Avropada neofaşizm: prosesi kim dayandıracaq?

post-img

I məqalə

Ədalət mülkündən kim üz çevirsə,Ona aqil deməz ağıllı kimsə.

Nizami Gəncəvi

Avropada “öldürə bilərsən” imtiyazının təzadları

İndi demək olar ki, hər bir müasir insan üçün adi səslənən “faşizm”in qədim tarixi vardır. Bu söz nə qədər paradoksal və qəribə də olsa, dövlət­çiliyi, cəmiyyətin bütövlüyünü qorumaq adı altında siyasi anlam kəsb etmişdir. Etimoloji olaraq da faşizm “birliyi”, “it­tifaqı”, “vahid dəstə olmağı” ifadə edir. Bu sözün həm latın, həm də italyan mənşəyi haqqında yazırlar. 

Terminin etimoloji detallarına var­madan deyək ki, faşizm Qədim Roma­da xüsusi sosial, siyasi, tənzimləyici mexanizm kimi tətbiq edilmişdir. Bunun üçün ayrıca qruplar formlaşdırılmışdır. Onlara xüsusi sarğılar verilmişdir. “Fas­sio” adlanan simvol və onun predmet təcəssümü olan və silah kimi tətbiq edilən yaraq yaratmışlar. Fassionu, məsələn, Qədim Romada magistratlar daşımaq hüququna malik idilər. Onlar dəstə halında dolaşır və lazım bildikləri yerdə uyğun saydıqları insanlara qarşı zor tətbiq edirdilər. 

Sonralar fassionu təkmilləşdirərək ona balta birləşdirmişlər və bu da qətlə yetirmək praktikasını dövləti qorumaq adı altında tədricən kütləviləşdirməyə imkan yaratmışdır.

Fassionu daşıyan insan rəsmləri Avropa tarixində adi hallardan biridir. Bununla bağlı, demək olar ki, Avropa­nın hər bir dövlətinin “zəngin arxivləri” indi də mövcuddur. Sanki Avropa fa­şizmi simvollarda da əbədiləşdirmişdir! Hətta indi fassio Fransanın emblemin­də vardır. Digər Avropa dövlətlərinin dövlətçiliklə bağlı rəsmi simvollarında da yer almışdır.

Əsrlər boyu Avropada fassioya əsaslanan zorakılıq mövcud olmuşdur. O, çoxlu sayda budaqların (çubuqların, nazik ağac qollarının) bir dəstəyə to­parlanaraq ətrafında müəyyən iplə və ya başqa nazik maddə ilə birləşdirilən, dağılmağa qoymayan halda qalmasına imkan verən silahdır. Belə görünür ki, özünün yetişmiş ideoloji formasında “faşizm” adlanan hadisə qədimdən av­ropalı şüurunda ənənəyə çevrilmişdir. 

İndi özünün mədəniyyəti, texnologi­yası, demokratiyası, liberalizmi, mədə­niyyətinin “universal olması” ilə öyünən “Qoca qitə” üçün, bu, xeyli dərəcədə təzadlı, ziddiyyətli və hətta acınacaqlı haldır! 

Doğrudanmı, Avropa və bütövlükdə, Qərb lap qədimdən radikalizmə, zora­kılığa meyilli olmuş və real olaraq prak­tikada onu dəfələrlə tətbiq etmişdir? Bu barədə Qərb filosofları, politoloqları və sosioloqları, ümumiyyətlə, elm adamla­rı hansı fikirləri söyləmişlər?

Qətlsiz cəmiyyət: bu, mümkündürmü?

Bu sualı XX əsrin ikinci yarısında Koreya müharibəsinin ideoloqu Qlenn Durland Peyc yazdığı kitabda qoymuş­dur. Q.Peyc ABŞ-da dünyaya gəlmiş­dir, sırf Qərb tərbiyəsi görmüş və orada təhsil almışdır. 1950-ci ildə Koreya mü­haribəsinin başlanmasında onun təsiri çox olmuşdur. Prezident H.Trumeni bu müharibəyə təhrik edən əsas ideoloq idi. Lakin maraqlıdır ki, Q.Peyc müha­ribədən sonra tamamilə mövqeyini də­yişmişdir. O, qeyri-zorakılığı təbliğ edən siyasi-ideoloji hərəkat yaratmışdır. Bu zaman Mahatma Qandinin siyasətini nümunə kimi mənimsəmişdir. 

Politoloqin fikir dəyişikliyi 1973–1974-cü illərdə baş vermişdir. 22 ildən çox araşdırma nəticəsində “Qey­ri-zorakılıq haqqında qlobal elm” adlı əsər yazmışdır. Bu əsər 30 dilə tər­cümə olunmuşdur. Onun təsiri altında 2007-ci ildə Holonunuda (Havaya ştatı) zorakılığa qarşı olanların ilk beynəlxalq tədbiri keçirilmişdir. 

Politoloqun 2002-ci ildə nəşr olu­nan “Qətlsiz cəmiyyət: bu mümkündür­mü?” monoqrafiyası da geniş əks-sə­da doğurmuşdur. Orada Q.Peyc Qərb cəmiyyətinin qədimdən qətl törətmək hadisəsinə məişətdə, elmdə və fəlsəfə­də yanaşmasını təhlil etmişdir. Onun gəldiyi qənaət qısaca belədir: Avropa­da və Amerikada qətl etmək qədimdən həyat tərzinin bir hissəsi olmuşdur. Mo­tivindən asılı olmayaraq qərbli insanın kimisə öldürməsi mövcud hüquqi çərçi­vəyə uyğundursa, normal sayılmışdır. 

Maraqlıdır ki, bu ideyanı insanlara Qərb fəlsəfi və elmi fikri də yeritmişdir. Q.Peyc bu məqsədlə Platon və Aristo­teldən tutmuş Orta əsrlərdə, İntibahda, Yeni dövrdə və XX əsrdə Qərbdə yaşa­yıb yaratmış filosofların və elm xadim­lərinin əsərlərindən konkret fikirlərə isti­nad etmişdir (bax: Пейдж Г. Общество без убийства: Возможно ли это? / Пер. с англ. А.Г.Старцевой. - СПб.: Изд-во С.-Петерб. ун-та, 2005. - 186 с. ISBN 5-288-03600-4). Kitabın 22-ci səhifəsində o yazır ki, bütövlükdə, Qərb fəlsəfi və elmi tarixində “qətlə yetir!” hökmü dəbdə olmuşdur. 

Filosoflar, kulturoloqlar, psixoloqlar, tarixşünaslar və sosioloqlar bu məsələ­nin müxtəlif cəhətlərini də öyrənmişlər. Burada bizim üçün maraqlı olan kana­dalı sosioloq Marşall Maklyüenin Qərb insanının özündənrazı, başqalarına yuxarıdan aşağı baxan və eqoizmi yük­sək olan varlıq kimi yetişməsində əlif­banın rolu ilə bağlı apardığı təhlillərdir. Latın qrafikası onun fikrinə görə, insan­larda daha çox mücərrəd düşüncə tər­zini stimullaşdırır. Çünki simvol olaraq bu əlifba həmin psixoloji elementləri ya­radır. Bundan fərqli olaraq isə məsələn, Çin əlifbası insanlarda obrazlı-emosi­onal təfəkkür formalaşdırır. Bu cür in­sanlarda həyata bağlılıq, ona hörmət və təbiətlə bütünləşmə güclü ola bilər. Eyni məntiqlə ərəb və ya başqa əlfba­ların psixoloji təsirini öyrənmək maraqlı olardı. 

Tarixşünas Benedikt Anderson mil­lətlər və millətçiliyin formalaşması priz­masında Qərb siyasi düşüncə tərzinin bir sıra özəlliklərini təhlil etmişdir. Onun qənaəti belədir ki, Qərb insanına məx­sus müstəsnalıq duyğusu başqa mə­dəniyyət sistemlərinə və bütövlükdə, xalqa, millətə və cəmiyyətə ikili münasi­bət yaratmışdır. Nəticədə müxtəlif növ fobiayalar – antisemitizm, islamofobiya, fərqli mədəniyyətlərə yuxarıdan aşağı yanaşma, və s. kimi qüsurlar meydana gəlmişdir. 

Qərb bu cür yanlışlıqlara görə, çox­lu sayda fərqli mədəniyyətləri məhv et­mişdir. B.Anderson vurğulayır ki, bun­lardan xilas olmağın faydası vardır. 

Nəhayət, bir nümunə də, nə qədər paradoksal olsa da, sırf elmi-metodoloji araşdırmadan göstərə bilərik. XX əsr Qərb fəlsəfəsinin görkəmli nümayən­dələrindən olan Pol Feyerabend “Əl­vida, zəka” adlı əsərində Qərb düşün­cə tərzi ilə bağlı maraqlı məqamlara toxunmuşdur. P.Feyerabend Homerin insan haqqında təsəvvürünü tənqid edir, Platonu insan yaradıcılığını doğ­ru araşdırmamaqda günahlandırır və bütövlükdə fəlsəfədə insan fəaliyyətinə fərqli yanaşmanın formalaşdırılması ehtiyacını vurğulayır. P.Feyerabendin əsas etirazı Qərbdə insan fəaliyyətinin dünyadan təcrid olunmuş kimi dərk edilməsi və bununla real mövcud olan subyekt-dünya vəhdətinin pozulma­sı ilə bağlıdır. Belə olan halda insanın hətta elmi yaradıcılığı konkret sosial, psixoloji, kültür apatyaları əmələ gətirə bilir. 

Biz, X.Orteqa və Qassetdən, O.Şpenqlerdən və digər Qərb mütəfək­kirlərindən də nümunələr gətirə bilərik. Yalnız onu deyək ki, “Qərbin qürubu” əsərinin müəllifi Osvald Şpenqlerdir!

XX əsr – Avropada yeni zorakılığa keçid

Əlbəttə, dünyanın hər bir regionun­da zorakılıq, faşist düşüncə tərzi və qətllər mövcud olmuşdur, olur və yəqin ki, olacaq (Q.Peycin ruhu inciməsin). Məsələn, Qafqazda ermənilər ən çox bu mərəzə yoluxmuşlar və indi də bü­tün cəhdlərə baxmayaraq ondan qurtu­la bilmirlər. 

Ancaq faktdır ki, məhz avropalılar dünya siyasətində və geosiyasətində XX əsrdə aparıcı rol oynamışlar. İki dünya müharibəsini onlar yaratmışlar. Nüvə silahını onlar kəşf etmişlər. Bey­nəlxalq münasibətlər sistemini onlar yeniləmişlər (Vestvaldan sonra), elmdə inqilabi kəşflərə nail olmuşlar və, nə­hayət ruslarla birgə dünya üzrə əsas güc mərkəzi olmuşlar. Bu vəziyyət, demək olar ki, indi də davam edir. 

Geosiyasi nəzəriyyələrin qurulma­sı və tətbiqi də əsas olaraq Qərbdən qaynaqlanmışdır. Z.Bzejinski siviliza­siyaların toqquşmasından, H.Kissincer realpolitika vasitəsi ilə Qərbin geosiyasi hökmranlığa nail olmasından, Jozes Nay (kiçik) Amerikanın “yumşaq güc” vasitəsilə lider olmasından bəhs et­mişlər. “Böyük Avrasiya” (Heartland) ideyasının da müəllifi avropalıdır (H.J.Makkinder). Şarl Morras, Jorj Sorel kimlərdir? Avropalı!

İndi hər kəsin dilində olan “qlobal geosiyasətin mərkəzi Şərqə tərəf keçir” tezisinin müəllifi də Z.Bzejinskidir. Yeri gəlmişkən, Z.Bzejinski faşist təşkilatla­rın mövcud olduğu Polşadandır. Mizoç­da (indi Ukrayna ərazisidir) yəhudi qa­dınların edamını (1942-ci il) əks etdirən səhnələrə indi də həyəcansız baxmaq olmur. Doğrudur, dünyada heç kim qəd­darlığına və vəhşiliyinə görə erməni fa­şizminə çata bilməz, lakin adi insanlıq baxımından bu səhnələrin hər biri ürək ağrıdır. 

Bütövlükdə, Avropanın çox sayda ölkəsində faşist hərəkatlar XX əsrdə olmuşdur. Məsələn, İtaliyada faşizm, Almaniyada nasional-sosializm, Ru­mıniyada “dəmir qvardiya”, İspaniyada “İspan falanqası”, Rus faşizmi, Ukrayna hərəkatı, Latviyada “perkonrrusts”, Xor­vatiyada “ustaşi” və başqalarını xatırla­maq olar. 

İkinci dünya müharibəsindən sonra Avropada faşizm yeni mərhələyə trans­formasiya etdi və onu neofaşizm adlan­dırırlar. Neofaşist hərəkatlar klassik fa­şist hərəkatlardan bir sıra məqamlarına görə fərqlənirlər. Lakin burada konkret fərqlərə keçmədən nəzəri və prakti­ki baxımdan maraq doğuran iki syasi məqamı vurğulamaq istərdik. 

Onlardan biri iki dünya müharibə­sinə rəğmən Avropada faşist, nasonal, radikal psixoloji, kültürəl və ideoloji ab-hava yox olmadı. 1945-ci ildən son­ra belə Avropa cəmiyyətlərində və si­yasi şüurlarda qaldı. Nəinki qaldı, hətta yeni nəzəri təlimlərə adaptasiya olaraq faşizmin yeni növlərini meydana gətir­di. Məsələn, “poststrukturalist faşizm”, “postmodernist faşizm” və s. Lakin necə adlandırılmasından asılı olmaya­raq radikal, ultramillətçi, qətledici, da­ğıdıcı xislətini saxladı. Hətta yeni-yeni gizli və incə metodlar tətbiqinə başladı. Fəaliyyət təsirini Avropada genişlən­dirərək siyasi statusunu yüksəltdi. 

Digər məqam aşağıdakı suallarla əlaqəlidir: Filosoflar, kulturoloqlar, iq­tisadçılar və sosioloqlar “bu prosesin səbəbi nədən ibarətdir, hansı faktor­lar Avropa cəmiyyətlərində və siyasi dairələrdə radikalllığı, ayrı-seçkiliyi, ədalətsiz münasibətləri körükləyə bilər­di?” kimi suallar üzərində düşünürlər. Yəni neofaşizmə siyasi-ideoloji ha­disə kimi həm kənardan praktiki ola­raq baxırlar, həm də onun nəzəri iza­hını verməyə çalışırlar. Bu bağlılıqda müasir fransız sosiologiyasının canlı əfsanələrindən biri olan Mişel Turenin maraqlı və özəl fikirləri vardır.

(ardı var)

F.MƏHƏMMƏDOĞLU
XQ

Siyasət