Almaniyada AfD-nin qadağan olunması gündəmdə

post-img

Almaniyada koalisiya hökumətinin əsas tərəfdaşlarından biri olan Sosial Demokratlar Partiyası (SPD) partiyadaxili qurultayında ifrat sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasının fəaliyyətinin qadağan olunması məqsədilə hüquqi prosedurların başlanmasına dair qərar qəbul edib.

Yekdilliklə təsdiqlənmiş qərarda AfD-nin konstitusiyaya zidd fəaliyyəti ilə bağlı sübutların toplanması üçün federal və əyalət səviyyəsində xüsusi işçi qruplarının yaradılması nəzərdə tutulur. SPD-nin hüquqşünas və ekspert heyəti tərəfindən toplanacaq dəlillər AfD-nin fəaliyyətində insan hüquqlarının və demokratik əsasların pozulmasına yönəlmiş nümunələri əhatə edəcək.

Partiya nümayəndələrinin sözlərinə görə, əgər toplanacaq sübutlar yetərli olarsa, SPD ölkənin Konstitusiya Məhkəməsinə müraciət edərək AfD-nin rəsmi şəkildə qadağan edilməsini tələb edəcək.

SPD-nin qəbul etdiyi qərarda AfD-nin miqrantların mənşə ölkələrinə deportasiya edilməsinə dair çağırışlarının Almaniya Konstitusiyasına və insan ləyaqətinə zidd olduğu bildirilib. Həmçinin qeyd olunub ki, partiya sistemli şəkildə parlamentar demokratiyaya qarşı etimadsızlıq formalaşdırmağa və azad-demokratik konstitusion quruluşu zəiflətməyə çalışır.

Qeyd edək ki, Almaniya Federal Konstitusiyanı Mühafizə İdarəsi AfD-nin fəaliyyəti ilə bağlı üç il davam edən araşdırmalar aparıb. Bu ilin may ayında İdarə partiyanı sağçı-ekstremist meyilli təşkilat kimi təsnif edib. Həmin qərarda bildirilir ki, AfD-nin bəyanatları və siyasi fəaliyyəti insan ləyaqətini pozan, irqçi və demokratiya əleyhinə elementlər daşıyır.

Bununla belə, AfD bu qiymətləndirmə ilə razılaşmayaraq, hüquqi mübarizəyə başlayıb və məsələ ilə bağlı məhkəmə iddiası qaldırıb.

Analitiklər hesab edirlər ki, SPD-nin təşəbbüsü təkcə siyasi rəqabət çərçivəsində deyil, həm də Almaniyada demokratik dəyərlərin qorunması baxımından əhəmiyyətli addımdır. Prosesin növbəti mərhələsində hüquqi əsasların möhkəmliyi və məhkəmə instansiyalarının qərarları ölkədə ifrat sağa qarşı institusional yanaşmanın nə dərəcədə təsirli olacağını müəyyən edəcək.

S.ELAY

XQ

Dünya