Nikolun Qarabağ avantürasına və qonşulara qarşı ərazi iddiasına sözardı
Ermənistanda konstitusiya islahatları ilə bağlı məsələ ətrafındakı söz-söhbətlər səngimir. Əksinə, diskussiyalar zaman keçdikcə daha kəskin xarakter alır. Belə bir durumda mövcud təşəbbüsü irəli sürən baş nazir Nikol Paşinyan, müəyyən mənada, tək görünür. Necə deyərlər, döyüşdə tək qalan isə heç də həmişə cəngavər sayılmır.
Bəli, sözügedən təşəbbüs Ermənistanda, sanki, soyuq duş effekti yaradıb. Hər halda, müzakirələrin motivi bunu deməyə əsas verməkdədir. Axı söhbət uzun illər erməni milli identikliyi kimi təqdim olunan cəfəngiyyatdan, daha dəqiq desək, ondan imtinadan gedir. Görüntü erməni cəmiyyətinin cəfəngiyyatdan imtina etmək istəmədiyi təəssüratını formalaşdırır. Yəni, Qarabağın timsalında qonşu ölkələrə qarşı ərazi iddialarından daşınmaq onun üçün ağrılı gəlir. Paşinyanı döyüşdə tək qoyan cəhət də elə budur.
Erməni cəmiyyəti, obrazlı desək, sancı çəkir. Paşinyan onun bətninə mütərəqqi ideyalar yerləşdirməyə çalışır. Cəmiyyət həmin ideyanı qəbul etmək və sonra isə reallaşdırmaq üçün özündə immunitet formalaşdırmalıdır. Əlbəttə, hələlik rüşeym formasında olan mütərəqqilik bəslənməlidir. Nikolun girişdiyi məsələ də budur.
Paşinyan ortaya atdığı ideya ilə ilk növbədə, öz partiyadaşlarını inandırmağa çalışır ki, döyüş meydanında tək qalan cəngavərin acı taleyini yaşamasın. Onun ölkənin Araqaçotn vilayətində rəhbərlik etdiyi hakim “Vətəndaş sazişi”nin fəalları ilə görüşdə söylədiklərini məhz bu baxımdan dəyərləndirmək mümkündür. Erməni baş nazirin həmin görüşdə hansı məsələlər üzərində dayandığına diqqət yetirəcəyik. Ancaq əvvəlcə keçmişə ekskurs edək və görək ki, Ermənistanın müasir tarixində qonşulara münasibətdə ənənəvi azğın ritorikadan uzaqlaşmaq meyilləri nə zamansa müşahidə edilibmi?
“Hər şey sizin və uşaqlarınızın gələcəyi üçün edilir”. Bu fikrin müəllifi 1999-cu il iyunun 11-dən həmin ilin oktyabrın 27-dək Ermənistanın baş naziri olmuş Vazgen Sarkisyan idi. Yox, Sarkisyan mütərəqqi ruhlu siyasətçi deyildi. Hər halda, o da Ermənistanın Qarabağ avantürasının “ilhamvericilərindən” olmuşdu. Nəzərə alaq ki, V.Sarkisyan keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi uğrunda kütləvi hərəkat zamanı şöhrət qazanmış, Azərbaycan qüvvələri ilə ilk toqquşmalarda erməni “könüllü dəstələrinə” rəhbərlik etmişdi.
Sarkisyan 1991-ci ilin sonlarında Ermənistan müstəqillik qazandıqdan dərhal sonra prezident Levon Ter-Petrosyan tərəfindən müdafiə naziri təyin olunmuşdu. Çünki Qarabağ döyüşləri zamanı erməni qüvvələrinin görkəmli komandiri kimi ad çıxarmışdı.
1994-cü ilin atəşkəsinədək bilavasitə hərbi əməliyyatları tənzimləmiş Sarkisyan 1998-ci ildə Qarabağ danışıqlarında güzəştlərə getməyə razı olduğu üçün prezident L.Ter-Petrosyanın vəzifəsindən kənarlaşdırılmasında və baş nazir Robert Koçaryanın prezident seçilməsində fəal rol oynamışdı. Lakin ikinci ilə münasibətləri kəskinləşdikdən sonra Sarkisyan nüfuzlu müharibə veteranları qrupu sayılan Yerkrapahı Respublika Partiyasına birləşdirmiş və Ermənistanın keçmiş kommunist lideri Karen Demirçyan ilə koalisiya yaratmışdı.
Ermənistanda 1999-cu ilin may seçkilərində islahat düşüncəli ittifaq Milli Məclisdə səs çoxluğu əldə etmişdi. Nəticədə Sarkisyan baş nazir olmuş, Demirçyan isə parlamentin sədri vəzifəsini tutmuşdu. Sarkisyan-Demirçyan cütlüyü qanunverici orqanı təsirli şəkildə ölkənin əsas orqanına çevirmişdi. Bu, prezident Koçaryanın oyundankənar vəziyyətdə qalması reallığını doğurmuşdu.
Bəli, Sarkisyan-Demirçyan cütlüyü Qarabağ mövzusunda güzəştə getməyə hazırlaşırdı. Deməli, Sarkisyan L.Ter-Petrosyan kimi düşünmək üçün bir il gecikmişdi. Yuxarıdakı fikir isə onun son sözləri olmuşdu. Ermənistan parlamentində 1999-cu ilin 27 oktyabr tarixində reallaşmış terror aktı Sarkisyanın həyatına son qoymuşdu. Terrorçu Hunanyan baş nazirin yuxarıdakı sitatda diqqətə çatdırdığımız sözlərindən sonra əlindəki avtomat silahdan atəş açmış və Sarkisyanla yanaşı, Demirçyan da öldürülmüşdü. Nəticədə, Qarabağ klanının təmsilçisi olan Koçaryanın hakimiyyəti möhkəmlənmişdi. Beləliklə, Qarabağ danışıqlarında güzəşt ritorikası arxivə gömülmüş, Sarskiyanın təbirincə desək, erməni uşaqlarının acı talelərinin əsası qoyulmuşdu. 27 sentyabr 2020-ci ildə yazılacaq acı talelələrinin.
Bu kiçik tarixi ekskursu heç də elə-belədən etmədik. Məsələyə mövcud prizmadan yanaşsaq, Nikol Paşinyan da günahkardır. Hər halda, “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını verən o idi. Deməli, baş nazir Sarkisyanın dövründə, bəlkə də, doğulmamış olan erməni gənclərinin 2020-ci il sentyabrın 27-də yazılmış acı tale yaşantısında Nikol da müqəssirdir. Hərçənd, Araqaçotn vilayətində tərəfdarları ilə görüşündə Paşinyan günahlardan söz açsa da, nədənsə, konkret olaraq, öz dilindən çıxan fikrin üzərində dayanmadı...
Erməni cəmiyyətində hazırda konstitusiya dəyişikliyi fonunda gedən diskussiyalarda başlıca məqam islahatın Azərbaycanın tələbi kimi assosiasiya olunmasıdır. Qıcıq yaradan amil də elə budur. “Azərbaycan Ermənistanı sındırmaq üçün hər şeyə əl atır” məntiqi Nikolu zəif düşürən cəhətdir. Böyük ölçüdə heç kəs reallığı düzgün qiymətləndirə bilmir. Məsələn, erməni cəmiyyəti anlamır ki, Azərbaycanın tələbi Ermənistanı aşağılamaqla əlaqədar deyil.
Diqqət yetirək, Ermənistanın hazırkı konstitusiyası ölkənin İstiqlaliyyət bəyannaməsinə əsaslanır. Həmin bəyannamədə isə Qarabağla bağlı ərazi iddiası yer alır. Nəinki Qarabağla, Türkiyə torpaqları ilə əlaqədar iddia da həmçinin. Azərbaycan çalışır ki, Bakı-İrəvan sülh müqaviləsinə maksimum dərəcədə təminat olsun.
Nəzərə alaq ki, Ermənistanda konstitusiya dəyişikliyi referendum yolu ilə həyata keçirilməlidir. Deməli, ona erməni xalqı səs verməlidir. Prinsipial yanaşsaq, bu səs onun iradəsidir. Mövcud iradə qonşu ölkələrə qarşı ərazi iddiasından daşınmağı təsdiqləməlidir. Ölkəmiz üçün vacib məqam budur ki, hakimiyyətlər gəldi-gedərdi, əsas olan isə xalqın mövqeyidir.
Əlbəttə, Ermənistanda hakimiyyət dəyişikliyi ola və yeni gələn qüvvələr nəzəri baxımdan qəbul ediləcəyi gözlənilən konstitusiyadan imtina yolu tuta, hətta, referendum da keçirə bilərlər. Heç referendum olmasa belə, onların işğalçı siyasəti yürütmələri mümkündür. Ancaq, hər halda, bir daha deyək ki, hazırda konstitusiya dəyişikliyi reallaşsa, bu, eyni zamanda, beynəlxalq aləmə də tutarlı sülh mesajı olacaq. Əlbəttə, Nikol konstitusiya dəyişikliyi məsələsini uzatmasa, onu Azərbaycanla sülhdən yayınmaq, yeni müharibə üçün vaxt udmaq, güclənmək naminə alətə çevirməsə...
Bir məqamı da nəzərə alaq ki, hazırda Ermənistanda konstitusiya dəyişikliyi mövzusu təşəbbüskar hakim komandanın reytinqinin aşağı düşdüyü bir vaxtda gündəmə gəlib. Bütün sosioloji sorğuların nəticələri bunu söyləməyə əsas verir. Paşinyan isə məqsədinə çatmaq istəyirsə, seçicilərin ən azı dörddə birinin dəstəyini qazanmalıdır. Yəni, Nikolun Ermənistan vətəndaşlarını Qarabağ və saxta “erməni soyqırımı” ilə bağlı məsələlərə dair heç bir eyhamın yer almayacağı yeni Konstitusiyanın qəbul edilməsinin zəruriliyinə inandırması çətin görünür.
***
Bəli, N.Paşinyan ölkəsinin düşdüyü hazırkı acınacaqlı durum səbəbilə özünü də günahkar sayır. Məsələyə bu baxımdan yanaşsaq, konstitusiya islahatları yalnız Azərbaycanın tələbi kimi nəzərdə tutula bilməz. Baş nazir psixoloji baxımdan keçmişdə olanlara görə təqsiri üzərindən uzaqlaşdırmaq yolu tutur. O, gələcək təhlükəsizlik üçün Qarabağın itirilməsinə, minlərlə insanın ölümünə səbəb olan bütün uğursuzluqları sıradan çıxarmaq fikrindədir. Bu məqsədlə isə bölgənin lazımsızlığı xalq tərəfindən bəyan edilməlidir. Deməli, referendum mütləqdir və Nikol öz fikrinə xalqı da şərik çıxarmaq niyyətindədir.
***
Paşinyan bir müddət əvvəl ölkə parlamentindəki çıxışı zamanı bildirmişdi ki, hazırkı konstitusiya erməni xalqının iradəsi ilə deyil, erməni elitasının istəyi ilə qəbul olunub. Baş nazirin fikrincə, onun və komandasının bütün günahı xalqın mesajına düzgün münasibət göstərməməklə, bu mesajı təhlil etməməklə bağlıdır.
Bəli, Paşinyanın referendum naminə təbliğatında özünə biçdiyi günah libası xalqın arzularına əhəmiyyət verməməklə, sadə insanların sülh istəyini nəzərə almamaqla əlaqədardır. Onun keçmiş uğursuzluqlar üçün “günah keçisi” axtarışındakı digər obyektlər ekslər, ruslar və beşinci kolondur. Nikolun fikrincə, nəticə Ermənistanı “minalanmış sahə”yə çevirib və hazırda ölkə cəhənnəmdə yana bilər. Əsas məqsəd “minalanmış sahə”dən minimum itki ilə çıxmaqdır. Buna görə xalqa yeganə mümkün çıxış yolunu göstərmək lazımdır. Paşinyan özünü və komandasını mövcud istiqamətdə məsuliyyətli saydığını açıqlayıb.
Ancaq baş nazirə qarşı çıxanların da öz arqumentləri var. Əlbəttə, buna arqument demək mümkünsə. Onlar deyirlər ki, “sülh naminə tostlar” yalnız Ermənistanda deyilmir. Qəzzada da, Ukraynada da bu barədə söz açılır. Yəni, hamı sülh istəyir, ancaq məsələ sülhün qiymətindədir. Anti-Paşinyançılar, eyni zamanda, bildirirlər ki, sülh və əminamanlıq qələbə çalmalı, təntənə qazanmalıdır. Belələri, hətta, bir qədər də rişxəndlə bildirirlər ki, ən təhlükəsiz yer qəbiristanlıqdır.
Deməli, sən saydığını say, görək, fələk nə sayır. Bu deyimi Ermənistan üzərinə uyğunlaşdırsaq, Paşinyan bir şey deyir, ona qarşı çıxanlar isə tamam başqa bir şey. Erməni xalqı isə mövcud dolaşıq labirintdə, sanki, əli-qolu bağlı vəziyyətdədir. Onun avantürizmə müqavimət göstərmək gücünün mövcudsuzluğu ortadadır. Eynilə 1999-cu ildə olduğu kimi. Hərçənd, xalqın köhnələrdən zəhləsinin getdiyini də söyləmək mümkündür. Amma köhnələrdən. Yəni, köhnəlik kimi qiymətləndirilən siyasi ab-havanı təmsil edən şəxslərdən.
Bəs köhnənin avantürizmindən yaxa qurtarmaq necə? Erməni xalqı və cəmiyyəti bunu istəyir və dərk edirmi ki, hazırda bu avantürizmdən qurtulmamaq keçmiş baş nazir Sarkisyanın dediyi kimi, erməni gənclərinin gələcəyini şübhə altına alacaq? Məsələ barədə nə isə söyləmək çox çətindir. Hər halda, suallara Paşinyanın keçirmək istədiyi referendumda aydınlıq gələcək. Təbii ki, onun referendum istəyi, ümumən, sülh niyyətinin nə dərəcədə səmimi olduğunu zaman göstərəcək. Nəzərə alaq ki, indiyədək ötən əlahəzrət zaman belə bir səmimiyyətin olmadığını da deməyə əsas verir.
Digər tərəfdən, hesab edək ki, Nikol və komandası səmimidir. O zaman daha bir sual da ortaya çıxır: Erməni uşaqlarının gələcəyini acınacaqlı aqibətə çevirmiş 1999-cu ilin siyasi terroru yenidən təkrarlanmayacaq ki?
Ə.RÜSTƏMOV
XQ