İmran BƏDİRXANLI
İmranbedirxanlı[email protected]
Baş nazir ölkəsini minalanmış əraziyə bənzədib
Hər cür müqayisə qüsurlu sayılsa da, hayların baş nazirinin cəmiyyətin düşdüyü vəziyyəti Ermənistanı minalanmış ərazi ilə hərəkət etməyə çalışan piyada ilə müqayisə etməsi maraqlı olduğu qədər də ibrətamizdir. Nikol Paşinyan bu “minalı qara zolaqdan” dövləti və xalqı üçün yalnız bir çıxış yolu göründüyünü deyir. Bu zaman özünü, çox güman ki, istehkamçı qismində təsəvvürünə gətirən baş nazir tarixə qısa ekskurs etməyi də unutmur: “Keçdiyimiz tarixi təcrübəni hərtərəfli analiz edəndə belə bir qənaətə gəlməliyik: biz öz dövlətimizin daimiliyini və təhlükəsizliyini təmin etməkdən ötrü dövlətin bünövrəsinə hansı ideologiyanı, hansı konsepsiyanı qoymalıyıq”.
İki gün əvvəl Aştarakda “Mülki müqavilə” partiyasının təşəbbüs qrupunun toplantısında kürsüdən bu sözləri xitab edən baş nazir Paşinyan sonra partiyadaşlarına belə bir məntiqi sualla müraciət edir: “Dövlətimizin həmişə Ermənistan Respublikası kimi qalması üçün biz öz işlərimizi necə təşkil etməliyik?”
Hayların baş naziri sualına özü cavab verməyə çalışır. Onun sözlərinə görə, gəldiyi qənaət bundan ibarətdir ki, Ermənistan Respublikasının möhkəmliyinin və təhlükəsizliyinin təməlində rəsmi İrəvanın həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda həyata keçirdiyi siyasətin legitimliyi dayanmalıdır.
Bəs bu legitimliyə necə nail olmaq lazımdır? Təəssüf ki, Nikol Paşinyan bu suala birbaşa cavab verməkdən yayınır. Bunun əvəzinə deyir ki, hazırda erməni cəmiyyəti bir növ minalanmış əraziyə düşüb və bu təhlükəli zonadan çıxmağın yolları və üsulları o qədər də çox deyil. “Sonda belə məlum ola bilər ki, həmin minalanmış sahədən yalnız bir çıxış yolu mümkündür”, – deyən baş nazir indi iqtidarda olan və başçılıq etdiyi siyasi hakimiyyətin əsas vəzifəsinin nədən ibarət olduğuna diqqət çəkir: “İqtidar şəraiti düzgün qiymətləndirməli və bunu ictimaiyyətə açıqlamalıdır. Sonra bu vəziyyətdən qurtuluş yollarını göstərməli, həmçinin, bu yolun nə qədər riskli və təhlükəli olduğunu başa salmalıdır”.
Həqiqi vəziyyətdən danışmalı olduqlarını etiraf edən Paşinyan bunu günün reallığının ən vacib məsələsi kimi önə çıxarır: “İctimaiyyəti bu barədə məlumatlandırmağa borcluyuq. Həm də onu xəbərdar etməliyik ki, atacağı bir yanlış addım minalanmış sahədə partlayışa səbəb olacaq”.
Belə məlum olur ki, vətəndaşlarına hansı təhlükəli durumla üz-üzə qaldıqlarını başa salmağa çalışan baş nazir bununla həm də xaricdəki haylara mesaj yollayır. Yəni, ay xalqın vəziyyətindən xəbərsiz lobbiçilər, diaspora zənginləri, başınızdan yuxarı tullanmağa çalışmayın. Onsuz da nə qədər yüksəyə qalxsanız da, qayıdıb minalanmış sahəyə düşəcəksiniz. Bunu dəqiq, bəzək-düzəksiz ermənilərə bəyan edən Paşinyan, zorən, ya könüllü, boynuna dövləti və xalqı həmin minalanmış ərazidən qurtaracaq baş istehkamçı vəzifəsini götürüb. Bəli, onu qarşıda çox çətin və təhlükəli bir missiya gözləyir. Hakimiyyətdə olduğu altı ilə yaxın müddətdə başı daşdan-daşa dəymiş Ermənistanın baş naziri, yəqin o təhlükəli əraziyə minaları “özününkülərin” – revanşist-daşnakların basdırdığını da bilməmiş deyil.
İstehkamçılar müharibə şəraitində olduqca önəmli missiyanı yerinə yetirirlər. Ordunun irəliləməsi üçün yolu, bəndi-dərəni minalardan təmizləyən bu xüsusi qoşun növünün xidmətindən bəzən bütöv alayın, briqadanın müqəddəratı asılı olur. Cəmiyyətin minalanmış sahəyə düşməsi isə daha qəliz məsələdir. İndi Nikol Paşinyan Ermənistan cəmiyyətini bu təhlükəli zonadan çıxarmaq üçün yollar aramaqdadır. Özünün etiraf etdiyi kimi, “əgər bir yanlış addım atarsa, həmin minalanmış sahədə partlayış baş verə bilər”. Yəni, indiki durumda özünü cəmiyyətin baş istehkamçısı rolunda görən hayların baş naziri yanlışlığa yol vermək şansının olmadığını yaxşı anlayır. Həm də onu da gözəl anlayır ki, istehkamçı öz işində yalnız bir dəfə səhvə yol verir.