Nikolsayağı “əfv” və anti-Azərbaycan kampaniyası

post-img

Qərb Paşinyan hakimiyyətini erməni lobbisi qarşısında niyə “diz çökdürür”?

Ermənistanın İnzibati Məhkəməsi Fransanın Erməni Təşkilatlarının Koordinasi­ya Şurasının həmsədri Murad Papazyanın və Hollandiyadakı “Ay Data” ofisinin rəhbəri Masis Abrahamyanın ölkə ərazisinə girişinə qadağanı aradan qaldırıb. Məhkəmə Milli Təhlükəsizlik Xidmətinə adları “qara siyahısı”ya salınmış bu 2 şəxsin respublikaya gəlişinin qarşısını almaq üçün heç bir əsasın olmadığına dair direktiv ünvanlayıb.

Hazırda Ermənistanın siyasi dairələri bu məsələ ətrafında diskussiya açıblar və onlar baş nazir Nikol Paşinyan üzərinə yükləniblər. Axı Papazyanın və Abraham­yanın Ermənistana girişinə qadağa məhz baş nazirin göstərişi ilə qoyulmuşdu. Görəsən, nə üçün və nəyə görə hazırda bu məsələ ölkənin Milli Təhlükəsizlik Xid­mətinə rüsvayçı damğasının vurulması kimi qiymətləndirilir? Deməli, qurum səhv edib? Ermənistan üçün təhlükəli olan şəxslərin kimliyini düzgün müəyyənləş­dirə bilməyib? Yəni, hər şey bu qədərmi primitivdir? Bəli, Ermənistanın Milli Təh­lükəsizlik Xidmətinin reputasiyası ayaqlar altındadır, bu, öz yerində. Ancaq məsələ­nin mahiyyəti, tamamilə, fərqlidir. 

***

Başlayaq ondan ki, Nikol Paşinyan hakimiyyətə gələndə, belə demək müm­künsə, keçmişin qalıqlarından qurtulmaq yolu tutdu, erməni lobbi və diaspor təş­kilatlarından, daha doğrusu, onların he­gemonluğundan, yerli-yersiz ölkə siyasə­tinə təsirindən uzaq durmaq istədi. Baş nazir papazyanlardan asılı olmayan ölkə qurmağa girişdi. Hesab etdi ki, Qərb onu demokratik lider kimi qəbul edir və bu, müstəsna siyasi və mənəvi dividenddir. “Qarabağ Ermənistandır nöqtə” bəyana­tını verəndə də, Şuşada, Cıdır düzündə yallı gedəndə də, şərab içib yerə sərilən­də də buna güvəndi... 

Əlqərəz, 44 günlük müharibə rüsvay­çı sonluqla bitdi. Savaşdan sonrakı pro­seslər də Ermənistan və erməni avantü­rizmi üçün acınacaqlı nəticələr doğurdu. Nəhayət, erməni “milli identikliyinin” rəm­zi olan Qarabağ əldən getdi. İndi erməni siyasilər başqa ərazilərin də Ermənista­nın nəzarətində çıxacağını bildirib hay-şi­vən qoparırlar. Deməli, “təmiz və vicdanlı demokrat” olmağa çalışan Paşinyanın hesablamaları düz çıxmadı. 

Bu gün xaricdəki erməni lobbi və di­aspor təşkilatları Ermənistan hakimiy­yətində təmsil olunanlardan tam fərqli düşüncədədirlər. Hələ əllərində imkan olsa, Paşinyanın, necə deyərlər, bir qaşıq suda boğarlar. Lakin Nikol Qərbin haki­miyyətə gətirdiyi şəxsdir. İkinci, nisbətən fərqli Paşinyanı yetişdirmək isə mümkün­süzdür. Ona görə də xaricdəki erməni lobbisi və diaspor təşkilatları ilə Ermə­nistan hakimiyyəti arasında kompromiss olmalıdır. Çox güman, bu, elə Qərbin diktəsidir. Nəzərə alaq ki, Qərb özü də erməni mərəzindən xilas ola bilmir. Digər tərəfdən, nəzərə alaq ki, 2020-ci il mü­haribəsi ilə sarsıdıcı zərbə almış dünya erməniliyinin, belə demək mümkünsə, re­abilitasiyası “şərtdir”. Beynəlxalq aləmdə bunu istəyənlərin canfəşanlıqlarını yaxşı görürük. 

Bir məqam da var ki, fikir və düşüncə baxımından Paşinyanla tam əks qütbdə dayanmış erməni lobbi və diaspor təş­kilatları müharibədən sonrakı müddətdə Ermənistan hakimiyyətinin yol verdiyi nöqsanları aradan qaldırmaqla məşğul oldu. Yəni, bu qütbün təmsilçiləri Nikola bəslədikləri hiddətli münasibəti şəxsləş­dirmədilər. Nəhayət, Paşinyan hakimiy­yətinin xarici müstəvidə az-çox əldə et­diklərində lobbinin “xidməti” var. Hazırkı durumda isə Fransanın Erməni Təşkilat­larının Koordinasiya Şurası və Hollandi­yadakı “Ay Data” ofisi bu baxımdan daha “aktivdir”. O cümlədən, onların rəhbərləri. Yəni, Papazyan və Abrahamyan. M.Pa­pazyan, bilavasitə, Fransa hakimiyyətinin təmsilçiləri, eləcə də senatorlarla, kifayət qədər, sıx əlaqədədir. Abrahamyan isə ümumən Avropanın digər bölgələrində­ki erməni lobbi və diaspor təşkilatlarının işini əlaqələndirmək baxımından öndədir. 

Deməli, hakimiyyət kürsüsünün Pa­şinyanda oyatdığı liderlik instinkti və eqo­su sabun köpüyünə çevrildi. Xaricdəki erməni nüfuz sahiblərini inkar edilməsi əməli nəticə vermədi. Ona görə də əmin­liklə deyə bilərik ki, Papazyanın və Abra­hamyanın “qara siyahı”dan çıxarılması N.Paşinyan hakimiyyətinin üzləşdiyi növ­bəti biabırçılıqdır. Nikolun “demokratik düşüncə tərzi” məğlubiyyətə uğradı. O, yenilikçi ola bilmədi və köhnələrə sığın­maq qərarına gəldi. Necə də sığınma­sın? Axı hazırda dünyada, o cümlədən, Avropada aparılan anti-Azərbaycan kam­paniyasına rəhbərliyi papazyanlar və ab­rahamyanlar həyata keçirirlər. 

Bəli, hazırda xaricdəki anti-Azərbay­can kampaniyası özünün pik həddinə ça­tıb. “Köhnə qitə”də ölkəmizə qarşı sanki səlib yürüşü başlayıb. Avropa Şurası Parlament Assambleyası, Avropa İttifaqı, Avropa Parlamenti, eləcə də qitədəki müxtəlif insan hüquqları və media təşki­latları üstümüzə total hücuma keçiblər. Deməli, Papazyanın və Abrahamyanın “qara siyahı”dan çıxarılmaları heç də Ni­kolsayağı amnistiya deyil. Çox güman, Qərbdəki digər erməni avantüristlərinə də Paşinyanın “humanistliyi” şamil edilə­cək. 

***

“Qara siyahı”dan söz düşmüşkən, Ermənistana girişi məhdudlaşdırılanlar sırasında başqa kimlərin, ən əsası, hansı ermənilərin olduğuna diqqət yetirək. On­ların Nikolun “əfvinə” sığınmasının müm­künlüyü perspektivinə də həmçinin. Və bu yerdə xatırladaq ki, bir neçə gün əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lav­rov bəzi rusiyalı siyasətçi və politoloqla­rın öz fikirlərini sərbəst ifadə etmələrinin Ermənistanda, bir növ, süngü ilə qarşı­lanmasından söz açmışdı. Bildirmişdi ki, həmin şəxslər ölkədə “arzuolunmaz” elan ediliblər. Çox güman, Lavrov Rusiya Döv­lət Dumasının qatı ermənipərəst deputatı Konstantin Zatulini, habelə, ölkənin RTR telekanalının baş redaktoru Marqarita Si­monyanı, politoloq Andranik Miqranyanı nəzərdə tutmuşdu. Heç şübhəsiz, siyahı­da başqaları da var. Nəzərə alaq ki, adla­rını çəkdiyimiz şəxslər “böyük demokrat” N.Paşinyan haqqında olmazın ifadələr işlədib, onu təhqir ediblər. Əslində, Pa­pazyan və Abrahamyan da bu mənada onlardan geri qalmayıb. Ancaq Nikol fərq qoyur. Axı ikincilərdən fərqli olaraq, birin­cilər Rusiya yönümlüdürlər. Erməni iqti­darı isə anti-Rusiya ritorikasına köklənib. Deməli, simonyanlar, zatulinlər, miqran­yanlar “əfv oluna” bilməzlər.

***

Mövcud xüsusda Ermənistan cəmiy­yətində gedən müzakirələrdə bir xarak­terik məqam da diqqət çəkməkdədir. Er­məni siyasilər keçmişə müraciət edirlər. Onlar bildirirlər ki, 2008-ci ildə Ermənis­tan–Türkiyə protokollarının hazırlanması prosesinin getdiyi “futbol diplomatiyası” dövründə diasporda sabiq prezident Serj Sarkisyana qarşı minlərlə nümayiş təş­kil olunmuşdu. Lakin Sarkisyanın ağlına da gəlmirdi ki, proseslərə qatılanlardan, yaxud təşkilatçılardan hansınasa Ermə­nistana giriş qadağası qoysun. Amma “demokrat” Paşinyan və onun “demokra­tik” komandası bunu edir.

Hazırda erməni siyasilər bir sual da ünvanlayırlar: Paşinyanın komandası rəsmi Moskvanın adekvat davranacağı təqdirdə, nələrin baş verəcəyini düşünüb­mü? Həqiqətən də maraqlı. Əgər Rusiya ölkə prezidenti Vladimir Putin haqqında nalayiq fikirlər gündəmə gətirən Ermənis­tanın politoloqlarının, siyasətçilərinin və ictimai xadimlərinin öz ərazisinə girişinə qadağa qoysa, heç şübhəsiz, “qara si­yahı”da Paşinyanın yüzlərlə tərəfdarı yer alacaq. Ancaq məlumdur ki, Kreml İrəvan qədər bəsitlik nümayiş etdirib gülüş ob­yektinə çevrilmək istəməz... 

***

Sonda bir məqamı da vurğulayaq. Böyük şotland şairi Robert Börns yazırdı ki, kral taxtında əyləşmiş təlxək nə qə­dər yazıqdırsa, onu dəstəkləyənlər bir o qədər axmaqdırlar. Deyimi Ermənis­tan üzərinə gətirsək, ortada Paşinyanın təlxək simasını görürük. Papazyan və Abrahamyan kimi avantüristlərin və xəstə zəkalıların “qara siyahı”dan çıxarılmaları və onların ölkəyə girişlərinə məhdudiyyə­tin aradan qaldırılması təlxəkliyin miskin mənzərə formalaşdırdığını göstərmək­dədir. Bu müstəvidə canlanmaqda olan yazıq duruma düşmüş Nikolu əhatə edənlərin axmaq obrazlarıdır. Təlxək və axmaqlar isə yeni heç nə düşünə bilmir­lər. Onlar keçmişdə ilişib qalmağı nicat yolu kimi təsəvvürə gətirəcək qədər qı­sırdırlar.

Ə.CAHANGİROĞLU
XQ

Siyasət