Qərbi Azərbaycan İcması Fransa Senatının 2024-cü il yanvarın 17-də qəbul etdiyi qərəzli, birtərəfli və əsassız qətnamə ilə əlaqədar bəyanat yayıb. Bəyanatda bildirilib ki, irqçi, islamofob, azərbaycanofob Fransa Senatında əyləşən müasir səlibçilər Azərbaycanın öz suveren ərazisində hərbi əməliyyat keçirməyə görə heç kimdən icazə almadığını bilməlidirlər. “Azərbaycanla bağlı gülünc ittihamlar irəli sürən Fransa Senatı qoy “Fransada niyə tez-tez az qala vətəndaş müharibəsi yaşanır”, “Fransa niyə Korsika dilini qadağan edir”, “Fransa ordusunun Niger, Mali, Burkino Fasoda nə işi var”, “Fransa nə üçün özündən min kilometrlərlə uzaqda yerləşən əraziləri hələ də müstəmləkə asılılığında saxlayır” kimi suallara cavab versin”.
Bəyanatda, eyni zamanda, bildirilib ki, bir tərəfdən Ermənistanın ərazi bütövlüyünün qorunmasından danışaraq, digər tərəfdən “Dağlıq Qarabağ respublikası”, “Dağlıq Qarabağın demokratik surətdə seçilmiş liderləri” ifadələrindən istifadə edən Senat əslində özü-özünü ələ salır. “Senat “erməni mədəni irsi”nə görə narahat olursa, qoy onda Fransanın əsrlərlə Afrikadan oğurladığı mədəni irs nümunələri ilə məşğul olsun. Fransanın Qarabağa göndərmək istədiyi UNESCO missiyası elə Fransanın özünə göndərilməlidir ki, həmin oğurlanmış irs nümunələrinin əsl sahiblərinə qaytarılmasını təmin etsin”, – deyə sənəddə vurğulanıb.
Bəyanatda o da vurğulanıb ki, Azərbaycanın və Ermənistanın dekabrın 7-də birbaşa danışıqlarla əldə etdiyi razılıqlar fonunda fransız Senatının təxribatçı addımı siyasi klounluqdur.