Dövlət başçımızın bu il yanvarın ilk ongünlüyündə yerli televiziya kanallarına verdiyi müsahibədə səsləndirdiyi “yeni mərhələ” ifadəsi artıq təkcə ölkəmizdəki siyasətçi, ekspert və mətbuat təmsilçilərinin deyil, dünyanın hər yerindəki dost və tərəfdaşlarımızın leksikonunda da yer tutmaqdadır.
Həqiqəti söyləməyi, obyektiv danışmağı bacaran hər kəs etiraf edir ki, ötən ilin sentyabrında ölkə ərazisi üzərində tam suverenliyini təmin edən İlham Əliyevin işğaldan azad olunmuş bölgələrdə də prezident seçkiləri keçirmək təşəbbüsü və bunu yüksək səviyyədə yerinə yetirməsi ən yeni Azərbaycan reallıqlarıdır.
Məmnunluq gətirən amillərdən biri də odur ki, seçkidən bir həftə keçməsinə baxmayaraq, dövlət başçımızın ünvanına gələn təbrik məktublarının ardı-arası kəsilmir. Hətta, bəzən bizim maraqlarımıza cavab verməyən bəyanatlar səsləndirmiş Avropa siyasətçiləri də özlərində qətiyyət taparaq, Azərbaycan Prezidentini təbrik edirlər. Bu isə bəzilərinin gözlədiyinin əksinə olaraq, Azərbaycan xalqının mütləq əksəriyyətinin Prezident İlham Əliyevin ətrafında birləşdiyini sübut etməsinin nəticəsidir.
Xalqın bu seçkidə nümayiş etdirdiyi qətiyyət və əzmkarlıq barədə söz düşmüşkən, mən bir faktı da – iki-üç cümlə ilə olsa da, xatırlatmağı məqsədəuyğun hesab edirəm. Söhbət ondan gedir ki, İsmayıllıda yaşayan Facebook dostum Aslan Aslanovun paylaşdığı “Seçici əzmkarlığı” adlı videomaterial mənim ürəyimi dağa döndərmişdi. Sükan arxasındakı soydaşımız 35-40 santimetr qalınlığında olan qarı avtomobillə yara-yara ucqar dağ kəndinə, səs verməyə gedir. Həmin anlarda fikirləşmişdim ki, dağ rayonunun sadə vətəndaşının ürəyində bu təpər varsa, hansısa Makronun, Paşinyanın və ya onlara bənzəyənlərin istənilən cəfəngiyyatlarının bir qara qəpiklik dəyəri olmayacaq. Qərəz...
Dünya hərb tarixinə çoxsaylı nümunələr bəxş etmiş çinlilərin müharibə və mübarizə aparan tərəflər haqqında belə bir deyimi var: “Çox əsgəri, silahı, pulu olanlar deyil, çox dostu olanlar qalib gəlirlər”. Əslində, burada qeyri-adi bir məntiq yoxdur. Müdriklik bu fikri tamamlayan sonuncu ifadədədir, yəni, çox dostu olanlar qalib gəlirlər. Çox dostu isə ancaq müdrik liderlər qazana bilirlər.
Nə zaman, neçənci əsrdə, hətta kim tərəfindən deyildiyi belə dəqiqləşdirilməyən bu Şərq məntiqini oxuyanda adama elə gəlir ki, həmin sətirlərin müəllifi müasir Azərbaycan tarixi haqqında danışıb. Çünki xalqımızın iki yüz illik mübarizəsinin cəmi iyirmi ildə möhtəşəm zəfərlə yekunlaşdırılması bilavasitə liderin böyüklüyünün göstəricisi olduğu kimi, iki əsr boyu özü və ordusu haqqında ağlasığmaz miflər uyduran ermənilərin sarsıdıcı məğlubiyyətə düçar olması da məhz lidersizliyin nəticəsi idi.
Bu məqamda rusiyalı politoloq Sergey Markovun “Mən Azərbaycan və Ermənistan dövlət başçılarının nüfuz və ya təcrübəsini yan-yana qoymaq fikrindən uzağam”– ifadəsi elə mənim də köməyimə çatır. Çünki əvvəlki yazılarımdan birinə münasibət bildirən bəzi tələskən oxucular dərhal etiraz etmişdilər ki, hansı haqla oyuncaq dövlətin səbatsız və savadsız rəhbərinin adını dünya azərbaycanlılarının böyük liderinin adı ilə yanaşı çəkirsiniz? Təbii ki, elə düşünənlər də haqlıdırlar. Ancaq biz məğlub etdiyimiz, diz çökdürdüyümüz, kapitulyasiya sənədinə imza atdırdığımız, ordusunu və iqtisadiyyatını sarsıtdığımız dövlət haqqında danışarkən hansısa Afrika ölkəsinin rəhbərinin adını çəkə bilmərik axı.
Azərbaycan Prezidenti İlham Əliyev bu il yanvarın 10-da ölkənin yerli televiziya kanallarına müsahibə verərkən dedi ki, fevralın 7-də keçiriləcək prezident seçkiləri Azərbaycanın yeni mərhələyə qədəm qoyması ilə bağlıdır: “Bu gün ölkə qarşısında duran yeni vəzifələr yeni dövrün vəzifələridir. Biz... ölkəmizin suverenliyini tam bərpa etmişik və Sentyabr hadisələri, əlbəttə ki, ümumi kontekstdən çıxarıla bilməz. Yəni, sentyabra qədər getdiyimiz yol məqsədyönlü yol idi, məqsədə hesablanmış yol idi, düzgün yol idi. İstər siyasi müstəvidə, istər hərbi müstəvidə, istər ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən bu hadisə bütün işlərimizin, elə bil ki, son nidası idi. Bu gün biz 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başlayırıq. Hesab edirəm ki, müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayır”.
Gün kimi aydın fikirlər və təkcə ölkə əhalisinin deyil, dünyanın hər yerindəki soydaşlarımızın səfərbər edilməsinə zəmin yaradan arqumentlərdir. İnanıram ki, bu cümlədəki “səfərbər eləmək” ifadəsi İrəvanda zərrəbinlə “tədqiq ediləcək” və yeni vay-şivən qaldıracaqlar. Qoy, olsun!
Bəs biz tərəqqinin növbəti mərhələsinə, inkişafın yeni dövrünə kimlərlə gedirik? Əlbəttə, ənənəvi dost, tərəfdaş ölkələrimizlə. Bu məqamda təkcə Türkdilli Dövlətlər Təşkilatının məlum üzvlərini və Qoşulmama Hərəkatındakı 120 dövlətdən ibarət tərəfdaşlarımızı nəzərdə tutmuruq. Onu da nəzərə alırıq ki, həm də Avropa İttifaqının iqtisadi baxımdan ən güclü olan ölkələrinin doqquzu ilə strateji tərəfdaşlıq səviyyəsində münasibətlərimiz var.
Bundan başqa, Asiya və Avropa iqtisadiyyatlarını bir-birinə qovuşdurmaq üçün mükəmməl iqtisadi layihələr hazırlayan Çin Xalq Respublikası da öz ideyalarının icrası prosesində Azərbaycana inanır, güvənir və olduqca böyük etimad göstərir. Üstəlik, Rusiya Federasiyası ilə Strateji Müttəfiqlik Fəaliyyəti haqqında sənəd imzalamışıq.
Bu məqamda ABŞ-ın Azərbaycana olan inamını, rəsmi Bakının Vaşinqtonla əməkdaşlıqda nümayiş etdirdiyi sədaqəti də unutmaq olmaz. Nə olsun ki, bir qrup ermənipərəst senator, İrəvanın sifarişlərini yerinə yetirən konqresmen və ya ikili standartlardan əl çəkə bilməyən riyakar siyasətçilər ölkəmizə qarşı ədalətsiz mövqe tutur, əsası olmayan iddialarla çıxış edirlər. Onlar son iyirmi ildə prezident səviyyəsində Vaşinqtondan Bakıya göndərilmiş məktubları açıb oxusunlar. Həmin məktubların hamısında birmənalı şəkildə etiraf olunur ki, Ağ ev bundan sonra da Azərbaycanla əməkdaşlıqda maraqlıdır və biz bunu davam etdirəcəyik.
Çox əcəb. Bəs Ermənistanın yanında kim var? Bəri başdan xatırladaq ki, Ermənistanın hansısa yeni dövrə getmək istəyi də yoxdur, imkanı da. Onlar olsa-olsa öz terrorçuluq ənənələri ilə köhnə dövrə – XIX əsrin sonları, XX əsrin əvvəllərinə qayıda bilərlər. Həmin qayıdış zamanı yanlarında görəcəkləri Paris və Dehli, qazancları isə Fransanın Afrikadan çıxarılmış silahları və Hindistanın əlli il əvvəllki texniki vasitələri olacaq. Çünki bu ölkənin lidersizliyi Ermənistanın öz müttəfiqlərini tez-tez dəyişməsi ilə nəticələnir. Fəsadlar isə gündən-günə artır.
Türk jurnalist Əli Göydənizin dediyi kimi, bu gün Ermənistanda qaraçı qaraçını tapıb, riyakar da riyakarı. Qoy getsinlər görək, hara qədər gedəcəklər.
İttifaq MİRZƏBƏYLİ