Rusiyalı politoloq: AŞPA dünyanı “bizimlə birlikdə olmayan düşməndir və onu məhv etməliyik” prinsipi üzrə bölür

post-img

Bu gün AŞPA dünyanı “bizimlə birlikdə olmayan düşməndir və onu məhv etməliyik” prinsipi üzrə bölən bir strukturdur.

Bu barədə  AŞPA-nın son anti-Azərbaycan qərarını şərh edən Müasir Dövlətçiliyin İnkişafı İnstitutunun direktoru, rusiyalı politoloq Dmitri Solonnikov bildirib.

O qeyd edib ki, bu gün AŞPA-ya baxdıqda, biz öz məcrasından tamamilə çıxmış və bir zamanlar daşıdığı ideyalardan uzaqlaşan bir təşkilat görürük.

Ekspert deyib: “Bir vaxtlar müxtəlif tərəflər arasında ortaq təmas nöqtəsi tapmağa kömək edən, dialoq və mürəkkəb vəziyyətlərin həlli üçün yaradılmış bir təşkilat vardı. İndi o, əvvəlcədən qəbul olunmuş qərarlar vasitəsilə təzyiq göstərmək, Qərbin liberal ideologiyasının hökmranlığını təmin etmək və dünyanı “bizimlə birlikdə olmayan düşməndir və onu məhv etməliyik” prinsipi üzrə bölmək üçün fəaliyyət göstərən bir struktura çevrilib. Təəssüf ki, biz bir çox beynəlxalq təşkilatlarda bunun şahidi oluruq”.

Politoloq qeyd edib ki, Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması üzrə son qərar bunu bir daha sübut edir.

Dmitri Solonnikov əlavə edib: “Azərbaycanlı deputatlar onları o halda qane edə bilər ki, Azərbaycan AŞPA-nın bütün qərarlarını tam şəkildə tanısın və bu təşkilatın dedikləri ilə oturub-dursun, əks halda, Bakı ilə hesablaşmayacaqlar, nümayəndə heyətinin iclaslarda iştirak etməsinə imkan verməyəcəklər və sairə. Bəzi ölkələr öz üzərinə Roma Papasından da müqəddəs funksiya götürüb, özlərini Tanrıdan sonra ikinci güc hesab edir, başqalarına nəyin düzgün, nəyin yanlış olduğunu diktə etməyə çalışırlar””.

Ekspert vurğulayıb ki, hazırda bu dominant mövqe bir çox Avropa dövlətlərinə xasdır, onlar başqa cür yanaşmanı qəbul etməyə hazır deyillər.

Rusiyalı politoloq sonda deyib: “Görünür ki, yaxın illərdə dünya bu cür mövqe tutanların idarəçiliyi altında olmağı qəbul edənlərə və öz milli ləyaqətini, suverenliyini qoruyaraq müstəqil siyasət aparanlara bölünəcək”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Siyasət