Serik Maleyev: Azərbaycan haqlı olaraq Rusiyaya etirazını bildirir

post-img

Müasir Rusiya ideologiyası əsasən qarşıdurma xarakteri daşıyır və ətraf dünyanı daha çox təhdid prizmasından qəbul edir.

Bu fikri Yekaterinburqda azərbaycanlıların hüquq-mühafizə orqanları tərəfindən döyülməsi hadisəsini şərh edərkən Qazaxıstanın tanınmış jurnalist-tədqiqatçısı, publisist və “Altın Orda” media qrupunun rəhbəri Serik Maleyev AZƏRTAC-a müsahibəsində bildirib.

“Problem ondadır ki, biz əsl səbəbi dərk etmədən nəticə ilə üzləşirik. Səbəb isə dövlət quruluşunun özündə və Rus İmperiyasından miras qalan ideologiyadadır. Millətlərarası kəskin münaqişələr səbəbindən Sovetlər Birliyinin dağılmasından sonra sistem sarsıldı və nəticədə Qorbaçov hakimiyyətdən getdi”, – deyə o vurğulayıb.

Maleyevin sözlərinə görə, SSRİ dağıldıqdan sonra Rusiyada yeni dövlət ideologiyası formalaşdı: “rus dünyası”nı digər xalqlara sırımaq üzərində qurulan bir ideologiya.

“Bu konsepsiya çərçivəsində keçmiş ittifaq respublikaları müvəqqəti olaraq nəzarətdən çıxmış ərazilər kimi qəbul olunur və yenidən Moskvanın nəzarətinə qaytarılmalı sayılır”, – deyə o qeyd edib.

Maleyev bildirib ki, bu cür düşüncə tərzi avtomatik olaraq milli azlıqlara və digər xalqlara qarşı dözümsüzlük yaradır.

“Təəccüblü deyil ki, Rusiyada qeyri-ruslara qarşı inamsızlıq artır, toqquşmalar daha çox baş verir. Xarakterik nümunə kimi “rus icmaları”nın yaradılmasını göstərmək olar ki, bunlar əslində digər millətlərin nümayəndələrinə qarşı yönəlir. Azərbaycanlılar da istisna deyil”, – deyə o əlavə edib.

Onun fikrincə, “rus icmaları” hüquq-mühafizə orqanları üçün əlverişli alətə çevrilib, belə ki, bu yolla bizneslərə təzyiq göstərmək və qazanc əldə etmək asan olur. Dövlətin maraqları onları maraqlandırmır, əsas şəxsi mənafelərdir.

“Bu siyasətin təhlükəsi ondadır ki, Rusiyada yaşayan milli azlıqlar özlərini müdafiə etmək üçün yollar axtarmağa başlayırlar. Əvvəlcə azərbaycanlılar və qırğızlar kimi narazılıq, sonra isə özünü təşkilatlandırma. Artıq “Qafqaz icması” yaradılması ilə bağlı çağırışlar səslənir. Əgər onlara özbəklər, azərbaycanlılar qoşulsa, bu, qarşısıalınmaz genişmiqyaslı daxili münaqişəyə gətirib çıxaracaq”, – deyə o bildirib.

Serik Maleyev vurğulayıb ki, Azərbaycan diplomatik kanallar vasitəsilə, o cümlədən Rusiya hökumət sədrinin müavininin səfərindən imtina etməklə, haqlı olaraq etirazını bildirir. Onun sözlərinə görə, bu, düzgün və prinsipial mövqedir. “Bu məsələdə Bakının siyasətini tam dəstəkləyirəm”, – deyə müsahibimiz əlavə edib.

Publisist, həmçinin Rusiyada yaşayan azərbaycanlılara, qırğızlara və digər xalqlara müraciət edərək, həmrəy olmağa və birləşməyə çağırıb. “Heç kəsə, istər hüquq-mühafizə orqanı əməkdaşına, istərsə də saxta vətənpərvər simvolikalarla çıxış edən marginala sizin hüquqlarınızı pozmağa icazə vermək olmaz”, – deyə o, fikrini yekunlaşdırıb.

Siyasət