Xarici jurnalistlər Paşinyana NATO-ya üzvlüklə bağlı suallar veriblər
Bu ilin mayında Nikol Paşinyanın Ermənistana rəhbərlik etməsinin altı ili tamam olacaq. Paşinyanın hakimiyyətə gəlişi böyük hay-küyə səbəb olmuşdu. Həmin dövrdə İrəvanda baş verənlər dünyada və regionumuzda, o cümlədən, Azərbaycanda və Rusiyada da diqqətlə izlənilirdi. Məsələ onda idi ki, Paşinyanın rəhbərlik etdiyi hərəkat bu müddət ərzində Ermənistanda kök salmış və bütün sahələrə öz adamlarını yerləşdirmiş, talançılıqla məşğul olmuş “Qarabağ klanı”nı tarixin səhnəsindən, necə deyərlər, süpürüb atmışdı.
Proseslərin Azərbaycanda diqqətlə izlənilməsi o dövrdə hələ həllini tapmamış Qarabağ münaqişəsi ilə bağlı idi. Rusiya tərəfinin qayğısı isə Paşinyanın Qərbpərəst keçmişi, onun deputat olduğu dövrdə verdiyi açıqlamalarla bağlı idi. Ancaq Rusiyanın Ermənistan üçün etdiyi yaxşılıqların misilsiz dərəcədə böyük olması, Hayastanın yaradıcısının Moskva olması, iki ölkəni bir-birinə bağlayan bağların möhkəmliyi Paşinyanın əl-qolunu yanına sallamasına gətirib çıxardı. Bununla belə, Nikolun bu istiqamətdə tamamilə boş oturduğunu da iddia etmək doğru olmazdı. Onun dərhal hərəkətə keçərək əsas rəqibi, Rusiyaya xüsusi yaxınlığı ilə seçilən sabiq prezident Robert Koçaryanı həbs etdirməsi bunun bariz nümunəsi oldu. Paşinyan həmin dövrdə Moskvadan Koçaryanın azadlığa buraxılmasına dair ünvanlanan çoxsaylı çağırışları qulaqardına vurdu. Koçaryanın pensiyasından başqa bütün əmlakına həbs qoyuldu. 2018-ci ilin avqustunda həbs olunan, sonra azadlığa buraxılan, daha sonra yenidən həbs edilən Qarabağdakı separatizm hərəkatının əsas təşkilatçısı yalnız 2020-ci ilin iyununda canını ədalət mühakiməsindən qurtara bildi.
Ümumilikdə, Paşinyanın hakimiyyətə gəlişi ilə hamar, möhkəm Ermənistan–Rusiya münasibətləri geosiyasi turbulentlik (fırtınalı, burulğanlı, dalğavari) dövrünə qədəm qoydu. Buna baxmayaraq, 2020-ci ilədək zahirən hər şey qaydasında görünürdü. Qarabağ məsələsinin həllini tapmaması da rəsmi İrəvanın manevr imkanlarını azaldırdı. Ermənistan Qarabağ məsələsində Rusiyanın dəstəyinə çox arxalanırdı. Ancaq Azərbaycanın yürütdüyü sabit, ardıcıl, müstəqil və balanslı xarici siyasət kursu, Rusiya ilə əlaqələrin keyfiyyətcə yeni müstəviyə qədəm qoyması rəsmi Moskvanın Qarabağ məsələsinə baxışlarında da müsbət mənada dəyişikliyə səbəb oldu. Eyni zamanda, Azərbaycanın uzun və yorucu danışıqlar prosesi zamanı edilən təzyiqlərə mərdliklə sinə gərməsi, İrəvanın isə müxtəlif geosiyasi mərkəzlər arasında manevr etməsi də bu məsələdə öz rolunu oynadı. Beləliklə, Rusiyada da aydın dərk etdilər ki, Qarabağ Azərbaycandır!
Paşinyanı siyasətdə naşı, avantürist adlandıranlar səhv etmirlər. Ermənistanın əvvəlki rəhbərləri – xüsusilə Koçaryan və Sarkisyan isə siyasi hazırlığa malik, necə deyərlər, siyasətdə bişmiş, bic, hiyləgər şəxslər idilər. Paşinyan birinci sinfə gedəndə – 1982-83-cü illərdə Koçaryan və Sarkisyan Azərbaycan SSR-in tamhüquqlu vətəndaşları kimi Bakı Ali Partiya Məktəbində oxuyurdular. Koçaryan və Sarkisyanın hiyləgərliyi danışıqlar prosesi zaman öz sözünü deyirdi. Onlar uzun-uzadı danışıqlar aparır, əksər məsələr razılaşdırılır, son məqamda isə elə şərtlər irəli sürürdülər ki, bunun nəticəsində bütün proses pozulurdu. Yaxud da, son anda ən müxtəlif bəhanələrlə aradan çıxırdılar. Bunun ən mühüm örnəyi Rambuye danışıqlarıdır. 2006-ci il fevralın 10-da Parisin 45 kilometrliyindəki Rambuye şəhərindəki tarixi qəsrdə Qarabağ münaqişəsinin yekun həlli üçün danışıqlar aparılırdı. Fevralın 11-də keçirilən növbəti görüşdə Koçaryan ayaqyoluna getmək adı ilə danışıqları yarımçıq saxlamışdı. Bundan sonra isə heç kimə xəbər vermədən Rambuye qəsrini tərk edərək Parisdən İrəvana uçmuşdu. O, sonradan bunu həmin vaxt müdafiə naziri olan Serj Sarkisyanın qayınanasının ölümü ilə əlaqələndirmişdi. Əslində isə həmin addım son anda aradan çıxmağın daha bir nümunəsi idi.
Koçaryan–Sarkisyan cütlüyünün bu hiyləgər gedişləri Paşinyanda yox idi. Paşinyan 2019-cu ilin avqustunda Xankəndi şəhərindəki mərkəzi meydanda çıxış edərək, “Qarabağ Ermənistandır və nöqtə” dedi. Bununla da faktiki olaraq, danışıqlar prosesi pozuldu. Məhz Paşinyanın yürütdüyü siyasət 2020-ci ilin iyulunda Tovuz döyüşlərinin, həmin ilin payızında isə Vətən müharibəsinin baş verməsində həlledici rol oynadı.
Azərbaycanın gücünü, ölkəmizin potensialının qat-qat üstün olduğunu lazımınca qiymətləndirməyən Paşinyan yenə də xarici aktorlara arxalandı. Ancaq Azərbaycanın ordu quruculuğu, vətənpərvər gənc nəslin yetişdirilməsi, dünyanın yaxın-uzaq ölkələri, beynəlxalq təşkilatlarla apardığı iş öz sözünü dedi. Prezident İlham Əliyevin dediyi kimi, heç bir qüvvə bizi dayandıra bilməzdi. Yalnız Ermənistan rəhbərliyi tərəfindən rəsmi Bakının işğal olunmuş ərazilərdən çıxmaqla bağlı tələbi yerinə yetirildikdən sonra hərbi əməliyyatlar dayandırıldı. Döyüşlərin dayandırılmasında Rusiya rəhbərliyinin aktiv vasitəçilik səyləri mühüm rol oynadı.
Qarabağ münaqişəsinin həllini tapmasından sonra Ermənistanda Rusiyaya qarşı açıq çıxışlar başladı. Bu çıxışlardan məlum oldu ki, haylar Rusiyanın Azərbaycanla döyüşməsini gözləyirmişlər... Müharibədən ötən dövrdə – 2020-2023-cü illərdə Ermənistanın Rusiya ilə münasibətləri pisləşməyə doğru getdi. İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını öz vəzifə öhdəliyini yerinə yetirməməkdə ittiham etdi. Lokal xarakterli antiterror tədbirlərindən sonra isə Ermənistanın Rusiya ilə münasibətləri daha da korlandı. İrəvan Moskvaya demarş edərək MDB-nin, KTMT-nin yüksək səviyyəli tədbirlərinə qatılmaqdan imtina etdi. Paşinyan yalnız 2023-cü ilin sonunda Avrasiya İqtisadi İttifaqının (Aİİ) dövlət və hökumət başçılarının Sankt-Peterburqda keçirilən görüşünə qatıldı. Həmin görüşdə isə bildirdi ki, Aİİ iqtisadi təşkilatdır və onun geosiyasi gündəmi olmamalıdır.
Bu gün isə Paşinyan artıq “Qarabağ yükü”nün ağırlığı və məsuliyyəti üzərindən götürüldüyü üçün Qərb strukturlarına daha geniş inteqrasiya edir. Onun fevralın 7-də parlamentdə çıxış edərkən dediyi sözlər bundan xəbər verir. Deyib ki, bizim mühitimiz və münasibətlərimiz dəyişib: “Bu gün qlobal dünya 5 il əvvəlki kimi deyil. Artıq heç bir subyektlə münasibətlərimiz əvvəldə olduğu kimi deyil, bu münasibətlərin xarakteri dəyişib, regionumuz da dəyişib”.
Paşinyanın sözlərinə görə, Gürcüstanın Aİ-yə üzvlük üçün namizəd statusu alması regionumuza obyektiv təsir göstərir: “Hazırda bizim iki qonşu ölkəmiz (Paşinyan Ukraynanı nəzərdə tutur–S.H.) Aİ-yə üzv olmaq üçün namizəd statusuna malikdir. Əvvəllər biz deyirdik ki, Aİ haradadır, bizim regionumuz harada. İndi isə Aİ, əslində, mahiyyətcə bizim regionumuzdur və biz bu şəraiti nəzərə almalıyıq”.
Görün iş hansı yerə gəlib çıxıb ki, artıq xarici jurnalistlər Paşinyana ölkəsinin NATO-ya üzv olub-olmayacağı barədə suallar verirlər. İki gün öncə Böyük Britaniyanın “The Telegraph” qəzetinin müxbiri Paşinyana bununla bağlı sual ünvanlayıb. Baş nazir deyib: “Biz NATO-ya üzvlük məsələsini müzakirə etməmişik və müzakirə etmirik. Bizim NATO ilə tərəfdaşlıq münasibətlərimiz var və burada yeni heç nə yoxdur. Əvvəllər Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planı mövcud idi, indi həmin proqram üzvlüklə bağlı olmayan xüsusi tərəfdaşlıq formatına yenidən formatlaşdırılır. Əvvəla, biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüyük. Ancaq Ermənistanda blokun strategiyasının uzunmüddətli perspektivdə İrəvanın maraqlarına nə dərəcədə uyğun olması mövzusunda müzakirələr gedir”.
Paşinyan bir daha bildirib ki, onlar, ümumən Rusiya ilə, xüsusən də təhlükəsizlik sektorunda əməkdaşlığı inkar və rədd etdiklərini deməyiblər: “Biz təhlükəsizlik sektorunda əlaqələrimizi şaxələndirmək fikrində olduğumuzu demişik. Hesab edirik ki, bu da doğru yanaşmadır”.
Göründüyü kimi, müxtəlif geosiyasi mərkəzlər arasında manevr edən, bir budaqda oturub min budağı silkələyən Hayastan hökuməti indi yeni macəra axtarışındadır. Onun bu axtarışları isə yəqin ki, erməni xalqının, el dilində desək, başında çatlayacaq. Necə deyərlər, su çanağı suda sınar.
Zaur MƏMMƏDOV,
politoloq
Ermənistan baş nazirinin geosiyasi istiqamətdə atdığı addımlar və manevrləri hər kəsə məlumdur. Paşinyanın dediyinə görə, bu addımlar onunla bağlıdır ki, İrəvan hazırda bir sıra hərbi-siyasi çətinliklərlə üz-üzədir və öz təhlükəsizliyini qorumalıdır. Əslində, Paşinyan, bütövlükdə, Ermənistanın daxili və xarici siyasət fəlsəfəsinə yenidən baxılmasının tərəfdarıdır. Onun konstitusiya ilə bağlı irəli sürdüyü fikirlər, hakim partiya rəsmilərinin “Ermənistan indiyədək suveren dövlət olmayıb, bundan sonra olmalıdır” sözləri öz-özlüyündə ondan xəbər verir ki, İrəvan yeni-yeni təhlükəsizlik istiqamətləri üzərində işləməkdədir.
Amma biz bunu təkcə Ermənistanın Rusiyaya qarşı olması kimi başa düşməməliyik. İrəvan İkinci Qarabağ müharibəsi zamanı gördü ki, kiməsə bel bağlamaq onun qalib gələcəyi, təhlükələrdən sığortalanacağı demək deyil. Buna görə də Nikol həm Rusiyadan, həm İrandan, həm Fransadan, həm də Qərbin digər ölkələrindən gələcəkdə təhlükəsizliyini təmin etmək üçün istifadə edəcək. Bir sözlə, biz görürük ki, İrəvan çoxvektorlu xarici siyasətin əsasını qoymaq istəyir. Görünür, düşünürlər ki, Azərbaycanın yürütdüyü kimi müxtəlif vektorlu və balanslı siyasət onların dadına çatacaq. Ancaq xarici siyasətdə liderin potensialı, resursların mövcudluğu, digər meyarlar da vacibdir. Ermənistanda isə həmin meyarlar yoxdur. Buna görə də Paşinyan böyük çağırışlarla qarşılaşmış olacaq.
Ermənistan hər kəslə səmimi olsa, daha yaxşı olar. Onun baş naziri də başa düşməlidir ki, ölkəsinin təhlükəsizlik konsepsiyasi ilə bağlı etdiyi dəyişikliklərin faydası olmayacaq. İrəvanın yalnız bir çıxış yolu var. Bu da ondan ibarətdir ki, Azərbaycanla yeni münasibətlərin əsası qoyulmalıdır. Azərbaycana ərazi iddiasını özündə əks etdirən konstitusiya və digər normativ-hüquqi aktlar dəyişdirilməlidir. İrəvan öz gələcəyi və qonşuları ilə bağlı illüziyalardan uzaq olmalıdır. Bunu edərsə, Ermənistan öz təhlükəsizliyini təmin etmiş olar. Əks-təqdirdə, əlbəttə, heç bir təhlükəsizliyin təmin olunmasından söhbət getməməlidir və getməyəcək.
Səxavət HƏMİD
XQ


