Bir səfirin xülyaları

post-img

Mehdi Sübhani yuxusunda Ermənistanı bölgənin nəqliyyat qovşağı kimi görür

İran dövlətinin Ermənistandakı səfiri Mehdi Sübhani rəsmi Tehranın mövqeyinə tamamilə tərs mütənasib olan fikirlər səsləndirməkdə davam edir. 

“Ermənistandan Qara dənizə yol Azərbaycan ərazisindən daha qısadır. Əgər biz zəruri infrastrukturu yarada bilsək, eləcə də gömrük tariflərini aşağı salsaq, bu halda Ermənistan bölgənin nəqliyyat qovşağına çevriləcək. Təbii­dir ki, bu, yükdaşımaları ilə bağlı iqtisa­di məsələdir. Yük maşınının sürücüsü görsə ki, bu yolla getmək daha sərfəli­dir, o, bu marşrutu seçəcək. Yəni, bu, suverenliklə bağlı olmayan, sırf iqtisadi məsələdir”. 

Altniyyətli bu sərsəm açıqlamanı səfir Mehdi Sübhani “news.am” saytına müsahibəsində verib. Onun Şimal-Cə­nub beynəlxalq nəqliyyat dəhlizi layihəsi ilə bağlı dedikləri heyrət qarışıq ironiya doğurur: “İran və Avrasiya İqtisadi İt­tifaqı ölkələri arasında sərbəst ticarət barədə razılaşma böyük təsir gücünə malikdir. Çünki İrandan ötrü Ermənistan 200 milyon əhalisi olan Avrasiya iqtisadi bazarına çıxış üçün platforma deməkdir. Əlbəttə, biz Ermənistanı da 3 milyonluq əhalisi ilə faydalı bazar kimi görürük”. 

Səfir müsahibəsində son bir ildə iki ölkənin yüksək ranqlı məmurlarının qarşılıqlı səfərlərinin artdığını və bunun münasibətlərə xüsusi dinamika verdi­yini ayrıca qeyd edir. Yaxın vaxtlarda hökumətlərarası komissiyanın növbəti iclasının keçiriləcəyini ərz edən Süb­hani həmin görüşlərin ikitərəfli münasi­bətlərin inkişafına yeni stimul verəcəyi­ni, əməkdaşlığın gələcək istiqamətləri üçün uzun bir syahının hazırlandığını ayrıca vurğulayır. 

Daha sonra “news.am” müxbirinin İran, Rusiya və Hindistanın Ermənista­na Şimal–Cənub əsas nəqliyyat marşru­tunun keçəcəyi ölkə qismində nəzərdən keçirdikləri barədə sualını səfir belə ca­vablandırıb: “Biz adekvat infrasktukturu yaratmaqdan ötrü İran iqtisadiyyatına kifayət qədər böyük həcmdə investisi­yalar qoyuruq. Ermənistan büdcəsindən və digər imkanlarından istifadə edərək öz işini Asiya Bankı vasitəsilə həyata keçirir. Ola bilsin ki, bu layihəyə maraq göstərən xarici şirkətlər də tapılacaq. Düşünürəm ki, onlar bu addımı atmağa hazır olarlar. Burada ən önəmli məsələ yolun inşa edilməsidir”. 

* * * 

Cənab səfirin iki ölkə arasında tica­ri-iqtisadi əlaqələr barədə dedikləri ilə işimiz yoxdur. Əlbəttə ki, bu xarakterli əməkdaşlıq, xüsusilə, qonşu dövlətlərin maraqlarının kəsişdiyi layihələrlə bağlı ortaq layihələrin icrası həmin ölkələ­rin daxili işləridir. Sadəcə, bu iqtisadi məsələlərin altından boylanan və bölgə­dəki üçüncü ölkənin ərazi bütövlüyünə, suverenliyinə yönəlik avantürist isma­rıclar, ehkamlar qətiyyən qəbul edilə bilməz. Dövlətlərarası münasibətlərə xələl gətirə biləcək belə təxribatçı siyasi açıqlamalar diplomatik ranqa malik sə­firin dilindən səslənəndə isə tamamilə fərqli kontekstdə qəbul olunur, xüsusi məna kəsb edir. Çünki səfir öz ölkəsinin xaricdə təmsilçisi kimi, həm də onun si­yasi kursunun, rəsmi mövqeyinin ifadə­çisidir. Mehdi Sübhaninin məhz bu incə məqamı “unutduğunu” söyləyə bilərik. Həm də bu, üzdəniraq diplomatın eyni xarakterli ilk qələti deyil. 

Səfirin erməni saytına müsahi­bəsinin “kulminasiya nöqtəsi” isə sonuncu sual və onun həmin suala verdiyi cavabdır:

“Cənab səfir, Tehran və Bakı Azər­baycanı Naxçıvanla birləşdirəcək ərazi üzərində yolun çəkilməsi ilə bağlı razı­lığa gəlmələrinə baxmayaraq, Azərbay­can yenə də “Zəngəzur dəhlizi” tələbi ilə təhdidlərini davam etdirir.Bu məsələdə Ermənistanın ərazi bütövlüyünü müda­fiə edən İranın mövqeyi bizə məlumdur. Bəs, Tehran Azərbaycan tərəfdən Sü­nikə (Zəngəzura) təhlükəni görürmü? 

– Bizim təqdim etdiyimiz imkanlar bütün ölkələrin biznesini və ticarətini inkişaf etdirmək üçün nəzərdə tutulub. Əlbəttə, bu əlaqələr, ilk növbədə, ölkələ­rin ərazi bütövlüyünə, suverenliyinə və tanınmış sərhədlərinə hörmətə əsaslan­malıdır. Bu məsələdə beynəlxalq nor­maların pozulması yolverilməzdir”. 

* * * 

Vaxtilə İranın Azərbaycandakı sə­firliyinin 2-ci katibi vəzifəsində işləmiş Mehdi Sübhani məhz sonuncu suala cavabında dişinin altında sıxıb saxla­dığını, başqa sözlə, sözünün “mustafa­sı”nı açıq mətnlə ifadə edir. O, Bakıya ünvanladığı şübhə doğurmayan ismarı­cında Hayastanın vəkili qismində çıxış edir. Sübhani özünün diplomatik missi­yasına xəyanət edərək, üçüncü dövlə­tin ərazisi barədə beynəlxalq hüquqa zidd, reallıqdan uzaq bəyanatlar verir. Bu, həmin Sübhanidir ki, üç ay bun­dan əvvəl erməni jurnalistin “Azərbay­canın Qarabağ bölgəsinin sakinlərinin hüquqlarının müdafiəsi ilə bağlı rəsmi Tehranın mövqeyi necədir?” – sualına – “Qarabağ əhalisinin, hər bir sakinin hüquqları təmin edilməlidir. Onların öz müqəddəratını təyinetmə hüququna hörmətlə yanaşılmalıdır. Bu, bir reallıq­dır ki, heç kim, o cümlədən, Azərbaycan dövləti bu hüququ tapdalaya bilməz” – şəklində cavab vermişdi.

O zaman özünəməxsus şəkildə Qa­rabağ iqtisadi rayonumuzda yaşamış er­məni əhalini “Qarabağ xalqı” adlandıran, onların üzləşdikləri təhlükə ucbatından bölgədən getməyə məcbur olduqlarını deyən, Zəngəzur dəhlizinin mahiyyətini təhrif edən Mehdi Sübhaninin təxribatçı açıqlamalarına Azərbaycan XİN layiqli cavab vermişdi. Fəqət rəsmi Tehran bu fakta hələ də münasibət bildirməyib.

İndiki məqamda Tehranın səfirin dili ilə Ermənistanla bağlı bu qədər açıq si­yasi ritorika ilə danışması müəyyən eh­timallara yol açır. Üstəlik, bir neçə gün əvvəl İİR Ali Dini Rəhbərinin köməkçisi Kamal Xarazinin İrəvana səfəri, Ermə­nistanın siyasi rəhbərliyi ilə görüşü də suallar doğurur. Daha doğrusu, sualla­rın mənzərəsini açıqlayır. Cizgiləri aydın görünən siyasi tablo onu deyir ki, Tehran güclü, döyüşməyə hazır İrəvan görməyi arzulayır. Bir qədər əvvəl həmin Sübha­ni Hindistan silahlarının İran ərazisindən Ermənistana daşınması məsələsinə şərh verərkən etiraf edib ki, Tehran güc­lü Ermənistan görmək istəyir. Növbəti qələtində isə səfir İranın Zəngəzurda söz sahibi olmağa çalışması ilə bağlı yayılan xəbərləri feyk adlandırmaqla tələskənliyə yol verib. O, bununla hətta rəsmi Tehranı qabaqlayıb.

İİR-in İrəvandakı elçisi Mehdi Süb­haninin öz statusu ilə bir araya sığma­yan siyasi iddiası, təkcə diplomatik eti­keti deyil, siyasi əndazəni aşması rəsmi Tehranın Azərbaycana qarşı qeyri-səmi­mi davranışının növbəti nümunəsi kimi qəbul edilməlidir. Bunun başqa izahı yoxdur! 

Fərid ŞƏFİYEV, 
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri, politoloq 

İrəvanın Tehranla əlaqələrini inki­şaf etdirməsi normaldır. Nikol Paşin­yanın Böyük Britaniyanın “Telegraf” qəzetinə müsahibəsində Ermənista­nın İranla hərbi, təhlükəsizlik sahələ­rində əməkdaşlığı davam etdirəcəyini deyib. Bakının Naxçıvana çəkiləcək yolla bağlı Tehranla münasibətlərin­də müəyyən müsbət tendensiya var. Artıq həmin yolun inşası gedir. Amma təəssüflər olsun ki, bəzi fundamental məsələlərə yanaşmada İranla prob­lemlərimiz hələ qalır. Məndə olan məlumata görə, Tehrandakı səfirliyi­mizə məlum hücumla bağlı məsələ hələ tam həllini tapmayıb. Tehranın İrəvandan Azərbaycana qarşı bir alət olaraq istifadə etmək siyasətindən əl çəkməyib. 

Doğrudur, Bakı İran və Ermənis­tan arasında əməkdaşlığa etiraz et­mir. Bu, onların suveren hüququdur və buna hörmətlə yanaşılmalıdır. Di­gər tərəfdən onu da qeyd etməliyik ki, məsələn, Şimal–Cənub nəqliyyat dəhlizi ən ucuz layihədir və onun cəmi bir seqmenti qalır. Söhbət As­tara–Rəşt marşrutundan gedir. Bu la­yihə ilə də bağlı problemlər həll edil­məyib. Bütün bunlar onu göstərir ki, İran bu transmilli nəqliyyat habının Azərbaycanın iştirakı ilə yaradılması­na maneçilik törətməyə çalışır. Əgər praqmatik yanaşılsa, bu dəhlizin Er­mənistandan keçməsinə daha böyük sərmayə və daha çox vaxt tələb olu­nur. Halbuki, Azərbaycan ərazisi ilə bu marşturun bütün infrastrukturu artıq hazır vəziyyətə gətirilib. Yəni, bu, daha ucuz variant sayılır. Təbii ki, burada seçim İranındır və hər şeydən göründüyü kimi, Tehran seçimi Er­mənistanın xeyrinə edəcək.

İ.HƏSƏNQALA
XQ



Siyasət