Rəşad MƏCİD,
Mətbuat Şurasının sədri
Mətbuat Şurasının missiyası
Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan yeni dövrə başlayarkən, Prezident seçkiləri də bu dövrün başlanğıcı olmalıdır. Torpaqlarımızın işğaldan azad edilməsindən və suverenliyimizin tam bərpasından sonra ilk dəfə reallaşacaq prosesi medianın obyektiv işıqlandırması isə demokratik dövlət, hüquqi cəmiyyət quruculuğunun dərinləşməsinə töhfə baxımından son dərəcə vacibdir. Buna görə də seçki media orqanları kimi, Mətbuat Şurasının qarşısında da məsuliyyət müəyyənləşdirir.
Ümumən, Mətbuat Şurası seçki proseslərində medianın iştirakı ilə bağlı ayrı-ayrı məqamları hər zaman diqqət mərkəzində saxlayıb. 7 fevral Prezident seçkiləri də bu baxımdan istisna ola bilməz. Əvvəlki dövrlərin təcrübəsinə istinad etsək, deyə bilərik ki, seçki media və jurnalistika üçün, bir növ, sınaqdır.
Məlum olduğu kimi, seçkilər zamanı cəmiyyətdə aktivlik artır. Bu aktivlikdə müxtəlif qütblər olur. Onlar öz aralarında rəqabət aparırlar. Üstəlik, Azərbaycan təcrübəsini nəzərə alsaq, aktivliyin xarici seqmentinə də rast gəlirik. Bilirsiniz ki, ölkəmizdən kənardakı qüvvələr fəallaşırlar və onlar bəzən lokal, bəzən qlobal, bəzən də regional maraqlarından irəli gələn mənafelərinin yerinə yetirilməsinə çalışırlar. Bütün bunlar yekunda media fəaliyyətinə təsirini göstərir.
Əlbəttə, hazırda Azərbaycan mediasında siyasiləşmə, demək olar, yoxdur. Media orqanlarının ayrı-ayrı siyasi qrupların təsirinə düşüb hərəkət etmələri halları da həmçinin. Bu sevindiricidir. Çünki fərqli durumun yaşanması, istər-istəməz, peşə prinsiplərinə etinasızlıq hallarını doğururdu və bu, hər birimizin yaxşı xatirindədir. Mövcud xüsusda yaranmış gərginlik isə bütövlükdə, cəmiyyətin ahənginə neqativ təsir göstərirdi.
Ancaq hazırkı durum da arxayınlıq üçün əsas vermir. Başlıca vəzifə əldə edilmiş sabit ab-havanın qorunub saxlanmasıdır. Mətbuat Şurası da məsələyə məhz bu prizmadan yanaşır. Şura media subyektlərinin seçkidə peşəkar şəkildə iştirakını iki cəhətdən vacib sayır. Birincisi, onların özlərini təsdiqləmələri məsələsi var. Nəzərə alaq ki, hər seçki həm də bir hesabatdır, əvvəldə bildirdiyim kimi sınaqdır. İkinci məqam ictimai maraqların qorunmasıdır. Gərginlik dövründə bu maraqlardan çıxış etmək faizinin yüksəkliyi, bütövlükdə ölkənin gələcək inkişafı baxımıdan mühüm indikatordur. Əlbəttə, peşəkarlıq ön planda olmalıdır. Şura mövcud istiqamətdə hər zaman tövsiyələr verib və verəcək.
Media və seçkilər mövzusunda bir sıra məsələlərin üzərində dayanmaq mümkündür. Hesab edirik ki, onlar həm Mətbuat Şurasının tövsiyələrində, həm Mərkəzi Seçki Komissiyasının təlimatlarında, həm yerli qanunvericilikdə, həm də beynəlxalq sənədlərdə, kifayət qədər, geniş əksini tapıb. Bir sözlə, onu deyim ki, jurnalistlər seçki prosesinin taleyüklülüyünü nəzərə almalı, həssas davranmalıdırlar. Unutmaq olmaz ki, həssaslığın özü ən böyük peşəkarlıqdır.
Mətbuat Şurasının 7 fevral Prezident seçkiləri ilə bağlı konkret fəaliyyətinə gəlincə, proseslə əlaqədar iki ənənəvi xətti əsas götürürük. Birincisi, seçki kampaniyası dövrünün diqqətdə saxlanılması, ikincisi isə seçki gününə hesablanmış fəaliyyət. Şura birinci istiqamət üzrə ölkənin müntəzəm yayımlanan media subyektlərinin materiallarına diqqət yetirməkdədir. Hazırkı dövrün reallıqlarını düşünsək, sosial şəbəkələrə də nəzər salmaq şərtdir. Bəzən görürük ki, ayrı-ayrı sosial şəbəkə profillərində yayımlanmış bilgilər media və jurnalistlər üçün xəbərə çevrilir. Media bu bilgiləri nə dərəcədə dəqiqləşdirir, hesab edirik ki, məsələ son dərəcə önəmlidir. Jurnalistlər “qara piar” aparmamalı, alətə çevrilməməlidirlər.
Mətbuat Şurasının bilavasitə seçki günü ilə bağlı fəaliyyətində də iki istiqamət olacaq. Əvvəlcədən onu deyim ki, hər iki istiqamət jurnalistlərin seçkini sərbəst işıqlandırmaları üçündür. İlk növbədə, MŞ-də seçki günü yaradılacaq “qaynar xətt”i vurğulamaq istərdim. Bu, 2005-ci ildən indiyədək keçirilmiş bütün seçkilərdə əsas götürülmüş fəaliyyətdir. Şuranın əvvəlcədən elan ediləcək mobil və şəhər telefon nömrələri “qaynar xətt” rejimində çalışacaq. Seçki prosesini işıqlandıracaq jurnalistlər həmin nömrələrlə əlaqə saxlamaq imkanı əldə edəcəklər.
Əlbəttə, biz bilirik ki, jurnalistlərin seçkini işıqlandırmalarına hər zaman şərait yaradılır. Ancaq bəzən müəyyən anlaşılmazlıqların yaranması mümkündür. Məqsədimiz həm də bu cür durumların ümumi axara təsir göstərməsinin qarşısını almaqdır. Belə situasiyalarda media təmsilçiləri “qaynar xətt”ə müraciət edə biləcəklər. Müraciətlər olacağı təqdirdə, Mətbuat Şurası tərəfindən yaranmış çətinliyin aradan qaldırılması üçün operativ tədbirlər gerçəkləşdiriləcək. Təbiidir ki, bu zaman müvafiq instansiyalarla əlaqəli iş aparılacaq.
İkinci istiqamət Mətbuat Şurası İdarə Heyətinin üzvlərinin paytaxtda və bölgələrdə dairə və məntəqə seçki komissiyalarındakı monitorinqləridir. Onlar jurnalistlərin peşə fəaliyyətlərini gerçəkləşdirmələri üçün yaradılmış vəziyyəti müşahidə edəcəklər.
İnanıram ki, həm Mətbuat Şurası, həm də Azərbaycan mediası qarşıya qoyulmuş vəzifələri yerinə yetirə biləcək. Ona da əminəm ki, Azərbaycan mediası bütün sınaqlardan üzüağ, alnıaçıq çıxdığı kimi, bu seçki prosesinə münasibətdə də layiqli mövqe tutacaq, özünün peşəkarlığı ilə cəmiyyətin, ümumən, xalqımızın maraqlarını uzlaşdırmağı bacaracaq.