Prezident İlham Əliyevin seçkilərdə parlaq qələbəsi xalqın öz liderinə sarsılmaz inamından qaynaqlanır

post-img

2024-cü il fevralın 7-də keçirilən prezident seçkilərində İlham Əliyev inamlı qələbə qazanaraq növbəti müddətə dövlət başçısı seçildi. Bu qələbə xalqın öz liderinə sarsılmaz inamından qaynaqlanmaqla, son iyirmi ildə görülən işlərə, qazanılan uğurlara verilən dəyərdir. Azərbaycan xalqı səsini İlham Əliyevə verməklə, Ümummilli Lider Heydər Əliyevin ideyalarına sədaqətini nümayiş etdirdi.

Prezident seçkiləri Azərbaycanda yeni dövrün başlanğıcıdır

Prezident seçkiləri bir dövrün yekunu, yeni bir dövrün başlanğıcı sayılır. Ötən ilin sentyabrında suverenliyimiz tam bərpa olundu, Qarabağda separatçı rejimin mövcudluğuna birdəfəlik son qoyuldu. Bununla da Azərbaycan tarixinin çox mühüm dövrünə yekun vuruldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev qüdrətli sərkərdəliyi, öz müdrik siyasəti ilə xəyal kimi görünən arzularımızı həqiqətə çevirdi. İndi isə yeni bir dövr başlayır, bu dövrün başlanğıcı məhz prezident seçkiləri ilə qoyulur.

Hər bir Azərbaycan vətəndaşı, dünyada yaşayan hər bir azərbaycanlı şanlı Qarabağ Zəfərinin sevincini yaşayır, haqlı qürur hissi keçirir. Azərbaycanın çoxəsrlik tarixində heç vaxt buna bənzər qələbə olmayıb. Xalqımız öz prezidenti ilə fəxr edir, ona qələbə sevinci yaşadan, başucalığı gətirən liderinə böyük dəstək verir. Prezident seçkiləri bunun daha bir bariz təcəssümü oldu.

Digər diqqət çəkən məqam ondan ibarətdir ki, ilk dəfə olaraq bu seçkilər Azərbaycanın hər bir guşəsində, o cümlədən 30 illik işğaldan azad edilmiş torpaqlarımızda keçirildi.

Biz 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başlamışıq. Müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən - uğurlu antiterror tədbirlərindən sonra başlayıb. Bir sutkadan da az çəkən bu tədbirlər Azərbaycan Ordusunun tam Zəfəri ilə nəticələndi. Separatçı rejim diz çökdü və ağ bayraq qaldıraraq təslim oldu.

Daha bir mühüm məqam Prezident İlham Əliyevin fəaliyyətinin 20 ilinin tamam olmasıdır. Seçkilər həm də bu misilsiz dövrün yekunu oldu və xalqın yüksək qiymətini aldı.

Əsrə bərabər 20 ilin möhtəşəm uğurları

2003-cü ildə - müstəqillik tariximizin ən həlledici məqamında Azərbaycan xalqı düzgün seçim edərək Ulu Öndərimizin layiqli varisi İlham Əliyevi prezident seçdi, bununla da Heydər Əliyev siyasətinin davam etdirilməsinə səs vermiş oldu. Əgər tarix başqa istiqamətdə getsəydi, bilmək olmazdı, xalqımız, dövlətimiz hansı təhlükələrlə üzləşəcəkdi. Bu, bir daha təsdiqləyir ki, güclü lider və düşünülmüş siyasət olmadan istənilən ölkənin, xüsusilə Azərbaycan kimi gənc müstəqil ölkənin özünü təsdiqləməsi, irəliləməsi və beynəlxalq aləmdə nüfuz qazanması mümkünsüzdür.

Xalq Prezident İlham Əliyevə inanır, öz taleyini ona etibar edir. Məhz bu inam sayəsində xalq-iqtidar birliyi həlledici amilə çevrilib.

Bugünkü Azərbaycan dünya miqyasında güclü ölkələr sırasındadır. Azərbaycan həm beynəlxalq aləmdə, həm regionda, eyni zamanda, daxili siyasət prioritetlərinin düzgün seçilməsində bir çox ölkələr üçün nümunə sayılır, özünəməxsus inkişaf modelləri ilə tanınır. Son 20 ilin mənzərəsi göstərir ki, həm siyasi və hərbi müstəvidə, həm də ölkəmizdə gedən proseslər baxımından sentyabra qədər getdiyimiz yol düzgün yoldur. Sözsüz ki, müdrik xalqımız bu yolun davam etməsini istəyir və 7 fevral seçkilərinin nəticəsi bunu əyani şəkildə təsdiqlədi. Bir sıra analitiklərin fikrincə, bu seçkilər həm də xalqın dövlət başçısına hörmət və minnətdarlığını ifadə etməsi üçün bir imkan oldu.

Otuzillik işğala və ədalətsizliyə son qoyan Qələbə strategiyası

Son 20 ilin tarixi göz qabağındadır. Biz hamımız bu dövrdə baş vermiş misilsiz inkişafın canlı şahidləriyik. Azərbaycanın haradan haraya gəlib çıxdığını öz gözlərimizlə görmüşük. Bu dövr ölkə iqtisadiyyatının dinamik inkişafı, insanların rifah halının durmadan yaxşılaşması, bütün sahələrdə köklü islahatlarla yadda qalıb.

İlham Əliyevin Azərbaycana Prezidentlik etdiyi 20 il ölkəmizin tarixinə yüksəliş dövrü kimi daxil olub. Prezident İlham Əliyev ötən 20 ildə verdiyi hər bir vədi yüksək səviyyədə yerinə yetirib.

Əsrə bərabər 20 ilin zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə əbədi yazıldı. Otuz ilə yaxın işğal altında qalmış torpaqlarımız 44 gün ərzində azad olundu. BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış qətnamələrini Azərbaycan özü icra etdi. Beləliklə, Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi. Bu Qələbə sayəsində regionda yeni reallıqlar yarandı.

Şanlı Vətən müharibəsi Prezident İlham Əliyevin daha bir liderlik keyfiyyətini – sərkərdəlik məharətini üzə çıxardı. Qələbəni şərtləndirən mühüm amillərdən biri də Azərbaycan Prezidentinin diplomatiya müstəvisində çevik siyasəti oldu. Müharibə dövründə dövlətimizin başçısı xarici KİV-ə otuzadək müsahibə verdi ki, bu da münaqişə və Qarabağla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadı.

2023-cü il sentyabrın 19-da rəşadətli Ordumuzun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri hərb tariximizə daha bir parlaq səhifə kimi yazıldı, qarşıya qoyulan hədəflərə 24 saatdan da az müddətdə nail olundu. Bu, eyni zamanda, Prezident İlham Əliyevin qətiyyətinin, siyasi iradəsinin müdrik qərarlarının məntiqi nəticəsi olmaqla, öz lideri ətrafında “dəmir yumruq” kimi birləşmiş xalqımızın gücünü və qələbə əzmini nümayiş etdirdi.

Böyük Qayıdış yolunda böyük addımlar

Qurucu lider olan Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın reallaşması üçün inanılmaz qətiyyət və əzmkarlıq göstərir. Görülən bütün işlər Azərbaycan xalqının, Azərbaycan vətəndaşının daha xoş güzəranını qurmaq, sabahını daha firavan etmək məqsədi daşıyır.

İşğaldan azad olunmuş ərazilərdə həyat yenidən qayıdır: infrastruktur obyektləri ilə paralel olaraq, yaşayış kompleksləri, məktəb binaları tikilib istifadəyə verilir, yenilərinin təməli qoyulur. Bütün bunlar Böyük Qayıdışın geniş perspektivindən xəbər verir. Azad olunmuş ərazilərə qısa müddətdə 1360 ailə, yaxud 5 min 354 nəfər köçürülüb. Onlara prezident seçkilərində ilk dəfə olaraq doğma yurdda səs vermək xoşbəxtliyi nəsib olub.

Düşmənin darmadağın etdiyi şəhər və kəndlərin bərpası sürətlə davam etdirilir, Böyük Qayıdış yolunda böyük addımlar atılır. Azad olunmuş şəhər və kəndlərə yaxın üç ildə 140 min insanın köçürülməsi planlaşdırılır.

Nəhəng vəsait və qüvvə tələb edən bu işləri Azərbaycan kənardan bir manat belə almadan özü görür. Bu, həm də ölkəmizin ildən-ilə artan iqtisadi gücünün göstəricisidir.

Azərbaycana siyasi-iqtisadi dividendlər qazandıran transmilli layihələr

Azərbaycan ötən 20 ildə bir çox nəhəng transmilli layihələrə imza atıb. Onlardan bəzilərini xatırlamaq yerinə düşər.

2006-cı il iyulun 13-də Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin açılışı oldu və həmin il dekabrın 15-də “Şahdəniz” yatağında ilk quyu istismara verildi. 2014-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin 20-ci ildönümündə Səngəçalda “Cənub Qaz Dəhlizi” layihəsinin təməli qoyuldu.

Prezident İlham Əliyevin gərgin və uğurlu fəaliyyəti, ardıcıl səyləri ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərindən sonra Bakı-Tbilisi-Ərzurum, TANAP, TAP kimi transmilli qaz arteriyaları yarandı. Bununla da dünya enerji xəritəsində yeni mənzərə formalaşdı.

2017-ci ildə Prezident İlham Əliyevin şəxsi səyləri nəticəsində Xəzər dənizinin Azərbaycan sektorundakı Azəri-Çıraq-Günəşli neft yataqları blokunun işlənilməsində yeni dövr başlandı, yəni “Əsrin müqaviləsi” 2050-ci ilədək uzadıldı. 2020-ci il dekabrın 31-də Cənub Qaz Dəhlizinin son seqmenti olan Trans-Adriatik boru kəmərinin istismara verilməsi ilə Azərbaycan qazının tarixdə ilk dəfə olaraq Avropaya ixracına başlanıldı.

Bütün bu irimiqyaslı neft-qaz layihələri ilə yanaşı, Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin və Ələt Azad İqtisadi Zonasının açılışı ilə Azərbaycan və Bakı regionun ən böyük ticarət və logistika habına, Şimal-Cənub, Şərq-Qərb və Orta Dəhliz nəqliyyat marşrutlarının mərkəzinə çevrildi.

Bu və digər layihələr ölkəmizə həm iqtisadi, həm də siyasi dividendlər qazandırmaqdadır.

Misilsiz iqtisadi-sosial inkişaf

Son iyirmi il ölkə iqtisadiyyatında və sosial sahədə qazanılan misilsiz uğurlarla da xarakterikdir. Həmin dövrdə Azərbaycanın ümumi daxili məhsulu real ifadədə 3,6 dəfə artıb. Qeyri-neft sektoru üzrə ümumi daxili məhsulda 3,4 dəfə, dövlət büdcəsinin xərclərində isə 30 dəfə artım olub. 2003-cü ildə adambaşına düşən büdcə xərcləri 150 manat idisə, hazırda bu göstərici 3 min 500 manatı ötüb.

2003-cü illə müqayisədə 2022-ci ildə adambaşına düşən ümumi daxili məhsul 3 dəfəyə yaxın artaraq 13 min 256 manat təşkil edib. Azərbaycanın xarici valyuta ehtiyatları son 20 ildə 47 dəfədən çox artaraq 66 milyard ABŞ dollarını keçib.

Qeyri-neft sektorunun prioritet istiqamətlərindən olan kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsinin inkişafı da daim diqqət mərkəzində saxlanılıb. Görülən məqsədyönlü tədbirlər nəticəsində son 20 ildə 51 aqropark yaradılıb, qeyri-neft ixracı səkkiz dəfədən çox artıb.

Əhalinin sosial müdafiəsi, xüsusilə ən həssas kateqoriyadan olan insanların sosial təminat məsələləri Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Ötən 20 ildə sosial sahədə həyata keçirilən islahatlar və məqsədyönlü tədbirlər əhalinin sosial rifahının dayanıqlılığını təmin edib. 2003-cü ildə dövlət büdcəsindən sosial xərclərə 678,2 milyon manat ayrılmışdısa, 2022-ci ildə bu rəqəm 11,6 milyard manat olub. Həyata keçirilən sosialyönümlü siyasətin nəticəsi olaraq, orta aylıq əməkhaqqı 2003-cü ildəki 77,4 manatdan 900 manata, orta aylıq pensiya isə 25 manatdan 423 manata çatıb. Yaxud, ölkəmizdə yoxsulluq səviyyəsi 2003-cü ildəki 44,7 faizdən 5,5 faizə enib.

Əhalinin sosial müdafiəyə daha çox ehtiyac duyan hissəsi, o cümlədən əlillər, müharibə veteranları, aztəminatlı vətəndaşlar da daim dövlətin diqqət mərkəzində olub. Şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 14 mindən artıq mənzil və fərdi ev verilib.

Ölkəmizə böyük nüfuz və dəstək qazandıran müstəqil xarici siyasət

Prezident İlham Əliyevin siyasi bilikləri və təcrübəsi, diplomatiya elmini dərindən bilməsi ölkəmizin xarici siyasət kursunun uğurla həyata keçirilməsində mühüm rol oynayır. Ölkələrin bir-birinin suverenliyinə hörmət etmələrinin, əməkdaşlığı gücləndirməklə qarşılıqlı faydalı əlaqələrin qurulmasının vacibliyini bəyan edən Prezident İlham Əliyev xarici siyasət kursunu bu prinsiplər əsasında qurub.

Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə, suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət və riayət edilməsi, həmçinin daxili işlərə qarışmama kimi prinsiplər əsasında əməkdaşlığa hazır olduğunu praktikada təsdiqləyib. Ölkəmiz ən ziddiyyətli beynəlxalq münasibətlər fonunda da bu xəttə sadiqliyini nümayiş etdirərək müstəqil xarici siyasət yürüdür. Məhz buna görə də dünya Azərbaycanın sözünü eşidir, Prezidentimizin irəli sürdüyü beynəlxalq və regional təşəbbüslərə dəstək verir.

Bu gün dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycan qonşu ölkələrlə müxtəlif platformalarda əməkdaşlıq əlaqələri quraraq mövcud münasibətlərini daha da möhkəmləndirir.

Bu illər ərzində beynəlxalq qurumlarla da səmərəli əməkdaşlıq əlaqələri qurması ölkəmizin qlobal imicinin formalaşmasında müstəsna əhəmiyyət kəsb edir. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrlik etməsi ölkəmizin dünya miqyasındakı nüfuzunun göstəricisidir.

Ötən ilin dekabr ayında dünya ölkələri ən böyük beynəlxalq konfransın (COP29) Bakıda keçirilməsi haqqında yekdil qərar qəbul etdilər. Bu, Azərbaycana və onun liderinə dünya ictimaiyyəti tərəfindən göstərilən böyük hörmət və rəğbətin ifadəsi olmaqla, eyni zamanda, ölkəmizin yaşıl enerjiyə keçidinə verilən böyük qiymətdir.

Prezident seçkilərində İlham Əliyevə səs verən xalqımız əmindir ki, bu nailiyyətlərin davamı gələcək, yeni dövrdə qarşıda duran yeni vəzifələr də uğurla yerinə yetiriləcək.

Siyasət