Dövlət Sərhəd Xidməti Hərbi Prokurorluqla birgə maarifləndirmə tədbirləri keçirib

post-img

Azərbaycan Respublikasının təhlükəsizliyinin təmin olunması, şəxsi heyət arasında hərbi intizamın gücləndirilməsi, hüquqi biliklərin artırılması, radikal dini cərəyanların zərərli təsirlərinə qarşı effektiv mübarizə məqsədilə Dövlət Sərhəd Xidmətinin hərbi hissə və sərhəd bölmələrində Respublika Hərbi Prokurorluğu ilə birgə genişmiqyaslı maarifləndirmə tədbirləri keçirilmişdir.

DSX-nin mətbuat mərkəzindən XQ-yə bildirilib ki, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin və vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirlər çərçivəsində hərbi qulluqçular arasında hərbi xidmət əleyhinə olan cinayətlərin qarşısının alınması istiqamətində hüquqi maarifləndirmə aparılmış, bu əməllərin hüquqi və mənəvi nəticələri ətraflı şəkildə izah edilmişdir. Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hərbi qulluqçulara müvafiq qanunvericilik aktları, cinayət hüququnun tələbləri və bu kimi əməllərin dövlət və ordu quruculuğuna vurduğu zərərlər barədə geniş məlumat verilmişdir.

Çıxışlarda radikal dini ideologiyaların xarici mərkəzlər tərəfindən cəmiyyətə, xüsusilə gənclərə yönəlmiş ideoloji təhdid vasitəsi kimi istifadə olunduğu, bunun yalnız fərdi deyil, ümumilikdə dövlətin təhlükəsizliyi üçün ciddi risklər yaratdığı şəxsi heyətin diqqətinə çatdırılmışdır.

Dövlət Sərhəd Xidməti və Respublika Hərbi Prokurorluğu tərəfindən keçirilən birgə tədbirlərin hərbi qulluqçuların hüquqi savadlılığının artırılmasına, ekstremizmə qarşı mübarizənin gücləndirilməsinə, orduda və bütövlükdə cəmiyyətdə təhlükəsizlik və sabitliyin qorunmasına xidmət etdiyi xüsusi olaraq qeyd edilmişdir.

Tədbirin sonunda şəxsi heyətin sualları cavablandırılmış və interaktiv diskussiya formatında fikir mübadiləsi aparılmışdır.







Sosial həyat