Keçən il Nazirlər Kabinetinin qərarı ilə XX əsr Azərbaycan memarlığının görkəmli nümayəndələrindən biri, SSRİ Dövlət mükafatı laureatı, Əməkdar inşaatçısı Nəsrulla Yaqub oğlu Kəngərlinin xatirəsi əbədiləşdirildi. Onun Bakıda – İnşaatçılar prospekti ilə Bəsti Bağırova küçəsinin kəsişməsində vaxtilə yaşadığı evə xatirə lövhəsinin vurulması unudulmaz memarın irsinə verilən dəyərin, xatirəsinə göstərilən ehtiramın ifadəsi oldu.
Bu xəbəri eşidəndə məşhur memarın tanınmış həkim oğlu Aqşin Kəngərlinin atası haqqında illər əvvəl dediyi sözlər yadıma düşdü: “Atam sənətini sonsuz məhəbbətlə sevirdi. Müharibədən qayıdarkən özü ilə gətirdiyi yeganə əşya bir memarlıq albomu idi. Həmin albomu tez-tez vərəqləyər, qotika üslublu alman abidələrinin şəkillərinə hər dəfə yeni maraqla baxardı. Öz layihələrinin icrasına isə şəxsən nəzarət edər, tikintilərdən toz-torpaq içində, yorğun, lakin xoş əhvalla qayıdardı. Onun üçün memarlıq yalnız peşə deyildi – milli kimliyimizin, sabaha baxışımızın daş-divara çevrilən ifadəsi idi”.
Aqşin həkim onu da əlavə edirdi ki, atası ömrü boyu Azərbaycanın müstəqilliyi arzusu ilə yaşamışdı və bu xoşbəxtliyi görmək ona nəsib olmuşdu. Dünyasını dəyişməmişdən bir-neçə ay əvvəl deyib: “Düşünməzdim ki, sovet quruluşunun yıxılmasını öz gözlərimlə görəcəyəm. Nəslimizin ən yaxşı oğullarına divan tutmuş hakimiyyətin özünə də düşmən kəsilməsi Yaradanın verdiyi cəza, bizim kimi insanların qəlb yarasına məlhəm oldu. Daha dünyadan bu ağrı ilə köçmərəm”.
O vaxt dəftərçəmə köçürdüyüm bu qeydləri oxuculara Azərbaycan memarlıq sənətinin parlaq simalarından olan Nəsrulla Kəngərli barədə qələmə aldığım bu yazının girişi kimi təqdim edirəm. Tarixdə türk dünyasının şərqindən qərbinə, güneyindən batısına at oynatmış, keçdikləri yerlərdə türk ehramı olan kurqanlar ucaltmış, düşdükləri coğrafiyada obalar salmış, saraylar tikmiş iskitlərdən soyalmış kəngərlər son əsrlərdə Qarabağda və Naxçıvanda məskunlaşmışdır.
Kəngərlilər soyadı ilə tanınmış bu tayfa xalqımıza bir çox igid sərkərdə, müdrik dövlət xadimi, zəkalı alim, istedadlı sənətkar bəxş etmişdir. Bakının, Gəncənin, Sumqayıtın simasına öz möhürünü vurmuş, çoxsaylı memarlıq inciləri bu şəhərlərin yaraşıqlı və möhtəşəm abidəsinə çevrilmiş Nəsrulla Kəngərlinin adı bu sırada şərəfli yer tutur. Kəngərlilərin memar oğlu II Dünya müharibəsinin iştirakçısı kimi "Qırmızı Ulduz" ordeni və medallarla təltif edilmiş, uzun illər pedaqoji fəaliyyət göstərmiş və "Əməkdar inşaatçı" fəxri adına layiq görülmüşdü.
Nəsrulla Kəngərli XX əsr Azərbaycan memarlığının aparıcı simalarından olan Mikayıl Hüseynov, Ənvər Qasımzadə, Davud Axundov kimi görkəmli memarlarla bir sırada dayanaraq, peşəkarlığı və zəhmətkeşliyi ilə seçilmişdir. O, 46 il "Azərdövlətmemarlayihə", "Bakışəhərbaşlayihə", "Azərdövlətlayihə" kimi nüfuzlu layihə institutlarında fəaliyyət göstərmiş, milli memarlığımızın inkişafına layiqli töhfələr vermişdir. Milli memarlığımızın klassikinə çevrilmiş bu insan daşları danışdıran, milli kimliyi memarlıq dili ilə gələcək nəsillərə ötürən sənətkar sayılır.
Nəsrulla Yaqub oğlu Kəngərli 1913-cü il noyabrın 25-də Naxçıvanda dünyaya göz açmışdır. Babası İsmayıl ağa rus-türk müharibəsində 200 süvariyə rəhbərlik etmiş, hünərinə görə çar hökumətindən rütbə və Naxçıvanda torpaq almışdır. Atası Yaqub Paşa savadlı bir şəxs kimi tanınmış, türk, ərəb, fars, rus dillərini bilmiş, zəngin kitabxana yaratmış, İran və Osmanlı ziyalıları ilə əlaqə saxlamışdır. O, rus alimi K.Smirnova Naxçıvanın tarixini və etnoqrafiyasını öyrənməkdə yardımçı olmuşdur. Yaqub Paşa 1918-ci ildə Naxçıvanda erməni vəhşiliklərinin qarşısını almaqda fədakarlıq göstərmişdir.
Belə bir ailədə dünyaya göz açan Nəsrulla gəncliyində Naxçıvan Pedaqoji Texnikumunu bitirib, muxtar respublikanın kənd məktəblərində müəllimlik etmişdi. Atası Yaqub Paşa erməni donosçuluğu ilə, guya, İran və Türkiyə ilə əlaqə saxlamaqda ittiham edilərək 1937-ci ildə güllələnmişdi. Anası Mina xanım və böyük qardaşları Həsən, Əlmədət və Kamil ailələri ilə birlikdə Qazaxıstana sürgün edilmiş, yalnız 1964-cü ildə bəraət qazanaraq Vətənə dönə bilmişdilər.
Nəsrullanı bu amansız aqibətdən Naxçıvandan uzaqda olması xilas etmişdir. O, Gəncə Toxuculuq İnstitutuna daxil olmuş, bir il sonra isə təhsilini Bakıda Sənaye İnstitutunun memarlıq-inşaat fakültəsində davam etdirmişdi. Lakin gənc memarın həyat yolu rahat olmamışdır. 1941-ci ildə o, təhsilini yarımçıq qoyaraq sovet-alman müharibəsinə yollanmış, 416-cı Azərbaycan diviziyasının tərkibində Qafqazdan Berlinədək döyüş yolu keçmişdir. Müharibədən qayıdan Nəsrulla Kəngərli bundan sonra bütün ömrünü Azərbaycan memarlığının inkişafına həsr etmişdir. Onun ömür yolu peşəkar zəhmət, vətənə sədaqətlə xidmət nümunəsi olmuşdur.
Memarlıq fəaliyyətinə müharibədən sonra başlayan Nəsrulla Kəngərli, uzun illər ərzində paytaxtda müxtəlif yaşayış binalarının, ictimai və inzibati tikililərin layihələndirilməsində yaxından iştirak etmişdir. Onun müəllif olduğu layihələr arasında Bakının Nizami küçəsində, İnşaatçılar prospektində, Nərimanov heykəlinin ətrafında inşa olunmuş yaşayış binaları xüsusilə seçilir. Bu tikililər klassik və müasir memarlıq üslublarının vəhdətini əks etdirərək müəllifinə layiqli nüfuz qazandırmışdır.
Azadlıq və İnşaatçılar prospektlərində, eləcə də paytaxtın digər ərazilərində inşa edilən məktəb binaları bu gün də öz memarlıq gözəlliyi, milli üslublu bəzək elementləri və monumental görkəmi ilə diqqəti cəlb edir. Bu tikililər, eyni zamanda, Azərbaycan memarlıq irsinin dəyərli nümunələri kimi qiymətləndirilir. Bakıda yerləşən Mərkəzi Univermaq, Tibb Universitetinin korpusu və idman kompleksi, Gəncə Dəmiryol Vağzalı, Xankəndidə inzibati bina kimi layihələr də Azərbaycanın memarlıq salnaməsində xüsusi yer tutur. Bu əsərlər Nəsrulla Kəngərlini memarlıq sahəsində akademik bir səviyyəyə yüksəltmişdir.
Onun memarlıq irsi olduqca zəngindir. Sadəcə onu qeyd etmək kifayətdir ki, Sumqayıt şəhərinin baş planı və bu şəhərdəki bir neçə nadir tikili Nəsrulla Kəngərlinin zəkasının məhsuludur. Ümumiyyətlə, 1968–1985-ci illərdə şəhərdə salınmış yaşayış məhəllələri, ictimai və digər təyinatlı binaların layihələri "Azərdövlətlayihə" institutununda onun rəhbərlik etdiyi emalatxanada hazırlanmışdır. Bu kompleks və yaradıcı işinə görə o, SSRİ Nazirlər Sovetinin mükafatına layiq görülmüşdür.
Layihə səviyyəsində yüksək dəyərləndirilən bəzi memarlıq nümunələri – Kənd Təsərrüfatı Nazirliyinin binası, Ticarət evi, inzibati korpus və digər layihələr – bu gün də onun zəngin yaradıcılıq təxəyyülünü nümayiş etdirir. Onun layihələndirdiyi tikililər estetik görünüşü ilə yanaşı, funksional baxımdan da dövrünün qabaqcıl nümunələri sırasında olmuşdur. O, klassik memarlıq ənənələrini müasirliklə ustalıqla sintez edərək həm zamanın tələblərinə cavab verən, həm də milli ruhu əks etdirən əsərlər yaratmışdır.
Nəsrulla Kəngərlinin zəhməti dövlət səviyyəsində yüksək qiymətləndirilmiş, o, bir çox təltif və mükafatlara layiq görülmüşdür. Bu, onun həm peşəkar fəaliyyətinə, həm də vətənə xidmətinə verilən dəyərin bariz nümunəsidir.
1991-ci ildə vəfat edən Nəsrulla Kəngərli qurub-yaratdığı memarlıq nümunələri, elmi-pedaqoji fəaliyyəti və milli kimliyə sadiqliyi ilə bir ziyalı, bir müəllim, böyük vətəndaş idi. Bu gün də Azərbaycan memarlığında onun adı hörmətlə çəkilir, irsi öyrənilir.
Namiq QƏDİMOĞLU
XQ