Fransada fəaliyyət göstərən erməni lobbisi rəhbərlərinin və onların təsiri altında olan Fransa rəsmilərinin və siyasətçilərinin təhriki ilə Fransa Respublikası Senatının 2024-cü il yanvarın 17-də qəbul etdiyi qərəzli, birtərəfli və əsassız qətnamə ilə əlaqələr Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası komitəsi bəyanat qəbul edib. Sənədin XQ-yə daxil olmuş mətnində deyilir:
– Son illərdə Fransa Respublikasının siyasi dairələri, o cümlədən, Senatı və Milli Assambleyası birbaşa Yelisey Sarayından alınmış təlimat əsasında açıq irqçi, azərbaycanofob və islamofob fəaliyyətini daha da intensivləşdirmişdir və beynəlxalq hüququn normalarına və prinsiplərinə açıq hörmətsizlik nümayiş etdirərək Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı ədalətsiz addımlar atmaqda davam edir;
– Fransa hökumətinin apardığı anti-Azərbaycan siyasəti, o cümlədən, Fransa parlamentinin hər iki palatasında ölkəmiz əleyhinə indiyədək qəbul edilmiş qətnamələr ucbatından iki ölkə arasında münasibətlər tarixinin ən aşağı səviyyəsindədir və mahiyyətcə dayandırılmış hesab edilə bilər;
– Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə hörmət edilməsi Fransa tərəfinin həm çoxtərəfli, həm də ikitərəfli beynəlxalq öhdəliyi olsa da, Fransa istər ölkə daxilində, istərsə də beynəlxalq təşkilatlarda təşəbbüsçüsü olduğu qətnamə layihələrində ölkəmizin ərazi bütövlüyünü və suverenliyini sual altına qoymuşdur;
– BMT Təhlükəsizlik Şurası və Avropa İttifaqı çərçivəsində Fransanın irəli sürdüyü Azərbaycan əleyhinə çoxsaylı qərar və qətnamə layihələrinin qəbul olunmaması Azərbaycan dövlətinin uğurlu xarici siyasəti ilə yanaşı, Fransanın təşəbbüslərinin bu təşkilatlarda haqlı olaraq qərəzli və qeyri-obyektiv addımlar kimi qiymətləndirilməsi ilə bağlıdır;
Bəyanatda daha sonra qeyd edilir ki, Fransanın Azərbaycana qarşı qeyri-qanuni fəaliyyətinin bir istiqamətini də uğursuz kəşfiyyat işi təşkil etmişdir: “Bu ölkənin Bakıdakı səfirliyinin 2 əməkdaşı diplomatik statuslarına uyğun olmayan, “Diplomatik əlaqələr haqqında” 1961-ci il tarixli Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətə görə Azərbaycan hökuməti tərəfindən “persona non grata” (arzuolunmaz şəxs) elan olunaraq ölkə ərazisindən çıxarılmışdır”.
Bəyanatın davamında deyilir ki, Fransa hökumətinin, eləcə də Senatının və Milli Assambleyasının destruktiv və təxribatçı addımları Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin həyata keçirilməsinin qarşısını almağa və Cənubi Qafqaz regionunda vəziyyəti gərginləşdirməyə xidmət edir: “Son aylar Ermənistan–Azərbaycan şərti sərhədində tam sakitliyin hökm sürməsi və heç bir münaqişəli halın baş verməməsi, görünür, Fransa tərəfini narahat edir. Fransa müxtəlif vasitələrə əl ataraq Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması istiqamətində görülən işlərə maneçilik törətməyə çalışır. Fransa Ermənistana silah-sursat satmaqla onun Azərbaycanla münasibətlərinin normallaşdırılmasına zərbə vurur, Ermənistandakı revanşist qüvvələri yeni müharibəyə həvəsləndirir.
Sənəddə mədəni irsin qorunmasından dəm vuran Fransanın qadın azadlığının və hüquqlarının tərənnümçüsü kimi tanınan görkəmli şairə, rəssam, maarifçi və xeyriyyəçi Xurşidbanu Natəvanın Evian-le-Bən şəhərində heykəlinin təhqir olunmasının qarşısını almaması, bu rəzaləti törədənləri hələ də tapıb cəzalandırmaması da kəskin pislənilir.
Milli Məclis komitəsinin açıqlamasında Fransanın uzun illər yeritdiyi iyrənc imperialist siyasasətin cinayətkar təzahürləri və nəticələri də xatırladılır, belə əməllərin davam etdirilməsinin bu ölkənin xarici siyasətini gözdən saldığı vurğulanır.
Sonda Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Azərbaycan hökumətinə aşağıdakı tədbirlərin görülməsi ilə bağlı çağırış edir: “Fransaya qarşı sanksiyalar tətbiq edilsin; Fransa rəsmilərinin Azərbaycanda hər hansı aktivləri aşkar edildikdə dondurulsun; Fransa ilə bütün iqtisadi əlaqələr dayandırılsın; “Total Energies” da daxil olmaqla, bütün Fransa şirkətləri Azərbaycandan çıxarılsın; Fransa şirkətlərinin Azərbaycan dövlətinin sifarişi ilə həyata keçirilən hər hansı layihədə iştirakına yol verilməsin; Xarici İşlər Nazirliyinə tapşırılsın ki, Kanaky, Maohi Nui və Korsikanın müstəqilliyinin tanınması istiqamətində addımlar atsın”.
XQ