İrəvanın Avropa İttifaqı üzərindən əks-təbliğat oyunbazlığı

post-img

Missiyanın məramına zidd fəaliyyəti Aİ-nin Bakıdakı səfirinin diqqətinə çatdırılıb

Avropa İttifaqının (Aİ) mülki monitorinq missiyasını ərazisinə buraxdığı iki ilə yaxın müddətdə Ermənistanın hansı oyunlardan çıxdığı göz qabağındadır. Əyinlərində bronejilet, əllərində binokl şərti sərhədin o tayında kəşfiyyat fəaliyyəti ilə məşğul olan Fransa jandermeriyasının və Almaniya ordusunun istefada olan əməkdaşları haraya, kimlərə və hansı xarakterdə hesabatlar göndərdiyi, məruzələr etdiyi bugünədək məlum deyil.

Bizə məlum olan həqiqət isə ondan ibarətdir ki, rəsmi İrəvan avropalı missionerlərin bir çox hallarda özləri üçün də qeyri-müəyyən fəaliyyətindən Azər­baycana təzyiq etmək, bundan daha təhlükəlisi, sülh danışıqlarını ləngitmək, ordusunu gücləndir­mək üçün fürsət qazanmaq məqsədini güdür. İqti­dar partiyasından olan deputat Armen Xaçatryanın yüksək kürsüdən yaxın bir neçə ildə Ermənistanın “müasir döyüş qabiliyyətinə sahib orduya malik ola­cağını” bəyan etməsi sonuncu versiyanın doğrulu­ğunu isbatlayır. 

Təəssüf ki, İrəvana bu məsələdə Aİ ilə yanaşı, AŞPA, ATƏT kimi beynəlxalq institutlar, ABŞ da dəstək verirlər. Aİ-nin uzunmüddətli, yarımhərbi monitorinq missiyasının tərkibindəki yetərli sayda casus, kəşfiyyatçının Ermənistan və Azərbaycan arasındakı şərti sərhəddə hansı işlərlə məşğul ol­duğu və onların bu fəaliyyətindən İrəvanın necə ya­rarlandığı aşkara çıxır. 

Elə bu xarakterli təxribatçı fəaliyyəti səbəbindən dünən Aİ-nin Azərbaycandakı səfiri Peter Mixal­ko ilk dəfə Xarici İşlər Nazirliyinə çağırılıb. XİN-in yaydığı rəsmi məlumata görə, görüş zamanı quru­mun Ermənistandakı monitorinq missiyasının əldə olunmuş ilkin razılıqlara zidd olan fəaliyyətinin ciddi narahatlıq doğurduğu səfirin diqqətinə çatdırılıb. Eləcə də sözügedən missiyanın regional sabitlik, habelə Azərbaycanla Ermənistan arasında eti­mad quruculuğuna töhfə vermək kimi bəyan etdi­yi məqsədlərinə zidd olaraq, Azərbaycan əleyhinə təbliğat vasitəsi kimi geniş şəkildə sui-istifadə olun­duğu vurğulanıb.

Yəni, adı mülki, özü yarım-hərbi olan bu missiyanın işi, əslində, Avropa dövlətlərinin rəsmi və qeyri-rəsmi emissarlarının, nümayəndə heyət­lərinin sərhəd bölgələrinə səfərlərini təşkil etmək imiş. Qərbin ermənipərəst dairələrinin “binokl dip­lomatiyası”nı reallaşdıran, onların agentinə çevrilən Aİ missionerlərinin dözülməz əməlləri yetkililərin diqqətinə çatdırılmalı idi. Aydın məsələdir ki, “av­ropalı turistlərin” Cənubi Qafqaz turnesindən əsas məqsəd Azərbaycana qarşı hansısa ideoloji, diplo­matik həmləyə zəmin hazırlamaq olub. Bu, azmış kimi, Avropanın ayrı-ayrı ölkələrində Azərbaycano­fob, İslamofob çıxışların səngimək bilməməsi hə­min qüvvələrin əsl niyyətlərini üzə çıxarır. 

Bu əsnada bir vacib məqamı qeyd etməyimiz yerinə düşər. Aİ-nin yarımhərbi missiyasının XİN-in xəbərdarlığında vurğulanan təxribatçı hərəkətlərinin son aylarda şərti sərhəd boyu müşahidə edilən sa­kitliyin fonunda baş verməsi təsadüfi sayıla biməz. Ələlxüsus, həniri gələn təxribatın İrəvanın Bakı ilə etimad yaratmağa yönəlik addımlarının aşkar gö­ründüyü indiki mərhələdə törədilməsi narahatlıq doğurmaqla yanaşı, maraqlı ehtimal və versiyalara yol açır.

Beləliklə, rəsmi Bakı Aİ-nin Ermənistan ərazisin­dəki missiyasının mandatı ilə üst-üstə düşməyən əməlləri barədə xəbərdarlığını Azərbaycandakı sə­firi Peter Mixalkonun vasitəsilə qurumun başbilənlə­rinə çatdırdı. Bununla Azərbaycanın suverenliyinə, bərpa etdiyi ərazi bütövlüyünə qarşı istənilən xarak­terli hərəkət və davranışlara göz yummayacağını, zərurət yarandığı təqdirdə isə hayların işinə yara­yan belə təxribatların qarşısını qətiyyətlə alacağını nümayiş etdirdi. Aİ rəsmilərinin bu xəbərdarlıqdan düzgün nəticə çıxaracağına ümidlər az olsa da, Bakı bu jesti həm də beynəlxalq hüquqa və diplo­matik etiketə hörmət əlaməti kimi ortaya qoydu. 

Elxan ŞAHİNOĞLU, 
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi

Avropa İttifaqının Azərbaycandakı nümayən­dəsinin Xarici İşlər Nazirliyinə çağırılaraq xəbər­dar edilməsinin siyasi əhəmiyyəti var. Bakı Aİ ilə tərəfdaşlığını davam etdirir və bu quruma üzv doqquz dövlətlə əməıkdaşlıq sazişi imzalamışıq. Üstəlik, Brüsselin sülh danışıqlarında vasitəçiliyi qüvvədədir. Aİ Şurasının rəhbəri Şarl Mişel bu günlərdə İlham Əliyevə telefon açıb, onu Azər­baycan Prezidenti seçilməsi münasibətilə təbrik edib. O, söhbət əsnasında Bakı və İrəvan rəs­miləri arasında Brüsseldə görüşün yenidən təş­kili ilə bağlı təklifini verib. Öz növbəsində Azər­baycan Prezidenti bu təklifə müsbət yanaşdığını söyləyib. Doğrudan da, Şarl Mişel Avropanın di­gər rəsmilərindən fərqli olaraq, anti-Azərbaycan açıqlamaları vermir, balansı gözləyir. 

Əlbəttə, Avropa İttifaqı təkcə Şarl Mişeldən ibarət deyil. Bu qurumun strukturlarının Ermə­nistana göndərdiyi monitorinq missiyası özünə uyğun olmayan fəaliyyətlə məşğul olur. Azər­baycanla şərti sərhəd bölgələrinə səfərlərini, az qala, turist gəzintisinə çeviriblər. Düzdür, onların Ermənistan ərazisində olmaları İrəvanın daxili işidir, amma bizim ərazilərə binoklla baxmaları və bu hərəkətlərin ənənə halını alması Bakının haqlı narazılığına səbəb olub. Bu narazılıq da mütləq nəzərə çatdırılmalıydı. Aİ səfirinin XİN-ə çağırılmasının başqa bir əhəmiyyəti ondan ibarətdir ki, əgər Brüssel Ermənistan baş naziri ilə Azərbaycan Prezidenti arasında görüş təşkil edəcəksə, deyilən məsələyə birdəfəlik əncam çəksin. Yəni, Bakının mövqeyini nəzərə alsın və hayların dəyirmanına su tökən bu cür təxribatla­ra son qoysunlar.

İ.HƏSƏNQALA
XQ





Siyasət