Hikmət Hacıyev Mövlud Çavuşoğlu və Fəxrəddin Altuna təşəkkür edib

post-img

Azərbaycan Respublikası Prezidenti­nin köməkçisi – Prezident Administ­rasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin keçmiş xarici işlər naziri, Türkiyə parlamentinin NATO-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğluya və Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altuna AŞPA-da ölkəmizə haqsızlığa qarşı qəti və birmənalı mövqe göstərdiklə­rinə görə təşəkkür edib.

Hikmət Hacıyevin bununla bağlı “X” sosial şəbəkə hesabındakı hər iki payla­şımını təqdim edir:

“Dəyərli Mövlud bəy, PACE-də (AŞPA –red.) Azərbaycana qarşı olan haqsızlıq­la bağlı ifadə etdiyiniz qəti və birmənalı mövqeyinizə görə Sizə təşəkkür edirəm. Siz həmişə Azərbaycanın yanında olmu­sunuz! Tezliklə Sizi Azərbaycanda gör­mək arzusu ilə”.

Digər paylaşımda isə Fəxrəddin Al­tuna müraciətlə deyilir: “Dəyərli və əziz qardaşım, daim Azərbaycana verdiyiniz dəstəyinizə görə təşəkkür edirəm. Hər zaman şəxsən və İletişim Başkanlığı ola­raq heyətiniz ilə birlikdə Azərbaycanın ya­nında olmusunuz”.

Qeyd edək ki, Mövlud Çavuşoğlu və Fəxrəddin Altun AŞPA-da ölkəmizə haq­sızlığa qarşı qəti və birmənalı mövqe göstəriblər. AŞPA-nın Azərbaycana qar­şı qərarının qeyri-obyektiv və qeyri-kon-struktiv olduğunu bildirən Mövlud Ça­vuşoğlu yazıb: “Mən çox təəssüf edirəm ki, AŞPA Azərbaycan nümayəndə heyə­tinin üzvlərinin etimadnaməsini təsdiq et­məyib. Bu, həqiqətən də, AŞPA-nın repu­tasiyasına ağır zərbədir.

Ümid edirəm ki, Avropa Şurasının tə­sis prinsiplərinə əsaslanan əməkdaşlıq və dialoqa üstünlük verməyən, regionda sülh və sabitliyə xidmət etməyən bu qərar ləğv ediləcək. AŞPA bu səhvi tez bir za­manda düzəltməlidir”.

Fəxrəddin Altun isə sosial şəbəkə he­sabında bildirib ki, Türkiyə dezinformasi­ya ilə mübarizə sahəsində Azərbaycanın haqlı mübarizəsinə dəstək verməyə da­vam edəcək. O qeyd edib ki, bu məsələdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə koordinasiyalı şəkildə çalışır: “Bizim üçün dost və qardaş ölkə Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırmaq və paylaşılan yalan xəbərləri ifşa etmək çox vacib, təməl məsələdir. Bu, həm qardaşlığımızın göstəricisi, həm də həqiqətin təzahürüdür”.

O, Azərbaycanın AŞPA-dakı nü­mayəndə heyətinin məruz qaldığı ittiham­ları şərh edərək vurğulayıb ki, həm Azər­baycan, həm də Türkiyə bu gün müxtəlif platformalarda dezinformasiya və qarala­ma kampaniyasına məruz qalır.

“Biz bu dezinformasiyaya qarşı və həqiqət uğrunda mübarizə aparmağa bir­likdə davam edəcəyik”, – Fəxrəddin Altun əlavə edib.

Son xəbərlər