“Dağlıq Qarabağ problemi”nin yoxluğu barədə bir neçə söz
Belə bir lətifə var: Ayı bala dovşanı vurur. Bala dovşan anasının yanına gəlib birincidən şikayənlənir. Ana dovşan balasını götürüb ayının yanına gəlir. Hiddətlə ondan balasını bir daha vurmasını istəyir. Ayı vurur, bala dovşan şil-küt olur. Özünə gələr-gəlməz ana dovşan yenə ayıdan əməlini təkrarlamasını istəyir. Ayı yenə də tənbəllik eləməyib bala dovşanı şillələyib. Üçüncü dəfə ana dovşan ayıdan balasını vurmağı tələb edəndə ayının yazığı gəlir. Boyun qaçırır.Yolda bala dovşan ağlaya-ağlaya anasından gileylənir: “Sən niyə məni müdafiə eləmədn? Ana dovşanın cavabı belə olur: Hünəri var idisə, səni üçüncü dəfə də vuraydı, görərdi neylərəm...”
Ermənistan hakimiyyətinin hazırkı durumu ana dovşanın günündədir. Artıq sərhəd təxribatı nəticəsində öldürülən erməni hərbçilərinin sayının dördə çatdığı bildirilir. Ancaq ölkə iqtidarı nəticə çıxarmır. Əslində, mövzumuz da elə rəsmi İrəvanın olanlardan nəticə çıxarmadığının növbəti təzahür formasıdır. Əlbəttə ki, bir qədər fərqli...
Ermənistan hakimiyyətinin Qarabağ avantürasının məngənəsində boğulduğu faktdır. Bu avantüra üçün beynəlxalq hüquq, haqq-ədalət anlayışları yoxdur, yalnız kor iddia var. Elə bir iddia ki, nəinki Azərbaycan torpaqlarına, ümumən qonşuluqdakı xalqların ərazilərinə göz dikmək kimi sərsəmliyə əsaslanır, tipik erməni xəstəliyinin təzahürü kimi meydana çıxır.
Baş nazir Nikol Paşinyan iqtidara yiyələnəndə düşünmək olardı ki, Ermənistan hakimiyyəti ölkəni cənginə almış xəstəlikdən qurtulmaq üçün iradə nümayiş etdirəcək. Lakin gözləntilər özünü doğrultmadı. Paşinyan və komandası, sanki, özlərindən əvvəlkilərdən daha pis, bəlkə də daha yaxşı erməni olmaq yarışına girdilər və beləliklə, ortaya Nikolun “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı çıxdı.
Sözügedən bəyanatın nələrə başa gəldiyindən söz açıb Ermənistanın 44 günlük müharibədəki rüsvayçı məğlubiyyətinin ayrı-ayrı fraqmentlərini yada salmaq niyyətindən uzağıq. Çalışacağıq ki, Qarabağ avantürasının bilavasitə Ermənistan hakimiyyəti üçün də aktuallığını kiçik bir epizodla göstərək. Bəri başdan deyək ki, mövcud xüsusda üzərində dayanacağımız başlıca fiqur, daha doğrusu, fiqur qırığı Ermənistanın xarici işlər nazirliyinin mətbuat katibi Ani Badalyandır.
Məsələ bundadır ki, iki gün əvvəl erməni politoloq Sergey Melkonyan Ermənistan XİN-nin saytına baxanda, oradakı “Dağlıq Qarabağ problemi” bölümünün yoxa çıxdığını görüb. Politoloq dərhal vay-şivən qaldırıb və durumu özünün sosial şəbəkə profilində ictimailəşdirib. Məsələ müəyyən ajiotaj doğurub. Haşiyə çıxaq ki, Ermənistan XİN-in rəsmi internet səhifəsindəki “Dağlıq Qarabağ problemi” bölümündəki materiallar erməni, rus, ingilis və fransız dillərində idi və başdan-ayağa cəfəngiyyata əsaslanırdı.
Əlqərəz, Melkonyanın hay-küyündən sonra müxtəlif erməni rəsmiləri məsələni texniki problem kimi əsaslandırmağa çalışıblar. Müzakirələrə son nöqtəni isə adını çəkdiyimiz A.Badalyan qoyub. Xanım mətbuat katibi erməni mediasının sualına bircə cümləlik fikirlə münasibət bildirib. O, bildirib ki, təmsil olunduğu qurumun rəsmi internet saytındakı “Dağlıq Qarabağ problemi” bölümü çıxarılmayıb, zamanı gələndə yenidən saytda əksini tapacaq.
Yəqin, Badalyanın “zamanı gələndə” məntiqinin nədən ibarət olduğunu heç kəs başa düşmədi. Görəsən, mətbuat katibi belə münasibət bildirməklə nə demək istəyib? Axı məlumdur ki, Qarabağ münaqişəsi tarixin arxivinə gömülüb və bir daha oradan çıxarılmayacaq. Başlıca məqam isə əvvəldə haqqında söz açdığımız avantürizmdə, tipik erməni xəstəliyindədir. Ona görə Badalyanın yanaşmasının sırf psixoloji mahiyyət daşıdığını deməliyik.
Xanım mətbuat katibinin və təmsil olunduğu qurumun şansı var idi ki, məsələyə düzgün reaksiya versin, ancaq iradəsi çatmadı. Yəni, deyilmədi ki, Qarabağ münaqişəsi adlı bir məfhum artıq sıradan çıxdığından, Qarabağ beynəlxalq hüquq nöqteyi-nəzərindən Azərbaycana məxsus olduğundan, onunla bağlı bölümün Ermənistan XİN-in rəsmi saytında yer alması düzgün deyil. Əvəzində Badalyan, belə demək mümkünsə, ana dovşan olmağı üstün tutdu və sanki ölkəsini yenidən döyülmək üçün Azərbaycanın qabağına qoydu. Hələ zaman uydurmağı da yaddan çıxarmadı.
Sonda bir daha erməni xəstəliyindən söz açaq. Vurğuladığımız kimi, haqqında söz açdığımız məsələ Ermənistanda ajiotaj doğurmuşdu. Bildirilmişdi ki, “Dağlıq Qarabağ problemi” bölümü Ermənistan XİN-in rəsmi saytından çıxarılırsa, deməli, İrəvan Bakının həmin problemin artıq olmadığına dair fikri ilə razılaşır. Görəsən, razılaşmayıb nə etməlidir? Problem bundadır ki, Ermənistandakı başıpozuqlar məsələ barədə düşünmür, reallıqları görmürlər. Yəni, əslində, Badalyan tək deyil. Ölkənin avantürizmə qapılmış, tipik erməni xəstəliyindən əziyyət çəkən kəsimi əməlləri ilə ölkəni, obrazlı desək, bala dovşanın gününə salmaq istəyirlər. Elə sanırlar ki, öldürücü zərbə ilə üzləşməyəcəklər. Ancaq səhvə yol verirlər. Problem həm də onadır ki, hazırda ana dovşan olan Ermənistanın sahibləri az deyil. Onu döydürmək istəyənlər sıraya düzülüblər.
Ə.RÜSTƏMOV
XQ

