Moskva üçtərəfli razılaşmaların yerinə yetirilməsini Ermənistanda yaranmış vəziyyətdən çıxış yolu hesab edir

post-img

Azərbaycan, Rusiya və Ermənistan arasında əldə olunmuş üçtərəfli razılaşmaların yerinə yetirilməsi Ermənistanda yaranmış mürəkkəb vəziyyətdən çıxış yoludur.

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov TASS agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, hazırda Ermənistan bir sıra problemlərlə üzləşib. Nazir əlavə edib: “Onları Qərb aktorlarının köməyi ilə həll etmək mümkün olmayacaq. Rusiyadan fərqli olaraq, ABŞ və Aİ respublikaya və ümumilikdə Cənubi Qafqaza sülh və sabitlik gətirməyə çalışmırlar. Onların məqsədi tamamilə başqadır – Moskvanı və digər regional oyunçuları sıxışdırıb çıxarmaq, Balkanlar, Yaxın Şərq və Ukraynadan sonra yeni gərginlik ocağı yaratmaq. Bu mürəkkəb şəraitdən çıxış yolu açıq-aydındır – İrəvan, Bakı və Moskvanın ən yüksək səviyyədə üçtərəfli razılaşmaları yerinə yetirilməlidir”.

Sergey Lavrov 102-ci Rusiya hərbi bazasının Ermənistan ərazisində yerləşməsinin məqsədəuyğunluğu ilə bağlı İrəvanın fikirlərini “zərərli” adlandırıb və bildirib ki, son vaxtlar Ermənistanın NATO ilə əməkdaşlığı inkişaf etdirməsi Moskvanın narahatlığına səbəb olur. O əlavə edib: “Ümidvaram ki, İrəvanda Alyans ilə qarşılıqlı fəaliyyətin dərinləşdirilməsinin milli müdafiə və təhlükəsizlik sahələrində suverenliyin itirilməsi ilə nəticələnəcəyini başa düşürlər”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Siyasət