Azərbaycanın narahatlığı Aİ-nin səfirinə çatdırılıb

post-img

Fevralın 12-də Avropa İttifaqının Azərbaycan Respublikasındakı səfiri Peter Mixalko Xarici İşlər Nazirliyinə çağırılıb.

Nazirliyin Mətbuat xidməti idarəsin­dən bildiriblər ki, görüş zamanı Aİ-nin Ermənistandakı monitorinq missiyasının əldə edilmiş ilkin razılıqlara zidd olan fəa­liyyətinin ciddi narahatlıq doğurduğu bir daha diqqətə çatdırılıb.

Sözügedən missiyanın regional sabit­lik, habelə Azərbaycanla Ermənistan ara­sında etimad quruculuğuna töhfə vermək kimi bəyan edilmiş məqsədlərinə zidd olaraq, Azərbaycan əleyhinə təbliğat va­sitəsi kimi geniş şəkildə sui-istifadə edil­diyi vurğulanıb.

Missiyanın mahiyyət etibarilə müxtəlif Avropa rəsmilərinin, habelə qeyri-rəsmi nümayəndə heyətlərinin sərhəd bölgələ­rinə səfərlərinin təşkilinə töhfə verən “bi­nokl diplomatiyası”nın agentinə çevrildiyi Aİ tərəfinin diqqətinə çatdırılıb. İstisnasız olaraq bu qəbildən bütün səfərlərdən Azərbaycana qarşı nifrətin yayılması, habelə əsassız Azərbaycanofobiyanın genişləndirilməsi üçün istifadə edildiyi bildirilib. 

“Binokl diplomatiyası”nın bu fəallığı­nın sərhəd boyunca indiyədək görülmə­miş sakitliyin hökm sürdüyü, habelə həm Azərbaycanın, həm də Ermənistanın ciddi etimad quruculuğu tədbirləri həya­ta keçirdiyi bir zamanda müşahidə olun­masının xüsusilə narahatlıq doğurduğu diqqətə çatdırılıb.

Bununla yanaşı, monitorinq missiya­sının məsul olduğu bölgələrdə qanunsuz keçid cəhdinin qarşısının alınması ilə bağlı son hadisə onun bəyan edilmiş tap­şırıqlarına ciddi kölgə salır.

Bu qəbildən narahatlıq doğuran fəaliy­yət heç bir şəkildə qeyd olunan missiya­nın neytral bir aktor kimi inam və etimad quruculuğuna töhfə verməklə bağlı bəyan edilmiş məqsədlərinə uyğun gəlmir.

Həmçinin Ermənistan ərazisində yer­ləşdirilən missiyanın bəyan edilmiş man­datına uyğun olaraq neytral, mülki və si­lahsız missiya kimi fəaliyyət göstərməsi, habelə Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə qarşı yönəlmiş və ya onun legitim təhlükəsizlik maraqlarına bu və ya digər şəkildə təsir edəcək hər hansı fəa­liyyətdən çəkinməsini təmin etmək üçün bütün lazımi tədbirlər görməyə dair Aİ tərəfinə ciddi şəkildə çağırış edilib. 

XQ

 

Siyasət