Ədaləti ədalətsizliklə bərpa etmək olmaz.
Ulu öndər Heydər ƏLİYEV
Bütün gizlinlər nə zamansa, üzə çıxır.
Müdriklərin kəlamlarından
II hissə
Qlobal siyasətin müəmmaları: Fransa fraqmenti
Məqalənin I hissəsində son sualı belə qoymuşduq: bəlkə məsələnin gizli, gözəgörünməyən tərəfləri var? Hansı “yeraltı təşkilat” buna qarşımış ola bilər? Elmi tədqiqatlar və jurnalist araşdırmaları mövcud aspektdəki əsas məqamlara müəyyən dərəcədə işıq salmağa imkan verir.
Kənardan sakit, mədəni və demokrat kimi görünən Emmanuel Makron, əslində, gizlinləri çox olan, belə demək mümkünsə, daxilən qaynayan biridir. Onun evlənməsi, habelə karyerasında pillə-pillə yüksəlməsi bir istedadlı və çalışqan insanın müstəqil mübarizəsinin nəticəsi deyil. Əksinə, E.Makron əksər Qərb siyasətçiləri kimi qlobal miqyasda böyük təsiri olan və “qırxayaq” kimi dünya siyasətini, iqtisadiyyatını, mədəniyyətini, hərbi-müdafiə və informasiya-kommunikasiya sistemlərini caynaqlarında saxlamağa çalışan, bir qrup dairələrin (yəni bir deyil, bir neçə müxtəlif xarakterli, xüsusi təşkil olunmuş dairələrin) sifarişlərini yerinə yetirəndir.
Biz bunları Fransanın prezidentini xüsusi ayırıb aşağılamaq üçün yazmırıq. Ancaq həqiqət naminə, rəsmi Parisin hansı səbəblərdən Cənubi Qafqazda bu dərəcədə qeyri-obyektiv olmasını, Fransa Senatının ölçüyəgəlməz sənədlər qəbul etməsini, Ermənistana silah satmasını, BMT-nin, Ümumdünya Bankının, Avropa İttifaqının komisiyalarının niyə qərəzli qərarlar qəbul etməsini, ABŞ Konqresinin inanılmaz tərzdə qeyri-konstruktiv inadkarlığını və həqiqət inkarçılığını, bu ölkənin rəsmi dairələrinin açıq və primitiv yalanlar danışmasını anlamağa çalışırıq. Çünki bütün bunlar kənar müşahidəçi üçün suallar yaradırsa, mümkün deyildir ki, həmin kursu aparan yüksək ağıl sahibləri olan peşəkarlar bilmədən yanlış yolda olsunlar. Onları yönəldən, məhz bu cür olmalarını tələb edən gizli mərkəzlər, sirli dairələr ola bilər. Və məsələ yalnız E.Makronla məhdudlaşmır. Həmin sıraya B.Obama, B.Klinton və digər Qərb dövlətlərinin başçıları olmuş və indi fəaliyyət göstərənləri də aid etmək olar.
Hər yerdə “hörümçək” toru quranlar
Anlayırıq ki, burada sui-qəsd nəzəriyyələrinə yuvarlanmaq təhlükəsi də mövcuddur. Fransız sosioloqu Alen Turen sui-qəsd nəzəriyyələrinin başlıca mənbəyini insanların əksər hissəsinin informasiyaya əlçatanlığının azlığı ilə əlaqənədirir. Burada böyük həqiqət vardır. Belə ki, hazırda dünyada insanların və hətta alimlərin informasiyaları alması asan deyildir. Qərbdə bu fakt “incimiş intellektlər” təbəqəsini yaratmaqdadır. Bu insanlar alimlərdir. Onlar informasiya ala bilməmələrindən, istədikləri səviyyə və miqyasda cəmiyyətin işlərində iştirak imkanının məhdudluğundan narazıdırlar. Narazılıqlarını rəsmi dairələrə də yönəldirlər. Hesab edirlər ki, yuxarılar bilərəkdən intellekti yaxına buraxmırlar ki, planlarını reallaşdırmaq imkanından məhrum duruma düşməsinlər. Bir sıra nüfuzlu adamlar mövcud məqamı açıq şəkildə vurğulayırlar. Nümunə kimi tanınmış bankir Devid Rokfellerin 1993-cü ildə ifadə etdiyi bir fikri göstərə bilərik. Həmin fikir barədə elmlər doktoru, professor İqor Semenenya yazıb. D.Rokfeller isə bunları deyib: “Geniş publikanın işıqları altına düşsəydik, bütün dünya üçün hazırladığımız planlar mümkün olmazdı... Dünya indi Vahid Dünya Hökümətinin yaradılmasına daha çox meyillidir. Bizim əsrlərlə əməl etdiyimiz millətlərin özünütəyin hüququndan intellektual elitanın və dünya bankirlərinin millətlərüstü hakimiyyəti (seçim bizimdir - F.Q.) daha çox lazımdır”.
Məsələnin bizim üçün olduqca vacib olan başqa bir yönü də var. Müstəqil Azərbaycan dövləti kimi davranmaq nə qədər çətin və mürəkkəbmiş? Buna necə nail olmaq mümkün olunb? Azərbaycan rəhbərliyi böyük zəhmət, fəaliyyət, yüksək zəka, dərin və məharətli diplomatiya hesabına bütün maneələri aşa bilib və bu, davam edir! Qürur duyulmalı və hər birimizin üzərinə düşən böyük məsuliyyəti anlamalıyıq!
Ədalətsizliyin “qlobal mediatoru”
Əlbəttə, E.Makon Fransa kimi böyük dövlətin başçısıdır. Lakin siyasi karyerası və onu necə qurması baxımından suallar yaranır. Necə deyərlər, bu da Makronun taleyidir – onu yaşayır! Bu barədə Avropada bir neçə tanınmış jurnalist və analitik mərkəzləri araşdırma aparıb. Nəticədə maraqlı informasiyalar meydana çıxıb. Həmin informasiyaların hər birinin üzərində dayanmaq imkanı məhduddur. Həm də buna ehtiyac yoxdur. Çünki bizi ayrıca Fransa prezidentinin şəxsiyyəti və fəaliyyəti onun kim olması aspektində maraqlandırmır. Burada E.Makronun timsalında “Qərbdə kimlər dövlət başçısı ola bilirlər və bunun üçün hansı yolu keçirlər?” sualına ümumi cavab axtarışı önəmlidir.
Suala cavab axtararkən, A.Turenin də ifadə etdiyi “informasiya gizliliyi”nin mövcudluğunun ümumiyyətlə ABŞ və Avropada sosial, siyasi, geosiyasi ədalətsizliyin hansı formalarını əmələ gətirməsi, fəlsəfi və politoloji aktuallıq statusu alması önə çıxır. Məsələ yalnız Qərb cəmiyyətlərində getdikcə güclənən sosial-siyasi və informasiya ədalətsizliyi ilə məhdudlaşmır. Bizim üçün daha maraqlı olanı bu ədalətsilik fəlsəfəsinin beynəlxalq miqyasa necə “sıçraması”, “proyeksiya” olması və onun hansı kanallarla reallaşmasıdır. Obrazlı desək, “dünya miqyasında ədalətsizlik, obyektivliksizlik, humanitarlıqsızlıq və konsturktivsizliyin qlobal mediatoru hansı dairələrdir?” sualına cavab bizim üçün əsas axtarış istiqamətidir. Məsələ sırf nəzəri xarakter daşımır. Əksinə, onun belə qoyuluşu dünya miqyasında müşahidə edilən və o cümlədən, Cənubi Qafqaz siyasətlərində təsdiq olunan müəmmalı tendensiyaların faktları ilə bağlıdır. Fransa təsadüfən açıqcasına Azərbaycan kimi regional liderlə həqiqəti tapdalayaraq qarşı-qarşıya gəlməz. Və ya kənar müşahidəçi üçün Rusiya–Ukrayna müharibəsi ilə Ekvadorda narkobaronların hakimiyyətə qarşı üsyanı arasında hər hansı əlaqəni absurd adlandıra bilər. Mümkündür ki, dünyanın müxtəlif regionlarında meydana gələn münaqişələr arasında birbaşa əlaqə olmasın. Lakin məsələyə ümumi səviyyədən yanaşanda onun təzahür formalarının müxtəlifliyinə baxmayaraq, tamamilə fərqli mənzərə yaranır. Və orada Fransa və digər böyük Avropa dövlətlərinin Cənubi Qafqaz siyasətlərinin əcaib tərəflərinə işıq düşür.
Aydın olur ki, Avrasiyaya, Afrikaya, Şimali Amerikaya, Asiyaya, Avstraliyaya, Latın Amerikasına aparan geosiyasi yollar hardasa kəsişirlər və ya mənbələri eynidir. Məsələn, Yaxın Şərqdə hər hansı dini radikalizmlə Sakit Okean hövzəsində meydana gələn böhran, İranın Pakistan ərazisini vurması və İraqda PKK-nın fəallaşması, Suriyada terrorçulara daha çox silah satılması ayrı-ayrı fraqmentar hadisələr deyillər. Həmin anlamda Azərbaycan Ordusunun Qarabağda erməni (və gizli olan başqa) silahlı qüvvələrini qısa müddətdə darmadağın etməsi ciddi tarixi, siyasi, geosiyasi və hərbi hadisədir. Məhz bu səbəbdən, Fransa da daxil olmaqla Qərb dövlətləri gedişatı qəbul etmək istəmirlər. Görünür, “qlobal mediator”un qlobal miqyaslı planları pozulub!
Şübhə etmirik ki, Qarabağ savaşını həmin dairələr COVİD-19-la bağlı Çin planlarının pozulması ilə eyni və bəlkə daha yüksək səviyyədə görürlər. KİV-də informasiya getmişdi ki, B.Qeytsi ağaları pandemiya uğursuzluğu ilə bağlı tənbeh ediblər. Deyiblər ki, əsas məqsəd Çinin sosial etibarsız obrazının yaradılmasından ibarət idi və B.Qeyts, “sən bunu bacarmadın”. Ona da şübhə etmirik ki, yaxın 1-2 ildə həmin dairələr revanş hərəkatını daha da intensivləşdirəcəklər. Yəni 2-ci və 3-cü dalğa pandemiya meydana gələ bilər.
Bunlar azmış kimi, Azərbaycan müharibə meydanında özünün güclü olduğunu nümayiş etdirdi və hətta “qlobal mediator”un dəstəklədiyi ordunu ağır məğlubiyyətə uğratdı. Onlar həmişə təcavüzkarı nəinki siyasi-diplomatik müstəvidə, həm də hüquqi sferada və hərbi sahədə dəstəkləmişlər. Azərbaycan dövlətinin hərbi qüdrəti ilə yanaşı və bəlkə də daha çox qətiyyətlə müstəqillik kursu götürməsi onları narahat edir. Bu, bütün dünyaya mesaj verir ki, Azərbaycan kimi fəaliyyət göstərə bilənlər müstəqil olar və öz maraqlarını qoruya bilərlər.
Bunlarla yanaşı, Fransanın Azərbaycan istiqamətində ayrıca neqativ fəallıq göstərməsi düşündürücüdür. Burada Türkiyənin nüfuzunun artması və Azərbaycanın “qlobal mediatoru” peşman etməsi faktorları təbii ki, rol oynayıb. Lakin rəsmi Paris daha çox narahatçılıq və bundan yaranan qərəzlilik, şantajçılıq nümayiş etdirir. Bu da bir tərəfdən, Fransa diplomatiyasının zəiflədiyindən xəbər verirsə¸ digər yandan “qlobal mediator”un təsiri altında Fransa rəhbərləyinin daha çox olması anlamına gəlir.
Son sübut. Bu il yanvarın 17-də Fransa Senatı Azərbaycanla bağlı yeni bir böhtan dolu sənədi müzakirə edib. Azərbaycan parlamentarları da buna dərhal reaksiya veriblər. Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası əlaqələr Komitəsi bəyanat yayıb. Bəyanatda bildirilib ki, Fransa Senatı Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şübhə altına almaqdadır. Bu, iki dövlət arasında əlaqələrə çox mənfi təsir edir və faktiki olaraq həmin münasibətlər “tarixinin ən aşağı səviyyəsindədir və demək olar ki, dayandırılmışdır”.
Bundan başqa bəyanatda Fransanın həyata keçirdiyi müxtəlif kütləvi qətliamlar, beynəlxalq hüquqa zidd olan davranışları göstərilmişdir. Mövcud vəziyyət onu ifadə edir ki, Fransa bir dövlət kimi Cənubi Qafqaz istiqamətində müsbət heç bir nəticəyə nail ola bilməyib. Əksinə, onun tarixi nüfuzuna ciddi zərər dəyib. Çünki qafqazlılar və ilk növbədə azərbaycanlılar Fransa dövlətinə və fransız dilinə, ədəbiyyatına, fəlsəfəsinə böyük qiymət verirlər. İki ölkə arasında mədəni əlaqələr həmişə tariximizdə xüsusi yer tutub. Emmanuel Makron iqtidarı isə bütün bunların üstündən xətt çəkib.
Vurğuladığımız məqamların fonunda meydana bir maraqlı və aktual sual çıxır: Sən kimsən, Emmanuel Makron? Məhz bu sualın işığında həm Fransanın dövlət başçısının hansı şərtlər daxilində prezident olması və həm də ölkənin dövlət kimi Cənubi Qafqaz siyasətinin bir sıra müəmmalı cəhətləri üzərində dayanmaq lazım gəlir. Burada insanların həyatının şəxsi tərəfi qətiyyən maraq dairəmizdə deyil!
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru