Yeni tarixin ilk səhifəsi: seçki və quruculuğun strateji məqamları

post-img

II MƏQALƏ

Əgər gələcək haqqında düşün­mürsünüzsə, istədiyiniz sabah ol­mayacaq.

Con Qolsuorsi (Nobel mükafatı laureatı)

Yaxın gələcəyin iki mühüm siyasi amili

I məqalədə 7 fevral Prezident seç­kilərinin nəticələrinə yaxın perspektivin reallıqları prizmasında baxmağın gərək­liyi məsələsi qoyulmuşdu. Orada Prezi­dent İlham Əliyevin strateji olaraq intel­lektual, informasiya və mədəni həmlə ilə yeni tarixi mərhələdə liderlik fəlsəfəsini və liderlik nümunəsini yeniləşdirməyə başlamasının aktuallığı vurğulanmış­dır. Özlüyündə bu proses kompleks xarakterlidir, bir sıra mürəkkəb siyasi, geosiyasi, ideoloji və şəxsi keyfiyyətləri özündə birləşdirir. Həmin bucaq altında seçkinin nəticələrinin çox əhəmiyyətli rol oynadığını dərk etmək çətin deyildir. Məsələnin bu tərəfinə iki faktorun işığın­da baxmaq faydalı olardı.

Birincisi, seçki Azərbaycan üçün konkret bir tarixi mərhələnin yekunudur. Bu mərhələdə milli ideyaya nail olun­muş və ölkənin davamlı inkişafı təmin edilmişdir. Güclü cəmiyyət quruculuğu özünün yeni səviyyəsinə yüksəlmişdir. Onun başlıca əlamətləri toplumun birli­yi və yeni nəslin milli ruhda tərbiyəsidir. Toplumun birliyi (və ya cəmiyyətin həm­rəliyi) indiki mərhələdə kollektiv fəaliyyə­ti uğura aparan substantiv və funksional faktordur. Milli birlik olmadan II Qarabağ savaşı kimi çətin və mürəkkəb vəzifənin öhdəsindən gəlmək mümkün deyildi. 

Bununla yanaşı, yekunlaşan həmin mərhələdə toplumsal birliyi liderin təmin etməsi əsas rol oynamışdır. Yəni birlik sifarişi cəmiyyətin mövcud olduğu tarixi mərhələnin özəlliklərinin dərinlərindən gəlsə də, onun aparıcı, istiqamətverici və təminedici gücü lider olmuşdur. Lide­rin fəaliyyəti cəmiyyətdə həmrəyliyi yeni şərtlər daxilində stimullaşdırmış, kom­munikativ (ünsiyyət) aspektdə onu yeni səviyyəyə yüksəltmişdir. Buna görə də yekunlaşan mərhələdə cəmiyyətin birli­yinin başlıca faktorunun lider olduğu nə­ticəsini çıxara bilərik. Seçkilərin nəticəsi bunu rəqəmlərdə ifadə etmişdir. İlham Əliyevin 92,12 səs alması cəmiyyətin mütləq əksəriyyətinin Prezidenti dəstək­lədiyinin, ona güvəninin çox yüksək ol­duğunun təsbitidir. 

Eyni zamanda, həmin nəticə cəmiy­yətin sosial həmrəyliklə yanaşı, siyasi həmrəyliyə də malik olduğunun göstəri­cisidir. Bu isə yalnız liderin fəaliyyətinə verilən kütləvi siyasi qiymət, toplumsal münasibətdir. Deməli, yüksək nəticənin seçki kontekstində başqa anlamı cəmiy­yətin siyasi birliyinin nümayişidir. Bu as­pektdə İlham Əliyevin qələbəsi həm də Azərbaycanın cəmiyyət olaraq gələcəyə “yatırmaq istədiyi siyasi liderlik krediti”ni ifadə edir. 

Cəmiyyətin “siyasi liderlik krediti”

“Siyasi liderlik krediti” ifadəsi lide­roloq E.Hollanderin daxil etdiyi liderin “etibarlılıq krediti” anlayışından qay­naqlanır. Bu anlayışın kökündə liderin hər hansı qeyri-standart yenilik etmək istəyində cəmiyyət tərəfindən ona olan etibarı, yəni sərbəst fəaliyyət göstər­mək dərəcəsi dayanır. Toplumun siyasi liderə inamının səviyyəsindən asılı ola­raq, onun reallaşdırmaq istədiyi, öncələr müşahidə edilməyən yeniliyə etibarı formalaşır. Əgər liderə etibar böyükdür­sə, siyasi liderin “krediti” də çoxdur. Bu etibarın fonunda liderin atdığı addımlar müsbət sonuclar verirsə, liderliyə olan etibarlılıq krediti artır, əks halda lideri if­las gözləyir. 

Deməli, siyasi etibarlılıq krediti fakti­ki olaraq toplumun gözləntilərini qarşıla­maq məharəti ilə bağlıdır. Bu da avtoma­tik olaraq məsələni liderlik nümunəsinə aparıb çıxarır. Yəni liderin hansı liderlik modeli üzrə fəaliyyət göstərməsi artıq strateji əhəmiyyət kəsb edir. 

Bu baxımdan Azərbaycan cəmiyyə­ti seçkinin nəticəsi ilə Prezident İlham Əliyevə yeni tarixi mərhələ üçün yüksək etibarlılıq “krediti” vermişdir. Azərbaycan üçün siyasi liderliyin bu krediti dövlətçilik və liderlik nümunəsi baxımından, şübhə­siz ki, strateji mahiyyət kəsb edir. Çünki etibarlılıq kreditinin siyasi aspektdə əsas komponentləri sırasında iki vacib faktor da vardır: siyasi həyatda iştirak dərəcəsi və vətəndaş cəmiyyətinin inkişaf forma­ları!

7 fevral seçkiləri hər iki faktor üzrə aydın mənzərəni ortaya qoydu. Birincisi, seçkidə fəallıq çox yüksək oldu. Bu da seçicinin Prezidentə etibarlılıq dərəcə­sinin mükəmməl səviyyədə olmasının göstəricisidir. Nadir cəmiyyətlərdə bu baş verə bilir. İkincisi, Prezident İlham Əliyev 2024-cü ilin yanvarında yerli telekanallara verdiyi müsahibədə vur­ğulamışdı ki, yekunlaşan mərhələnin başlıca əlamətlərindən biri vətəndaş cəmiyyətinin formalaşmasıdır. Azərbay­canda vətəndaş cəmiyyəti multikultura­lizm formasında yaranmışdır. Multikul­tural dəyərlərin aparıcılıq təşkil etdiyi cəmiyyəti azad vətəndaş toplumu adlan­dırmaq olar. Seçkilər göstərdi ki, həmin modeli vətəndaşlar tam olaraq qəbul edirlər və onu reallaşdıran liderə də tam etimad göstərirlər. 

Bu fikirlərdən digər mühüm faktor alı­nır. Yəni, seçkilərin nəticəsi Azərbaycan toplumunun yeni tarixi mərhələ üçün yeni liderlik nümunəsinə sifarişi olduğu­nu göstərmişdir! Bu, həm maraqlı, həm də strateji mənası dərin olan hadisədir! Müəyyən mənada söhbət Azərbaycanın liderlik kontekstində sinqulyarlıq mər­hələsini fəth etməsi modelindən gedir. 

Yeni mərhələdə quruculuq və liderlik

Beləliklə, Azərbaycan Prezidenti yeni tarixi mərhələ üçün cəmiyyətin yük­sək “siyasi etibarlılıq kreditini” almışdır. Bu, özlüyündə quruculuğun və liderliyin yeni mərhələdə fəlsəfəsini tələb edir. Azərbaycan xalqı bu vəzifənin öhdə­sindən Prezident İlham Əliyevin yüksək səviyyədə gələcəyinə tam inanır. Bunu həm seçkilərin rəqəmlərdə ifadə olunan nəticəsindən, həm də seçkilərdən sonra toplumun İlham Əliyevin qələbəsinə olan reaksiyasından görmək mümkündür. Belə ki, sözün həqiqi mənasında, xalq dövlətin və cəmiyyətin gələcək zəfərlə­rini yalnız İlham Əliyevin liderliyində gö­rür! Bu, mühüm zəruri bir şərtdir. İlham Əliyevin liderlik nümunəsi Avrasiya üçün bir örnəkdir. Bunun alternativi yoxdur. Deməli, biz 2031-ci ilə qədər olan müd­dətdə Azərbaycan Prezidentinin yeni tarixi mərhələdə quruculuq modelinin və ona uyğun liderlik nümunəsinin inkişafı­nın şahidi olacağıq. Burada quruculuq və liderlik baxımından hansı əlamətləri əhəmiyyətli saymaq olar? 

Yaradıcı cəmiyyət: intellektual, mədəni və informasiyalı vəhdət 

Yeni mərhələdə Azərbaycan cəmiy­yətinin keyfiyyət transformasiyalarının davam edəcəyi gözlənilir. İlham Əliyev, ümumiyyətlə, fəaliyyətində insan kapi­talına önəm verdiyindən bu mərhələdə də insanın intellektual potensialının milli sərvətə çevrilməsinin inkişaf edəcəyi­ni proqnozlaşdırmaq olar. Azərbaycan Prezidentinin bu cür “intellektual gedişi” XXI əsrin yeni texnoloji reallıqlarına tam uyğundur. Cəmiyyət intellekti yüksək olan insanların sayəsində müasir tələb­lərə uyğun davamlı inkişaf edə bilər. Buna görədir ki, ölkənin strateji sənəd­lərində təhsil ön sırada yer alır. Təhsilin yeni modelinin tətbiqi və yüksək peşə­karlığa malik kadrların, xüsusilə gənclə­rin yetişdirilməsi strateji əhəmiyyəti olan məsələ kimi qəbul edilir. 

Digər faktor mədəniyyət sisteminin daha da inkişaf etdirilməsidir. Etiraf olu­nur ki, XXI əsr mədəniyyətlərin rəqabəti əsridir. Mədəni inkişaf potensialı yüksək olan cəmiyyətlər bu yarışın qalibi ola bilərlər. Bu isə özlüyündə çoxaspektli mədəni inkişaf modelinin hazırlanma­sını tələb edir. Azərbaycanda mədəniy­yətin milli zəmində, lakin başqa mədəni sistemlərə də açıq olması kontekstində inkişafı həyata keçirilir. Bunun fonunda yeni mərhələdə mədəniyyətlərarası di­aloqun yeni səviyyəyə yüksəldilməsini gözləmək olar. 

Nəhayət, üçüncü faktor olan informa­siya həmləsi geniş məna və məzmuna malik prosesi ifadə edir. Bura rəqəmsal­lığın inkişafı da daxil müxtəlif proqramla­rın reallaşması aiddir. Məsələnin ekoloji aspekti də mövcuddur. Konkret olaraq, “yaşıl iqtisadiyyat”ın formalaşması bir­başa rəqəmsallaşma ilə bağlıdır. Yeni informasiya-kommunikasiya texnologi­yalarının tətbiqi yeni tarixi mərhələnin başlıca istiqamətlərindən biri kimi görü­nür. 

Liderlik nümunəsi: növbəti mərhələ

Seçkilərin nəticələrinə baxanda, İlham Əliyevin 2030-cu ildə reallaşaca­ğı gözlənilən sinqulyarlıq mərhələsini yeni liderlik nümunəsi ilə fəth edəcəyi gözlənilir. Həmin liderlik nümunəsi­nin milli, regional, ümumtürk və qlobal aspektləri vardır. Milli miqyasda İlham Əliyevin liderliyinin toplum tərəfindən tam dəstəkləndiyini 92,12 faiz səs ay­dın əks etdirir. Burada Azərbaycan Pre­zidentinin XXI əsrin şərtləri daxilində quruculuqla birləşdiricilyi üzvi surətdə sintez etməsi əsas yeri tutur. Prezi­dentin yüksək “siyasi liderlik krediti”nə malik olması onu deməyə əsas verir ki, qarşıdakı müddətdə bu istiqamətdə kifayət qədər cəsarətli və səmərəli ad­dımlar atacaq, qeyri-standart yeniliklə­rin memarı olacaqdır.

Yeni liderliyin regional konteksti də çox aktual və maraqlıdır. İlham Əliyevin region miqyasında aparıcı nümunəvi liderliyi davam edəcəkdir. Azərbaycan Prezidenti cəsarətli layihələri və sülh­yaradıcı fəaliyyəti ilə regionda sabitlik və inkişafın qarantı olmaqda davam edəcəkdir. İlham Əliyevin təşəbbüsü və eksklüziv fəaliyyəti ilə “Qafqaz evi” ide­yası reallaşacaqdır. Bununla dövlət baş­çımızın Cənubi Qafqazda liderliyi tam inklüziv xarakter alacaqdır. 

Beləliklə, 7 fevral Prezident seç­kilərinin nəticələri prizmasında yaxın perspektiv üçün olduqca əhəmiyyətli və­zifələr meydana çıxmışdır. Azərbaycan, faktiki olaraq, həmin mərhələyə sürətli yeniləşməni davam etdirməklə və onun tələblərinə uyğun liderlik nümunəsi for­malaşdırmaqla başlamışdır. Stratejidə Azərbaycan dövlətinin məqsədi sinqul­yarlıq mərhələsini fəth etməkdir! Bu mərhələnin fatehi yeni ümummilli liderlik nümunəsidirmi? İlham Əliyevin fəaliy­yətinin ümumi fəlsəfi və sinergetik anla­mına dərindən nəzər salanda bu suala müsbət cavab vermək olur! Bu, milli, re­gional, ümumtürk və qlobal səviyyələr­də uğurlu liderlik nümunəsinə böyük ehtiyacın yaranması ilə izah oluna bilər. Bu kontekstdə ən şanslı lider isə İlham Əliyevdir! 

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət