İrəvanın sülh oyunbazlığı

post-img

İndi də Almatı Bəyannaməsi?!

Ermənistanın Azərbaycanla sülhə hazır olub-olmaması hazırkı Cənubi Qafqaz gündəminin əsas məsələlə­rindəndir. Rəsmi İrəvan müxtəlif beynəlxalq platformalarda sülhə hazır olduğunu, həmçinin regional kommunikasiyaların açılmasındakı marağını bəyan edir. Bu məqsədlə hətta, “Sülhün kəsişməsi” adlı layihə də irəli sürüb. 

Elə bugünlərdə Tbilisidə işgüzar səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan layihəni gürcü həmkarına təqdim edib. Qeyd edib ki, layihə regional əlaqəni təşviq etmək, dövlətlərin suverenliyinə, bərabərliyinə hör­mətlə yanaşmağa yönəlib. Bir sözlə, İrəvan­da elə görüntü yaratmağa çalışırlar ki, sanki sülhdə maraqlı olan onlar, maraqlı olmayan bizik. Halbuki Paşinyanın, onun rəhbərlik etdiyi komandanın bəyanatları sülh istəyi ilə qətiyyən uzlaşmır.

Bir ildən çoxdur ki, Almatı Bəyannamə­sinin adı Ermənistan baş nazirinin dilindən düşmür. Qeyd edək ki, 1991-ci il dekabrın 21-də imzalanmış həmin sənəd Müstəqil Dövlətlər Birliyinin məqsəd və prinsiplə­ri, onun əsasları haqqında bəyannamədir. Bəyannamədə MDB-nin yaranması ilə SS­Rİ-nin mövcudluğunu dayandırdığını qeyd edən Belovejsk sazişi təsdiqlənib. 

Nikol Paşinyan 2022-ci il oktyabrın 6-da Avropa Siyasi Birliyinin Praqada keçirilən I sammiti çərçivəsində baş tutan dördtərəfli görüşdə 1991-ci il dekabrın 21-də imzalan­mış Almatı Bəyannaməsinə əsasən Azərbay­canın ərazi bütövlüyünü tanıdığını bəyan etdi. Təbii ki, regionda hər zaman gerçəkdən sülh istəyən ölkə kimi Azərbaycan da Ermə­nistanın ərazi bütövlüyünü və suverenliyinə sadiqliyini təsdiqlədi. Ancaq həmin vaxtadək bəyannamənin adı erməni tərəfinin heç yadı­na da düşmürdü. İndi isə Almatı Bəyannamə­si Ermənistanda siyasi leksikonda ən çox iş­lənən sözlərdən birinə çevrilib. Lakin məlum olur ki, Paşinyan özünü Qərbə sülhpərvər imicdə göstərmək üçün bu addımı atıbmış.

Məsələn, Ermənistan müxalifətinin nü­mayəndəsi, ölkənin ilk prezidenti Levon Ter-Petrosyanın qurucusu və lideri olduğu Erməni Milli Konqresinin sədr müavini, Ter-Petrosyan prezident olanda onun mətbu­at katibi və köməkçisi vəzifəsində çalışmış Levon Zurabyan mətbuata açıqlamasında de­yib: “Paşinyan bir ildir Almatı Bəyannaməsi haqqında danışır, amma o sənəd sülh sazişi­nin əsasını təşkil edə bilməz. Ona görə ki, Ermənistan tərəfi həmin sənədi parlamentdə müəyyən şərtlərlə ratifikasiya edib. Həmin şərtlərə görə isə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü heç tanımayıb”.

Zurabyanın açıqlamasından sonra Pa­şinyan təbii ki, pis vəziyyətə düşüb və əsəbi şəkildə bildirib: “Mənim bildiyimə görə, Al­matıda iclas keçiriləndə erməni tərəfi heç bir şərt irəli sürməyib. Əgər belə şərt varsa, qoy, müxalifət həmin şərti təqdim etsin”.

Müxalifət də öz növbəsində həmin şər­ti təqdim etdi. Belə ki, Zurabyan mediaya açıqlamasında deyib: “Ratifikasiya zama­nı Ermənistan Ali Soveti sənədə 10 düzəliş qəbul etdi. Onuncu düzəlişə əsasən, MDB-yə yalnız keçmiş sovet respublikalarının deyil, həmçinin hələ SSRİ-nin süqutundan öncə müstəqillik haqqında referendum ke­çirmiş muxtar qurumların da qoşulmalarına imkan verilməli idi. Düzəliş orijinalda belə səslənirdi: “13-cü maddənin ikinci abzasına – “bütün keçmiş müttəfiq sovet respublika­ları üçün açıqdır” cümləsinə, həmçinin SS­Rİ-nin mövcudluğunu başa vurması ilə bağlı bəyannamədən öncə öz müstəqilliklərinin elan edilməsi haqqında referendum keçirmiş muxtariyyətlər üçün də açıq olmalıdır cüm­ləsi əlavə olunmalıdır”. Ermənistan 1992-ci ildə Almatı Bəyannaməsini ratifikasiya etdi. Orada çox aydın şəkildə bir istinad var idi ki, “dağlıq qarabağ respublikası” müstəqil res­publika qismində MDB-yə qoşula bilər”.

Yeri gəlmişkən, qeyd edək ki, ümumiy­yətlə, Almatı Bəyannaməsində ərazi bütöv­lüyü ilə bağlı bənd ümumi xarakter daşıyır. Yəni, burada təkcə Ermənistan və Azərbay­canın bir-birinin ərazi bütövlüyünü tanıma­sından söhbət getmir. Sənəddə ərazi bütöv­lüyü belə ifadə olunur: “Bəyannamə bir daha təsdiq etdi ki, SSRİ-nin mövcudluğu dayan­dırılır və onun yerində indi on bir keçmiş sovet respublikasının daxil olduğu Müstəqil Dövlətlər Birliyi yaranır. MDB nə dövlət, nə də dövlətüstü qurumdur, onun bütün iştirak­çıları bir-birinin ərazi bütövlüyünü tanıyır və mövcud sərhədlərin toxunulmazlığına hör­mət edirlər”.

Ermənistan müxalifətinin təmsilçisi Le­von Zurabyanın dediklərindən və proseslərin ümumi gedişindən aydın olur ki, Ermənistan diplomatiyası 2022-ci ilin oktyabrından bu yana, əslində, Almatı Bəyannaməsi ətrafın­da oyun oynayırmış. Bu yerdə “ayının min oyunu, bir armudun başındadır” məsəli yada düşür. İrəvan da sülh istəyi adı altında “sülh oyunu” oynayırmış.

Onu da qeyd edək ki, 2023-cü il mayın 14-də və iyulun 15-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşü keçirilmişdi. Hə­min təmasda da Almatı Bəyannaməsi mey­dana gəlmişdi. Görüşdən sonra açıqlama verən Şarl Mişel bəyan etmişdi ki, iki ölkə bir-birinin ərazi bütövlüyünü tanımaqla bağlı Praqa bəyanatına sadiqdir. Belə ki, Ermənis­tan Azərbaycanın 86,6 min kvadratkilometr­də, Azərbaycan isə Ermənistanın 29,8 min kvadratkilometrdə ərazi bütövlüyünü tanı­yır. Beləliklə, Almatı Bəyannaməsi burada da baza rolunu oynadı. Bundan sonra ermə­nipərəst Qərb dövlətləri və təşkilatları böyük bir kampaniyaya start verdilər. 

Onlar Paşinyanı öyməyə, onun cəsarətli addım atdığını deməyə başladılar. Bildirdilər ki, “Görün Paşinyan necə cəsarətli addım atıb. Əvvəlki erməni rəhbərlərindən fərqli olaraq, o açıq bəyan edir ki, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Almatı Bəyannaməsi əsasında sülh müqaviləsi im­zalamağa hazırdır. Hətta bizə iradlar da tutu­lurdu. Deyilirdi ki, nədənsə, Azərbaycan bu haqda çox həvəslə danışmır, çox soyuqqanlı yanaşır. Bizə çağırışlar edirdilər ki, Paşinya­nın bu açıqlamasından sonra Azərbaycan da bəzi tələblərindən geri çəkilməlidir. Çünki Paşinyan belə “böyük, vacib addım atıb”. Ancaq vaxt keçdi və indi bəlli olur ki, Azər­baycanın bu məsələyə soyuqqanlı, təmkinlə yanaşmasının əsaslı səbəbləri var imiş. Le­von Zurabyanın yuxarıda qeyd etdiyimiz açıqlaması da bunun daha bir təsdiqidir.

Fikrət SADIXOV, 
politoloq

– Almatı Bəyannaməsinin Ermə­nistan parlamentində hansı şərtlərlə ra­tifikasiya edildiyi məlum deyil. Bunu heç bilmək də olmur. Onlar indi, yəni üstündən neçə il keçəndən sonra hansısa düzəlişlərdən danışırlar. Söhbət ondan gedir ki, əgər onlar Almata Bəyannamə­sini tam qəbul etmirlərsə, sual yaranır. Bəs onlar orduları sərhəddən geri çək­məklə bağlı təklif irəli sürərkən hansı sərhədlərdən danışırlar?! Digər suallar da yaranır. Amma indi söhbət ondan gedir ki, torpaqlarımızı işğaldan azad etmişik və oyun qaydalarını biz diktə edirik. Yəni, müxtəlif hoqqabazlıqla, hansısa şərtlər irəli sürməklə məsələlər həll olunmur. Hazırda söhbət sülh müqa­viləsinin imzalanmasından gedir. Onlar, ilk növbədə, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın bütün şərtlərini yerinə yetirməlidirlər. İlk növ­bədə, Zəngəzur dəhlizi açılmalıdır. Buna əngəl törədirlər. Görünür, sülh sazişinin imzalanmaması üçün müxtəlif bəhanələr irəli sürürlər. Əslində, bizim bu məsələ ilə bağlı mövqeyimiz kifayət qədər ay­dındır. Biz regionda təhlükəsizliyin tə­min olunmasında maraqlıyıq. Müharibə­də qalib gəlməyimizə və torpaqlarımızı azad etməyimizə baxmayaraq, yenə də alicənablığımızı nümayiş etdiririk. Sülh istiqamətində təkliflərimizi irəli sürmü­şük. Bunu qəbul etmək və birdəfəlik sülh sazişinə imza atmaq lazımdır.

Elxan ŞAHİNOĞLU,
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq

– Almatı Bəyannaməsi ilə bağlı Er­mənistanın siyasi qüvvələri arasında çox müzakirələr gedir. Levon Zurabyan isə elə də ciddi fiqur deyil. Onun fikir­lərinə heç Ermənistanın özündə o qədər də əhəmiyyət vermirlər. Yəni, zəif bir qurumun nümayəndəsidir. Ümumiyyət­lə, müxalifətin cəmiyyətdə səsi eşidilmir. Önəmli olan Qarabağ da daxil olmaqla, Ermənistanın Azərbaycanın ərazi bü­tövlüyünü tanımasıdır. Bunun Almatı Bəyannaməsinə, yaxud digər bir sənədə uyğun olacağı elə də əhəmiyyət kəsb etmir. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. İrəvanın başqa alternativi yoxdur. Məhz bu əsasda sülh sazişi imzalanmalıdır.

Onsuz da Paşinyanın müxalifətdən qorxusu yoxdur. Bu addımları atmaq istəsə, ona mane ola bilməyəcəklər. Müxalifət onu devirə bilmədi, seçkidə məğlubiyyətə uğradı. Küçələrə 3 mindən çox adam çıxara bilmir. Orada Levon Zu­rabyandan da güclü fiqurlar var. Məsələn, Serjik Sarkisyanın, Robert Koçaryanın tərəfdarları var. Heç onlar durumu dəyişə bilmirlər, nəinki Levon Zurabyan. Onun qarışıqlıq yaratması, keçmiş sənədi fərqli izah etməyə çalışması da əbəsdir.

Onlar işğal dövründə Qarabağı Azər­baycan ərazisi kimi tanımaya bilərdilər. Ancaq indi reallıqlar dəyişib. Əslində, sülh müqaviləsi, ilk növbədə, Ermənista­nın özünə lazımdır. Biz sülh müqaviləsi olmadan da işimizə davam edə bilərik. Zatən, ərazi bütövlüyümüzü təmin et­mişik. Ermənistanın bunu tanıyıb tanı­maması heç nəyi dəyişməyəcək. Yaxud sərhəd məsələsi uzanır. Onsuz da strateji yüksəkliklər bizim nəzarətimizdədir. Bizim əsas tələbimiz odur ki, bəli, sülh sazişi imzalamaq istəyirlərsə, ölkəmizin ərazi bütövlüyünü tanımalıdırlar.

Səxavət HƏMİD
XQ





Siyasət