Paşinyanın ilk mesajı – İrəvan Aİİ-ni gözdən salmaq üçün qol çırmayır

post-img

Ermənistanın Rusiyanın hakim rol oynadığı təşkilata sədrliyi hansı perspektivi vəd edir?

Ermənistanın baş naziri Nikol Paşinyan Ali Avrasiya İqtisadi Şurasının dekabrın 25-də Sankt-Peterburqda keçirilmiş iclasında bildirib ki, Aİİ-nin yaradılmasına dair saziş qurumun iqtisadi birlik olması ilə bağlı fundamental postulata əsaslanır və onun siyasi, daha çox geosiyasi gündəmi olmamalıdır: “Biz bunu bu cür dərk etməyə davam edirik və bu kontekstdə iqtisadi əməkdaşlığımız çərçivəsində qarşılıqlı fəaliyyəti inkişaf etdiririk. Avrasiya inteqrasiyasını siyasiləşdirmək cəhdlərinin qarşısını almağa çalışırıq”.

Qeyd edək ki, Rusiyaya mənfi münasibəti ilə seçilən, xüsusən Moskvanın hakim rol oynadığı, özünün də üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının fəaliyyətini boykot edən Ermənistanın Kremlin egidası altındakı Aİİ-dən üz döndərməməsi maraq doğurmaya bilməzdi. Səbəb sadədir - Ermənistan bu il quruma sədrliyi Rusiyadan təhvil aldı. Yəni qarşıdakı bir ildə Aİİ-yə rəhbərliyi İrəvan həyata keçirəcək. O zaman ilk növbədə, bu sualı verək: İrəvanın KTMT-yə rotasiya qaydasındakı sədrliyi hansı nəticələr doğurmuşdu? 

Baş nazir N.Paşinyan təşkilatın 2022-ci ilin noyabrında Ermənistanda keçirilmiş və Rusiya Prezidenti Vladimir Putinin də qatıldığı sammitində aşkar təxribat törətmişdi. O, KTMT-ni Azərbaycanla münaqişəyə cəlb etməyə çalışmış və bildirmişdi ki, qurum 2022-ci ilin sentyabrında Azərbaycan–Ermənistan şərti sərhədində baş verənlərə siyasi qiymət verməli, Bakını təcavüzkar qismində tanımalıdır. 

Əlbəttə, Ermənistan iqtidarı istəyinə nail ola bilməmiş və elə o vaxtdan da İrəvanın anti-KTMT ritorikasına əsaslanmış anti-Rusiya xətti tamamilə yeni və daha kəskin mərhələyə qədəm qoymuşdu. İndi bu gərginlik şəraitində Aİİ-yə sədrlik rotasiya qaydasında Moskvadan İrəvana ötürülür və Paşinyan ilk mesajını təxmiən belə verir: siyasi məqamlarla iqtisadi məsələlər bir-birinə qarışdırılmamalıdır. Bəs bu, nə deməkdir? 

Birincisi, N.Paşinyan bildirmək istəyir ki, siyasi anlamda Ermənistan yenə də Qərb düşərgəsində qalacaq. Bu, müəyyən mənada, həm də Qərbə verilmiş sadiqlik mesajıdır. Mesaj budur: Aİİ-də təmsilçilik Ermənistan üçün yalnız iqtisadi müstəvidə önəmlidir. Yəni Rusiya da başqa heç nəyə ümid bəsləməsin. Bu yanaşma obrazlı desək, bir qızın oğlanla vaxt keçirməsinə, ancaq onunla heç zaman ailə qurmayacağını bildirməsinə bənzəyir. Oğlan nə vaxtadək belə bir duruma dözüb anlayış göstərəcəksə, özü bilər... 

İkinci məqam. Bu gün Ermənistan iqtisadi inkişaf tempinə görə nəinki yaşadığımız coğrafiyada, o cümlədən dünyada da yüksək yerlərdən birini tutur. Ancaq məsələ burasındadır ki, bu inkişaf Rusiyadan daxilolmaların sayəsindədir. Yəni el misalında deyildiyi kimi, it arabanın kölgəsində yatır, elə sanır ki, öz kölgəsidir. Məsələnin qoyuluşu məhz belədir. Ancaq tam da elə düşünmək olmaz ki, Paşinyan reallğı bilmir və görmür. O, sadəcə həyasızlığa üstünlük verir və kölgəni özününkü kimi qələmə verməkdə israrlı görünməyə çalışır. 

Üçüncü məqam da elə N.Paşinyanın israrlı olması ilə bağlıdır. Nikol Rusiyanın Ermənistana münasibətini yaxşı bilir. Bilir ki, Moskva İrəvanı itirmək istəmir. Axı birinci ikinciyə qarşı özünün iqtisadi təzyiq metodlarının yalnız cüzi hissəsini göstərir. Sanki bir adam digəri ilə mübarizə aparır və daim əlini cibində saxlayaraq, orada tapançanın olduğu və onu çıxarıb atəş açacağı ilə bağlı təsəvvür formalaşdırır. O biri adam psixoloji baxımdan çaşqındır. Bilmir ki, cibdə olan tapançadır, yoxsa başqa nə isə. Ermənistan da hazırda Rusiyaya münasibətdə elə həmin durumdadır. Amma müəyyən istisna da var. N.Paşinyan o qədər həyasızdır, o dərəcədə tipik erməni xisləti ilə “silahlanıb” ki, arada Rusiyanı “əlini cibindən çıxarmağa” təhrik edir. Təkcə Nikol deyil, onun komandasındakı başqaları da səsləndirdikləri fikirlərlə, Kremli təxribata çəkmək yolu tuturlar və bu, səbəbsiz deyil. 

Dördüncü vurğulayacağımız məqam da elə həmin səbəblərlə bağlıdır. Məsələ burasındadır ki, üzünü tamamilə Qərbə çevirmiş Ermənistan hakimiyyəti Aİİ-ni sırf iqtisadi təşkilat kimi qələmə verməklə də ciddi həyasızlığa baş vurur. Yəni bu o deməkdir ki, Ermənistan siyasi baxımdan istədiyini edəcək və buna qarşılıq heç bir iqtisadi təzyiqlə üzləşməməlidir. 

Beşinci məqam. Ermənistan rəhbərliyi yaxşı anlayır ki, siyasi özbaşınalığa, məsələn, Cənubi Qafqazı Rusiyanın təsir dairəsindən çıxarmaq yönümlü Qərb direktivlərinə görə, ölkəyə Moskva tərəfindən iqtisadi təzyiqlərin göstərilməsi mümkündür. Aİİ-yə sədrlik və Paşinyanın ilk mesajı isə bir növ, bundan sığorta mahiyyəti daşımaqdadır. 

Altıncı məqam. Heç şübhəsiz, N.Paşinyan Aİİ-nin iclasına Qərbdəki dostlarından icazəsiz qatılmazdı. Sual olunur: nəyə görə ona icazə verildi? Sadə səbəb var – pul. Qərb düşünür ki, Ermənistandakı 2018-ci il inqilabının nəticələrini Rusiyanın qlobal industriyasının maliyyəsi hesabına qoruyub saxlasın. Axı, qərblilər pul məsələlərinə həssasdırlar. Daha doğrusu, pul xərcləməyə simicdirlər. Rusiyanın Ermənistana yenidən yiyələnmək sevdası üzərinə oyun oynayırlar ki, ikincini özləri pul xərcləmədən ayaqda saxlasınlar. Açığı, indiyədək istəklərinə nail olmağı bacarıblar. Dediyimiz ki, İrəvanın hazırkı iqtisadi göstəricilərində məhz Rusiyadan gələn maliyyə axınının əhəmiyyətli payı var. 

Yeddinci məqam. Bir anlıq düşünək ki, Aİİ-yə sədrlik edən Ermənistan anti-Rusiya ritorikasındakı dozanı daha yüksək fazaya qaldırır. Əlbəttə, Rusiya üçün çətin olacaq, ancaq İrəvana yerini göstərmək zərurəti yarana bilər. Elə əsl həngamə də ondan sonra başlayacaq. O zaman N. Paşinyan indi dilə gətirdiyi fikri tirajlamaqla, Aİİ-ni gözdən salmağa girişəcək. Hazırda onun komandasındakı şəxslər çox böyük həvəslə KTMT barədə bildirirlər ki, qurum Ermənistanı tərk edir. İşlər “düz getməsə”, eyni yanaşmanı Aİİ-yə də tətbiq etmələri tam mümkündür. 

Səkkizinci məqam. Yuxarıda da bildirdiyimiz kimi, N.Paşinyan Aİİ-nin geosiyasi gündəminin olmamalı olduğu düşüncəsindədir. Bunu haradan çıxarır? Necə yəni, Aİİ-nin geosiyasi gündəmi olmamalıdır? Görəsən, Nikolun dilinin dediyini qulağı eşidirmi? Aydın məsələdir ki, Aİİ postsovet məkanında Qərbin analoji təsisatlarına alternativ məqsədilə yaradılmış qurumdur. Bu qurumda geosiyasi gündəmin istisnalığını vurğulamaq təsəvvürə gətirilməyəcək qədər sərsəm mahiyyətlidir. Amma Paşinyan üçün hər cür sərsəmlik yolveriləndir. Heç şübhəsiz, özünə sərfəli olmayan situasiyalarda Aİİ-nin əsasnamə və ya nizamnaməsini çıxarıb ortaya qoya, bununla da təşkilatın təməl prinsiplərinə uyğun fəaliyyət göstərməyinə dair təsəvvür formalaşdıra bilər.  Ondan nə desən, gözləmək mümkündür. 

Fikrimizin təsdiqi üçün diqqət yetirək və görək, Ermənistanın baş naziri Aİİ-nin 2030–2045-ci illər üçün iqtisadi proseslərin gələcək inkişafı haqqında bəyannaməsinin imzalanması zərurətinə necə aydınlıq gətirir. Nəzərə alaq ki, sözügedən bəyannamə qurumun inkişafının konseptual və prioritet istiqamətlərinə əsaslanır: “Aİİ və onun iqtisadi prinsipləri siyasi ambisiyalarla əlaqələndirilməməlidir. Ticarət və inteqrasiyanın əsas azadlıqları siyasi mülahizələrə görə məhdudlaşdırıla bilməz və məhdudlaşdırılmamalıdır. Bu, birləşmənin fundamental prinsiplərinin korroziyasına gətirib çıxaracaq”. 

Əslində, N.Paşinyanın sitatda yer almış fikirləri əvvəldə diqqət çəkdiyimiz məqamlara  ətraflı aydınlıq gətirilməsi baxımından, belə demək mümkünsə, indiqatordur. Ümumiləşdirmə apararaq, bu qənaətə gəlmək mümkündür ki, Ermənistanın Aİİ-yə sədrliyi təşkilatın içinə qoyulmuş bomba kimi bir şeydir. Aydındır ki, Paşinyan iqtidarı Rusiyanın hakim rol oynadığı və özünün də təmsil olunduğu bütün təşkilatların işini iflic etməyə, əhəmiyyətini heçə endirməyə çalışdığı kimi, bu qurumu da özünün siyasi ambisiyalarının reallaşdırılması vasitəsinə çevirməyə cəhd göstərəcək. Əsl məsələ Rusiyanın bu oyunbazlığa nə qədər səbrlə yanaşacağıdır. Ölkə KTMT müstəvisində səbrini boğur, bəs Aİİ ilə bağlı durum necə olacaq? Bunu isə zaman göstərəcək. 

Ə.CAHANGİROĞLU
XQ

 

Siyasət