Rubinyanın da iç üzü açıldı

post-img

AŞPA-da Azərbaycana qarşı canfəşanlıq edənin sülhdən və dialoqdan danışmağa haqqı yoxdur 

Ermənistanın Azərbaycanla sülh müqaviləsinin imzalanması, region­da nəqliyyat kommunikasiyalarının açılması və davamlı sabitliyin təmin olunmasında səmimi olmadığı bu günlərdə bir daha öz təsdiqini tapdı. Yanvarın 24-də Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin etimadının təsdiqlənməməsinə, nümayəndə heyətimizin assamble­yanın 2025-ci ilin yanvar sessiya­sına qədər səsvermə hüququndan məhrum edilməsinə dair qətnamə­nin qəbuluna ən çox çalışan məhz Ermənistanı təmsil edən deputatlar oldular. 

Qeyd edək ki, əsası 1949-cu ildə qo­yulmuş Avropa Şurasının 46 üzvü var. Şuranın məşvərətçi orqanı olan parla­ment assambleyası isə bütün üzv dövlət­lərin parlamentlərinin nümayəndələrindən ibarətdir. Üç ən böyük dövlətin (Böyük Britaniya, Almaniya və Fransa) hər birinin AŞPA-da 18 nümayəndəsi var. Minimum nümayəndəlik hər bir dövlət üçün iki üzv­dür.

Azərbaycan nümayəndə heyətinin 6, Ermənistan nümayəndə heyətinin 4 üzvü var. Hayastan nümayəndə heyətinə par­lamentin sədr müavini Ruben Rubinyan rəhbərlik edir. Bu həmin Rubinyandır ki, Türkiyə ilə normallaşma prosesində Er­mənistanın xüsusi nümayəndəsidir. Tür­kiyə tərəfdən xüsusi nümayəndə isə Sər­dar Kılıçdır. Onlar bir neçə dəfə Moskva və Cenevrədə görüşərək? Ermənistan–Türkiyə münasibətlərinin gələcəyini mü­zakirə ediblər.

R.Rubinyan 1990-cı il martın 8-də İrə­vanda siyasətçi Karapet Rubinyanın ailə­sində dünyaya gəlib. 2010-cu ildə İrəvan Dövlət Universitetinin beynəlxalq əlaqələr fakültəsini, 2011-ci ildə London Universi­tet Kollecində siyasət və təhlükəsizlik üzrə magistr dərəcəsini bitirib. 2012–2014-cü illərdə hərbi xidmətdə olub. 2017-2018-ci illər arasında Hrant Dink Vəqfinin Ermə­nistan–Türkiyə təcrübə mübadiləsi layihə­si çərçivəsində Sabancı Universiteti İstan­bul Siyasət Mərkəzində “Qeyri-hökumət təşkilatlarının Türkiyədə demokratikləşmə prosesinə təsiri” mövzusunda akademik araşdırmalar aparıb və bu müddət ərzində Türkiyədə yaşayıb. O, 2015-ci ildə yara­dılan “Mülki müqavilə” Partiyasının quru­cularındandır. 2017-ci ilə qədər partiyanın idarə heyətinin üzvü olub və mətbuat xid­mətinin rəhbəri vəzifəsində çalışıb. Rubin­yan Nikol Paşinyanın 2018-ci ilin yazında hökumətə qarşı başlatdığı itaətsizlik ak­siyalarının aparıcı şəxslərindən biri olub. Məlum olduğu kimi, həmin aksiyalar pre­zident Serj Sarkisyan rejimini istefa ver­məyə məcbur etmişdi.

Rubinyan 2018-ci ilin mayından 2019-cu ilin yanvarına kimi Ermənistan Xarici İşlər nazirinin müavini vəzifəsində çalışıb. 2018-ci il dekabrın 9-da “Mənim addımım” alyansının seçki siyahısından deputat se­çilib. Əvvəlcə parlamentdə xarici əlaqələr komitəsinin sədri olub. 2021-ci il avqustun 3-dən bu yana isə vitse-spikerdir.

2021-ci ilin dekabrında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu An­kara–İrəvan əlaqələrinin normallaşması, qarşılıqlı birbaşa təmas üçün xüsusi nü­mayəndələrin təyin ediləcəyini açıqlamış­dı. Az sonra Türkiyənin Vaşinqtondakı keçmiş səfir Sərdar Kılıçın Türkiyə nü­mayəndəsi təyin edildiyi məlum olmuşdu. 2021-ci il dekabrın 18-də isə Ermənistan Xarici İşlər Nazirliyi R.Rubinyanın Ermə­nistanın xüsusi nümayəndəsi təyin edildi­yini bəyan etmişdi. 

İki ölkənin nümayəndələri ilk dəfə 2022-ci il yanvarın 14-də Moskvada tək­bətək görüş keçiriblər. Həmin görüşdə tərəflər tam normallaşma məqsədilə ilkin şərt olmadan danışıqları davam etdirmək barədə razılığa gəliblər. Güman etmək olar ki, Rubinyanın bir müddət Türkiyədə yaşaması və türk dilini orta səviyyədə bil­məsi onun təyinatında əsas rol oynayıb. Hazırda da başlıca missiyasının Türkiyə ilə əlaqələrin normallaşmasına çalışmaq olduğunu vurğuladıq. Ancaq bu gedişlə onun məqsədinə nail olacağı sual altın­dadır. Məgər, Rubinyan Türkiyə–Azər­baycan münasibətlərinin strateji tərəfdaş­lıqdan daha üstün, “Bir millət, iki dövlət” formulu ilə ifadə edildiyini bilmir? O başa düşmür ki, Azərbaycanla sülh müqaviləsi imzalanmadan, nəqliyyat kommunikasi­yaları bərpa edilmədən, ölkəmizə qarşı AŞPA-dakı kimi düşmən münasibət ara­dan qaldırılmadan Ankara ilə yaxınlaşma mümkün olmayacaq? Rubinyan fərqinə varmır ki, o, AŞPA-da təkcə özünü təmsil etmir və onun ölkəmizə qarşı atdığı növ­bəti düşmənçilik addımları yalnız, necə deyərlər, onun özünün ayağına yazılmır. Buradan çıxan nəticə odur ki, bütövlük­də Ermənistan sülh və dialoqda maraqlı deyil. 

Ermənistan nümayəndə heyətinin üzvlərinin hamısı AŞPA-da Azərbaycanla bağlı qətnamənin lehinə səs veriblər. On­lar təkcə səs verməklə kifayətlənməyiblər, həm də Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi üçün canfəşanlıq göstəriblər. Hər zaman dia­loqdan, sabitlikdən və əmin-amanlıqdan danışan, özünü “sülh göyərçini” kimi təq­dim edən Rubinyan Strasburqdakı çirkin, məkrli kampaniya və addımları ilə sübut edib ki, onun çağırışları nə qədər süni imiş və heç bir əsaslara malik deyilmiş. Halbuki, Ermənistanın AŞPA-da konstruk­tiv mövqe tutması iki ölkə arasında etimad quruculuğu istiqamətində atılan növbəti addım ola bilərdi.

Bu istiqamətdə fikirlərini “XQ” ilə bölüşən politoloq İlqar Vəlizadə bildir­di ki, Ermənistan tərəfinin təzadlı siyasət aparması ilk dəfə deyil. Onun sözlərinə görə, bu xüsus Azərbaycanda hər za­man qabardılıb: “Təəssüf ki, həmin dəst-xətt davam edir. Son proseslər göstərir ki, Ermənistan əslində sülh gündəliyinə məcburən razılaşıb. İrəvanın istəyi gerçək sülh deyil, yalnız görüntüdür. AŞPA-dakı səsvermə də bir daha bundan xəbər verir. 

Rubinyanın davranışları təkcə Er­mənistan–Azərbaycan sülh danışıqları­na yox, eyni zamanda, İrəvan–Ankara dialoquna mənfi təsir göstərəcək. Tür­kiyə–Azərbaycan münasibətlərində isə bir yanaşma aktualdır. Bu da ondan ibarətdir ki, Ankara hər zaman ölkəmizi dəstəkləyərək, Ermənistanla bağlı Azər­baycanın istəyi olmadan heç bir addım atmayacaq. Bunu Ermənistan rəhbərli­yi, o cümlədən, Rubinyan da çox yax­şı bilir. Çünki Türkiyə rəsmiləri bunu hər zaman açıq-aşkar bəyan ediblər. Buna görə də Ermənistan nümayədə heyətinin AŞPA-dakı hərəkəti əslində, təxribatdır”.

İlqar Vəlizadə qeyd etdi ki, bu təxribat təkcə Ermənistan–Azərbaycan münasi­bətlərinə yox, həm də Ermənistan–Türkiyə münasibətlərinə qarşıdır: “Düzdür, müəy­yən qüvvələr bu addımın atılmasında ma­raqlıdırlar. Onlar maraqlıdırlar ki, Ermə­nistanın Türkiyə ilə münasibətləri gərgin olaraq qalsın. Səsvermə həm də növbəti dəfə onu göstərdi ki, Ermənistan müstəqil addımlar atmaq iqtidarında deyil. Həmin ölkə yalnız bu və ya digər qüvvələrin təsiri altında fəaliyyət göstərə, yaxud hərəkət edə bilər. Nəticə etibarilə, regionda sülh, əmin-amanlıq, proqnozlaşdırılan siyasətin həyata keçirilməsi mümkün olmur. Çünki həmin siyasətin həyata keçirilməsində rol oynamalı olan ölkələrdən biri proqnozlaş­dırılması mümkün olmayan, qeyri-ardıcıl, təzadlı siyasət yürüdür. Son nəticədə öz maraqlarına deyil, digər ölkələrin maraq­larına xidmət edir. Təəssüf ki, səsvermə Ermənistanın real olaraq, sülh yolunda olmadığını və imkan düşən kimi hansısa gərginliyə doğru addım atmağa hazır ol­duğunu bir daha göstərdi”.

Siyasi ekspert onu da bildirib ki, mü­naqişənin davam etdiyi dövrdə AŞPA ara-sıra anti-Azərbaycan, ermənipərəst çıxışlarla yadda qalıb. Sirr deyil ki, burada müəyyən qrupların diktəsi ilə qərarlar ha­zırlanıb. Belə ki, AŞPA-da Fransa və onun sıx işlədiyi dairələr daha fəaldır. AŞPA onların və digər ermənipərəst mövqeləri ifadə edən qüvvələrin təsiri altında ola­raq bu cür qərarlar qəbul edirdi. İndi isə AŞPA-nın belə bir qərar verməsi Vətən müharibəsindən və lokal xarakterli antiter­ror tədbirlərindən sonra Cənubi Qafqazda formalaşmış yeni geosiyasi reallıqlarla bağlıdır.

Politoloq Fikrət Sadıxov isə hesab edir ki, burada heç bir paradoks yoxdur. Belə ki, haylar əzəl gündən Azərbaycana, Türkiyəyə qarşı açıq şəkildə düşmənçilik mövqeyindədirlər və həmin mövqe dəyiş­mir: “Zənn edirlər ki, sülh onların şərti ilə həyata keçirilməlidir. Onlar hesab edilər ki, Azərbaycana və Türkiyəyə təzyiq edə­cəklər, biz də onların şərtlərini yerinə ye­tirəcəyik. Təbii ki, onların istəyi heç zaman həyata keçə bilməz. Biz torpaqlarımızı azad etdikdən sonra onlar çox təşvişə düşüblər. Müxtəlif ölkələrdən, beynəlxalq təşkilatlardan özlərinə dəstək axtarırlar. Hesab edirlər ki, bu dəfə AŞPA-da istə­dikləri qətnamə qəbul olunubsa, bəlkə də Azərbaycan düşünüb onların şərtlərini qəbul edəcək. Bu, absurd fikirdir və non­sensdir”.

Fikrət Sadıxovun fikrincə, Ermənistan rəhbərliyində təmsil olunan bəzi şəxslə­rin düşüncəsi o qədər primitivdir ki, bunu sadəcə, başa düşə bilmirlər. Əgər onlar hər bir məqamı başa düşsəydilər, təhlil etsəydilər əvvəldən bizimlə düşmənçilik etməzdilər. Həmçinin, separatçı rejimi də dəstəkləməzdilər. Politoloq yaranmış təhlil edərək deyib ki, onların real siyasi düşün­cəsi tam mənada sıfır səviyyəsindədir.

Səxavət HƏMİD
XQ







Siyasət