Ermənistan ərazi iddialarını davam etdirməkdədir

post-img

Fevralın 11-də Ermənistanın baş naziri Nikol Paşinyan “The Telegraph” qəze­tinə verdiyi müsahibə zamanı Azərbaycana qarşı növbəti dəfə böhtan xarak­terli əsassız iddialar səsləndirib. Müsahibə zamanı, beynəlxalq razılıqların və öhdəliklərin yerinə yetirilməsini təşviq edən Ermənistan baş nazirinin təmsil etdiyi ölkəsinin beynəlxalq hüququn bütün norma və prinsiplərinə, habelə istinad etdiyi Alma-Ata bəyannaməsinə məram və məqsədlərinə zidd olaraq Azərbaycan ərazilərini 30 ilə yaxın müddətdə işğal altında saxlaması faktının üzərindən keçməyə çalışması təəssüf doğurur.

Bu fikirlər Azərbaycan Xarici İşlər Na­zirliyinin Paşinyanın müsahibə zamanı səsləndirdiyi iddialara dair şərhində yer alıb.

Şərhdə deyilir: “Bununla yanaşı, 44 günlük Vətən müharibəsindən sonra Er­mənistanın üçtərəfli Bəyanatın müddəa­larını kobud şəkildə pozaraq, Azərbaycan ərazilərindən işğalçı qüvvələri çıxarma­ması, ərazilərimizə silah-sursat, hərbi tex­nika və minaları ötürməkdə davam etmə­si və digər kobud pozuntu və təxribatlar törətməsi barədə danılmaz faktlar Ermə­nistan tərəfinin əsl niyyətindən xəbər verir.

Ermənistan baş nazirinə, o da yaxşı məlumdur ki, Ermənistan tərəfi Praqa və Soçi görüşlərində və daha sonra Azər­baycanın ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, Azərbaycan ərazilərin­də yaratdığı qondarma rejimin saxta “müstəqilliyi” ilə bağlı 2023-cü ilin sent­yabr ayında təbrik bəyanatları verməklə yanaşı, bu günədək beynəlxalq təşkilat və məhkəmələrdə Azərbaycanın suve­renliyi və ərazi bütövlüyünə qarşı iddiaları davam etdirməkdədir.

Ermənistan tərəfinin Alma-Ata bəyan­naməsinə qoşulan zaman verdikləri qeyd şərti, Qarabağı Azərbaycanın tərkib his­səsi kimi tanımağa qarşı çıxan qüvvədə olan qanunvericilik aktlarının mövcud­luğunu unutdurmağa çalışması da digər ciddi narahatlıq mənbəyidir.

Ermənistan tərəfi belə təxribatlar və Azərbaycana qarşı siyasi manipulyasiya dolu fikirlər və addımlar əvəzinə, sözdə deyil, əməldə beynəlxalq öhdəliklərə ri­ayət etməli və sülh prosesinə töhfə ver­məlidir”.

XQ

Siyasət