Lukaşenkonun “ağıllı erməniləri”

post-img

Əvəz RÜSTƏMOV
[email protected]

Yaxud dəcəl uşağı tərifləməklə islah etmək cəhdinə sözardı

Psixoloqlar, dəcəl, özünə hakim kəsilə bilməyən uşaqlara qarşı zor tətbiq etməyin və sair bu kimi tədbirlərin həyata keçirilməsinin fayda vermədiyini bildirirlər. Mövcud xüsusdakı islah üsullarından biri ipə-sapa yatmayan həmin uşaqları tərifləmək, onların hansısa bacarığını önə çəkməkdir. Belarus lideri Aleksandr Lukaşenkonun Ali Avrasiya İqtisadi Şurasının dekabrın 25-də Rusiyanın Sankt-Peterburq şəhərində keçirilmiş iclası əsnasında jurnalistlərə bildirdikləri təsvir etdiyimiz mənzərəni xatırladır.  

A.Lukaşenkonun Ermənistan və ermənilərlə bağlı açıqlamasından, Ermənistan və Qərb yaxınlığı, o cümlədən bu yaxınlığın Cənubi Qafqaza təsirinə dair nələri diqqətə çatdırdığından söz açacağıq. Hələlik isə haşiyə çıxaq ki, Belarus Prezidentinin dedikləri Rusiyanın müxtəlif siyasi dairələrinin Ermənistanla bağlı vurğuladıqlarının təkrarı idi. Sadəcə, rəsmi Moskvanın təmsilçilərinin də bölüşdükləri, ancaq dilə gətirmədikləri bu fikirləri A.Lukaşenko özünəxas şəkildə ifadə etməkdən çəkinmədi. Belarus lideri hər zaman öz ampluasına sadiqdir – həqiqətləri, kifayət qədər, çılpaq formada təqdim etməyi xoşlayır. Yeri gəlmişkən, deyək ki, onun proqnoz olaraq irəli sürdüyü bir sıra məsələlərin reallaşdığının da şahidi olmuşuq və olmaqdayıq. Elə isə görək cənab Lukaşenko Ermənistan barədə nə deyib? 

***

Belarus lideri yaxşı başa düşür ki, Qərb dövlətləri Ermənistan vasitəsilə Cənubi Qafqazda təsir dairəsi yaratmaq uğrunda mübarizəyə girişiblər. Onu da yaxşı dərk edir ki, bu mübarizə Rusiyanı bölgədən təcrid etmək məqsədinə söykənməkdədir. Əslində, mövcud anlamda A.Lukaşenkonun tez-tez haqqında söz açdığı Ukrayna təcrübəsi göz önündədir. Ukraynada da Qərb özünün anti-Rusiya ritorikası naminə eyni kökdən olan Rusiya və Ukrayna xalqlarını bir-birinə vurmağı bacardı və bunun dəhşətli nəticələri hər kəsə yaxşı məlumdur. 

Əlbəttə, azərbaycanlılar və ermənilər heç vaxt ruslar və ukraynalılar qədər yaxın olmayıblar. Birincilər baxımından məsələnin qoyuluşu  ikincilərdəki kimi sentimental semantikaya malik deyil. Yəni Cənubi Qafqazda ermənilər avtonom formada dağıdıcı rolunda çıxış edirlər. Rusiya Ukrayna ilə müharibədə müəyyən amilləri nəzərə alır və almaq məcburiyyətindədirsə, nə bizim erməniləri, nə də onların bizi nəzərə almaları baxımından hansısa ortaq nöqtələr yoxdur. Bu mənada Ermənistanı destruktiv mövqeyinə görə gözləyən acınacaqlı durumun miqyası daha geniş ola bilər. Ruslar Kiyevin on kilometrliyindən geri dönmüşdülərsə, biz İrəvana çatsaq, geri çəkilən deyilik. Həm də ona görə ki, Ermənistanın paytaxtı əzəli torpağımızdır. Acı həqiqət budur: Torpağımızı vermişdik ki, bizdən əl çəksinlər, amma nəticə çıxarmadılar. Cəzalarını çəkməlidirlər. 

Onu da deyək ki, məsələ heç də Azərbaycanın qurama da olsa, dövlət olan Ermənistanı ələ keçirməsində deyil. Sadəcə, ikincinin yolverilməz yanaşması və daim ölkəmizə qarşı nifrət aşılaması onu deməyə əsas verir ki, bölgədə üçüncü müharibə perspektivi var. O da məlumdur ki, yeni müharibə baş versə, bu, heç də əvvəlki iki savaş kimi olmayacaq. Artıq qlobal maraq və mənafelərin davası gedəcək və Lukaşenkonun bildirdikləri həm də bu idi ki, Ermənistan elə bir ssenariyə hazır deyil. 

***

“Mən əminəm ki, Ermənistan heç yerə getməyəcək.  İnsanların Əfqanıstanda şassidən yapışaraq necə yıxıldıqlarını görmədilər? Amerikalıların oradan getdiklərini xatırlayın. Məhz beləcə Ermənistandan istifadə edib tullantıya atacaqlar. Belə də olacaq. Bu onların (amerikalıların - red.) siyasətidir. Ermənilər isə ağıllı adamlardır. Başa düşürlər ki, məhz belə olacaq. Orada onlara kim kömək edəcək?”, – deyən Belarus liderinin sözləri əslində ikibaşlıdır. O, həm “dəcəl”, “ərköyün” Ermənistanı ağıllandırmağa çalışır, həm də xəbərdarlığından qalmır. 

A.Lukaşenkonun, belə demək mümkünsə, ibrət dərslərinin ikinci hissəsi Fransa ilə bağlıdır. O, yaxşı bilir ki, hazırda İrəvanı, loru dildə desək, yoldan çıxarmaq istəyən rəsmi Parisdir. Ona görə də Fransanın özünün düşdüyü acınacaqlı duruma diqqət çəkir və belə bir ölkənin Ermənistana nəyisə təlqin etməsinin yolverilməzliyinə eyham vurur. Bəli, Lukaşenkonun da dediyi kimi, Paris birinci öz problemlərini həll etsin, sonra Qafqaza gəlmək barədə düşünsün. Hərçənd, hazırkı Prezident Emmanuel Makron administrasiyası ilə Fransanın daxildəki durumu sahmana salacağına heç bir ümid yoxdur. Görünür, ümid olmadığından ölkə çapalayaraq nicat yolunu Cənubi Qafqazdakı maraq davaları uğrunda mübarizəyə girişməkdə görür. Makron hesab edir ki, bu yolla Fransa yenidən qlobal siyasətdə söz sahibinə çevrilməyi bacaracaq. Əlbəttə, o, belə yanaşma ilə, yəni bölgədə erməni avantürizminin güclənməsinə siyasi sərmayə yatırmaqla, heç nəyə nail olan deyil və maraqlıdır ki, Belarus lideri ermənilərin bunu gördüklərini düşünür. Görəsən, kimdir görən? Baş nazir Nikol Paşinyanmı? 

***

A.Lukaşenko onu da bildirir ki, ictimaiyyət qarşısında baş verənlər bir şeydir, reklamdan kənar olanlar isə tamam başqa. Əsas proseslər isə ikinci müstəvidə gedir. “Həmin proseslərə görə, Ermənistan mütləq bizimlə olacaq. Çünki bu, onların inkişafının ən vacib istiqamətidir”, – deyə Belarus Prezidenti vurğulayır.

Bu yerdə yenidən əvvəldə diqqətə çatdırdığımız məntiqə qayıdaq. Yəni cənab Lukaşenkonun “erməniləri ağıllı saymaq” məntiqinə. Bildirdiyimiz kimi, bu məntiq həm də ağıllandırmaq istiqamətindəki psixoloji cəhddir. Hər halda, az istisnadır ki, Belarus lideri belə fikirlər bildirməklə, Qərbdə Ermənistanın sadiqliyi xüsusunda şübhə toxumları səpmək niyyətindədir. Amma təcrübəli siyasətçi kimi, Lukaşenkonun bunu düşünməsi mümkündür. O, fikrini əmin tərzdə ifadə edir. Hətta o qədər əmin danışır ki, sanki bir müddət əvvəl N.Paşinyana zəng edib onu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının ölkəsində keçirilmiş iclasına çağırmağının nəticəsiz qaldığını yaddan çıxarıb. Qeyd edək ki, həmin vaxt Nikol, kifayət qədər, arxayın tərzdə KTMT-nin sammitinə yollanmamasının səbəblərini əsaslandırmışdı... 

***

Nəhayət, Lukaşenkonun fikirlərində ayrıca “ermənilər” məntiqi var. Həmin məntiq Ermənistanın hazırkı hakimiyyətinə fokuslanmış kimi təsir bağışlamır. Nəzərə alsaq ki, Paşinyan iqtidarı qəti Qərbpərəstdir və onun yolundan dönməyəcəyi aşkardır, o zaman Belarus Prezidentinin haqqında söz açdığı “ağıllı ermənilər” tamam başqa adamlardır. Bəlkə, Lukaşenko məhz həmin adamların onlarla bir olduğunu düşünür.  Deməli, gərək, həmin “ağıllı ermənilər” “ağılsız Paşinyanı” hakimiyyətdən uzaqlaşdırsınlar ki, Belarus rəhbərinin sözləri həyata vəsiqə qazansın. Əks halda, Paşinyan və komandasının geri çəkiləcəyinə, düz yola gələcəyinə inam yoxdur. 

Əvəz RÜSTƏMOV
XQ

 

Siyasət