. Politoloq Bakı və İrəvanın sülh müqaviləsini imzalamağa hazırlaşdığı vaxtda baş verənlərin suallar doğurduğunu vurğulayıb: “Niyə? Axı hər iki tərəf sülh müqaviləsi imzalamaq istəyir. Mümkündür ki, suala cavab hadisə yerindədir. Çünki Ermənistan ordusu Avropa İttifaqı missiyasının yerləşdiyi ərazidən zərbələr endirib. Mümkündür ki, bunun təşəbbüskarı Fransa kəşfiyyatıdır. Çünki Makron Rusiyanı bu mövqedən itələyib çıxarıb, Ermənistanın əsas hərbi müttəfiqi olmaq istəyir. Ona görə də, Fransa, Aİ və NATO Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatların əsas benefisiarlarıdır”.
Ehtiyatda olan polkovnik Cəlil Xəlilov Ermənistan ordusunun törətdiyi təxribatı şərh edərkən bildirib ki, son hadisələr İrəvanın sülhdən uzaq olduğunu, bölgədə vəziyyəti məqsədli şəkildə gərginləşdirməyə çalışdığını göstərir: “Qarşı tərəf şərti sərhəddə vaxtaşırı bu cür insidentlər törətməklə bölgədə vəziyyəti daim gərgin saxlamağa çalışır. Məqsəd regionda davamlı sülhün qarşısını almaqdır”.
Onun sözlərinə görə, sərhəd təxribatları həm regional sülhü sual altında qoyur, həm də beynəlxalq hüquqa hörmətsizlikdir: “Əlbəttə, bu, Ermənistanın məqsədyönlü təxribatı idi. Bunu sübut edən konkret faktlar var. Yayılan videogörüntülərdən aydın olur ki, bu təxribatlar əvvəlcədən hazırlanıb. Kadrların təhlili göstərir ki, erməni snayperi sərhədçimizə atəş açandan dərhal sonra öz mövqeyini rahat şəkildə tərk edir. Yəni, erməni snayperi məqsədli şəkildə ön xətdə yerləşdirilib və Azərbaycana qarşı təxribat törədib. Hadisənin bir neçə erməni hərbçisinin iştirakı ilə törədilməsi onu deməyə əsas verir ki, İrəvanın bu təxribatı hansısa əsgərin özfəaliyyəti kimi təqdim etməyə çalışması absurddur və həqiqətdən uzaqdır”.
Siyasi şərhçi Asif Nərimanlı bildirib: “Baş verənlərə görə Ermənistanın hərbi-siyasi rəhbərliyi ilə yanaşı, Avropa İttifaqının missiyası da məsuliyyət daşıyır. Missiya normalda insidentə reaksiya verməli, baş vermiş təxribatı qınamalı idi. Ancaq onlar nədənsə, bunu etmədilər. Görünən odur ki, avropalı emissarlar hadisəni araşdırmağa belə cəhd göstərmirlər. Halbuki, baş vermiş hadisəyə münasibət bildirmək onların vəzifəsidir. ABŞ, Fransa vəziyyəti gərginləşdirməklə Ermənistanda və regionda mövcudluqlarını qoruyub saxlamaq istəyirlər. Amma Ermənistan, nəhayət, başa düşməlidir ki, bundan sonra heç kim onun arxasında dayana bilməyəcək”.
Səxavət HƏMİD
XQ




