“3+3”: Cənubi Qafqazın geosiyasi xilas formulu

post-img

III məqalə

Qaliblər sövdələşməni elə müza­kirə edirlər ki, hamı udur.

Arnold Qoldsteyn

Azərbaycanın siyasi-diplomatik inqilabı

II məqalənin sonuncu müddəası belə idi: Azərbaycan rəhbərliyi “3+3” formulunun həyata keçməsi üçün regional reallıqlarla re­gionlararası reallıqların bir-birinə dəstəyinə nail olmağa başlamışdır. Onu həyata keçir­mək mexanizmi isə başlıca olaraq konkret la­yihələrin (energetik, informasiya, kommuni­kasiya, logistika, müdafiə, təhlükəsizlik və s.) reallaşması ilə bağlıdır. Bununla rəsmi Bakı meydana gələn yeni əməkdaşlıq mühitinin təhlükəsizliyi məsələsini geniş coğrafi və geo-siyasi məkanda aktuallaşdırmışdır. Həm də onu iştirakçı dövlətlərin milli təhlükəsizliyi ilə birbaşa bağlamışdır.

Azərbaycanın “3+3” nümunəsində bu prosesi başlaması iki trendin sintezini özün­də ehtiva edir: birincisi, formulun işitrakçıları ilə yanaşı, digər regionlardan olan dövlətlə­rin də proseslərə daxil edilməsi təhlükəsizlik sisteminin elementlərini artırmaq və bu mə­nada müxtəlif maraqları nəzərə almaqla onu şaxələndirməkdir. İkincisi, həmin şaxələn­dirməni regionlararası mühitdə təhlükəsiz­liyin və əməkdaşlığın təmini istiqamətinə yönəltməklə, bütövlükdə, prosesi inteqrasiya etməkdir. 

Burada başlıca siyasi-nəzəri və prak­tiki vəzifə bu iki tendensiyanın sintezində “3+3”+digər regionlar formulu kontekstində davamlı təhlükəsizliyi və əməkdaşlığı reallaş­dırmaqdan ibarətdir. Eyni zamanda, genişlən­dirilmiş formada regionlararası təhlükəsizlik mühitində, şərti olaraq, “nüvə formulu” ad­landırdığımız “3+3”ün “geosiyasi əriməmə­si”nə nail olmaqdır. Və yaxud əksinə, digər regionların “3+3” formulunun təhlükəsizlik məntiqinə, ruhuna və məqsədlərinə uyğun­laşdırılmasıdır. Təbii ki, mürəkkəb və xeyli risklərlə dolu prosesdir. Çünki geniş region­lararası mühitə müxtəlif istiqamətlərdən bö­yük dövlətlərin təsiri daha artıq olur. Lakin rəsmi Bakı bu cür mürəkkəb vəziyyətdən çox səmərəli xilas yolu tapmışdır və “3+3” formu­lu həm də bu mənada xilas düsturudur.

XXI əsr geosiyasətinin “avtofaktoru” və “3+3” modeli

Çoxlu sayda fəlsəfi, geosiyasi, siya­si-nəzəri araşdırmalar maraqlı bir əlamətin mövcudluğunu aydınlaşdırmışdır. Biz onu XXI əsr geosiyasətinin “avtofaktoru” adlan­dırırıq. Geosiyasi “avtofaktor” indiki mər­hələdə xaosla nizamlılığın, müəyyənliklə qey­ri-müəyyənliyin və təhlükəsizliklə təhdidlərin qarşılıqlı münasibətlər dinamikasının özəllik­lərinin əmələ gətirdiyi “daxili özünüyaratma məntiqi” ilə əlaqəlidir. Mövcud mürəkkəb və­ziyyətdən həmin məntiq əsasında konstruktiv seçim yolu ilə xilas mümkündür. Yəni, XXI əsr geosiyasətinin ümumi dinamikası fonun­da elə təhlükəsizlik sistemi yaradılmalıdır ki, yalnız sabit siyasi normativlərə əməl edən təşkiledicilər olmasın, onların həm də dina­mik yeniləşən “özünüyaratma” mexanizmləri mövcud olsun. Özünüyaratma (“avtoyarat­ma”) hər bir geosiyasi sistemin (regional və qlobal miqyaslı) sürətlə dəyişən situasiyalara yalnız adaptiv deyil, həm də yaradıcı reaksiya vermək özəlliyinə malikdir. Konkret olaraq, “3+3” formulu iki səviyyədə “avtofaktor”a malikdir. Birincisi, bu formulun birbaşa təş­kilediciləri olan dövlətlər – Azərbaycan, Gür­cüstan, Ermənistan, Türkiyə, Rusiya, İran, yalnız sabit siyasi normativlər əsasında deyil, həm də qarşıya çıaxacaq hər bir qeyri-müəy­yənliyə aktiv reaksiya verə biləcək siyasi, iq­tisadi, mədəni, energetik, geosiyasi, loqistik və s. faktorların sintezinə malik olmalıdırlar. “3+3” daxilində də bu prosesin “müdafiə kəmərini” Rusiya, Türkiyə, İran münasibətlə­ri təşkil etməlidir. 

İkincisi, “3+3”ün “avtoyaratma” mexa­nizmləri nə qədər geniş məkana təsir gücünə malik olsa, bir o qədər səmərəli olacaq. Bu­nun üçün mütləq “3+3”ün coğrafi, siyasi, iq­tisadi, mədəni, energetik, informasiya və geo­siyasi sərhədləri aşılmalıdır. Praktiki aspektdə məhz məsələnin bu tərəfi böyük əhəmiyyət kəsb edir. 

Bakı yeni təhlükəsizlik dəyəri yaradır

Azərbaycan “3+3” formulunun “avto­faktor” mexanizmlərini regional və qlobal təşkilatların fəaliyyətinin uyğunlaşdırılması vasitəsi ilə aktivləşdirməkdədir. Bunun üçün rəsmi Bakı MDB, TDT, Qoşulmama Hərə­katı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsin­də fəaliyyətini koordinasiyalı şəkildə həyata keçirir. Bu zaman taktiki və strateji olaraq ən yaxın tərəfdaş (partnyor) kimi Avropa İtti­faqını seçmişdir. Təhlükəsizlik və əməkdaşlıq dəyərinin məzmunlaşması üçün “Bir yol, bir kəmər” meqalayihəsinin potensialından və real fəaliyyət fəlsəfəsindən istifadə edilir. 

Bu prosesi rəsmi Bakı Türkiyə diploma­tiyası ilə birlikdə üzv olduqları təşkilatlarda­kı fəaliyyət+qlobal meqalayihənin reallaşma siyasəti kontekstində aparır. Bu zaman həmin proses konkret nəticə almağa imkan verən fəaliyyət şəbəkəsinin yaradılması fonunda re­allaşdırılır. Bununla belə alınır ki, “3+3”+di­gər regionlar şəbəkəsi, faktiki olaraq, milli təhlükəsizliklə regional təhlükəsizliyin regi­onlararası təhlükəsizlik şərtləri ilə sıx qarı­şılqlı əlaqədə həyata keçirilir. Daha konkret ifadə ilə deyə bilərik ki, Bakının yeni təh­lükəsizlik avtofaktoru regional təşkilatlardakı fəaliyyəti meqalayihələrlə qarşılıqlı əlaqədə götürməklə, dinamik təhlükəsizlik və əmək­daşlıq mühiti formalaşdırmaqla bağlıdır. 

Azərbaycan bu məqsədi üç konkret is­tiqamətdə strateji layihələrin aktivləşməsi vasitəsi ilə həyata keçirir. Onlar, birincisi, energetik layihələr, ikincisi, informasiya-kom­munikasiya layihələri, üçüncüsü, nəqliy­yat-loqistika layihələridir. Həmin layihələ­rin hər biri üçün avtofaktor rolunu müxtəlif marşrutların yaratdığı “kommunikativ yollar şəbəkəsi” təşkil edir. Bununla da maraqlı pil­ləvari bir sistem yaranır. Çoxlu sayda ölkələr konkret qarşılıqlı fayda verə biləcək layihələr şəbəkəsi ilə bir-birinə “bağlanır” və həmin “bağlantıların” reallaşması dəqiq müəyyən edilmiş “kommunikativ yollar şəbəkəsi” çərçivəsində baş verir. Onlara “dəhlizlər” də deyirlər. Məsələn, “Orta Dəhliz”, “Zəngəzur Dəhlizi”, “Cənub Qaz Dəhlizi”, “Bakı-Cey­han” nəql marşrutu, TAP, TANAP, Bakı-Tbi­lisi-Qars “dəmir ipək yolu”, “Şərq-Qərb dəh­lizi”, “Şimal-Cənub dəhlizi” və son olaraq “Yaşıl enerji” (bərpaolunan enerji) Dəhlizi. Bunlar, faktiki olaraq, mahiyyət, məzmun və məqsəd baxımından birlikdə dinamik şəbəkə təşkil edən yeni faktorlardır. 

Bakının fəaliyyətinin başqa maraqlı və əhəmiyyətli tərəfi ondan ibarətdir ki, bütün kommunkativ potensiallar və onların aktual formaları vahid bir strateji istiqamətə – Qər­bə inteqrasiyaya yönəldilmişdir. Bu mənada Azərbaycan regional geosiyasi “avtofaktoru” “3+3” formulu fonunda qlobal miqyasa pro­yeksiya etmək şansı əldə etmiş olur. Məhz bu səbəbdən, hesab edirik ki, indi Qərbdə bu for­mula qarşı törədilən təxribatların hamısı stra­tejidə iflasa uğrayacaq. Onun reallaşmasına alternativ yoxdur!

Bəs Azərbaycanın ardıcıl olaraq yaratdığı bu yeni geosiyasi və təhlükəsizlik dəyərinin dinamikası, çevikliyi, avtotəhlükəsizlik və əməkdaşlıq faktoru rolu oynaması nəyə görə realdır? 

Müasir dünya sistemini yaradan təməl faktorlar

Məsələnin mahiyyəti bu məqamla əlaqə­lidir. Rəsmi Bakı bütövlükdə müasir dünya üçün zəruri olan elə faktorları aktuallaşdırır ki, onlara hər bir dövlətin hər zaman ciddi ehtiyacı vardır. Bu faktorlar üçdür: enerji, in­formasiya və kommunikasiya texnologiyaları. Eyni zamanda, həmin təməl faktorları bir-biri ilə siyasi, geosiyasi, təhlükəsizlik aspektlərin­də bağlayan nəqliyyat-logistika proqramları­dır. Bu faktorlar sistem halında qarşıya çıxa biləcək hər bir qeyri-müəyyənliyi, riski, təh­did və təhlükəni, xaosu aşa biləcək önəmə sa­hibdir. Çünki müasir bəşəriyyət onlarsız möv­cud ola bilməz! Digər tərəfdən, Azərbaycan konkret aspektlər üzrə elə layihələr irəli sürür ki, onlar strateji əhəmiyyətə malikdirlər. Bu o deməkdir ki, həmin layihələrin uzun müddətə reallaşmasında prosesin bütün iştirakçıları maraqlıdırlar. 

Bu sırada Azərbaycanın həyata keçirdiyi siyasətdə bir vacib məqam da var. O, rəsmi Bakının hər yeni mərhələnin xüsusiyyətlərinə uyğun proqramların təşəbbüskarı olması­dır. Buna nümunə kimi Azərbaycanın enerji sferasında “yaşıl enerji” və ya bərpaolunan enerji layihələrində fəallıq göstərməsini deyə bilərik. Bu layihələr birbaşa Avropanın yeni enerji növü ilə təmin olunması ilə sıx bağlı­dır. Bura günəş, elektrik, hidrogen, külək və başqa bərpaolunan enerji növləri daxildir. Artıq bu enerji növlərinin Avropaya nəqli marşurtları müəyyən olunmuşdur. Azərbay­can Yunanıstan–Bolqarıstan (açılışı: oktyabr 2022-ci il) və Serbiya–Bolqarıstan (açılışı: dekabr 2023-cü il) qaz interkonnektorları­nın həyata keçməsinin birbaşa iştirakçısıdır. Bundan başqa, Bakı 5 Şərqi Avropa ölkəsi ilə enerji sahəsində yeni əməkdaşlıq formatı yaratmışdır. Həmin format çərçivəsində Azər­baycandan elektrik enerjisi Gürcüstandan və Qara dənizin dibindən keçməklə Rumıniyaya çatdırılır. 

Ayrıca, Qərbə gəldikdə isə - onlar gözəl başa düşürlər ki, əgər bütün layihələr sistemi bütövlükdə Avropanın təhlükəsizliyi və inki­şafının yeni dinamik şəkil almasına istiqamət­lənibsə, deməli, onun üçün həyati əhəmiyyət, var olmanın ana xəttini təşkil edir. Əgər Av­ropa hələ tam dəli və huşsuz olmayıbsa, ele­mentar düşüncə və analizetmə qabiliyyətinə malikdirsə, geniş miqyasda Azərbaycanın bu prosesini ikiəlli dəstəkləyəcək! Əgər bu, baş verməsə, onda “qoca dəli və huşsuzla” bir pla­netdə yaşamağın mənası yoxdur! Onu “dəfn etməyin” zamanı gəlmiş olur! 

Yekun: “3+3” formulunun alternativsiz perspektivi

Bu formul həm mahiyyətinə, həm də funksiyasının strateji xüsusiyyətlərinə görə regional təhlükəsizlik və əməkdaşlığın alter­nativsiz formatıdır. Onun reallaşmasının baza prinsiplərini və konkret mexanizmlərini artıq Azərbaycan hazırlamışdır. Onlar sistem və ya mürəkkəb şəbəkə təşkil edirlər. Bir-biri ilə sıx bağlı olan həmin mexanizmlər praktikada iş­ləyirlər. Məhz həmin mexanizmlər sayəsində postmüharibə mərhələsində regionda intriqalı situasiyalar hərbi toqquşmalara gətirib çıxar­mır. Onu nəzərə alaq ki, regionda destruktiv fəaliyyət göstərənlər əsasən Qərbdədirlər. 

Konkret olaraq, Fransa getdikcə daha dərin və geniş miqyasda Cənubi Qafqazda yeni münaqişəli situasiyalar yaratmaqdadır. Həm də Paris bu dağıdıcılıq fəaliyyətini uzun müddətə təsir edə biləcək faktorlar üzərində qurmağa çalışır. Qəribədir ki, bu məsələdə Fransanın qeyri-konstruktiv fəaliyyətinə bü­tövlükdə AŞPA da dəstək verir və hətta onu təxribatçı qərarları ilə motivasiya edir. 

Digər tərəfdən, rəsmi Parisin və ona “züy tutanlar”ın belə davranışları Avropanın özü­nün maraqlarına qətiyyən uyğun deyildir. Çünki onlar bilməlidirlər ki, Avropanın enerji təhlükəsizliyinin təminində Azərbaycan stra­teji rol oynayır. Bunu Avropa İttifaqının rəh­bər şəxsləri açıq mətnlə etiraf edirlər.

Belə çıxır ki, Azərbaycanın regionda da­ğıdıcı qüvvələrə qarşı mübarizəsi indiki sse­nari üzrə sonsuza qədər davam etməz. Həmin prosesə “3+3” formatı çərçivəsində kollektiv olaraq reaksiya vermək gərəkdir. Bu formulun hər bir üzvü həmin istiqamətdə fəallaşmalıdır. Regionda marağı olan digər geosiyasi aktorlar mütləq surətdə Azərbaycan–Türkiyə birliyi­nin çağırışlarına əməli reaksiya verməlidirlər. Regionun təhlükəsizliyi üçün hamı məsuliy­yət daşıyır!

Füzuli QURBANOV,
XQ-nin analitiki

Siyasət