Türkiyə ilə əmək və məşğulluq sahəsində təcrübə mübadiləsi aparılır

post-img

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyi, DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin nümayəndələrindən ibarət heyət Türkiyə Respublikasının Ankara şəhərində rəsmi səfərdədir. 

Səfər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında imzalanmış 2024-2025-ci illər üzrə Tədbirlər Planının icrası çərçivəsində baş tutub. 

Nümayəndə heyətinin Türkiyənin əmək və sosial müdafiə nazirinin müavini Lutfihak Alpkan ilə görüşü olub. Azərbaycanla Türkiyə arasında bütün sahələrdə olduğu kimi, əmək, məşğulluq və sosial müdafiə sahələrində də geniş əməkdaşlıq gündəliyinin olduğu vurğulanıb.

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev ölkəmizdə icra olunan məşğulluq proqramları, əmək və məşğulluq sahəsində son illər yaradılan rəqəmsal xidmətlər barədə məlumat verib. Görüşdə qeyd edilən sahədə ardıcıl təcrübə mübadilələrinin əhəmiyyəti diqqətə çatdırılıb.

Nazirliyin nümayəndələrinin Türkiyə İş Qurumu Baş İdarəsinin (İŞKUR) sədri Samet Güneş və qurumun adiyyəti strukur bölmə rəhbərləri ilə də görüşləri keçirilib. Peşə hazırlığı prosesinin effektiv təşkil olunması, məşğulluq xidmətlərinin icrasında rəqəmsal həllərin tətbiqi istiqamətində müzakirələr aparılıb.  

İŞKUR-un Sincan Xidmət Mərkəzinə səfər edən nümayəndə heyəti Mərkəzin fəaliyyəti ilə yaxından tanış olub.  

İyunun 27-dək davam edəcək səfər çərçivəsində Nazirliyin nümayəndələri  Türkiyənin Peşə Kvalifikasiyaları Qurumu və MYK Səlahiyyətli Sertifikatlaşdırma Qurumunda da olacaq, təcrübə mübadiləsi aparacaqlar.



Sosial həyat